beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3-cü hissə)
3-cü hissə)

“Ey xan, qüdrətli əcdadlarımız bir gün özlərinə böyük şərəf və ətrafı dəhşətə gətirən ad verəcəkləri bu
diyara ilk dəfə ayaq basdıqları zaman “Qara bax!... orada qar var!” - deyə qışqırmışlar. Dağlara
yaxınlaşıb, balta dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə qışqırmışdılar. Doğrudan da
dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan bəri bu diyara Qarabağ deyilir. Əvvəllər ora
Aqvar, sonralar isə Sünik deyərdilər. Ey xan, indi bil ki bizim diyar çox qədim və şöhrətli bir diyardır.
Şuşada bir otağını kirayə götürdüyüm ev sahibim Mustafa kişi yenə məğrur səssizliyə qapandı. Sonra
kiçik bir bardağdan Qarabağın meyvə arağından bir qədəh içib, hörüklərə bənzər qeyri adi pendirdən
bir tikə kəsdi və boşboğazlığına davam etdi: “Bizim dağlarımızda qaranlıq ruhlar məskən salıb və
nəhəng xəzinələrin keşiyini çəkirlər. Bunu hamı bilir. Dağlarımızda müqəddəs daşlar vardır.
Meşələrimizin içindən isə müqəddəs çaylar axır. Allaha şükür hər şeyimiz var. Şəhərdə bir gəzinib
ətrafınıza baxın... heç qəmli, dərdli bir adam görərsinizmi? Qətiyyən yox. Ayıq adam görə bilərsinizmi?
Yox. Ağa, bizim məmləkətimizdə çaşıb qalacaqsınız”.
Mən bu diyarın şirin yalançılığına təəccüblənirdim. Öz balaca diyarlarını şöhrətləndirmək üçün
onların uydurmadığı rəvayət qalmamışdı. Hələ dünən kök bir erməni mənə Şuşadakı Maraş kilsəsinin
beş min il bundan əvvəl tikildiyini inandırmağa çalışırdı. Ona qayıdıb dedim ki: “Mənə belə yalançı
uydurmaları danışma. Bütün xristianlığın yaşı heç iki min il deyildir. Axı xristian kilsəsi Xristosdan
qabaq tikilə bilməzdi?!”
Mənim dediyim sözlər həmin erməniyə bərk toxunmuşdu. O, tənəli tərzdə dedi: “Əlbəttə, sən
oxumuş, görmüş bir adamsan, sənə sözüm yoxdur. Amma icazə ver bu yaşlı kişi sənə bir neçə söz desin:
“Bəlkə də xristianlıq başqa ölkələrdə iki min il bundan qabaq yaranıb. Lakin Xristos işığını biz
Qarabağlılara başqalarından üç min il qabaq göstərib. Beş dəqiqə sonra həmin adam, gözünü
qırpmadan, mənə fransız generalı Muratın Şuşa ermənisi olduğunu söyləməyə başladı. Guyə o,
Qarabağ adının şərəfini fransada yaymaq üçün uşaq yaşlarında Şuşadan Fransaya getmişdi.
Mən Şuşada yol üstü bir daş körpünün üstündən faytonla keçərkən faytonçu körpünü mənə göstərib
qürurla dedi ki, “Bax, bu körpünü Makedoniyalı İsgəndərİrana gedərkən tikdirmişdir. O, orada ölməz
qəhrəmanlıqlar göstərmişdi”.
Halbuki körpünün aşağı hissəsindəki daşın üstündə körpünün tikilmə ilinin tarixi “1897” il
göstərilmişdi. Faytonçunun sözlərinin doğru olmadığını ona işarə edib həmin yazını ona göstərdim. O,
da özünü o yerə qoymayıb cavab verdi: “Eh, ağa, ruslar bizim zəfərlərimizi qısqandıqları üçün o tarixi
sonradan oraya həkk etmişlər”.
Şuşa qəribə bir şəhərdir. Meşələr və çaylarla əhatə olunmuş bu şəhər dağların yüksəkliklərində, dəniz
səviyyəsindən min beş yüz metr hündürlüklə tikilmişdir. Müsəlmanlarla Ermənilər orada barış içində
gül kimi gün keçirib yaşayırdılar. Çünki Şuşa uzun illərdən bəri qafqaz, İran və Türkiyə ölkələri
arasında körpü olmuşdur. Dağlarda və çay vadilərində çiy kərpicdən tikilmiş balaca komalar ucalırdı.
Yerli uşaqlar çox zaman bu komaları saray adlandırırdılar. Bu şəhər ətrafındakı komalarda müsəlman
bəyləri ilə ağaları və erməni məlikləri yaşayırdılar. Bu adamlar evlərinin qapılarında saatlarla oturub
qəlyanlarını çəkərək bir-birlərinə Rus imperatorluğunun məhv olmasının qarşısı dəfələrlə Qarabağ
generalları tərəfindən alınmasından danışardılar və Qarabağlılar olmasaydı imperiyanın başına nələr
gələ biləcəyindən durmadan bir-birlərini anlatmaqdan yorulmazdılar.
Mən və qoçum, dəmir yol stansiyasından at arabası ilə əyri-üyrü dağ yollarından keçərək yeddi saatdan
sonra Şuşaya çatdıq. Qoçuluqdağa çox quldurluğa meyl göstərən silahlı nökərlərin peşəsi idi. Təpədən
dırnağa kimi silahlanmış bu adamlar qaradinməz olardılar. Onların hamısının da sifətlərində savaşçı
cizgiləri vardır. Atam qoçunu mənə qoşmuşdu ki, yolda məni yad adamlardan qorusun. Qoçum
etibarlı bir adam idi. Elə bil bir az da Şirvanşirlər nəslinə qohumluğu da çatırdı. Bu cür qohumlara
ancaq şərqdə rast gəlmək olardı.
Artıq beş gün idi ki, Şuşada idim. Ninonun gəlməsini gözləyirdim. Bu beş gündə yerlilərim mənə
dünyanın bütün igidlərinin və şöhrətli adamlarının şuşalı olmaqlarından danışırdılar.
Mən şəhərin bağçalarını, parklarını gəzir və məscid minarələrini seyr edirdim. Şuşa çox mömin şəhər
idi. Oradakı məscid və kilsələr altmış minlik əhali üçün kifayət idi. Üstəlik şəhər ətrafında saysız-
hesabsız pirlər, birinci növbədə də şübhəsiz ki, müqəddəs Vəli Saray bəyin iki ağacı dururdu. Elə ilk
gündən şuşalılar məni bu yerlərə dartıb aparmışdılar. Müqəddəs Vəli Saray bəyin qəbri Şuşadan bir
saat aralı idi. Hər il bütün şəhər əhli oraya ziyarətə gedər və ehsanlar verərdi. Tünd qara rəngli paltarlar
geymiş dindarlar isə balaca meşədə qorunan müqəddəs Vəli Saray bəyin qəbrinə qədər olan yolu diz
üstə sürünə-sürünə gedərdilər. Bu xeyli narahatçılıq yaratsa da, zəvvarların diqqətini xüsusilə cəlb
edirdi. Müqəddəs Vəlinin qəbri üstündəki ağaclar böyümüşdülər. Onlara toxunmaq ən böyük günah
sayılırdı. Kim ağacların bircə yarpağına toxunsaydı, elə yerindəcə iflic olardı. Müqəddəs Vəli Saray bəy
bax beləcə qüdrətli adam idi.
Amma bu müqəddəsin indiyədək hansı möcüzəni göstərdiyini mənə heç kim izah edə bilmədi. Bunun
əvəzində isə camaat onun bir işində təfərrüatı ilə mənə danışdılar ki, guya o bir dəfə düşmənləri
tərəfindən təqib olunarkən onun atı hələ bu gün də şuşanın yerləşdiyi dağın təpəsində çapır. Təqib
edənlər ona yaxınlaşmamışdan onun atı nəhəng sıçrayışla dağların, qayaların və Şuşanın üstündən uçub
qeyb olmuşdu. Möminlər bu gün belə nəcib heyvanın endiyi qayalarda həkk olunmuş nal izlərini görə
bilirdilər. Bir atın o dərəcədə sıçramasının mümkün olduğuna şübhə etdiyimi bildirəndə onlar incimiş
halda and-aman edib dedilər ki, “Ağa, bu at Qarabağ atı idi!” Bunu deyib, qarabağ atı barədə mənə bir
maraqlı əhvalat söylədilər:
“Bizim diyarda hər şey gözəldir” - deyə söyləməyə başladılar. Ancaq bu diyarın ən gözəl şeylərindən
biri də qarabağ atları idi. Qarabağın şöhrətli atını almaq üçün İran şahı Ağa Məhəmməd bütün
hərəmxanasını bu atın əvəzinə verməyə hazır idi. Görəsən mənim dostlarım Ağa Məhəmməd şahın
axtalanıb xədimağa olduğunu bilmirdilərmi? Bu at deyilənə görə “Müqəddəs yaranmış bir at idi”. Bu
möcüzəli at cinsini meydana gətirənə qədər insanlar yüz illər boyu durmadan əmək sərf etmiş və
nəticədə yeni at cinsi – Qarabağın məşhur kəhər atı yaranmışdı. Dünyanın ən məşhur cins atı
Qarabağın qırmızı qızılı rəngli atı idi.
Bu qədər tərifdən sonra atlara marağım artdı və xahiş etdim ki, o gözəl atların birini mənə göstərsinlər.
Dostlarım qayğıkeş baxışlarla məni süzüb dedilər ki, “Sultanın hərəmxanasına girmək – Qarabağ
atlarının tövləsinə girməkdən asandır. Qarabağda cəmi on iki belə kəhər atı vardır. Bu atların sahibləri
ancaq müharibə olan zaman onları minirlər”. Bəxtim gətirməmişdi. Ona görə də onların o əfsanəvi
Qarabağ atları barədə söylədikləri ilə kifayətlənməli idim.
İndi isə şuşadakı mağarda oturmuş Mustafa kişinin boş uydurmalarına qulaq asa-asa Ninonu
gözləyirdim. Bu əfsanəvi diyara da artıq alışmışdım.
“Ey xan – deyə Mustafa kişi sözə başladı – Sizin əcdadlarınız müharibələr aparmışlar, sən isə təhsilli,
oxumuş bir adamsan. Elə ona görə də gözəl sənətlər haqqında bəhs edilən söhbətlərdən başın çıxır.
Farslar Sədi, Hafiz, və Firdovsi ilə, ruslar isə Puşkin ilə fəxr edirlər. Uzaq Qərbdə də Göte adlı bir şair
olub və o, şeytan haqqında şer yazıb”.
Onun sözünü kəsərək: “Bəlkə bu şairlər də Qarabağdan çıxıblar?”- dedim.
- Xeyir, hörmətli qonaq, amma demək lazımdır ki, bizim şairlərimiz onlardan daha istedadlıdır. Onlar
o qədər qürurlu idilər ki, şerlərini kağıza yazmadan əzbər oxuyurdular.
- Hansı şairləri nəzərdə tutursan, aşıqlarımı?
- Bəli, aşıqları nəzərdə tuturam – deyə Mustafa kişi mötəbər şəkildə cavab verdi. Onlar Şuşanın
ətrafındakı kəndlərdə yaşayırlar. Sabah aşıqların dərviş qəhvəxanasında yarışları var. Gedib onları
heyran-heyran dinləmək istəyirsənmi?
- Razılığımı bildirdim və ertəsi gün əyri-üyrü yollarla yoxuşu qalxıb Qafqaz aşıq sənətinin dayaq
nöqtəsi sayılan Daş kəndə gəldik. Demək olar ki, Qarabağın hər kəndində yerli aşıqlar vardı. Onlar
qışda şer yazarlar, mahnılar və dərvişlərin rəqs motivlərini bəstələyərlər, baharda isə klublar və
saraylarda yeni şərqilərini və mahnılarını oxuyardılar. Qarabağda üç kənd vardı ki, orada ancaq sırf
aşıqlar yaşayırdılar. Şərqin ta qədim zamandan şeriyyətə hörmət bəsləməsinin əlaməti olaraq yerli
feodallar onları vergidən azad etmişdilər.
Bu kəndlərdən biri də Daş kənd idi.
Bu kənd sakinlərinin adi kəndli olmadıqlarını müəyyən etmək üçün onlara bircə dəfə baxmaq kifayət
idi. Onların kişiləri uzun saç buraxırlar və ipək kaftanlar geyirlər. Qadınları isə qəmgin baxışlarla
kişilərinin dalınca gedib musiqi alətlərini daşıyardılar. Aşıqları heyran-heyran dinləmək üçün Daş kənd
Şuşadan gəlmiş dövlətli müsəlmanlar və ermənilərlə dolu idi. Tamaşaçı kütləsi kəndin əsas
meydançasında toplaşmışdı. Meydanın ortasında isə bir-birilə amansız döyüşə hazır olan iki igid aşıq
dayanmışdı. Onlar burunlarını çəkərək – bir-birlərinə nifrətlə baxırdılar. Əsən külək onların saçlarını
yellədirdi. Aşıqlardan biri qışqırıb dedi: - Sənin paltarından təzək iyi gəlir, sifətin donuz sifətinə
bənzəyir, istedadın ən nazik tükdən də nazikdir və sənə bir az pul versələr özün haqqında təhqiramiz
şer yazarsan”.
O biri aşıq acıqlı-acıqlı səsini ucaldaraq dedi:
- Sənin paltarın təlxək libasına bənzəyir, səsin də xədimağanın səsini xatırladır. Mənim istedadım
yoxdursa, sənin də şairliyin yoxdur. Sən ancaq mənim dolu süfrəmdən atılan törtöküntülərlə
yaşayırsan.
Aşıqlar get-gedə qızışaraq bir-birlərini iynəli sözlərlə təhqir edirdilər.
Nəhayət meydana ağ saçlı nurani bir qoca gəldi. O, aşıqlar arasındakı yarışma üçün iki mövzu elan
etdi:
Mövzulardan biri “Araz üzərində ay”, digəri isə “Ağa Məhəmməd şahın ölümü” idi.
Aşıqlar başlarını göyə çevirib şerlərini oxumağa başladılar. Onlar oxuyurdular ki, Ağa Məhəmməd şah
kişilik gücünü yenidən qaytarmaq üçün Tiflisə, kükürdlü vannalar qəbul etmək üçün gedir. Ona
kükürtlü vannalar da kömək etməyəndə Xədim ağa şəhəri yerlə-yeksan etmiş və bütün qadın və kişiləri
vəhşicəsinə öldürtmüşdü. Lakin dala qayıdan zaman tale onu Qarabağa tələsdirdi. O, öz çadırında
yatdığı yerdə xəncərlə öldürülmüşdü. Böyük şah həyatdan heç bir həzz almadan öldürüldü. O, hərb
yürüşləri zamanı aclığa dözmüş, qara çörək yeyərək, ayran içib yaşamışdı. O, saysız-hesabsız ölkələri
fəth etmişdi, amma səhradakı dilənçilər qədər yoxsul olmuşdu. Xədim ağaMəhəmməd belə adam idi.
Aşıqlar bütün bunları əruz vəzni üslubunda oxuyurdular. Onların biri ən gözəl qadınların yaşadığı
ölkədə Xədimağanın işgəncələrinə dəqiqliyi ilə təsvir edir, o birisi isə bu qadınların edam səhnəsini
təfərrüatı ilə təsvir edirdi. Tamaşaçılar məmnun olmuşdular. Aşıqların alınlarından muncuq iriliyində
tər dənələri axırdı. Birdən mülayim səsi olan aşıq səsləndi: “Araz üzərindəki Ay kimə bənzəyir?”
Acıqlı aşıq onun sözünü kəsərək: “Sənin sevgilinin camalına” dedi.
Mülayim səsi olan aşıq dilləndi: “Bu Ayın işığı mülayimdir”.
- Xeyir, - deyə acıqlı aşıq cavab verdi. - Bu Ay şəhid olmuş cəngavər bir döyüşçünün qalxanına
bənzəyir”.
Bu bənzətmədə birinciliyi əldə etmək üçün aşıqlar yorulub biri-birini taqətdən salırdılar. Sonra onların
hər ikisi ayrı-ayrılıqda Ayın gözəlliyindən, düzənlikdə bir Bakirənin saç hörküsü kimi dolana-dolana
əsən küləyə, Araz çayının sularında əks olunan Aya Baxan sevgililərdən şərqilər oxuyurdular.
Bənzətmələrin sonunda acıqlı qalib elan edildi və xoşa gəlməz bir gülüşlə rəqibinin sazını mükafat
olaraq əlindən aldı. Sazın çanağı ağzına qədər pullarla doldurularkən qaşqabağını sallayıb ətrafa baxırdı.
- Qələbənə görə sevinirsənmi? - deyə soruşdum. O nifrətlə yerə tüpürdü və dedi: – Ağa, buna
qələbəmi deyərlər? Haradadır o keçmiş yarışmalar. Yüz il bundan qabaq belə yarışmaların sonunda
qalib gələn məğlubun başını çapa bilərdi. O zamanlar sənətə hörmət böyük idi. İndi nazik ürəkli
olmuşuq. İndi kimsə bir qoşma üçün qanını fəda etmir.
- İndi sən bu diyarın ən yaxşı aşığısan.
- Yox – dedi və onun gözlərində dərin bir kədər göründü. - Mən ancaq bir sənətkaram. Əsl aşıq
deyiləm.
Bəs əsl aşıq nə deməkdir?
Acıqlı aşıq dilləndi: - ”Ramazan ayında” əsrarəngiz bir gecə vardır. Ona Qədir gecəsi deyirlər. Bu
gecədə təbiət bir saatlığa yatır. Çaylarda sular axmır, cinlər, şeytanlar xəzinələrin keşiyində durmurlar.
Çəmənlərdə otların artdığını və ağacların danışdığını eşitmək olur. Çaylardan su pəriləri yüksəlir və o
gecədə dünyaya gələn adamlar alim və şair olurlar. Qədir gecəsində aşıq gərək bütün şairlərin hamisi
olan İlyas peyğəmbəri çağırsın. Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib
deyir: - Bu gündən etibarən sən əsl aşıqsan və yer üzündə hər şeyi mənim gözlərimlə görəcəksən.
Buna nail olan aşıq hər ünsürə hakim olur: bütün insanlar və heyvanlar, küləklər və dənizlər onun
səsinə baş əyir, çünki onun səsində artıq peyğəmbərin qüdrəti və gücü vardır.
Acıqlı aşıq yerə oturdu, üzünü əlləri arasına aldı və birdən birə hönkür-hönkür ağlamağa başladı.
- Amma Qədir gecəsinin hansı gecə olduğunu və bu gecənin hansı saatında yatmaq lazım olduğunu
artıq heç kim bilmir. Buna görə də bu dünyada əsl aşıq qalmayıb.
Dünyada tənha qalmış acıqlı aşıq ayağa durub qəmgin və qaradinməz halda Qarabağın yaşıl cənnətini
bir səhra canavarı kimi tərk etdi.

İsa bulağı öz yatağında şırıltıyla axırdı. Onun ətrafındakı ağaclar yorğun müqəddəslər kimi başlarını
göyə qaldırmışdılar. Cənuba doğru çoban yaylaqlarını xatırladan yam-yaşıl otlaqlar üfüqə doğru uzanıb
gedirdi. Şuşa təpələrin ardında qalmışdı. Şərqdə isə Qarabağ tarlaları Azərbaycanın tozlu çölləri içində
gözdən itirdi. Zərdüşt atəşlərinin qızğın nəfəsi, çöl küləklərinin qanadlarında düzənliyi süpürürdü.
Ətrafımızdakı qorunan meşədə ən kiçicik yarpaq belə tərpənmirdi. Qədim zəmanələrin ilahələri
buraları tərk edib getmiş olsalar da füsunkarlıqları sanki hələ də qalmışdı. Bizim tonqalın atəşi də bu
müqəddəs yerlə əhd-peyman olsun deyə yandırılmış neçə-neçə ocaqlardan çox gerilərə qalmışdı.
Rəngarəng xalılar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalıların üstündə mən kef çəkən
gürcülərlə bir yerdə oturmuşdum. Ocağın ətrafındakı xalıların üzərində küpələr dolusu şərab, cürbəcür
meyvələr, üst-üstə qalanmış tərəvəz, pendir, səbzələr düzülmüşdü. Bulaq boyunca Sasandi adlanan
səyyah aşıqlar oturmuşdular. Onların əllərindəki alətlərin adları elə musiqini xatırladırdı: dairə, çinuri,
tara, diplipito.
Onlar farsi üsulda bir bayatı və lirik bir məhəbbət mahnısı oxumağa başladılar. Bu mahnını ekzotik
təsiri artırmaq üçün gürcülər arzu etmişdilər. Əgər latın dili müəllimimiz burada olsaydı, məmləkət
ənənələrinin bir hissəsinə çevrilmiş bu əyləncəni “Diyonisios aləmi” adlandırardı. Nəhayət oradakı
kurortun şən qonaqlarını Şuşa yaxınlığındakı meşədə təşkil olunmuş gecə ziyafətinə dəvət edən
Kipiani ailəsi gəlib çıxdı.
Qarşımda Ninonun atası oturmuşdu. O, ziyafət mərasiminin şərtlərinə uyğun olaraq tamada rolunu ifa
edirdi. Onun parlaq gözləri, qırmızımtıl sifəti və qapqara uzun bığları var idi. Kipiani əlindəki qədəhi
mənim şərəfimə qaldırıb içdi. Mən içki içmədiyim halda qədəhimi qaldırıb bir qurtum içdim. Başqa
vaxt olsaydı içməzdim, amma məclisə tamadalıq edən Ninonun atası şərab içməyi tələb edəndə,
içməmək nəzakətsizlik olardı.
Uşaqlar bulaqdan su gətirdilər. Bu sudan içən adam kefi istədiyi qədər yeyib içə bilərdi və artıq
yeməkdən də zərrə qədər narahatçılıq hissi etməzdi. Çünki İsa bulağının suyu da Qarabağın saysız-
hesabsız möcüzələrindən biri idi. Ocağın şölələnən işığında Ninonun anasının profilini gördüm. Onun
sərt bir profili vardı. O, ərinin yanında oturmuşdu, onun gözləri gülürdü. Bu gözlər nə vaxtsa sehrkar
Medeyanın Arqono Yasonla tanış olduğu Rion obasındakı Minqrelliyanın yaratdığı gözlər idi.
Tamada qədəhini qaldırdı: “İçək möhtərəm Dadianinin sağlığına!”
Uşaq baxışlı bir qoca ona təşəkkür etdi. Bununla da üçüncü dövrə başlandı. Hərə öz qədəhini bir
nəfəsə boşaltdı. Ancaq sərxoş olanı yox idi. Gürcülər süfrə başında olanda ürəkdən nəşələnməyi
sevirlər. Amma onların ağılları İsa bulağının suyu kimi təmiz və şəffaf qalırdı.
Meşəlikdə kef məclisi düzəldən təkcə biz deyildik. Meşə saysız-hesabsız ocaqların işığına qərq
olmuşdu. Çünki bütün şuşalılar hər həftə müxtəlif bulaqların başına yığılırlar. Kef məclisləri səhər
açılana qədər davam edirdi. Müsəlmanlarla Xristianlar müqəddəs meşəciyin bütləri xatırladan
ağaclarının kölgəsi altında şənlənirdilər.
Mən, yanımda oturan Ninoya baxdım. O, ağsaçlı Didiani ilə söhbət edirdi. Bu da adət və ənənənin bir
əlaməti idi: qocalara hörmət, cavanlara məhəbbət...
Didiani dilləndi:
- Siz gərək bir fürsət tapıb, mənim Zuqdidi yay malikanamə gələsiniz. Malikanəm Rion çayının
qırağındadır. Bir zamanlar bura Medeanın kölələrinin qoyun yunları ilə qızıl tozlarını yuduqları yer idi.
Əli xan, siz də gəlin. Siz Minqreliyanın balta dəyməmiş tropik meşələrini və qədim ağaclarını
görərsiniz.
- Məmnuniyyətlə, möhtərəm Didiani, gələrəm, amma ağacları görmək üçün yox, sizə görə gələrəm.
- Nəyə görə ağacların əleyhinəsiniz? Mənim üçün ağaclar Kamil həyatın təcəssümüdür.
Nino söhbətə qarışdı:
- Əli xan xəyalətlərdən qorxan uşaqlar kimi ağaclardan qorxur.
- Elə deyil canım, - dedim. Ancaq sizin üçün ağaclar nə qədər əzizdirsə, mənim üçün də bir o qədər
çöllər əzizdir. Möhtərəm Dadiani, ağacların olduğu dünya məni karıxdırır. Bu dünya vahimə, cin və
şeytanlarla doludur. Üstəlik meşələrin içi qaranlıqdır. Günəşin şüaları ağacların kölgəsində yox olur.
Meşələrin qaranlıqları məni sıxır, budaqların xışıltılarını eşidəndə isə qəlbimə hüzn çökür. Mən, sadə
şeylərdən xoşlanıram: küləklərdən, qumlardan və daşlardan. Çöl bir qılınc zərbəsi kimi sadədir.
Meşələr isə Qordiy düyünü (1) kimi dolaşıqdır. Mən meşənin içinə girdiyim zaman çaşıb yolumu tam
itirirəm, möhtərəm Didiani.

Didiani fikirli-fikirli mənə baxıb dedi:
- Sizdə çöl adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul vardır: insanları
meşə adamlarına və çöl adamlarına bölmək lazımdır. Şərqin içkisiz sərxoşluğu çöldən gəlir. Çöllərdə
isti küləklərlə qızmar qum insanları sərxoş edir. Orada həyat sadə və problemsizdir. Meşələr isə min
bir suallarla doludur. Çöl isə kimsədən bir şey istəməz, kimsəyə, bir şey verməz və heç bir şey də vədd
etməz. Lakin ruhun atəşi meşədəki odundan gəlir. Çöl adamının, yəni gözlərimlə görə bildiyim tək bir
üzü vardır. O, tək bir həqiqət tanıyır, o tək həqiqət də onun qəlbini doldurur. Meşə adamının isə min
bir sifəti vardır. Təəssübkeşlər çöldən, yaradıcılar isə meşələrdən gəlirlər. Bəlkə də Şərq və Qərb
arasındakı əsas fərq də elə budur.
Adlı-sanlı erməni sülaləsindən olan gömbul Məlik Naçararyan:
- Biz ermənilərlə gürcülər elə bu səbəbdən meşələri sevirik – deyə söhbətə qarışdı. Domba gözləri və
qalın kol kimi qaşları olan bu adam filosofluq etməyə və içkiyə artıq dərəcədə meyl göstərirdi.
Naçararyan qədəhini mənim şərəfimə qaldıraraq bərkdən dedi:
- Əli xan, dağlardan qartallar, meşələrdən də pələnglər çıxır, bəs çöllərdən nə çıxır?
- Aslanlar və cəngavərlər! - deyə cavab verdim. Nino razı halda çocuqcasına əl çaldı.
Şişlərin üzərində nar kimi qızarmış kabablar paylanırdı. Qədəhlər dəfələrlə dolub boşalırdı. Gürcü
şənliyinin sədası meşəni bürümüşdü. Didiani Naçararyanla nəyi isə müzakirə edirdilər. Nino da
fürsətdən istifadə edib sualedici baxışını mənə zillədi. Mən razılıq işarəsi olaraq başımı tərpətdim.
Artıq qaranlıq çökmüşdü. Ocaq işığında keflənmiş adamlar cinləri, ya da quldurları andırırdılar. Heç
kim bizə fikir vermirdi. Ayağa durub yavaş-yavaş bulaq tərəfə getdim. Əyilərək ovucumla suyu götürüb
içdim. Bulaqdan su içmək adama çox xoş gəlirdi. Bir xeyli orada dayanıb suyun üstünə düşən
ulduzların əksini seyr etdim. Arxamda ayaq səsləri eşidildi. Quru bir budaq kiçik bir ayağın altında
şaqqıldadı... Əlimi uzatdım, Nino əlimi dərhal tutdu. Biz əl-ələ verib meşənin dərinliklərinə getdik.
Ocağın başından ayrılmamış meşənin dərinliklərinə getmək düzgün bir hərəkət deyildi. Nino balaca
bir çəmənlikdə oturdu. Sonra məni də özünə doğru çəkdi. Həmişə şən və şad olan Qarabağda da ciddi
və sərt adətlər var idi. Mustafa kişi mənə dəhşət içində danışmışdı ki, on səkkiz il bundan qabaq
Qarabağda bir ailədə sədaqət pozulmuş və bunun nəticəsində də o gündən bəri meyvə ağacları
məhsullarını azaltmışlar.
Biz biri-birimizə baxırdıq. Ay işığında Ninonun sifəti solğun görünürdü. “Prinses” deyə ona müraciət
etdim. Nino çəpəki mənə baxdı. Artıq iyirmi dörd saat idi ki, o, prinses olmuşdur. Atasının knyaz
rütbəsinə layiq olduğunu isbat edib, Peterburqdakı Çara qəbul etdirə bilməsi isə iyirmi dörd il
çəkmişdi. Bu gün səhər Peterburqdan Ninonun atasına teleqram gəlmişdi. Ninonun atası itirdiyi
anasını yenidən tapmış bir uşaq kimi sevinirdi. O, hamımızı gecə ziyafətinə dəvət etdi.
- ”Prinses”, - deyə mən təkrar etdim.Sonra Ninonun üzünü əllərimin arasına aldım. O heç bir
müqavimət göstərmirdi. Ola bilsin ki, Kaxetiya şərabını çox içmişdi və yaxud da onu sərxoş edən meşə
və ay işığı idi. Mən onu öpdüm. Onun ovuclarının içləri yumşaq vəilıq idi. Biz yumşaq yosunların
üstündə uzanmışdıq. Nino mənim üzümə baxırdı. Onun sifəti nazilmiş və ciddiləşmişdi. Ay işığında
onun bədəni sarımtıl əqiq daşı kimi parıldayırdı. Mən onun ürək döyüntüsünü eşidirdim. Onun
dizləri əsirdi, gözlərindən yaş gəlirdi. Gözlərindən gələn yaşlarını dodaqlarımla sildim və nəm
yanaqlarını qurutdum.
Nino ayağa qalxdı. Onun susmağı yalnız daxilindəki müəmmalı hisslərdən idi. Mənim Ninomun on
yeddi yaşı hələ təzəcə tamam olmuşdu. O, müqəddəs Kraliça Tamara litseyinə təzəcə gedirdi. Nino
dillənib dedi ki, “Əlixan mənə elə gəlir ki, səni sevirəm. Hətta indi prinses olduğum halda da səni
sevirəm”.
- Bəlkə prinsesliyin artıq uzun çəkməyəcək - deyə cavab verdim.
Nino sözümü başa düşmədi karıxmış halda dedi:
- Sə nə demək istəyirsən? Yəni çar atamın prinseslik ünvanını bizdən geri mi alacaq?
- Sən ərə gedən kimi o ünvanı itirəcəksən. Amma xanlıq ünvanı da çox gözəl bir ünvandır.
Nino əllərini boynunun ardında çarpazlaşdırdı, başını geri atıb qəhqəhə ilə güldü:
- Xan, bəlkə elə Xan xanımı? Xan xanımları üçün bir ünvan yoxdur? Ümumiyyətlə, sənin qəribə bir
evlənmə təklifi irəli sürmək üsulun var, – əgər bunu nəzərdə tutursansa...
- Mən bunu nəzərdə tuturam.
- Nino üzümü tumarladı və onun barmaqları saçlarımın içərisində itdi:
- Əyər birdən bəli desəm, onda sən ömrünün sonuna qədər Şuşa yaxınlığındakı meşəni xoş xatirə kimi
yadda saxlayacaq və ağaclarla sülh bağlayacaqsan?
- Mənə elə gəlir ki, edərəm hər halda.
- Toydan sonrakı səyahətimizi keçirmək üçün Tehrandakı əmingilə gedərik, mən də orada xüsusi
nəzarət altında olan Şahənşahın hərəmxanasını ziyarət edəcəyəm. Oradakı şişman qadınlarla çay içib
söhbət etməli olacağam.
- Başqa?
- Ondan sonra da mən çölləri gəzə biləcəyəm, çünki orada mənə baxa biləcək bir ins-cins olmayacaq.
- Yox, Nino, sən çölləri gəzib baxmayacaqsan, çünki xoşuna gəlməyəcək.
Nino əllərini uzadıb boğazımdan tutdu və burnunu alnıma yapışdırıb dedi:
- Əli xan, bəlkə elə doğrudan da sənə ərə getdim. Amma heç fikirləşmisənmi ki, biz meşə və çöllərdən
başqa nə kimi əngəllər qarşımıza çıxacaq?
- Hansı əngəllər?
- Əvvəla mənim bir müsəlmana ərə getdiyim üçün atam və anam kədərlərindən öləcəklər. Sonra sənin
atan sənə lənət oxuyub tələb edəcək ki, mən müsəlmançılığı qəbul edim. Bunu da qəbul etsəm bu
dəfə çar babamız, xristian dininə satqınlıq etdiyimə görə məni Sibirə sürgün edəcək: Səni də təhrik
etdiyin üçün mənə qoşacaq.
Mən gülə-gülə cavab verdim:
- Sonra da biz, Şimal dənizinin ortasında, bir buz dağının üzərində oturacağıq. İri ağ ayılar da gəlib bizi
tikə-tikə edib yeyəcəklər. Yox, Nino, zənn etdiyin qədər də pis olmayacaq. Sən müsəlmançılığı qəbul
etməlisən, valideynlərin də kədərlənib ölməyəcəklər. Toydan sonrakı səyahətimizi də yaxşı keçirmək
üçün Parisə və Berlinə gedərik ki, sən oraları gəzərkən Bui de Bulonun meşəsinə və Berlinin məşhur
heyvanxanasına tamaşa edərsən.
- İndi nə deyirsən? Nino təəccüblə mənə baxıb cavab verdi:
Məni çox istəyirsən, ona görə də yox demirəm. Amma hə deməyə də hələ vaxt var. Qorxma qaçası
deyiləm. Məktəbi qurtaran kimi valideynlərimizlə danışarıq. Ancaq, səndən xahiş edirəm ki, məni
qaçırmağa səy göstərmə. Bilirəm bunu siz də necə edirlər. Bir gün qəfildən gəlib məni atın tərkinə
atırsınız və dağa qaçırarsınız. Nəticədə də Kipianilər ailəsi ilə güclü qan davası başlanır.
Nino birdən-birə şux və dəcəl bir qıza çevrilmişdi. Onun vücudunda elə bil hər şey gülürdü: üzü,
əlləri, ayaqları, bədəni... O bir ağaca söykənib, məni aşağıdan yuxarıya kimi süzdü. Mən onun
qabağında durmuşdum. Nino ağacın kölgəsində, ovçuların qorxusundan meşələrdə gizlənən qorxmuş
bir ceyrana bənzəyirdi.
- Gedək, - deyə Nino dilləndi.
Biz meşənin içindən keçib böyük tonqalın yanına qayıtdıq. Yolda birdən-birə Ninonun ağlına nə isə
gəldi. O, yerindəcə dayandı başını qaldırıb Aya baxmağa başladı.
Bəs bizim gələcək uşaqlarımız hansı dinə mənsub olacaqlar? - deyə təşvişlə soruşdu.
- Mən də qeyri-müəyyən bir şəkildə dedim ki, “ən yaxşı və təmiz dinə mənsub olacaqlar”.
Nino inamsızlıqla mənə baxdı və bir müddət susub fikrə getdi. Sonra qəmli halda:
- Mən sənin üçün çox yaşlı deyiləmmi? Mənim bu yaxınlarda on yeddi yaşım tamam olacaq. Sənin
gələcək həyat yoldaşının indi on iki yaşı olmalı idi.
Mən onu sakitləşdirdim. Yox, omənim üçün qətiyyən çox yaşlı deyildi. O həddən artıq ağıllı və
hiyləgər idi. Bir gənc qızın ağıllı və hiyləgər olması həqiqətən yaxşı şey idimi? Mənə elə gəlirdi ki, biz
şərqlilər vaxtından çox tez həddi-buluğa çatırıq, qocalırıq və ağıllaşırıq. Bununla belə bəzən hamımızın
səfeh və sadəlövh olduğumuz qənaətinə gəlirəm. Əslində nə düşünmək lazım idi, bilmirdim.
Ağaclar, Nino, uzaqdan işığı gələn ocaqlar məni çaşdırmışdı. Amma hamıdan çox mən özüm özümü
çaşdırmışdım. Bəlkə də mən Kaxetiya şərabından çox içib, bir səhra qulduru kimi məhəbbətin sakit
bağçasında bir sərsəri kimi dolaşırdım.
Əlbəttə Ninonun bir çöl adamının qurbanı olduğu barədə düşünməməyinə əmin idim. O özünü çox
sakit aparırdı.
Biz yenidən İsa bulağına qayıdanda Ninonun göz yaşlarından, gülüşlərindən və incə coşğunluğundan
əsər əlamət qalmamışdı. Bizim qeybə çıxıb yenidən qayıtmağımızı heç kim sezməmişdi. Mən ocağın
qırağında oturdum və birdənhiss etdim ki, susuzluqdan dodaqlarım quruyur. Mən İsa bulağının
suyundan bir istəkan doldurub içdim. İstəkanı süfrəyə qoyarkən Məlik Naçaryanla baxışlarımız
rastlaşdı. O, mənə dostcasına, qayğı ilə və bir azca himayətkarcasına baxırdı.


Tarix: 09.06.2015 / 12:03 Müəllif: Aziza Baxılıb: 428 Bölmə: Qurban Səid - "Əli və Nino"