beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sirroz

Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarını həyata keçirə bilmir.

Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir.
Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir.

Əlamətləri

Sirroz qaraciyərdə zədələnmə (çapıqlaşma) müəyyən həddə çatana qədər heç bir əlamət olmadan keçir. Sirroz zamanı aşağıdakı əlamətlər qeyd edilə bilər:

- Yorğunluq, ümumi zəiflik

- Tez-tez və asan qanaxma halları

- Bədən səthində asanlıqla yaranan qançırlar

- Qarında mayenin toplanması

- İştahasızlıq

- Ürəkbulanma

- Ayaqda şişkinlik

- Çəkinin azalması

- Dəridə sarılıq

- Qaşıntı

- Fikir dağınıqlığı

Səbəbləri

Sirroz qaraciyərdə uzun müddət davam edən və fərqli səbəblər üzündən qaynaqlanan xroniki iltihab proses nəticəsində formalaşır. Qaraciyər hər zədələnmə (iltihab) epizodunda özünü bərpa etməyə çalışır və nəticədə öz parenximasında çapıq toxumasının formalaşmasına səbəb olur. Zaman keçdikcə qaraciyər öz normal funksiyasını yerinə yetirməyə çətinlik çəkir. Qaraciyərdə sirrotik dəyişikliklər (çapıqlaşma) dərinləşdikcə o artıq öz normal funksiyasını yerinə yetirə bilmir və yuxarıda sadalanan əlamətlərin meydana çıxmasına səbəb olur.

Elə bir zaman gəlir ki, qaraciyər öz fəaliyyətini tam itirir və bu zaman yeganə ümid qaraciyər köçürməsinə qalır. Amma qeyd edək ki, qaraciyərin bu hala gəlib çatmasına qədər bir qayda olaraq uzun zaman keçir və xəstə öz qaraciyərində gedən prosesi ləngitmək və ya tam dayandırmaq imkanlarına malik olur. Sirrozun zamanında müəyyən edilməsi üçün xəstəliyi yaradan səbəblər və risk faktorları haqqında ətraflı məlumata malik olmaq lazımdır.

Qaraciyərdə xroniki zədələnməni (iltihabı) yaradan aşağıdakı səbəbləri qeyd etmək olar:
- Xroniki spirtli içki qəbulu
- Hepatit B
- Hepatit C
- Kistalı Fibroz
- Öd yollarının destruksiyası (ibtidai bilar sirroz)
- Qaraciyərdə yağın toplanması (qeyri-alkoqol mənşəli piyli qaraciyər xəstəliyi)
- Öd yollarının çapıqlaşması və daralması (birincili sklerozlaşdıran xolangit)
- Süddə olan şəkərin həzm edilə bilməməsi (qalaktozemya)
- Bədəndə dəmirin toplanması (hematoxromatoziz)
- Orqanizmin immun sistemi tərəfindən yaranan qaraciyər xəstəliyi (avtoimmun hepatit)
- İnkişaf etməkdə olan ölkələrdə bəzi parazitlər (schistosomiasis)
- Yenidoğulmuşlarda öd yollarının qeyri-kafi formalaşması (Biliar atrezia)
- Enerji ehtiyatının toplanması və lazım gəldikdə paylanması funksiyasının pozulması (Qlikogen topanması xəstəliyi)
- Qaraciyərdə misin toplanması (Wilson xəstəliyi)

Ağırlaşmalar

Sirrozlu xəstələrdə bir çox ağırlaşmaların olması mümkündür:
- İnfeksion xəstəliklərin tezliyinin artması. Sirrozlu xəstələrin bədəni infeksiyalarla mübarizə aparmaqda çətinlik çəkir.
- Maddələr mübadiləsinin pozğunluğu. Qaraciyərdə sirroz bədəndə maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bu isə öz növbəsində ümumi zəiflik və çəkinin azalmasına gətirib çıxarır
- Qanda yüksək miqdarda toksinin dövr etməsi. Qaraciyər qanda olan toksinləri çıxdaş edə bilmədiyindən bu toksinlən bütün bədəndə xüsusilə də baş yeyində problemlər yaradır. Buna hepatik ensefalopatiya da deyilir. Belə ki, insanlrın şüurunda dumanlılıq, diggətlərini toplaya bilməmək kimi xüsusiyyətlər əmələ gəlir. Zaman keçdikcə ensefalopatiya süstlük və komaya gətirib çıxara bilər.
- Qapı venasında təzyiqin artması – portal hipertenziya və qida borusu venalarının varikoz genişlənməsi. Qapı venası bağırsaqlar və dalaqdan gələn venoz qanı qaraciyərə ötürür və qan təmizləndikdən sonra qaraciyər venaları vasitəsilə aşağı boş venaya axır. Amma sirrozlu xəstələrdə venoz qan qaraciyə daxil ola bilmədiyi üçün qapı venasında toplanıb qalır və onda təzyiqi artırır. Qapı venasında toplanmış qan əlaqəli olan kiçik venalar vasitəsilə ürəyə doğru hərkət edir və bir müddətdən sonra bu venaların genişlənməsinə səbəb olur. Bunlardan ən təhlükəlisi qida borusu və mədə dibində yerləşən venalarıdır. Genişlənmiş (varikoz) qida borusu venaları çox asanlıqla partlaya və həyat üçün təhlükəli qanaxmalara səbəb ola bilir.
- Qaraciyər xərçənginin formalaşma riski. Sirroz qaraciyərdə Hepatoselülar Karsinoma adlanan xərçəngin formalaşmasına gətirib çıxara bilər. Odur ki, sirrozu olan xəstələrə tez-tez ultrasonoqrafik müayinədən keçmək tövsiyyə olunur.
Həkimə nə zaman müraciət etməli
Yuxarıda sadalanan şıkayətləriniz olarsa və ya risk faktorlarından hər hansı biri sizdə olarsa həkimə müraciət etməniz məsləhətdir. Həkimiz sizə müayinə, müalicə və profilaktik tədbirlər haqqında ətraflı məlumat verəcək.

Müayinə planı

Həkiminiz sizə aşağıdakı müayinələrin edilməsini tövsiyyə edə bilər:
- Qanın ümumi analizı (protrombin müddəti)
- Qanın biokimyəvi analızı (AST, ALT, QF, ümumi zülal, bilirubin və fraksiyaları)
- USM
- Kompüter Tomoqrafiyası
- MRİ
- Qaraciyər Biopsiyası

Müalicə

Sirrozun tam müalicəsi mümkün olmasa da onun dərinləşməsinin qarşısını almaq mümkündür. Xəstəliyin ilkin mərhələlərdə müəyyən edilməsi onun müalicəsində daha qənaətbəxş nəticələr əldə edilir. Müalicə zamanı əsas məqsəd sirrozun yaranmasına səbəb olan faktor və ya faktorların aradan qaldırılmasıdır. Bunlara nümunə kimi, spirtli içkiyə aludəliyin və ya vrus hepatitlərinə qarşı müalicəni nümunə gətirmək olar. Qaraciyərin xroniki zədələnməsinə səbəb olan bu kimi faktorların aradan qaldırılması sirrozun dərinləşməsinin qarşısını ala bilir. Məsələn, artıq ciddi ağırlaşmalara gətirib çıxara bilən alkoqol sirrozları zamanı alkoqol faktorunun aradan qaldırılması nəticəsində 5 illik yaşam müddəti 50%-dən çox olur.

Sirroz zamanı meydana çıxan ağırlaşmaların da müalicəsi də diqqət mərkəzində saxlanılır. Qarın boşluğnda yığılan maye (assit) və aşağı ətraflarda yaranan şişkinliyin aradan qaldırılması məqsədi ilə diurezi sürətləndirən dərman maddələri və az duzlu pəhriz tətbiq edilir. Bəzi hallarda assitik maye kiçik cərrahi müdaxilə nəticəsində xaric edilə bilər.

Portal hipertenziyalı xəstələr daha çox diqqət mərkəzində saxlanılır. Çünki hər bir zaman həyat üçün təhlükəli olan qida borusu qanaxmaları mümkündür. Bu zaman endoskopik yolla qanaxan damarın bağlanması və qanaxma əleyhinə terapevtik tədbirlərin görülməsi problemi aradan qaldıra bilir. Amma endoskopik xidmətin heç də hər yerdə olmaması üzündən qida borusu venalarının varikoz genişlınməsi olan xəstələr çox ehtiyatlı olmalı və vəziyyətlərinin ciddiliyini diqqət mərkəzində saxlamalıdırlar. Bəzi hallarda portal venada (qapı venasında) təzyin azaldılması məqsədilə dərman maddələrində də istifadə edilir. İnfeksiya ilə yoluxma hallarında həkiminiz sizə antibiotiklər təyin edə bilər.

Qaraciyər xərçənginin skrininqi məqsədilə dövrü olaraq ultrasəs müayinəsi və bəzi qan testləri etmək vacibdir. Hepatik ensefalopatiya hallarında həkim bəzi dərman maddələrinin təyini ilə əlamətləri azaltmağa çalışacaq. Dərin sirrotik dəyişikliyə uğramış qaraciyərin transplantasiya yolu ilə dəyişdirilməsi yeganə çıxış yolu hesab edilir. Qaraciyər transplantasiyası ya beyin ölümü təsdiq olunmuş insanın bütöv qaraciyərinin, ya da sağlam donorun qaraciyərinin bir hissəsinin köçürülməsi ilə həyata keçirilir.

Profilaktika

- Alkoqol qəbulu azaltmaq və ya tam atmaq
- Sağlam pəhriz
- Sağlam çəki
- Kimyəvi preparatları ehtiyatla qəbul edin
- Hepatit virusları ilə yoluxma riskini azaldın


Tarix: 21.01.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 244 Bölmə: Qastroenterologiya