beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURAN - DİRİLƏR ÜÇÜNDÜR...

"Enməmişdir Bu Quran, bunu haqqıyla bilin
Nə məzarlıqda oxunmaq, nə də fal baxmaq üçün"
Məhmət Akif

Allah buyurdu: "(Ey Muhəmməd!") sənə endirdiyimiz bu kitab mübarəkdir; ayələrini düşünənlər, ağıllı olanlar da öyüd alsınlar" (Sad, 29)

Səhabələr Quranın hökmlərini yerinə yetirmək, qadağalarını tərk etmək üçün bir - birləri ilə yarışdılar və beləcə də dünya və axirətin xoşbəxt insanları oldular. Daha sonra gələn nəsillərdən bəziləri (daha doğrusu çoxu) Quranın həyat prinsiplərini tərk edib, sadəcə qəbirstanlıqda və hüzn günlərində oxuyaraq ona bir "ölü kitabı" nəzəri ilə baxmağa başlayınca zillətə düşdülər. Başqa sözlə desək Allahın bu sözünə muxatab oldular: "Peyğəmbər, Ey Rəbbim! doğrusu ümmətim bu Quranı tərk etmişdir, dedi" (Furqan, 30)

Şübhəsiz Allah Quranı, onu anlayıb həyatlarına tətbiq etmək üçün dirilərə göndərdi. Quran ölülər üçün göndərilmiş bir kitab deyildir. Ölülərin artıq əməlləri kəsilmişdir və onlar Quranı nə oxuya bilər, nə də onunla əməl edə bilərlər. Övladlarından başqasının oxuduğu Quranın savabı isə onlara çatmaz. Hələ günümüzdə çox yayğın olan qəbirstanlıqda pulla Yasin oxutmağın savabı ölülərimizə nəinki çatmayacaq, hətta onu oxuyanlar və oxutduranlar üçün bir vəbalı (bəlası) da toxunacaqdır. Allah Bəqərə surəsində bizə "Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun." (2/41) deyir. Allahın ayəsini ucuz qiymətə satmağın növlərindən biri də onu ölülərə oxumaqdır. "İkra!" (Oxu) əmri ilə başlayan Quranı ölünün necə oxuyacağını heç düşündünüzmü? Öldükdən sonra "Məni doğru yola yönəlt!" deyə dua etməsini necə? "Mənim həyatım da, ibadətim də, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür" deməsi isə mümkün deyil. Bir ölünün edə bilməyəcəyi əmrlər və qadağalar var quranda. Elə ona görə də "Ölənlərə siz eşittirə bilməzsiniz" (Fatr, 22) deyir.

Allah Rəsulu belə buyurdu: "İnsan öldüyü zaman üç şey xaric bütün əməlləri kəsilir:
1) Qalıcı bir sədəqə (məscid, yol, su, xəstəxana və s. tikərsə)
2) Başqalarının istifadə edəcəyi bir elm (buraxarsa)
3) Ona dua edə biləcək salih bir övlad (varsa)." Müslim)

İbn Kəsir, "İnsan üçün sadəcə əməyinin qarşılığı vardır" (Nəcm, 39) məalındakı ayənin təfsirində belə deyir: Yəni heç kim başqasının günahına yüklənə bilməyəcəyi kimi, özü üçün qazandıqlarından başqa, başqasının edəcəyi savabdan da faydalana bilməz."
İmam Şafi isə bu ayənin hökmü üçün: "Ölülər üçün oxunub, hədiyə edilən Quranın savabı onlara çatmaz, çünki oxunan Quran onların əməli və savabı deyildir. Bunun üçün Allah Rəsulu ölülərə Quran oxumağı ümmətinə tövsiyə etməmiş, onları buna təşviq etməmiş, bu barədə heç bir əmr verməmişdir. Bu mənada bir söz səhabənin heç birindən eşidilməmişdir. İbadətə aid əmrlər dəlillərə istinad edir. İbadət barəsində fikr söyləmək, müqaisə etmək, yeni qanunlar qoymaq mümkün deyil..."

1) Quranı ölülərə oxumaq fikri insanlar arasında çox yayğındır. Belə ki, Quranı oxumaq ölümün əlaməti olaraq qəbul edilir. Bir evdən tez - tez Quran səsi eşidilərsə orda bir hüzn və ya bir matəm olduğu qənaətinə varılır.

2) Namazı həyatında tərk edən birinə öldükdən sonra Quranın heç bir faydası yoxdur. Onlar üçün Allahın əzabla təhdidi var: "Vay o namaz qılanların halına ki, onlar qıldıqları namazdan qafildirlər.’ (Maun, 5)
Quranın bu təhdidi namazı həyat məqsədinə çevirməyənlər üçündür. Namz qılsalar belə, qıldıqları namaz onları təmizləmir, dəyişmir, həyatlarını yönləndirmir. Namazından qafil olanı Allah belə bir ayə ilə təhdid edirsə, o zaman namaz qılmayanın halını siz düşünün!

3) "Ölənlərə Yasin oxuyun" hədisinə gəlincə İbnu’l-Kattan onun ‘muztarib’ hədis olduğunu, Darəkutni də onun haqqında: ‘İsnadı muztarib, mətni məchul və salih olmayan bir hədis’ olduğunu söyləyir.
Rəsulullahdan və əsabından meyid üzərinə "Yasin", Fatihə" və ya Qurandan hər hansısa bir ayə oxunduğu sabit deyil. Belə ki, Allahın Rəsulu meyid dəfn edildikdən sonra əsabına belə deyirdi: "Qardaşınıza Allahdan bağışlanma diləyin."

4) İslam dəvətçilərindən biri belə deyir: "Ey Müsəlman! Təəssüflər olsun ki, ölümlə qarşılaşıncaya qədər Quranı həyatında tərk etdin, Onunla əməl etmədin, o zaman rahat ölə bilməyin üçün sənə Yasin oxudular. Quran sənin dirilmən üçünmü, yoxsa ölmən üçünmü nazil oldu?!"

5) Allahın Rəsulu əshabına, qəbiristana girdikləri zaman Fatihə oxumalarını əmr etməmişdir. Əksinə bu duanı etmələrini tövsiyə etmişdir: ‘Əssəlamu aleykum əhləddiyar minəl muminin və inna inşaallahu bikum lelahigun. Əs’əlullahə ləna və ləkum əl’afiyə.’ Yəni ‘Ey möminlər diyarı, Allahın salamı (rəhməti) üzərinizə olsun. İnşallah bizlər də sizə qovuşqcağıq. Bizə də sizə də Allahdan əfv (əzabdan qurtulmağı) diləyirəm.’

Bu hədis ölülər üçün necə dua edəcəyimizi bizə öyrədir. Onlardan yardım istəməyi, onları yardıma çağırmağımızı və ya onlar üçün əməl edə bilməyəcəkləri Quranı oxumağı deyil.

6) "Ölü üçün" oxunan Yasin surəsi 70 - ci ayədə "dirilər üçün..." deyilir. Fatihə surəsində isə "Biz yalnız Sənə ibadət edər və yardımı da Səndən diləyərik. Bizi doğru yola yönəlt!" deyə dua etməyimiz istənilir. Öldükdən sonra hansı ibadətdən söz gedə bilər? Və ya ölü necə doğru yola yönələcək. Bütün ibadətlər ölən günə qədərdir. Quranın da ifadəsi ilə "ölüm gəlib çatıncayadək" bizdən salih əməl üzrə olmağımız, sədəqə verməyimiz, bizə verilən ruzidən infaq etməyimiz istənilir.
Allah Quranı onunla əməl edə biləcək vəziyyətdə olan dirilərin oxuması və əməl etmələri üçün endirdi: "(Quran) diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin" (Yasin, 70). Ölüləri xəbərdar etmək mümkün deyil.

7) Quranın əsl məqsədini unudaraq onun missiyasını dəyişmək zülmdür. İnsanın edə biləcəyi ən böyük yanlışdır. İçində yazılanları həyatında bircə dəfə açıb oxuyan, oxuduunu anlayan heç kimsə onu ölü üçün oxumaz. Çünki bütün əmrlər ya dirilər üçündür, ya da ölü qəlbləri diriltmək üçün. İnsanın yaşaması, yeyib - içməsi, gəzib -dolaşması onun diri olmasına dəlil sayılmamalıdır. Çünki diri olmaq düşünmək deməkdir. Quran düşünənlər üçündür. Ağıldan məhrum olan xəstələr Quranla əməl etməyə mükəlləf tutulmayıblar. Allah onları cəzadan azad edəcək. Çünki düşünə bilmirlər. Düşünə bilib düşünməyənlər, ölü qəlblərini diriltmək istəməyənlər, vəhyin dirildici gücünə inanmayanlar isə əzaba düçar olacaqlar.
Quran bir qissəni, bir hekayəni, bir misalı verdikdən sonra bir də sual verir: "Hüç düşünməzmisiniz?", "Heç ibrət almazmısınız?""Dünyanı dolaşaraq gəzib inkar edənlərin aqibətini görmədinizmi?"

Kor olmaqdan, korlar kimi davranmaqdan, vəhyin aydınladıcı işığına göz yummaqdan Allaha sığınaq. Bizə "OXU!" deyə əmr etdiyi kitabı oxuyaq. Nicat yalnız bundadır.


Tarix: 05.01.2013 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 970 Bölmə: Quran Haqqında