beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV)-İN ƏXLAQI

Peyğəmbər - sallallahu aleyhi və səlləm -in əxlaqı Quran idi1. Peyğəmbər - sallallahu aleyhi və səlləm - çirkin söz söyləməz, lənət etməz, söyüş söyməzdi2. Peyğəmbər - sallallahu aleyhi və səlləm - insanlar arasında üzü ən gözəl, əxlaqı da ən gözəl olan idi3. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Mən ancaq ən yüksək əxlaqı tamamlamaq üçün göndərildim»4. Peyğəmbər -sallallahu aleyhi və səlləm - buyurdu: «Sizin əxlaq etibarı ilə ən gözəl olanınız ən xeyirlinizdir (Başqa rəvayətdə: Ən çox sevdiklərimdəndir)»5. Peyğəmbər - sallallahu aleyhi və səlləm -buyurdu: «Şübhəsiz ki, mömin gözəl əxlaqı səbəbilə oruc tutan, namaz qılan kimsənin mərtəbəsinə yüksəlir»6. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Heç şübhəsiz ki, Qiyamət günü möminin tərəzidə gözəl əxlaqdan daha ağır olan bir şeyi olmayacaqdır»7. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Allahın qulları arasında Allahın ən çox sevdiyi əxlaqları ən gözəl olanlardır»8.

Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizin ən xeyirliniz ömrü ən uzun, əxlaqı ən gözəl olanınızdır»9. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər səndə bu dörd xislət olarsa dünyadan itirdiklərinə görə üzülmə: Doğru sözlü olmaq, əmanəti qorumaq, gözəl əxlaq sahibi olmaq və iffətli olmaq»10. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Möminlərin imanları ən mükəmməl olanları - əxlaqları ən gözəl olanlarıdır. Sizin xeyirliniz əxlaqı etibarıyla xanımlarına qarşı ən xeyirli olanlarınızdır»11. Huseyn - radıyallahu anhu - rəvayət edir ki, atamdan Peyğəmbər - sallallahu aleyhi və səlləm -in oturub, durduğu kimsələrə qarşı necə davrandığına dair sual verdim. O: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - daima gülərüzlü idi. Yumşaq və başqalarına qarşı sərt davranmayan birisi idi. Sərt, bağırıb qışqıran bir kimsə olmadığı kimi, nə tənə edər, nə də üzə vurardı. Ondan bir şey ümid edən kimsəni ümidsiz qoymazdı, gözləməyini boşa çıxarmazdı. Öz nəfsi üçün üç şeyi tərk etmişdi: Riyakarlığı, çox istəməyi və onu maraqlandırmayan şeyləri. İnsanlar haqqında da üç şeyi tərk etmişdi: kimsəni pisləməz, kimsəni ayıblamaz və qüsurunu araşdırmazdı. Savab əldə etməyi ümid etmədiyi heç bir şeydən danışmazdı. O, danışdığı zaman onunla birlikdə oturanlar sanki başlarının üzərində quş varmış kimi hərəkətsiz durar, başlarını aşağı salardılar. O, susduğu zaman onlar danışardılar. Onun yanında biri digərinin sözünü kəsməzdi. Yanında danışanın sözlərini bitirənə qədər dinləyərdi. İki nəfər danışmağa başlasaydı hər ikisini də dinləyərdi. Güldükləri şeylərə o da gülər, heyrat etdikləri şeyə o da heyrət edərdi. O, bir ehtiyac sahibinin bir şeyi istədiyini görcək olurdusa siz də ona kömək edin - deyərdi. Kimsənin sözünü həddi aşmadıqca kəsməzdi, əgər həddi aşardısa sözünü kəsməsini söyləyər, ya da durub getməklə sözünü kəsərdi»12. İmam Həsən - radıyallahu anhu -rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm -in sifətlərini bilən dayım Hind b. Əbi Halədən Peyğəmbər - sallallahu aleyhi və səlləm - in danışdığı zaman necə danışardı - mənə başa salsın deyə ondan xahiş etdim. O: «Çox zaman sükut edərdi... Susması danışmasından daha çox idi... Sözünün başlanğıcında və sonunda Allahın İsmini zikr edərdi. Az sözlərlə geniş mənaları ifadə edərək danışardı. Sözlərində məqsəddən başqa nöqsan bir söz tapmazdın. Heç kimsəyə əziyyət verməz və kimsəni təhqir etməzdi. Hər nə qədər ləzzətsiz olurdusa da neməti verənə hörmət və təzim üçün o nemətə hörmət göstərirdi, əsla pisləməzdi. Yeyilən və içilən ləzzətsiz olduğu üçün pisləməz və yaxşı olduğu üçün də tərifləməzdi. Hamısına həmd və şükr edərdi. Dünya və dünyanın mülkü onu sıxmazdı.... Danışdığı zaman danışması əl hərəkətləri ilə bərabər idi... Təbəssüm edərdi. Təbəssüm etdikdə də inci kimi dişləri görünürdü»13.
Özünə qarşı tərifdə həddi aşanları sevməzdi. Ömər - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Məni Xristianların İsa - əleyhissəlam -ı öydükləri kimi öyməyin. Mən bir qulam, deyin Allahın qulu və Rəsulu. Məni tərif etməkdə həddi aşmayın. Məni Allahın layiq bildiyi dərəcədən artıq yüksəltməyin. Rəbbim məni necə vəsf edibsə elə də vəsf edin»14. Abdullah b. Şixxir - radıyallahu anhu - rəvayət edir ki, bir gün Bəni Amr qəbiləsinin nümayəndələrinin tərkibində Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanına gəlmişdim. Biz ona: «Ey bizim ağamız! (seyyidimiz)» deyə müraciət etdik. O: «Ağa (seyyid) Allahdır» deyə buyurdu. Onda biz dedik: «Ey bizim fəzilətlimiz və əfzəlimiz.» O: «Öz sözlərinizi deyin, sözlərinizə diqqət edin ki, şeytan sizi aldatmasın»15. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, bəzi kimsələr: «Ey Allahın Rəsulu! Ey bizim xeyirlimiz və ən xeyirlimizin oğlu, bizim ağamız (seyyidimiz) və ağamızın oğlu!» deyə müraciət etdikdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Məni özünüz bildiyiniz kimi çağırın, şeytan sizi aldadıb yoldan çıxarmasın. Mən Allahın qulu və elçisi Məhəmmədəm. Sevirəm ki, sizlər məni Allahın layiq bildiyindən yuxarı qaldırmayasınız»16. Bəzi kimsələr Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə təzim etməkdə həddi aşır, onun qeybi bilməkdə inanmalarına, fayda və zərər verə biləcəyinə inanırlar, ehtiyacları qarşılayıb, xəstələrə şəfa verə biləcəyinə inanırlar. Uca Allah bütün bunların həqiqət olmadığını bildirir. De ki: «Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe oluram». De ki: «Kor görənlə bir olurmu? Məgər düşünmürsünüz!» (əl-Ənam 50). De ki: «Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!» De ki: «Məni Allahdan heç kəs qurtara bilməz və mən ondan başqa heç bir sığınacaq tapa bilmərəm!» (əl-Cinn 21-22). De ki: «Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı qorxudan və müjdələyənəm» (əl-Əraf 188).
Təkəbbürlüyü sevməz, əksinə təvəzökarların başı, Rəbbi qarşısında qəlbi qırıqların seyyidi idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Hər kim dünyada ikən üstün görünmək və öyünmək məqsədilə bir paltar geyinərsə uca Allah qiyamət günü ona bir zillət paltarı geyindirəcəkdir»17. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Vaxtilə bir adam nəfsinin də xoşuna gələn bir paltar geyinmiş, saçını daramış və yekəxana-yekəxana yeriyərkən Allah onu yerin dibinə keçirdi. Qiyamət gününə qədər yerin dibinə getməyə davam etməkdədir»18. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Bu iki şeydən uzaq dura bildiyin təqdirdə istədiyini geyinə və yeyə bilərsən: İsraf və təkəbbürlük»19. Onun üçün ayağa durmazdılar. Bilirdilər ki, o bu işi sevmir20.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - pərdəsinin arxasında gizlənən bakirə bir qadından da utancaq idi. Bir şeydən xoşlanmadıqda onun üzündən bilərdik21. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Hər bir dinin bir əxlaqı vardır. Şübhəsiz ki, İslamın əxlaqı da həyadır»22. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bir evə getdikdə üzünü qapıya tərəf çevirməzdi. Qapının ya sağ tərəfində, ya da sol tərəfində durardı və: “ƏSSƏLƏMU ALEYKUM” deyərdi23. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Ən pis insan o şəxsdir ki, insanlar onun biabırçı danışığnıdan qorxub onu tərk edərlər»24. Peyğəmbər - sallallahu aleyhi və səlləm -buyurdu: «Tələsmək şeytandandır, tələsməmək isə Allahdan»25. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Allahın sevmədiyi insanlar daima mübahisə axtaranlardır»26. Peyğəmbər -sallallahu aleyhi və səlləm - buyurdu: «Başqa bir xalqa oxşamaq istəyən özü də onlardandır»27. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Üzə vurmayın (Başqa rəvayətdə: Mübahisə etdikdə üzə vurmayın)»28. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «İşçinin haqqını təri qurumamışdan qabaq verin»29. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Yaxşılıq gözəl əxlaqdır»30. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Rəhmət ancaq bədbəxt olan birindən sökülüb alınır»31. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Həyasızlıq hər nədə olarsa mütləq onu qüsurlu edər və həya hər nədə olarsa mütləq onu gözəlləşdirər»32. Peyğəmbər -sallallahu aleyhi və səlləm - buyurdu: «Ağ paltarlar geyinməyə üstünlük verin. Çünki onlar daha təmiz və daha xoşdurlar. Ölülərinizi də onlarla kəfənləyiniz»33. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onu sevindirəcək bir hal ilə qarşılaşdımı Uca Allaha şükr səcdəsi edərdi»34. Peyğəmbər -sallallahu aleyhi və səlləm - buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, iman etmədikcə cənnətə girməyəcəksiniz. Bir-birinizi sevmədikcə də iman etmiş olmazsınız. Sizə elə bir əməl göstərim ki, onu etdikdə bir-birinizi sevəsiniz? Aranızda salamı yayın»35. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Minikli yeriyənə, yeriyən oturana, az sayda olanlar çox sayda olanlara salam verirlər»36. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən bir kimsə əsnədikdə ağzını tutsun. Çünki şeytan girər»37. Peyğəmbər - sallallahu aleyhi və səlləm - asqırdıqda əli və ya paltarı ilə ağzını tutar və beləliklə də səsini alçaldardı38. Peyğəmbər - sallallahu aleyhi və səlləm -buyurdu: «Sizdən bir kimsənin başına dəmirdən bir şiş soxulması onun üçün halal olmayan bir qadına toxunmaqdan daha xeyirlidir»39. Cabir b. Abdullah - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - bizi ziyarətə gəldi. Saçı dağınıq və (paltarı) kirlənmiş kimsələri gördü. Peyğəmbər: «Bu kimsə saçını düzəldəcək bir şey tapmadımı?». Digərinə isə: «Bu kimsə paltarlarını yumağa su tapmadımı?» deyə buyurdu40.

1Müslim.
2Buxari.
3Buxari.
4İmam Əhməd.
5Buxari, Müslim.
6Əbu Davud.
7Əbu Davud, Tirmizi.
8Həkim.
9İmam Əhməd.
10İmam Əhməd.
11Tirmizi.
12Tirmizi.
13Tirmizi «Şəmaili şərif».
14Buxari, Əhməd.
15Əbu Davud 4806, Əhməd 4/25.
16Əhməd 3/153,241.
17Əhməd.
18Buxari, Müslim.
19Buxari.
20Əhməd.
21Buxari, Müslim.
22İbn Məcə.
23İmam Əhməd.
24Buxari.
25Beyhəqi.
26Müslim.
27Əbu Davud, Hibban.
28Buxari, Müslim.
29İbn Məcə.
30Müslim.
31Tirmizi.
32Tirmizi.
33Əhməd.
34Əbu Davud.
35Müslim.
36Buxari, Müslim.
37Müslim.
38Tirmizi.
39əl-Albani səhih.
40İmam Əhməd.


Tarix: 27.04.2013 / 15:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 442 Bölmə: Peyğəmbərlərin Həyatı