beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1-ci hissə)
1-ci hissə)

Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx tələbə idik.
Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə rus idi. Günün ikinci
yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə şəhərimizin son dərəcə maraqlı coğrafi
durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin zəif səsiylə bizə şəhərimizin coğrafi
durumunu başa salırdı. Biz, sakitcə oturub onun dediklərinə diqqətlə qulaq asırdıq. “Avropanın şərq
sərhədləri Şimalda Buzlu şimal okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq
dənizindən keçir. Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca
aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni
Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid
edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, yoxsa geridə qalmış Asiyayamı
aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır”.
Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi.
Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq yaratdı. Bu suala cavab vermək
üçün böyük zəka tələb olunurdu.
Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi:
“Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə qopdu. Məmməd Heydər ikinci
il idi ki, üçüncü sinifdə oxuyurdu. Bakı Asiya tərəfində qaldığı möhlətdə Məmməd Heydərin də
üçüncü sinifdə bir il daha oxuması labüd idi. Çünki, maarif nazirliyinin qərarına əsasən Rusiyanın
Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə kefləri istədikləri qədər qalmaq icazəsi verilirdi. Rus
orta məktəb müəllimlərinin qızılı sapla işlənmiş uniformasını geymiş professor Sanin alnını qırışdırıb:
“Demək Məmməd Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çox qabağa. De görüm fikrini
əsaslandıra bilərsənmi? Məmməd Heydər qızarmış halda qabağa çıxdı, lakin bir şey deyə bilmədi.
Onun ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi. Məmməd Heydərin axmaq sayağı vəziyyətindən
dörd erməni, iki polyak, üç sektant və bir rus son dərəcə həzz aldıqları anda, mən əlimi qaldırıb dedim
ki:
- Cənab professor, mən də Asiyada qalmaq istərdim?
- Əli xan Şirvanşir! Sən də mi? Yaxşı çıx qabağa baxaq - Professor Sanin alt dodağını qabağa uzadıb,
onu Xəzər dənizi sahillərinə qədər gətirmiş talehinə lənətlər yağdırdı. Sonra öskürüb, qürurla dedi: -
Heç olmasa sən öz fikrini söyləyə bilərsənmi?”
- Bəli, ona görə ki, Asiyanı sevirəm.
- Sevirsən, eylə mi? Yaxşı, sən həqiqətən geri qalmış ölkələrdə olmusanmı? Misal üçün Tehranda?
- Bəli olmuşam? Keçən yaz oradaydım?
- Yaxşı, elə isə orada heç Avropa mədəniyyətinin böyük nailiyyətlərindən birini gördünmü? Məsələn
avtomobil gördünmü?
- Bəli gördüm, özü də lap böyüyünü. Yəni otuz nəfərdən artıq adam tutan avtobusları gördüm. Bu
avtobuslar şəhər içində işləmirlər. Onlar ancaq bir şəhərdən o biri şəhərə işləyirlər.
- Bu dəfə o gördüklərin avtobusdur, avtomobil deyil. Onları da İranda dəmiryolu olmadığı üçün
istifadə edirlər. Buna “geri qalmışıq” deyərlər. Otur yerinə, Şirvanşir.
Sinifdəki otuz müsəlmanın keyflərinə toxunan yox idi. Onların mənə yönəlmiş baxışlarından nə
düşündükləri bəlliydi. Professor Sanin əsəbiləşmədi. Ona tələbələrini əsl avropalı kimi yetişdirmək
vəzifəsi tapşırılmışdı.
Professor sanin birdən birə soruşdu:
- Yaxşı, sizlərdən Berlinə gedən olubmu?
Sektant Maykov əlini qaldırdı və kiçik yaşlarında Berlində olduğunu söylədi. Orada yeraltından dəmir
yolu keçirdi. O, çox gurultulu bir tunel stansiyasını və anasının ona hazırladığı qaxac donuz əti ilə
çörəyi yaxşı xatırlayırdı. Onun xatırladığı biz müsəlman tələbələrini yaman qəzəbləndirmişdi. Qaxac
donuz ətinin xatırlanması tələbələrdən Seyid Mustafanın ürəyini bulandırdı və hətta onun sinifdən
çıxmasına icazə verildi. Bununla da Bakının coğrafi durumu haqqında mübahisə də bu şəkildə sona
yetdi. Zəng çalındı. Professor Sanin yüngülcə nəfəs aldı və sinifdən çıxdı. Biz qırx tələbə də onun arxasınca
sinfi tərk etdik. Bu böyük tənəffüs idi. Böyük tənəffüsdə üç görüləsi tədbirimiz var idi: tədbirlərdən
biri həyətə qaçıb qonşuluqdakı realnı məktəbin tələbələrinin uniformalarındakı düymələrin və
kokardlarının qızılı olduqları üçün onları döyməkdən ibarət idi. Çünki, bizim uniformalarımızın
düymələri və kokardları gümüşü idi. İkinci tədbir, azərbaycanlıların Azəri dilində bərkdən
danışmaqlarından ibarət idi. Çünki ruslar Azəri dilini bilmədiklərinə görə, o dildə danışmağı
məktəbdə qadağan etmişdilər. Üçüncü tədbir isə küçənin o biri tayına keçib müqəddəs kraliça Tamara
qız litseyinə getməkdən ibarət idi. Bu dəfə mən qız litseyinə getməyi qərara aldım.
Qızlar qar kimi təmiz, ağ döşlüklü mavi uniforma donlarını geymiş, iki-iki, üç-üç bağçada gəzişirdilər.
Xalam qızı Aişə məni görüb əl elədi. O, Nino Kipiani ilə əl-ələ verib gəzişirdi. Nino dünyanın ən gözəl
qızlarından biri idi.

Mən son coğrafiya dərsində müəllimimlə Asiyaya mənsub olduğumuz barədə mübahisəmi qızlara
söylədikdə dünyanın ən gözəl qızlarından biri olan Nino burnunun ucundan yerə baxıb, dedi:
- Əli xan sən düz demirsən. Şükür Allaha ki, biz Avropada yaşayırıq. Əgər Asiyada yaşasaydıq mən
gərək doğulduğum gündən çadra örtəydim, sən də mənim üzümü görməzdin.
Mən məğlub olduğumu başa düşdüm. Doğru sözə nə demək olar? Gerçəkdən Bakının qərarsız tikilmiş
coğrafi durumu sayəsində də dünyanın ən gözəl gözlərinə baxa bilirdim.
Qızlardan ayrıldım. O gün məktəbə daha getmədim. Şəhəri dolaşıb dəvələrə tamaşa etdim, dənizə
baxdım. Avropa ilə Asiyanı və Ninonun son dərəcə gözəl gözlərini yada salıb fikrə daldım.
İçimə bir kədər çökmüşdü.
Arada üzü ilə əlləri cüzam xəstəliyindən çürümüş bir dilənçi mənə yaxınlaşdı. Ona sadağa verdim,
əlimi öpmək istədi, lakin onun halı məni o qədər ürkütmüşdü ki, iyrənərək əlimi çəkdim. Bir az sonra
isə zavallını təhqir etmiş olduğumu düşündüm. Səhvimi düzəltmək üçün düz iki saat şəhəri ələk-vələk
edib onu axtardım. Lakin onu tapmadım. Ondan sonra vicdan əzabı çəkərək evə tərəf getdim.
Bütün bu əhvalatlardan beş il keçmişdi. Bu illər ərzində çox şeylər baş vermişdi. Bizə yeni bir müdir
təyin olunmuşdu. Gimnaziya tələbələrinin döyülməsi qəti qadağan olduğu halda, yeni müdir ikidə bir
yaxamızdan tutub bizi silkələməkdən həzz alırdı.
Həmin beş il ərzində şəriət müəllimimiz, bizə müsəlman olaraq dünyaya gəlmək imkanı verdiyi üçün
allahın bizə böyük nemət bəxş etmiş olduğunu izah etmişdi. Sinfimizə iki erməni və bir rus tələbə
gəlmişdi. İki müsəlman tələbə isə məktəbi tərk etmişdi. Onlardan biri oxumağı buraxıb on altı yaşında
evlənmiş, digəri isə məktəb tətili zamanı qan davasının qurbanı olmuşdu.
Mən Əli xan Şirvanşir də, bu beş il ərzində üç dəfə Dağıstanda, iki dəfə Tiflisdə, bir dəfə
Kislovodskda, bir dəfə də İrandakı əmimin yanında oldum. Bir dəfə də Gerundiyum1 ilə
Gerudiviyum2 arasındakı fərqli bilmədiyim üçün az qala sinifdə qalmışdım.
Atam bu barədə məsciddəki imamla danışmaq üçün onun yanına getdi. İmam onu dinlədikdən sonra
latın dili ilə əlaqədar qoparılan bu hay-küyün mənasız, boş şey olduğunu bilirdi. Sonra türk, iran, rus
medal və ordenlərinin hamısını yaxasına taxıb, direktorun yanına getdi. Atam məktəbin
laboratoriyalarına cürbəcür cihaz və ləvazimatlar hədiyyə edirdi. Onun sayəsində sinifdən sinfə
keçirdim. Bu arada məktəbdə tələbələrin iki güllə ilə doldurulmuş tapança ilə məktəbə gəlmələrinin
qəti qadağan olduğunu bildirən bir elan asıldı. Nəhayət, keçənbeş il ərzində şəhərə telefon xətti çəkildi
və iki yeni kinoteatr açıldı. Nino Kipiani isə hələ də dünyanın ən gözəl qızlarından biri olaraq
qalmaqda idi.
Məktəblərdə dərslərin qurtarmasına az qalırdı. Yay tətilinə çıxmağımıza cəmi bir həftə qalmışdı. Mən
evdə oturub, latın kurslarına getməyimin mənasız olduğunu düşünürdüm. Evimizin ikinci
mərtəbəsindəki otaq çox xoşuma gəlirdi. Divarlar təmamən Buxara, İsfahan və Kəşhan xalıları ilə
bəzədilmişdi. Bu xalıların naxışları bağçalar, göllər, meşə və çayların təsvirilə dolu idi. Çünki, xalıları
toxuyanlar bütün meşələri, gölləri öz gözləri ilə görmüşdülər. Təsadüfi adam o xalıların üzərindəki
naxışların nə olduğunu bilməzdi.

Xalılara o rəngləri verə bilmək üçün çox uzaq çöllərin köçəri tayfalarının qadınları yabanı tikanlı
kolluqlar arasından min cür ot toplayardı. Sonra incə uzun barmaqları ilə o otları sıxaraq onlardan şirə
çıxarırdılar. Şirəni qarışdıraraq zərif rənglər yaradırdılar. Bu gözəl rənglərin sirri yüz illər qədər
qədimdir. Çox zaman bir sənət əsərinin tamamlanması üçün toxucu on ildən artıq əmək sərf edərdi.
Ondan sonra xalının üstündə ov və döyüşən cəngavərlər səhnəsini təsvir edən sirli rəmzlər və işarələr
toxunar, qıraqlarında isə Firdovsinin bir beyti və yaxud Sədinin bir müdrik kəlamı toxunmuş bu sənət
əsəri divardan asılıdır. Onlarca xalı divara vurulduğu və yerə sərildiyi üçün otaq qaranlıq görünürdü.
Otaqda alçaq bir divan, sədəflə işlənmiş iki kətil, bir çox puf yastıq və bunların aralarında da son
dərəcə gərəksiz bir yığın kimya və həndəsə kitabları vardı. Bu kitabları bağlayıb evin hamar damına
çıxdım. Oradan baxanda öz dünyamı lap açıq görə bilirdim: İçərişəhər qalasının qala divarları ilə bayır
qapısının girişində Ərəbcə yazılar olan sarayın xarabalıqlarını gözdən keçirtdim... Qıvrım ərəb saçlarına
bənzər küçələrlə dəvələr gedirdi. Dəvələrin ayaq biləkləri o qədər incə idi ki, adam onları tumarlamaq
istəyirdi. Ön tərəfdə də əfsanəvi Qız qalasının ətrafında turistlər dolaşırdı. Qalanın arxasında baxışları
tamamən dönük qurğuşun rəngli, anlaşılmaz Xəzər dənizi yerləşirdi. Onun da arxasında kəskin
qayalıqlarla kolluqlar uzanıb gedirdi. Bu mənzərə dünyanın ən gözəl mənzərəsi idi.
Mən düz dənizi, düz yastı çölü və onların arasına girmiş bu qədim şəhəri çox sevirdim. Buraya neft
axtarmağa gəlib, müəyyən vaxtdan sonra varlanan adamlar səs-küylü səhranı sevmədikləri üçün
buradan çıxıb gedirdilər.
Nökər çay gətirdi. Onu qurtum-qurtum içə-içə buraxılış imtahanlarını düşündürdüm. Özümü zərrə
qədər o xüsusda üzmürdüm. Necə olsa keçəcəkdim. Kəsilsəydim də narahatçılığım yox idi. Məzun
olmayıb bir il daha oxumaq məcburiyyətində qalmalı olsam da, fabrik-zavodlarımızda çalışan işçilər
tənbəlliyimə deyil, hər halda özümü bir növ bu elm mərkəzindən qoparıb qurtarmadığıma hörmət
edəcəkdilər. Gerçəkdən də məktəbi tərk etmək pis bir iş olacaqdı. Gümüşü düyməli, paqonlu və
kokardlı boz tələbə uniformam son dərəcə şıqdır. Mülki paltarları geydiyim zaman özümü doğrudan
da narahat hiss edirdim. Lakin mən mülki paltarı çox geyməyəcəyəm. Yalnız bir yay.
Sonra da... Moskvadakı Lazarev adına şərq dilləri institutuna gedəcəkdim. Buna qərar vermişdim,
çünki oraya gedəndə ruslardan çox-çox irəlidə olacaqdım. Mənim üçün asan olan xarici dilləri
öyrənmək işi ruslar üçün son dərəcə çətin olduğunu ta uşaqlıqdan bilirdim. Üstəlik Lazarev institutu
tələbələrinin uniforması da bütün uniformaların ən gözəli idi. Bu uniforma al qırmızı pencək, qızılı
yaxalıq, qızıl suyuna çəkilmiş xəncər, adi günlərdə belə taxılmasına icazə verilən yumşaq əlcəklərdən
ibarət idi. Tələbələrin uniforma geyməsi mütləq lazım idi, yoxsa ruslar bizə hörmət etməzdilər.
Rusların hörmətini qazanmasam Nino mənə ərə getməz. Ninonun Xristian olmasına baxmayaraq
onun ilə mütləq evlənməli idim. Gürcü qadınları dünyanın ən gözəl qadınlarıdır. Əgər Nino məni
istəməsə, nə etməliyəm? O zaman bir neçə igid gənci yanıma salıb onu qaçırmalıyam. Ninonu atımın
tərkinə alıb İran sərhədlərini aşaraq Tehrana aparmalıyam. Orada da Nino mənə təslim olacaqdı.
Çünki onun başqa çarəsi yoxdur!
Bakıdakı evimizin damından ətrafı seyr edərkən həyat çox gözəl və sadə görünürdü.
Nökərimiz Kərim çiynimə toxundu. “Vaxtdır” dedi. Ayağa qalxdım.
Həqiqətən də vaxt çatmışdı.
Üfüqdə, Nargin adasının arxa tərəfində üzən bir gəmi görünürdü. Xristian poçtunun gətirdiyi və
teleqraf deyilən kiçikcik kağız parçasının üzərindəki yazılara inanmaq olsa idi o zaman əmim, üç arvadı
və iki qulluqçusu ilə birlikdə həmin gəmidə olmalı idilər. Onları qarşılamağa getməli idim. Tələsik
pilləkənlərdən aşağı endim. Faytona minib, səsli-küylü limana yollandım.
Əmim gerçəkdən hörmətli bir kişi idi. İran şahı Nəsrəddin böyüklük göstərərək ona “imperatorluq
şiri” fəxri adını vermişdi. Həmin gündən bəri də kimsənin əmimə başqa bir şəkildə müraciət etməsinə
izn verilmirdi. Onun üç arvadı, çoxlu nökərləri, Tehranda bir sarayı və Mazandaranda da ucsuz-
bucaqsız torpaq sahələri və malikanələri vardı. Arvadlarından ən cavanı Zeynəbin xəstə olduğuna görə
o Bakıya gəlirdi. Zeynəbin on səkkiz yaşı hələ tamam olmamışdı. Əmim onu o biri arvadlarından çox
istəyirdi. Yazıq Zeynəbin uşağı olmurdu. Əmim də nəslini davam etdirmək üçün ondan bir oğlan uşağı
istəyirdi. Zeynəbə nə Kərbəla dərvişlərinin tilsimləri, nə Məşhədli bilicilərin ovsunları, nə də eşq
sənətində təcrübəli Tehran qoca qarılarının xeyri dəymişdi. Hətta bu məqsədlə Həmədana da
getmişdilər. Orada qırmızı daşdan yonulmuş sirli baxışı olan böyük bir şir heykəli vardı. Kim bilir bu
heykəl nə zamansa hansı unudulmuş krallar tərəfindən qoyulmuşdur. Əsrlərdən bəri qadınlar karvan
kütləsi halında onu ziyarət edirdilər. Şirin qocaman sifətini öpür, sonra da hamilə olub ana olacaqları
günləri ümidlə gözləməyə başlayardılar. Zavallı Zeynəbə o Şiri ziyarət etmək də bir fayda verməmişdi.
Ona görə də onlar indi Bakıya gəlirdilər. Onlar buradakı həkimlərin əzəmətindən kömək umurdular.
Zavallı əmim Bakıya gələrkən yaşlı və sevmədiyi arvadlarını da gətirmək məcburiyyətində qalmışdı.
Çünki ənənə belə əmr edirdi: “Bir, iki, üç, hətta dörd arvad ala bilərsən. Amma onların hamısına
bərabər münasibət bəsləmək şərtilə”. Arvadlara eyni münasibət isə Bakıya gələrkən hamısını yanında
aparmaq deməkdir. Qanuna görə bunların mənimlə heç bir əlaqəsi yox idi. Qadın qisminin yeri
sarayın daxili sakitliyidir: yəni iç hissəsidir. Ədəbli kişi qadınlarla danışmaz, onların arxasınca qaçmaz
və onlara salam da yollamazdı. Qadın qismi kişinin sadəcə kölgəsidir. Hətta kişilər o kölgədə özlərini
xoşbəxt hiss edirlər. Bu da doğru və ağıllı bir işdir. Bizim məmləkətdə bir söz vardı: “yumurtada qıl,
qadında ağıl” olmaz. Ağlı başında olmayan yaranmışlar da daimi nəzarətdə olmalıdırlar ki, özlərinin və
ətraflarındakıların başlarına bəla gətirməsinlər. Məncə, bu çox ağıllı qaydadır.
Kiçik gəmi körpüyə yan aldı. Sinələri tüklü, dənizçilər gəmidən körpüyə nərdivan endirdilər.
Gəmidəki sərnişinlər: ruslar, ermənilər, yəhudilər torpağa ayaq basmağa elə tələsirdilər ki, elə bil hər
dəqiqə onlar üçün qiymətli idi. Əmim gəmidən hələ çıxmırdı. O, həmişə deyərdi ki, “tələsik iş şeytan
işidir”. Ancaq gəmidəki bütün sərnişinlər gəmini tərk edəndən sonra “imperatorluq şiri”nin yaraşıqlı
gövdəsi göyərtədə göründü. Onun əynində ipək yaxalı bir libas, başında qara rəngli balaca bir xəz
papaq, ayaqlarında isə yüngül başmaqlar var idi. Onun sıx-tüklü saqqalı ilə dırnaqları xınalı idi. Bu
adət min il əvvəl İman Hüseynin haqq dini uğrunda tökmüş olduğu qanın xatirəsini anmaq əlaməti
idi. Əmimin yorğun balaca gözləri vardı, yavaş-yavaş hərəkət eləyirdi. Onun ardınca həyəcanları açıqca
duyulan, təpədən dırnağa qədər qara çarşablara bürünmüş, əmimin arvadları gəlirdilər. Onların
dalınca da xədimağalar gəlirdilər. Xədimağalardan biri ağıllı simaya malik idi. ikincisinin sifəti
qurumuş bir kərtənkələni andırırdı, üçüncüsü isə balacaboy, amma öz ağasının namusu və şərəfinin
qarovulçusu olmaqdan qürurlanan bir adam idi.
Əmim yavaş-yavaş nərdivandan endi. Mən onu qucaqladım və ehtiramla onun sol çiynini öpdüm –
əslində xalq arasında belə bir şeyə ehtiyac yox idi. Arvadlarına da heç gözucu da baxmadım. Biz faytona
mindik. Əmimin arvadları ilə xədimağaları qapalı faytonlarla bizim arxamızca gəlirdilər. Dəstəmizin
möhtəşəm görünməsi üçün Bakı əhli əmimin zənginlik və əzəmətinə heyran qalsın deyə faytona sahil
yolundan sürməsi üçün faytonçuya əmr verdim.
Nino da bulvarda dayanıb, gülər gözləri ilə mənə baxırdı. Əmim isə alicənablıqla saqqalını sığallayaraq
şəhərdə təzə nə xəbər olduğunu soruşdu. Mən ona yeni bir xəbər olmadığını dedim. Çünki vəzifəmin
söhbətə xırda lazımsız xəbərlərlə başlamaq və gerçəkdən lazımlı olan xəbərlərə daha sonra keçməli
olduğunu bilirdim. “Dadaş bəy keçən həftə Axundzadəni bıçaqlayaraq öldürdü. Axundzadə səkkiz il
əvvəl Dadaş bəyin arvadını qaçırdığı üçün təhlükənin hələ sovuşmadığını bilə-bilə şəhərə qayıtmışdı.
Axundzadə, şəhərə qayıdan gün bıçaqlandı. İndi polis Dadaş bəyi axtarır. Amma onu polis tapa
bilməyəcək. Baxmayaraq ki, hamı Dadaş bəyin Mərdəkanda olduğunu bilirdi.
Çünki ağlı başında olan kişilər Dadaş bəyin çox düz hərəkət etmiş olduğunu söyləyirlər.
Əmim sözlərimi başı ilə təsdiqləyib dedi:
- Bəli, Dadaş bəy düz etmişdir.
Daha nə yeni xəbərlər vardır? Bəli, ruslar Bibiheybətdə yeni neft yataqları tapmışlar. Dənizin bir
qismini təmizləyib neft axtarışına başlamaq üçün Nobel firması böyük birp alman maşını
gətirtmişdilər. Əmim heyrət içində idi: “Allah, Allah!” deyərək üzgün bir tərzdə dodaqlarını tərpətdi.
- Evimizdə isə hər şey öz qaydasındadır. Allah izn versə bir həftəyə qədər gimnaziyanı bitirəcəyəm” -
dedim.
Danışmağa davam etdim, yaşlı əmim də məni diqqətlə dinlədi. Nəhayət faytonumuz evimizə
yaxınlaşanda mən gözlərimi yan tərəfə zilləyib sözarası dedim:
“Rusiyadan Bakıya adlı-sanlı bir həkim gəlib. Deyirlər ki, o, çox zəngin biliyə malikdir. Adamın üzünə
baxan kimi onun keçmişini və hal hazırdakı vəziyyətini xəbər verir.
Darıxdığı üçün əmimin gözləri yarı qapalı idi. Tamamilə laqeyd tərzdə əmim o müdrik həkimin adını
soruşdu. Mənim söylədiklərimdən əmimin məndən çox məmnun qalmış olduğunu anladım. Çünki
bütün bunlar bizdə əxlaqın və alicənab tərbiyənin əlamətləri sayılırdı.

Düm-düz dama yumşaq, rəngarəng və üzərilərində cürbəcür naxışlar olan Qarabağ xalıları sərilmişdi.
Axşam üstü xalıların üstündə atam, əmim və mən bardaş qurub oturduq. Bizim arxamızda əllərində
fənər tutmuş xidmətçilər dayanmışdılar. Qabağımızdakı xalının üzərinə sərilmiş süfrə isə hər cür şərq
yeməkləri ilə dolu idi: Ballı-badamlı çörəklər, şəkərləndirilmiş meyvələr, kabab, bişmiş toyuq və
kişmişli plov. Əvvəllər də olduğu kimi atamla əmimin incəliklərinə heyran idim. Onlar sol əllərini
tərpətmədən sağ əlləri ilə lavaşdan kəsib içinə ət doldurub, dürmək düzəldərək ağızlarına qoyurdular.
Əmim çox incəliklə sağ əlinin üç barmağını buğlanan yağlı plovun içinə saldı, və bir az plov götürdü.
Onları küftə kimi yumurlayıb, bir düyünü belə yerə salmadan ağzına qoydu.
Çəngəl, bıçaqla yemək vərdişlərində ruslar bilmirəm nədən bu qədər öyünürlər. Hətta ən axmaq adam
belə, bir ay ərzində bu cür yemək tərzini öyrənə bilər. Şəxsən mən çəngəl, bıçaqla çox rahat yemək
yeməyi bilirəm və avropalıların ziyafət süfrəsində necə hərəkət etməyi də yaxşı öyrənmişəm. Lakin, on
səkkiz yaşım olmasına baxmayaraq, mən atam və yaxud əmim kimi tam alicənablıqla yemək yeyə
bilmirəm. Onlar yalnız sağ əlin üç barmağı ilə saysız-hesabsız şərq yeməklərini elə yeyib qurtarırdılar
ki, hətta əllərinin üstü belə tər-təmiz qalırdı. Nino bizim yemək üslubumuza barbar üslubu kimi
baxırdı. Kipiani ailəsinin evində daima masa arxasında oturub avropasayağı yemək yeyirdilər. Bizim
evdə isə ancaq rus qonaqlarımız olduğu zaman yemək bu cür yeyilərdi. Nino, mənim xalça üstündə
oturub əllərimlə yemək yediyimi görəndə dəhşətə gəlirdi. Amma Nino öz atasının ancaq iyirmi yaşına
çatdıqdan sonra ilk dəfə çəngəl, bıçaq işlətməyə başladığını unudurdu.
Yemək sona çatdı. Biz əllərimizi yuduq, əmim qısa bir dua oxudu. Sonra yeməkləri süfrənin üstündən
yığışdırdılar. Kiçik fincanlar içində tünd çay gətirildi. Yaxşı bir yeməkdən sonra əmim qoca adamlar
kimi havadan, sudan və boş-boş şeylərdən danışmağa başladı. Atam heç danışmırdı, mən də susub
oturmuşdum. Çünki adət belə tələb edirdi. Yalnız əmim söhbət edirdi və hər dəfə Bakıya gələndə
etdiyi kimi sarayında çox mühüm, amma mənim üçün hələ də tam aydın olmayan bir rol oynadığı
böyük Nəsrəddin şahın zəmanəsindən bəhs edirdi. Əmim sözünə davam edib dedi:
-“Tam otuz il Şahən-şahın göz bəbəyi idim. Əlahəzrət üç dəfə Avropa səyahətinə çıxarkən məni də
özü ilə aparmışdı. Bu səyahətlər zamanı mən, kafirlərin dünyası ilə hamıdan yaxşı tanış oldum. Biz
kralların, kayzerlərin saraylarını və zamanın ən tanınmış xristianlarını ziyarət etdik. Qərblilərin dünyası
qəribə bir dünyadır. Hamısından qəribəsi qadınlarına olan münasibət idi. Qadınlar, hətta kralların,
kanslerlərin arvadları belə saraylarda çıl-çılpaq gəzirdilər. Onlara kimsə bir söz demirdi. Bəlkə
xristianlar əsl mənada kişi deyillər, bəlkə də bunun daha bir başqa səbəbi vardır. Allah bilir səbəb
nədir?
Əhəmiyyətsiz şeylər bu kafirləri qəzəbləndirirdi. Bir dəfə Şahənşah həzrətləri çarın sarayındakı bir
ziyafətə dəvət edilmişdi. Çariça da onun yanında əyləşmişdi. Şahənşahın boşqabında yaxşı bir
toyuqbudu vardı. Əlahəzrət o gözəl, yağlı toyuq budunu üç barmağı ilə çox zərif bir şəkildə tutaraq
qaldırdı və çariçanın boşqabına qoydu: Çariçanın rəngi birdən-birə dəyişdi və qorxudan öskürməyə
başladı. Sonradan Şahənşahın göstərdiyi bu nəzakət çar sarayındakı bir çox prinsi və böyük rütbəyə
malik olan şəxsləri çaşdırdı. O gecəki ziyafətdən sonra fransız səfiri, çarın arvadını qolları arasına alıb
eybəcər müsiqi müşayiəti ilə böyük ziyafət salonunda rəqs edirdi. Çarın özü və onun bir çox mühafizə
zabitləri bu səhnəyə tamaşa edirdilər. Lakin onların heç biri çarın namusunu, şərəfini qorumağa
qalxmadı... Berlində isə daha bir qəribə şeyin şahidi olduq. Bizi “Afrikalı qadın” operasına dəvət
etdilər. Səhnəyə bir kök qadın çıxıb, eybəcər şəkildə oxumağa başladı. Qadının səsindən heç birimizin
xoşu gəlmədi. Kayzer Vilhelm də bu qadının eybəcər oxumağını görüb, yerindəcə onun
cəzalandırılmasını əmr etdi. Axırıncı pərdədə səhnəyə çoxlu zənci gəlib, səhnənin ortasında böyük bir
tonqal qaladılar.
Qadının əl-qolunu bağlayaraq onu tonqalın ortasındakı dirəyə sarıdılar. O, tonqalın ortasında yavaş-
yavaş yanmağa başladı. Sonralar bir nəfər bizə tonqalın simvolik olduğunu söylədi. Amma biz buna
inanmadıq. Çünki qadının çığırtısı Tehranda olduğumuz zaman şahın əmri ilə diri-dirə yandırılan kafir
qadın “hürriyyət-ül-Ayin”in çığırtısı qədər dəhşətli idi.
Əmim bir müddət düşüncə və xatirələrinə qərq olub oturduğu yerdə susdu. Sonra dərin nəfəs alaraq
söhbətini davam etdirdi: “Bu xristianların başa düşə bilmədiyim bir başqa şeyləri də var. Düşməni
məğlub etmək üçün onların yaxşı silahları, əsgərləri, üstəlik hər şey istehsal etmək üçün yaxşı zavodları
da vardır. Başqa insanları kütləvi şəkildə ən asan yolla məhv etmək üçün hər hansı bir nəfər yeni ixtira
edərsə, həmin adam böyük məbləğdə pulla, orden və medallarla mükafatlandırılır. Amma, o biri
tərəfdən də Avropalılar durmadan saysız-hesabsız xəstəxanalar tikirlər. Müharibə zamanı düşmən
əsgərlərini müalicə edən və ya düşmən əsirlərini bəsləyən şəxslər də eyni cür hörmətə layiq görülürlər.
Onlara da orden və medallar verilir. Möhtəşəm hökmdarın Şahənşah həzrətləri, həmişə təəccüblənib
deyirdi ki, bir-birinə zidd işlər görən insanların eyni dərəcədə mükafatlandırıldıqlarını görəndə çaşıb
qalırsan. Bir dəfə Şahənşah həzrətləri Vyanada bu mövzu barədə Avstriya imperatoru ilə görüşdü.
Lakin Avstriya imperatoru lazımı dərəcədə mövzunu açıqlaya bilmədi. Bütün bunların əksinə,
Avropalılar bizə nifrət edirlər... Onlar deyirlər ki, siz dörd arvad saxlayırsınız, halbuki onlar çox zaman
dörddən də artıq qadınlarla yaşayırlar. Buna baxmayaraq Allahın buyurduğu kimi yaşayıb hökmranlıq
etdiyimiz üçün onlar bizə nifrət bəsləyirlər.
Əmim sükuta qərq oldu. Qaranlıq düşürdü. Əmimin kölgəsi cılız, yaşlı bir quşun siluetini andırırdı. O,
bir azca dikəlib qocalığa xas olan qayda ilə öskürdü, sonra isə hərarətlə danışmağa başladı:
- Əslində gerçəyə baxsanız, biz Cənab Allahımızın hər əmrini yerinə yetiririk. Avropalılar isə
allahlarının əmrini yerinə yetirmədikləri halda, onlar hər gün güclənir, daha da qüdrətlənirlər. Bizim
gücümüz və şanımız isə hər gün bir daha ayaqlar altına düşür. Bu nədən belə olur? Kim mənə cavab
verə bilər? Kimsə ona cavab verə bilmədi.
Bu yaşlı və yorğun kişi ayağa qalxdı və əsə-əsə pilləkənlə enərək otağına getdi. Atam da onun ardınca
getdi. Xidmətçilər gəlib çay fincanlarını yığdılar.
Mən damda tək-tənha qalmışdım, lakin yatmaq fikrində deyildim. Qaranlıq şəhəri ovuclarının içinə
almışdı.
Bakı tək bir şəhər deyildi. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş, iki şəhərdən ibarətdir. Şəhərin
qədim qala divarlarının xaricində bayır şəhər yerləşir. Oranın geniş küçələri, yüksək binaları, gurultulu
və gözlərini böyük pul istəyi bürümüş insanları vardı. Çöldən fışqıran, bərəkət və zənginlik gətirən
neft, yağışdan sonra çoxalan göbələklər kimi kənardan camaatı Bakıya axışdırırdı.
Bu şəhərdə teatrlar, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri, daima kürəkləri çılpaq
gəzişən gözəl qadınlar vardır. Bayır şəhərdə güllə atılsaydı, hamı bilirdi ki, bu atışma pul üstündədir?
Avropanın coğrafi sərhədi bayır şəhərdən keçmirdi.
Nino da bayır şəhərdə yaşayırdı.
İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının yarpağı və şərq qılıncı kimi dar və
əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel firmasının qurduğu neft
qüllələrindən tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız qalası” ucalırdı. Bakı
hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi.
Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə güc və cəsarət verən də elə bu
axıdılmış qandı.
Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı. Bu darvaza yanında da bir zamanlar nəcib
insanların qanı axmışdı. Tökülən qanımızın üzərindən uzun illər keçmişdi. O zaman ölkəmizə
Hüseynqulu xan hökmranlıq edirdi. Çar ordusunda general olan Gürcü prinsi Sisianaşvili bir gün gəlib
şəhərimizi mühasirəyə almışdı. Hüseyn qulu xan bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını
söyləyərək şəhərin qapısını açmış və knyaz Sisianaşvilini içəri dəvət etmişdi. Knyaz sadəcə bir neçə atlı
zabitin müşayiəti ilə şəhərə girmişdi. Şəhər darvazasının arxasındakı meydanda knyazın şərəfinə böyük
ziyafət hazırlanmışdı. Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırlandırılıb qızardılırdı. Ziyafətdə
knyaz Sisianaşvili həddindən artıq içmişdi. Ziyafətin sonunda knyazın yorğun başı yanındakı Həsən
Qulu xanın köksünə düşmüşdü.
O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə xəncərini çıxardıb Hüseynqulu xana
vermişdi. Hüseynqulu xan da xəncəri almış və knyaz Sisianaşvilinin xirtdəyini yavaş-yavaş kəsmişdi.
Knyazın xirtdəyindən ətrafa və xanın üst paltarına qanlar sıçramışdı. Yalnız o, yorulmadan knyazın başı
ovucunun içinə düşənə qədər kəsməyə davam etmişdi. Sonra kəsik baş içi duzla dolu bir torbaya
qoyulmuş, ulu babam da torbanı alıb Tehrandakı Şahənşaha göndərmişdi. Lakin çox keçmədən çar bu
cinayətin intiqamını almaq qərarına gəlmiş və Bakının üzərinə bir ordu yollamışdı.
Rus ordusu şəhəri mühasirəyə almışdı. Hüseynqulu xan sarayına çəkilmiş və sarayın qapılarını
kilitlətmişdi. Gününü ibadətə və yaxınlaşan sabahkı günü haqqında düşünməyə həsr edirdi. Çarın
əsgərləri nəhayət qala divarlarını aşıb şəhərə girdikləri zaman Hüseynquluxan bir yeraltı keçiddən
qaçaraq dəniz quyusuna çıxmış, oradan da İrana qaçmışdı. Lakin sarayından yeraltı keçidinə girmədən
əvvəl giriş qapısının üzərinə ağıllı bir cümlə yazıb qoymuşdur: “Sabahı düşünən adam heç vaxt igid ola
bilməz”.
Məktəbdən evə qayıdanda bir neçə dəfə yolumu Xan sarayının xarabalıqlarından salmışam. Onun
nəhəng mavritan sütunlu divanxanası bomboş və kimsəsiz idi. Şəhərimizdə Ədalət arayan vətəndaşlar
gərək qala divarlarının bayırındakı Rus hakiminin yanına gedə idilər. Lakin rus hakiminin yanına
gedənlərin sayı olduqca az idi. Ona görə yox ki, rus hakimləri pis və yaxud ədalətsiz idilər. Əksinə
onlar sözə baxan və ədalətli insanlar idilər. Lakin idarə etmədə onların yersiz mülayimliyi və ədalətliyi
bizim xalqın xoşuna gəlmirdi. Məsələn, oğrunu zindana salırdılar. Orada o təmiz kamerada qalırdı.
Ona çay və hətta yemək verirdilər. Oğruya olan münasibət hamını, xüsusilə malı oğurlanan şəxsləri
qəzəbləndirirdi.
Xalq öz hüququnu özü həyata keçirdirdi. Günortadan sonra şikayətçilər məscidə gəlib, orada bardaş
qurub oturmuş yaşlı, müdrik kişilərə dərdlərini söyləyərdilər. Onlar şəriət və Allahın qanunlarına
əsasən hökm edərdilər. “Göz əvəzinə göz, diş əvəzinə diş” şəriətin daimi hökmü idi. Bəzən qaranlıq
gecələrdə kölgələr görünürdü. Bir xəncər yüksəlir, şimşək kimi çaxır, balaca bir qışqırtı duyulurdu.
Haqq beləcə yerini tuturdu. Qan davaları da bir evdən uzaqlaşıb o birisinə keçərdi. Bəzən də gecənin
qaranlıq vaxtlarında arxa küçələrdən bir çuval daşınardı. Onun içindən boğuq bir inilti səsi gələrdi.
Sonra çuval dənizə atılırdı. Dənizdə balaca bir şappıltı eşidilirdi və çuval suların altında qeyb olurdu.
Ertəsi gün üstü başı cırılmış, kimsə bir nəfər otağında oturub hönkür-hönkür ağlayırdı. O, tanrının
qanununu yerinə yetirmişdir. Qanun isə deyirdi ki, zina edən qadın öldürülməlidir.
Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə möcüzələrlə doludur. Mən bu
möcüzələri, bu künc-bucaqları, xəfif gecə pıçıltılarını və məscidin günortadan sonrakı durğunluq
vaxtlarını çox sevirəm. Allah mənə şiə təriqətinə, İmam Cəfərin təriqətinə mənsub bir insan kimi
burada dünyaya gəlməyimə imkan vermişdir. Əgər o mənə mərhəmət göstərirsə, qoy imkan versin ki,
elə burada, eyni küçədə, doğulduğum evdə ölüm. Mənə və gürcü xristianı olan, çəngəl-bıçaqla yemək
yeyən, gülər gözləri olan, incə və ətirli ipək corablar geyən Ninoya da qoy bu imkanı versin!


Tarix: 09.06.2015 / 12:02 Müəllif: Aziza Baxılıb: 447 Bölmə: Qurban Səid - "Əli və Nino"