beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən sənə gözümün nuru deyərdim

Aç o gözlərini, rəsmimə bir bax,
Desin ürək sözün sənə gözlərim.
Dil sussun, göz baxsın, ürək döyünsün,
Gözünə həbs olsun yenə gözlərim.

"Sevmirəm" söylədin dilinlə necə?
Dilin yola getmir qəlbinlə sənin.
Səni düşünürəm hər gün, hər gecə,
Söhbət eyləyirəm şəklinlə sənin.

Mən sənə gözümün nuru deyərdim,
Zülmətə qərq olub həmin nur indi.
Sən üstün tutmusan əğyarı məndən,
Mən necə deyim ki qəlbim sənindi?!

Səndən şəkil qalıb mənə xatirə,
Qalmasın, gəl onu qaytarım sənə.
Gözlərin divardan asılı qalıb,
Mənə əzab verir baxdıqca yenə...

Bir halda ürəyin özgənin oldu,
Mənə "ayrıldıq" de dilin gələrsə.
Hətta bir məktub yaz adı "ayrılıq",
Şəklimi cır tulla əlin gələrsə...

Əlvida, ey mənim könül həmdəmim,
Gözüm baxmayacaq gözünə sənin.
Mənimlə ortaqdır kədərim, qəmim,
Daha düşməyəcəm izinə sənin...

Nə deyim, bu da bir qismətdir demək,
Artıq bitdi mənim dildə sözüm də.
Sən məni tərk edib getdiyin andan,
Selə qərq olubdur iki gözüm də.


Tarix: 25.11.2014 / 13:35 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Sevgi şerləri