beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik QIÇS-in inkişafını ləngidir

Hamiləlik nəinki QIÇS-i ağırlaşdırmır, hətta əksinə, qadınların sağlamlığına olduqca müsbət təsir göstərir.
Vanderbilt Universiteti alimlərinin dediyinə görə, təkrari hamiləliklər zamanı QIÇS-in inkişafı ilk hamiləlikdə olduğuna nisbətən daha da ləngiyir.
Əvvəllər aparılmış tədqiqatlar sübut etmişdir ki, retrovirus əleyhinə yüksək aktivlikli müalicə alan analarda dölə QIÇS virusunun ötürülmə riski olduqca azdır və təxminən 1% təşkil edir. Lakin alimlərə hamiləliyin QIÇS infeksiyasının gedişinə təsiri haqqında heç bir şey məlum deyildi.

Timoti Starlinqin rəhbərliyi altında ABŞ alimləri 1997-2004-cü illər ərzində 759 nəfər QIÇS-a yoluxmuş qadının sağlamlıq vəziyyətini müşahidə etmişlər. Qadınların 71%-i (540 nəfər) retrovirus əleyhinə yüksək aktivlikli müalicə almışdır. Göstərilən zaman müddəti ərzində qadınların 18%-i (139 nəfər) birinci və ya təkrari hamiləlik keçirmişdir.
Alimlər QIÇS infeksiyasının proqressivləşmə riskini – QIÇS-la əlaqəli xəstəliklərin (Kapoşi sarkoması, pnevmosist pnevmoniya, qida borusunun kandidozu və s.) inkişafı və ya ölümlə nəticələnməyə görə qiymətləndirmişlər. Tədqiqatçılar hamilə və hamilə olmayan qadınlarda xəstəliyin proqressivləşmə riskinin eyni olacağını güman edirdilər. Lakin müəyyən olundu ki, hamilə qadınlarda bu göstərici xeyli aşağıdır. Təkrari hamiləlik keçirənlərdə QIÇS infeksiyasının proqressivləşmə riskinin ilk dəfə hamilə olan qadınlardakından az olması da alimlərin nəzərindən qaçmamışdır.
Sterlinq belə ehtimal edir ki, hamiləlik dövründə qadın orqanizmində baş verən əhəmiyyətli immunoloji dəyişikliklər gələcək ananın sağlamlığına QIÇS infeksiyasının mənfi təsirini azaldır.
Tədqiqatın nəticələri barədə məlumat “Journal of Infectious Diseases” jurnalında dərc olunmuşdur.


Tarix: 07.01.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 288 Bölmə: QİÇS/HİV/AİDS