beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Yoxsa,Ötəri Hiss??

Əvvəllər sevgi deyəndə ağıla "çöllərə düşən Məcnun”, "Şirin üçün dağlar yaran Fərhad” gəlirdi. Hər biri öz sevgisinə qovuşmaq üçün çətinliklər aşmış, mübarizə etmiş və sevgilərini sübut etmişdilər. Amma zaman keçir, insanlar dəyişir. Bəzi anlayışlar kimi sevgi anlayışı da dəyişir.
Əvvəllər oğlan bir qızın ürəyini fəth etmək üçün igidlik göstərərdi, indi isə pul, maşın, ev və s. kimi maddiyyat bəzi qızlar üçün kifayət edir. Əgər pul, maşın, ev oğlanın öz əməyinin nəticəsi olsa, yenə demək olar ki, oğlan əziyyət çəkib. Amma indi əksər oğlanlar "papa şotuna” nələrəsə nail olur.
Başqa bir misal çəkim. İndi bir oğlan qıza 1-2 xoş söz deyən kimi, biraz yaxşı, yumşaq davranan kimi, qızlarımız həmən deyir ki "mən səni sevirəm”. Məgər sevgi 2-3 cümlə və hərəkətləmi yaranır? Bir qızın qəlbini fəth etmək üçün biraz artist olmaq, indiki zamanda məncə bəs edər. Digər bir hal, əvvəllər oğlanlar sevdiyi qızın adına ləkə gətirəcək hərəkət etməzdi, amma indi "Səni sevirəm” adı ilə bulvarda pulsuz intimoqrafik kino göstərir.
Yox elə düşünməyin ki, sevgi sözünü ancaq oğlanlar ucuz tutur. Əsla.. Bəlkə də bir neçə il əvvəl oğlanları günahlandırmaq olardı, amma indi qızlarımız oğlanlardan heç də geri qalmır. Bəlkə də oğlanları ötüblər. Yolda gedirsən, qız oğlana söz atır, qız özünü oğlana sırıyır və ya gündə bir oğlana "səni sevirəm” deyir. Məgər "sevgi” bu qədərmi ucuz hissdir ki, hər gün yenisini yaşamaq olsun? Bəziləri "Sevgidə qürur olmaz” deyib, "qürur” sözünün əsl mənasını dərk etmədən özlərini elə alçaldırlar ki, insanın mənliyinə belə sıxmaz. Ona görə düşünürəm ki, indiki zamanda "Sevgidə qürur olmaz” yerinə "Sevgidə səviyyə olmaz, mədəniyyət olmaz” demək daha münasib olar.
İndi hələ virtual sevgi də yaranıb. Oğlan bəlkə də 100 qıza səni sevirəm yazır, hər qız da buna inanır. Elə bilir ki, daha bu oğlan üçün bu qız təkdi. Elə eyni şeyi qızlar da edir. Bu kimi halları çox saymaq olar. Amma başınızı ağrıtmayacam. Bu sevgini görmək üçün başımızı qaldırıb ətrafa baxmaq kifayətdir. Bir sözlə, daim çalışaq ki, kimliyindən, mənsubiyyətindən asılı olmayaraq düzgün seçim edək…
Bəs sizin üçün "sevgi”, "Səni sevirəm” sözü nə məna daşıyır?


Tarix: 12.01.2015 / 17:09 Müəllif: Aziza Baxılıb: 347 Bölmə: Qadın dünyası