beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Van Qoq: dahi və dəli rəssam

Van Qoq qulağını özü kəsib? Bu ağılabatmaz qənaət illərdir ki, hamı tərəfindən yekdilliklə qəbul edilməkdədir. Almaniyalı araşdırıcılar isə tamamilə başqa bir nəticəyə gəldiklərini, Van Qoqun qulağının başqa bir əlin "güdazına" getdiyini bu yaxınlarda elan etmişlər. Yaxşı, onda 1888-ci ilin 24 dekabrında doğrudan da bəs nə baş vermişdi? Fransanın kiçik Art şəhərində Van Qoqun "qulağını kəsmək" fikrinə kim düşübmüş?
Və onun qulağına "müştəri" çıxmışdı? Bu haqda mübahisələr yüz ildən çoxdur ki, səngimək bilmir. Əslində isə bu "tarixi hadisənin" özünün giriş hissəsinə zəmin yaradan xüsusi tarixçəsinə fikir verməyənlər az qalar Van Qoqu bir "əzabkeş" kimi qəbul etməyi təklif edirlər. Bu isə "bəraət hökmünü" çıxarmaq israrından başqa bir şey deyil. Niyə üz-gözünüzü turşudursunuz ki? Van Qoqu çox sevirsiniz deyə tarixin ağzına su tökülməlidirmi? - İndi siz tarixin səsini eşidəcək və addım-addım biz birlikdə əsl həqiqətə yaxınlaşacağıq. Onda hər şey yoluna düşəcək, razısınızmı? "O, bədbəxtdir, xəstədir və üstəlik hamilədir. O, bu dünya tərəfindən atılmış adamdır. Mənim isə ona rəğbətim var, onu çox istəyirəm" - gələcəyin böyük rəssamı, qardaşı Teoya belə yazırdı - Vinsent Van Qoq. Etiraf olunmalıdır ki, Van Qoq bir az qeyri-adiliyi xoşlayan idi və köklü-köməcli fahişəyə yalnız onun kimi ç-o-o-o-x, özü də lar ç-o-o-o-x köklü, ürəyi "yerində olan" adam vurula bilərdi.

Sin adlı bu fahişə görkəmiylə hətta limanda yükdaşıyan işləyən, üzü-üzlər görmüş fəhləni belə öz görkəmiylə qorxuda bilərdi. Otuz yaşı hələ tamam olmayan bu gözəlçə "intim xidmətə" başladığı ilk günlərdən çopurluğa tutulmuş, bütün məlum və məlum olmayan xəstəliklərlə "mükafatlandırılmışdı". Vener xəstəliklərin mənbəyi olan "xanım" Sin asta və xırıltılı səsə malik, içki düşkünü olan, siqaret dodaqlarından düşməyən bu xanım, 11 yaşlı qızını da fahişəliyə hazırlayan bir fahişəydi. Van Qoq onu çəkdiyi, düçar olduğu əzablara görə sevirdi və onunla evlənmək qərarına gəlmişdi. Sin isə onu sevmirdi, ancaq onun o qədər də çox olmayan maddi imkanlarından gen-bol istifadə etməyə çalışırdı. Van Qoq onun kirayə qaldığı otağın kirayə pulunu verir, çalışırdı ki, Sin maddi çətinliyi hiss etməsin. Sin isə lap "ağ" eləmişdi...

Bu "gözəlçə" o qədər özündən çıxmışdı ki, istədiyi vaxt Van Qoqu evdən qovurdu, özü də kirayə haqqını Van Qoq verən evdən... Rəssamın dostları və yaxınları artıq günü də təyin olunan toyun baş tutmadığını eşidəndə nəhayət rahat şəkildə nəfəslərini dərdilər. Bundan sonra da Van Qoq sakitləşmək istəmir. Onun ürəyi onu ancaq bu cür qadınların hüzuruna çəkməyə başlayır. Peşəkar fahişə Zizini Kivi əvəz edir, Lili gəlir Mimi gedir..., bax beləcə Van Qoq sonadək fahişələrin "sevgi əsarətindən" heç cürə yaxa qurtara bilmir...
İkili bir fahişəxanada...

Ümumxanalardan olan fahişələrə bəslənən sevgini hələ bir kənara qoyaq. Buradakı "sevgilər" tamam başqa bir şeydi, ancaq psixi pozğunluğa düçar olan dostunun yanına qonaq gəlmiş adama "vurulmaq" tamam başqa şey, düzdürmü? Ejen Anri Pol Qoqenlə Van Qoq 1886-cı ildə imperessionist rəssamların Parisdə təşkil olunan sərgisində tanış olmuşdu. Van Qoq xasiyyətcə çətin, tərs, Qoqeni isə eqoist, daha çox hirsli bir təkəbbürlə burjua "götür-qoyunu" təkrarlamağı xoşlayan olsa da, onlar ilk görüşdən biri-biriylə yola getməyə bacarmışdılar.

Bu qayda əslində daş ilə dalğanın, nəsrlə-nəzmin, gündüzlə-gecənin dil tapıb yola getmələri kimi bir təzahürdü, hadisəydi. Van Qoq ev-eşiksiz Qoqenə öz evində yer verir və indi onlar ümumxanalara - bordellərə bir yerdə təşrif aparırlar. Onlar biri-birinə ruhən bağlı olsalar da günləri gün kimi keçmirdi... Səhərdən-axşamdək incəsənət haqqında, qadınlar barəsində, rəsm əsərləri üstündə onların arasında mübahisələr bitmir, hətta bəzən əlbəyaxaya qədər gedib çıxırdı... Hərdən Van Qoq absent dolu stəknı Qoqenə sarı tullayırdı, bəzən də guya zarafat edirmiş kimi Qoqen rapirasının ucunu Van Qoqun burnuna dirəyirdi...

Bu da varki əgər göyçək simalı Qoqen sırf qertroseksual idisə, "baltayla ikiyə bölünmüş ruh sahibi" Van Qoq isə biseksualdı... Van Qoq Qoqenə vurulmuşdu, özü də əməlli-başlı, yəni dəlicəsinə, kişisayağı - "kişi" kimi... Qoqen gecələr gözünü açanda Vinsent Van Qoqu başının üstündə görürdü. "Sizə nə olub Vinsent?" - sualını verən anda isə Van Qoq dinməz-söyləməz geri dönür, az qala qara buluda dönmüş sifətini əlləriylə qapayaraq öz otağına üz tuturdu. Bir azdan isə otaqdan onun boğuq səsli hıçqırtıları gəlirdi... Biz bunları özümüzdən uydurmuruq, olandan, faktlardan danışırıq. Baxın, Van Qoq hələ utanıb eləmədən qardaşı Teoya Qoqen haqqında belə yazır: "...o, məni sanki cərəyana qoşur, həyəcanlandırır, rahat nəfəs almağa qoymur. Sevirəm..."
Mənim şpaqam özümlədir...

Qoqenlə Van Qoqun arasındakı dostluğun üstündə hərlənən gərginlik nəhayət 24 dekabr 1888-ci il gecəsi öz zirvəsinə, son həddinə çatır. Yetərincə spirtli içki içən, kefləri kökəlmiş dostlar yaxınlıqdakı ümumxanaya - bordelə üz tuturlar. Onların hər ikisi burada iridöşlü, qıçları dolu, nazik belli, sir-sifətcə də pis olmayan Raşelin qoynunda rahatlıq tapmaq istəyirlər. Bir vaxtlar Van Qoq bu "xanımla" da evlənmək qərarına gəlmişdi və onda Raşel buna razılıq verməmişdi...

Van Qoqa qalsaydı o, Arl şəhərinin bütün fahişələriylə utanıb-eləmədən evlənərdi, özü də hər gün biriylə... Həmin axşam Raşel necə deyərlər, "mübarizə meydanına" dəvət olunur və ona seçim etmək təklif edilir. İndi o, ya Van Qoqu, ya da Qoqeni seçməliydi... Raşel Qoqenin əlindən tutur və otağına sarı aparanda isə Van Qoq özündən çıxır və Qoqenə sarı cumur... "Gəl çıxaq-danışaq" - bu təklif Qoqenin ürəyincə olmasa da, ülgücü əlində hərləyərək, onu vurmaq istəyən Van Qoqu hər halda yerində oturtmaq lazım idi.

Bu "qeyri-adi silahla" - ülgüclə Van Qoq demək olar ki, heç vaxt ayrılmırdı və yeri düşdü-düşmədi onu çıxarıb döyüş pozası alırdı... Qoqen şpaqasına əl atır və bununla Van Qoqu başa salmaq istəyir ki, "mən şərəfimi və ləyaqətimi qorumaq gücünə malikəm - bunu unutmaq lazım deyil..." Onlar bordeldən çıxırlar və Qoqen öz şpaqasını işə salır, Van Qoq isə əlindəki ülgücü hərləyərək dövrə vurmağa, sıçrayışlı hərəkətlər etməyə başlayır... Bir anlıq qarşılıqlı cəld hərəkətlərin sonluğu isə hollandlının - Van Qoqun qulağının yarısının itirilməsiylə tamamlanır.

Qoqenin şpaqası onun qulağının yarısını gərksiz bir şey kimi kəsmişdi... Qoqen öz "qəhrəmanlığının" nəticəsini görən kimi sanki quruyur və bərk qorxur... Əvvəlcə daşa dönmüş bu adam bir azdan "Marafon yürüşünün" iştirakçısına dönür, heç nəyin qayğısına qalmadan qaçır... Van Qoq isə sözün əsl mənasında öz qanını yalaya-yalaya, qulağının kəsilmiş hissəsini tapıb götürür və onu bir əskiyə bükür... O, Raşelin yanına dönür, özü də "qəhrəmansayağı", qalib gəlmiş kimi... Raşelin qapısını döyür və qapı açılan kimi qulağının kəsilmiş hissəsi bükülən əsgini Raşelə uzadıb, deyir: "Bu xəzinəni qoru!" Raşel matı-mutu qurumuş, donmuş halda Van Qoqun ona uzatdığı əsgi parçasını alır və Van Qoq geriyə dönür.

Evə çatan kimi isə qulağını sarıyır, güzgünü qarşısına qoyaraq, morberti, fırçanı və rəngləri götürərək öz portretini çəkməyə başlayır. Demək olar ki, iki günün içərisində o, bunu başa çatdırır, özü də bir yox, iki məşhur əsərini: - avtoportretini yaradır. Van Qoq bu əsərlərin birini "Kəsilmiş qulaq və qəlyanla", digərini isə "Cuna ilə sarınmış qulaqla" adlandırmağı da unutmur... Sonra bilirsinizmi bu dahi pisix neyləyir? Hə, hər iki portreti götürüb Raşelin yanına gəlir və onları Raşelə hədiyyə vermək istəyir. Rəssamın bu cür qeyri-adi hərəkətlərindən qorxan Raşel isə onları qəbul etmir... Ancaq nahaq yerə, çünki bir neçə onillikdən sonra həmin əsərlərin qiyməti bir neçə milyon dollara çatır...

Raşel bunu haradan biləydi ki? Raşelin işi müştərilərini yola verməkdi, özü də hər cür üsulla... Yüzillik "bayatı" - psixi pozğunluq içərisində çabalayan Van Qoqun özünün öz əliylə qulağını kəsməsi əfsanədən başqa bir şey deyil. Bu, əslində Qoqenin polis idarəsində verdiyi yalan ifadənin "doğruluğuna" qol çəkmək deməkdir. Qoqen o vaxt həmin hadisəyə görə dindirilən vaxt məhz belə bir ifadə vermişdi ki, guya Van Qoq ülcüclə özü öz qulağını kəsibdir... Alman araşdırıcıları K.Hoffman və Y.Zoyhirt isbat etmişlər ki, Van Qoqun polis idarəsindəki susqunluğunu, sanki qulağı yerinə dilinin kəsildiyinin səbəbinin də Qoqeni ələ verməmək üçün edildiyini də axtarmaq lazımdır. Təkcə Van Qoqun qardaşına ünvanladığı məktubları bir də diqqətlə oxumağı məsləhət görən bu araşdırıcılar həmin məktublardan birindəki fərqli bir cümləyə daha çox diqqət yetirməyi lazım bilirlər.

Van Qoq həmin məktubda belə yazır: "Yaxşı ki, həmin axşam Qoqen tapança və tüfənglə silahlanmamışdı, yoxsa..." Bu cümləylə hər şey aydın olmurmu? Qoqen az keçmiş Van Qoqdan ayrılır və Taitiyə üz tutur... Van Qoqa isə deyəsən bu ayrılıq daha çox dərd gətirir və altı aydan sonra o, özünü gülləylə vurur, intihar edir... Siz Allah, daha başqa sual verməyin... Yaxşı-yaxşı fikirləşin, onda hər şey sizin üçün aydın olacaq...


Tarix: 08.01.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1039 Bölmə: Sənətkarlar