beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HEPATİT C HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Düzgün diaqnoza necə əmin olmalı?

Son vaxtlar əhali arasında təşviş doğuran məsələlərdən biri də Hepatit C ilə bağlıdır. “Yeni Müsavat” qəzetimizin son saylarının birində Bakı sakini Arzu Əbdüləzizovanın həkim nəzarətindən keçərkən başına gələnlər barədə yazılıb. Yazıda Hepatit C virusuna teşt yoxlanışı zamanı onun özəl klinikalardan aldığı, bir-birini təkzib edən cavablardan bəhs edilir. Mövzunun ciddiliyini nəzərə alıb bəzi mühüm məqamları həm əhalinin, həm də həkimlərimizin diqqətinə çatdırmaq istəyirəm.

Hepatit C (HC) qaraciyər hüceyrələrini zədələyən virus mənşəli iltihabi xəstəlikdir. Virus (HCV) qaraciyər hüceyrələrini zədələyərək xroniki hepatitə, sirroza və ya hepatosellülar karsinomaya (xərcəngə) gətirib çıxarır. Virus yüksək dərəcədə mutasiya qabiliyyətinə, hüceyrə daxilinə keçərək onu dağıtmaq qabiliyyətinə malikdir. Bir sutka ərzində mutasiya nəticəsində 20-dən çox kvazi-virus (mutant) yaranır.

Hazırda Yer kürəsində 500 milyon insan bu xəstəliyə mübtəladır. Xəstəlik 80 faiz hallarda xroniki formaya keçir. Qan və onun komponentləri ilə yoluxur. Yoluxma yolları bunlardır:

HCV daşıyan donor qanının köçürülməsi;

cərrahi əməliyyat və prosedurlar zamanı sterilizə qaydalarının pozulması;
qanı “təmizləmə” prosedurları - hemodializ, plazmoferez, hemosorbsiya;

stomatoloji, ginekoloji və kosmetoloji prosedurlar (pirsinq, tatu döyülməsi, manikür, pedikür) prosedurlar zamanı sterilizə qaydalarının pozulması;

venadaxili narkotik qəbulu zamanı (yoluxmuş qanla qarışmış narkotik məhluldan və ya yoluxmuş iynədən istifadə);

yoluxmuş vasitələrdən istifadə.

Xəstə anadan hamiləlik zamanı körpənin yoluxması ehtimalı 5 faizə qədərdir. Beynəlxalq statistikaya görə, 30 faiz hallarda yoluxma mənbəyi naməlum qalır. İnkubasiya (gizli) dövrü 1 aydan 6 aya qədərdir.

Xəstəliyin əlamətləri - ümumi zəiflik, halsızlıq, yuxunun pisləşməsi, əksərən əzələ və oynaqlarda ağrılar, bir sıra hallarda köpmə, ürəkbulanma, iştahanın itməsi, 30 faiz hallarda zəif sarılıq. Yoluxmadan 6 ay sonra proses xroniki hesab edilir.

Bəs, düzgün müayinəyə necə əmin olmalı?

Qeyd edim ki, qara ciyərin fermentlərinin göstəriciləri müayinədə yardımçı ola bilər. Belə ki, HCV zamanı bəzən fermentlər norma hüdudunda, qeyri-virus mənşəli hepatit və hepatozlarda, autoimmun proseslərdə kəskin dəyişə bilər. Qanda HCV qarşı yoluxmadan 3 ay sonra əmələ gələn spesifik əkc-cisimlərin aşkar edilməsinə yönələn üsullar bunlardır:

Asan və tez yoxlanan immuno-xromatoqrafik test (kart-test);
İmmunoferment analiz;

Bu üsulların həssaslıq, spesifiklik və dəqiqlik dərəcəsi yüksək deyil. Ona görə də belə üsullarla yoxlama zamanı test müsbət olarsa, bu siqnal sayılır və həmin şəxs sonrakı mərhələ üçün müayinə edilir. Digər tərəfdən, vaxtında müalicə olunub sağalmış Hepatit C xəstələrinin qanında əks-cisimlər uzun müddət qalır və onların həmin üsullarla yoxlama zamanı təkrar aşkarlanması mümkündür.

Bununla yanaşı, immuno-xromatoqrafik test (kart-test) zamanı kart testin düzgün saxlanmaması, istifadə müddətinin keçməsi, yoxlanan şəxsdə digər xəstəliklərin olması, immunoferment analiz zamanı isə reaktivlərin yararlılığı, aparatın düzgün kalibrə olunmaması və s. səhv nəticələrə gətirib çıxara bilər. Ona görə də bu zaman təşvişə düşməməli, sonrakı müayinə ilə nəticə dəqiqləşdirilməlidir.

Diaqnoz PZR (polimeraz zəncirvarı reaksiya) üsulu ilə dəqiqləşdirilir. Bu üsulun dəqiqliyi 95 faiz civarındadır. PZR vasitəsilə əvvəlcə titr - vurusla yüklənmə dərəcəsi yoxlanılır. Buna kəmiyyət analizi deyilir, 1 ml qanda müəyyən edilmiş HCV sayını göstərir və “copy/ml” və “ME/ml” işarələri ilə təsbit edilir. Sonra virusun genotipi yoxlanılır ki, buna keyfiyyət analizi deyilir. Genotip genin konkret əlamətlərə cavab verən mürəkkəb qarşılıqlı əlaqəyə malik ayrı-arı elementləri və sahəsidir. HCV-nun 6 genotipi və 10 subtitri mövcuddur: 1a, 1b, 1c, 2a, 2b, 2c, 3b, 4, 5, 6

1 və 4 genotiplər müalicəyə çətin tabe olan formalardır. 1b isə ən ağır forma hesab edilir. Virus yüklənmə və gnotipi müəyyən olunmaqla həkim müalicə taktikasını müəyyən edir. Müalicə meyarları bütün dünyada birdir. Onlar ABŞ Milli Sağlamlıq İnstitutunun 2002-ci ildə qəbul etdiyi “Hepatit C: Konsensus 2002" sənədində müəyyən edilib və bütün dünya üçün əsasdır: peqləşdirilmiş alfa-2 interferon + ribovirin + hepatotrop müalicə.

Beləliklə, immuno-xromatoqrafik və immunoferment üsullarla HCV aşkarlama testi müsbət olarsa, xəstəyə ”Səndə Hepatit C xəstəliyi var" deyilməsi kökündən yanlışdir. Bu zaman xəstəyə onun sonrakı dəqiqləşdirici müayinə - RZR olunmasının məqsədəuyğunluğu onun psixi-mənəvi durumu nəzərə alınmaqla izah edilməlidir. Bu cür hallarda həmişə tələb olunduğu kimi həkim diqqətli və vicdanla davranmalıdır


Tarix: 29.05.2014 / 01:33 Müəllif: ADMIN Baxılıb: 447 Bölmə: QİÇS/HİV/AİDS