beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atam və heykəllər
Atam və heykəllər

Bakıya səfərlərimiz ancaq tətildən-tətilə olurdu. Vağzaldan tutmuş, qarşımıza çıxan mağazaların hamısına dəyər, ancaq hələ bir şey götürməzdik. Atam tələskənlik etməz, pulu “indidən korlamazdı”. Özlüyündə hansı mağazadasa yaxşı (yəni ucuz, möhkəm) bir şeyi nişanlayar, hər yeri fırlanıb, ondan da yaxşısını (yəni lap ucuz, lap möhkəm) tapmayanda, təzədən dönərdik həminkinə.

Onda aldığımız təzə şalvarların, köynəklərin qoxusu indiyəcən xatirimdədir.

Həyatda nə sevinc gördümsə, elə o vaxt gördüm.

Atam təsadüfən həndəvərindən ötdüyümüz heykəlləri göstərib deyərdi:

- Bax, adam budur ha! Yoxsa Əlikramla Fərrux da adamıq deyirlər.

Əlikramla Fərrux atamın mərtəbə-mərtəbə müdirləri idi.

Mən də heykələ altdan yuxarı zənlə baxar, tanımadığımı ondan soruşardım:

- Kiminkidir bu?

Hərdən atam özü də heykəlin kimliyini dolaşdırır.

- Get yazısına bax, uşaq düşübsən?

- …Kim yaxşı işləsə, ona heykəl qoyarlar? – elə-belə, gələcək üçün soruşardım. Heykəl olmaq üçün məndəki yeganə imkan yaxşı işləməkdi. Özümü məndən yaxşı tanıyan olmaz: ömrüm boyu gücüm bir tək buna çatacaq.

- Hm… – atam arzumu duyub bığaltı gülümsünər, sonra əlavə edərdi. – Əfsus, əmək adamları tez unudulur.

“Əmək adamı” olmaq perspektivi məni ruhdan salırdı.

Gələn tətillərdə növbə çatır o biri qardaş-bacılarıma.

Mən Bakıya heykəllərinə görə heyranam.

“Heykəllərə salam apar!” – gələn dəfə kim getsə, ondan ismarıc yollayardım.

Bakıdakı heykəllərin haçansa adam cildində, elə bizim kimi, camaat arasında gəzmələrini nə görmüşəm, nə də belə şeyi təsəvvür edirəm. Açığı, istəmərəm də onları görəm – o saat gözümdən düşərlər. Onların yaşamağına öyrəşməmişəm. Üstəlik, mən yalnız yaşadığını görmədiyim adamları böyük sayıram.

Atamın isə yaşamağına vərdişkaram. İstəmirəm də biləm: o, böyük adamdır, ya kiçik.

Amma görən, haçansa atama da heykəl qoyarlar? Çətin. Qoysalar, onda gərək atam bu dünyada olmaya. Yox, onun heykəlini istəmirəm; mənə elə onun can sağlığı bəsdi.

Budur, Bakıda yenə mənəm: odey, uzaqdan bir heykəl gözə dəyir.

- Bax, Əlikramdı ha! – atam gülə-gülə barmağını ona tuşlayır. – Yox, Fərruxdu! – bu dəfə guya səhvini düzəldib, şaqqanaq çəkdi. Əllərində də, qədimi tərəzi gözləri kimi, altı yerə dəyən çantalar. Bu ağır yüklə də elə iti gedir – ona güclə çatıram. Doqquz uşaq böyüdən ata yəqin elə bu cür də qıvraq olar.

Balaları az olsaydı ha, atam indiyə bəlkə qəhrəman idi. Onda ona da heykəl qoyacaqdılar.

Beş il, on il, on beş, ya iyirmi, uzaq başı, otuz olsun: barmaqla sayılası rəqəmlərcədir atamın qalan ömrü. Heykəllərsə dünya durduqca duracaqlar.

Bu eynidə məni tərs ağlamaq tutdu. Qaçıb atama çatdım; bir əllə tuta bilmirdim deyə, ikisiylə onun yoğun biləyindən bərk-bərk yapışdım.

…Atamın qalan ömrü qoy uzun olsun – mən onun yaşamağına vərdişkaram, başqa şey istəmirəm.


Tarix: 08.06.2015 / 16:38 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Rafiq Tağı