beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gələ Bilmədi...

O, tək yaşayırdı. Bir otaqlı evdə.
Çoxu elə bilirdi ki, bu evdə heç kim
yaşamır. Bax beləcə, səssiz-
səmirsiz həyat tərzi keçirirdi.
Bir gün narın yağış yağırdı. Yağışlı
havada dualar da tez qəbul olunduğuna inanırdı. Çox sevincli
idi. Sevinirdi, sevinirdi ki, dua
edəcək. Demək olar ki, hər gün
axşam namazını məsciddə qılırdı.
Həmişəki kimi bu gün də namazını
qılmaq üçün məscidə yollandı. Evi məscidə yaxın olduğu üçün tez
çatdı. İqamədən əvvəl dua etdi.
Sonra camaatla namazını qıldı. Bir
qədər oturduqdan sonra harasa
tələsirmiş kimi məsciddən çıxdı.
Yağışlı havada dənizə baxa-baxa zikr etməyi də çox sevirdi. Dəniz
kənarına gəlib, skamyanı yağışdan
qoruyan bir yer tapıb, oturdu.
Qəfildən kimsə arxadan onun
çiyninə toxunaraq "Bu sənsən?" deyə
həyəcanla, təəccüblə soruşdu. o, duruxdu. Hələ çönüb sifətinə
baxmasa da səs ona doğma gəldi.
Amma yanıla bilərdi. Əmin olmaq
üçün arxaya çevrilib ona sual verən
adama baxdı. Bu, əlində əsa tutmuş
bir qoca idi. "Yox, yox! Mən yanılmadım. Bu odu. Bu həmin o
insandı. O insan ki..." Tez özünü ələ
aldı. Guya bu insanı tanımadı. "Siz
kimsiniz?"- deyə sual verdi.
-"Bu mənəm.Mən səni görən kimi
tanıdım. Ola bilməz ki, sən məni tanımayasan. Bilirdim ki, dənizi
sevirsən. Mən həmişə buraya
gəlirəm. Həmişə gözlərim səni
axtarır. Amma heç vaxt səni görə
bilmirdim. Demək qismət bu günə
imiş". Sevinc hissi ilə yaxınlıqda oynayan uşaqları göstərib "Bunlar
nəvələrimdi", - dedi. Sonra da tez
"Sən də nəvələrinlə gəlirsən? Onlar
hardadır?"- deyə soruşdu.
Qoca elə hey danışırdı. Cavab
gözləmədən sualları ard-arda verirdi. O isə sadəcə baxırdı. Nə
qocanın danışdığını nə də suallarını
tam eşidirdi. Bu qocanı görmək onu
hələ də unuda bilmədiyi keçmişinə
aparmışdı. Düz 22 yaşına...
Onun 22 yaşı vardı. Təhsil aldığı Universitetdə bir gəncə aşiq
olmuşdu. Həmin gənc də onu dəlilər
kimi sevirdi. Tezliklə ailə həyatı
quracaqdılar. Amma, amma...
Sevdiyi insanın valideyinləri onun
haralı, kimlərdən olması ilə maraqlandı. Nəticədə onun kimsəsiz
və kasıb olduğunu bilib bu işə razılıq
vermədilər. Beləliklə iki aşiqi bir-
birindən ayırdılar. O, "bu taledir"
deyib Allahın ona yazdığı tale ilə
razılaşdı və üsyan etmədi. Qarşı tərəf onu kimsəsiz bilirdi. O isə
bilirdi ki, kimsəsiz deyil. Onun
Allahı var. Rəbbinin ona bəxş etdiyi
imanı var, sevgisi var. Susdu və
sakitcə həmin adamın həyatından
çıxıb getdi... Bəli... Bu həmin insan idi. Bu gün
təlaşla, həyəcanla onun önündə
durub danışırdı. Birdən ürəyi
sancdı.Əlini qeyri ixtiyari olaraq
ürəyinin üstünə qoydu. Qoca:"Nə
oldu? Ürəyin ağrıdı?"- deyə soruşdu. O isə "yox" deyib ayağa qalxdı.
İstəmədi yalan danışsın. Amma
yalan zəli kimi yapışdı onun dilinə.
Vadar etdi yalan danışmağa. Gülə-
gülə, ədayla:"Hə, mən də həmişə
nəvələrimlə gəlirəm. Bu gün onlar başqa yerə getdikləri üçün tək
gəldim.İndi yəqin evdə məni
gözləyirlər. Tələsirəm. Sağ ol, mən
getdim".
Qoca:"Sabah gələcəksən?"
O:"Yox"- deyə cavab verdi. Qoca ümid dolu baxışla yenidən:
"Sabah gələcəksən?"-deyə yenidən
soruşdu.
O isə "Yox" deyərək addımladı.
Qoca onun arxasınca sanki
yalvarırcasına "Sabah səni burada gözləyəcəyəm". O
isə:"Gəlməyəcəyəm" deyirdi. Onlar
bu səda altında ayrıldılar.
Tez uzaqlaşmaq istəyirdi.Ağlayırdı.
Onun göz yaşlarını qocanın
görməsini istəmirdi. Evinə çatdı. Uşaq kimi sevinirdi. Rolunu yaxşı
oynamışdı. Qocanı aldatmışdı. Ona
ailəli olduğunu yalandan demişdi.
Bir müddət ötdü. Sıxılmağa,
darıxmağa başladı. Ayıldı. Etdiyi
hərəkətin yanlışlığını indi hiss etməyə başladı. O nə etmişdi? Niyə
yalan danışmmışdı? Niyə qocaya
deməmişdi ki, ona olan sevgisi onu
Rəbbinə çatdırmışdı. O bu sevgi ilə
Rəbbinə daha da yaxınlaşmış və
bilmişdi ki, onun artıq bir sevgilisi var. O da ALLAHdır!
Fikrindən döndü. O, sabah yenidən
ora- qocanın olduğu yerə gedib hər
şeyi deyəcəkdi. Deyəcəkdi ki, səni
mənimlə kasıb olduğum üçün ailə
qurmağa qoymadılar. Amma insanın zənginliyi onun ürəyində
olan inamdır. Ailəsi olmadığını,
indiyə kimi tək yaşadığını deyəcəkdi.
İşa namazını qıldı. Səhər həmin
yerə getmək ümidi ilə yatdı.
Qoca səhər həmin yerə, dəniz kənarına gəlib, onu gözlədi. Çox
gözlədi. Vaxt ötürdü. O isə gəlmək
bilmirdi. Bu minvalla günlər ötdü. O,
hər gün qocanı görmək üçün eyni
yerə gəlib otururdu. Gözləyirdi ki,
bəlkə bir gün gələr. Amma, əfsuslar olsun ki, o gəlmirdi ki, gəlmirdi. O
bilmirdi və heç vaxt da bilməyəcəkdi
ki, həmin gecə qocanın görüşünə
ölüm mələyi gəlmişdi. O, artıq
Rəbbinə qovuşduğu üçün gələ
bilmirdi...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 153 Bölmə: Sevgi şerləri