Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İllər boyu çox gözlədim yolunu

İllər boyu çox gözlədim yolunu,
Hicranına yandım, yandım min dəfə.
Nə bilərdim, sevdasının qulunun,
Arzuları tuş gələcək hədəfə.

Gözlərimdə o illərin həsrəti,
Çəkdiyimi, gülüm, hardan bilərsən.
Ömrüm boyu inanmazdım mən qəti,
Bir gün çaşıb görüşümə gələrsən.

Gözlərindən nə oxudum mən sənin,
Gəlişindən nələr duydum, nə çəkdim.
İnanmazsan, duyammazsan sən məni,
Vüsalını arzulayan ürəkdi.

Bax üzümə, dillən, danış, yaxın gəl,
Qoy əlini əllərimin içinə.
İnsaf eylə, razı olma, ay gözəl,
Həsrətindən bir bəxtəvər keçinə.

Yaxalığın kəpənəyin qanadı,
Titrədikcə alışıram oduna.
At kənara bu tərsliyi, inadı
Son nəfəsdə bir yol yetiş dadıma.

Nə susmusan, nə durmusan, danış, din,
Qoy ömrümdə bir yol yuxum çin olsun.
Bircə dəfə üzü gülsün qəlbimin,
Arzuları puçurlasın, min olsun.

Xəyalımda qanadlansın hər sözün,
Ürəyimdə çaylar daşsın bu səsdən.
Gözlərinlə görəsən ki, sən özün
Sevən ürək nələr etmir həvəsdən.


Tarix: 26.12.2014 / 12:41 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Sevgi şerləri
loading...