beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

7-cı hissə#
7-cı hissə#

Bu idi, üstəlik bu dəfə uğurumuzu bölüşərək işə başlamışdıq, işin nəticəsini onun qədər gözləmədiyim üçün mən də xoşbəxt idim. Silahı təkmilləşdirdiyi sonrakı altı il, ən təhlükəli illərimiz oldu. Barıtla işlədiyimiz üçün, qısqanc düşmənlərimizin bizmlə həsədi olduğuna görə, hər kəs səbirsizliklə uğurumuzu, yaxud da məğlubiyyətimizi gözlədiyi üçün, biz də həmin şeyləri qorxuyla gözlədiyimizə görə təhlükədəydik. Əvvəlcə masanın araxasında işləyərək vaxtımızı hədər yerə keçirdiyimiz bir qış keçdi. Həyəcanlıydıq, həvəsliydik, amma silahın fikrindən və onun düşmənlərmizi qabağına qatıb necə qovalayacağını düşünərkən müəmma olan o naməlum və təsvirsiz detallardan başqa əlimiz də heç bir şey yox idi. Sonra barıtla işləməyə və açıq havaya çıxmağa qərar verdik. Eynən birgə atəşfəşanlıq hazırladığımız həftələrdəki kimi, biz hündür ağacların altındakı sərin kölgəliklərə çəkilərkən, işçilərimiz bizim reseptlərini hazırladığımız qarışıqları uzaqda partladırdılar. Müxtəlif gurultu səsləri ilə çıxan rəngbərəng dumanları izləməyə, İstanbulun dörd bir tərəfindən maraqlananlar gəlirdi. Daha sonra hazırladığımız topların, uzun lülələrin hədəflərimizin və çadırlarımızın yerləşdiyi çayırın ətrafı maraqlanan adamlarla dolu olurdu. Yayın axırında bir gün qəfildən Sultan gəldi. Onun üçün də atəşfəşanlıq həyata keçirdik, yeri-göyü inildətdik, yaxşı sıxışdırılmış barıt qarşıqları üçün hazırlatdırdığımız gilizləri, güllələri, təzə topları və hələ hazırlanmamış lülələrin qəlib planlarını, öz-özünə alovlanan mexanizmlərin eskizlərini bir-bir göstərdik. Onlardan çox mənimlə maraqlandı. Əvvəlcə Xoca məni Padşahdan çox uzaqda saxlamaq istəmişdi, amma nümayiş başlayanda, mənim də onun kimi əmrlər verdiyimi, adamlarımızın Xoca qədər də məndən söz soruşduğunu görəndə mənimlə maraqlanıb. On beş il sonra, ikinci dəfə hüzuruna gedəndə, Padşahın məni əvvəlcədən tanıdığını, amma indi mənə kimliyini tam müəyyənləşdirə bilmədiyi və gözübağlı daddığı meyvənin hansı meyvə olduğunu müəyyənləşdirməyə çalışan biri kimi baxdı. Ətəyini öpdüm. İyirmi ildir burda olduğumu, amma hələ müsəlman olmadığımı biləndə qəzəbləndi. Fikri başqa bir şeydə idi: “Deməli, iyirmi il?” dedi. “Qəribədi!”. Sonra məndən bu sualı soruşdu: “Bunları ona sən öyrədirsən?”. Amma bunu mənim cavabımı öyrənmək üçün soruşmamışdı, barıt və qırma qoxuyan dağınıq çadırımızdan çıxıb gözəl ağ atına tərəf yeriyirdi, birdən dayandı, həmin vaxt yan-yana dayanan bizə, ikimizə tərəf çevrildi və Allahın insan nəslinin qürurunu qırmaq, mənasızlığını bir-birinə bildirmək üçün yaratdığı o əvəssiz gözəlliklərdən birini, qüsursuz bir ləçəri, ya da sanki eynən bənzəyən ekiz qardaşları görmüş kimi gülümsədi. Gecə onu düşündüm, amma o Xocanın istədiyi kimi deyil. Xoca hələ də ondan nifrətlə danışırdı, mənsə ona nifrət edə bilməyəcəyimi, ona yuxarıdan-aşağı baxa bilməyəcəyimi demişdim: rahat, gülərüz, ağlına gələn hər şeyi deyən o ərköyün uşaqdan xoşum gəlmişdi. də onun kimi olmaq istəyirdim, ya da onunla dost olmaq istəyirdim. Xocanın əsəb böhranı keçirəndən sonra, yatağımda yatmağa hazırlaşanda düşünürdüm: sanki Padşah aldadılmalı adam deyildi, ona hər şeyi demək istəyirdim. Amma həmin hər şey nə idi? Marağım qarşılıqsız deyildi. Bir gün Xoca, Padşahın səhər özüylə birlikdə məni də gözlədiyini ürəksiz deyəndə mən də onunla getdim. Dəniz və yosun qoxan o gözəl payız günlərindən biriydi. Bütün günümüzü, tökülən qırmızı yarpaqlarla əhatələnmiş böyük bir qoruqda, cökə və çinar ağaclarının altındakı su zanbağı olan hovuzun ətrafında keçirdik. Sultan istədi ki, hovuzu ağzınacan ləbələb dolduran qurbağalardan danışaq. Xoca ona üz vermədi, xəyaldan və gözəlliklərdən uzaq bir-iki basmaqəlib söz danışdı. Məni çox təəccübləndirən bu ərköyünlüyə Sultan baş qoşmadı. Daha çox mənimlə maraqlandı. Beləliklə, qurbağaların sıçrama marağını, qan dövranını, bədənlərindən qopsa da, uzun müddət döyünən ürəkləri, yedikləri milçək və böcəklər haqqında uzun-uzadı danışdı. Bir yumurtanın hovuzdakı yetkin qurbağalara bənzəmək üçün keçirdiyi böyümə prosesini göstərmək üçün kağız-qələm istədim. Yaqutla bəzənmiş gümüş bir mürəkkəbqabının içində gətirilən gümüş qələm dəsti ilə şəkilləri çəkərkən Padaşah çox maraqlanırdı. Yadımda qalan qurbağalı nağılları əylənə-əylənə dinlədi, növbə qurbağa öpən şahzadəyə gələndə öyüyərək üzünü turşutdu, amma Sultan, Xocanın danışdığı kimi axmaq bir cavana heç oxşamırdı, daha çox həyata elm və sənətlə addımlamaq istəyən, ağllı-başlı yetkin kimi, görünürdü. Xocanın qaş-qabağını tökərək keçirdiyi həmin gözəl saatların sonunda Padşah əlindəki qurbağa şəkillərini baxaraq mənə belə dedi: “Hekayələri sənin uydurmağından onsuz da şübhələnirdim. Deməli, şəkilləri də sən çəkirsənmiş”. Sonra məndən bığlı qurbağaları soruşdu. Padşahla əlaqəm, bax, belə başladı. Artıq hər dəfə Xocayla birgə mən də saraya gedirdim. Əvvəllər Xoca çox da danışmırdı, daha çox Padşahla mən danışırdım. Sultanla yuxulardan, həyəcanlarından, qorxularından və keçmişdən və gələcəyindən danışarkən, qarşımdakı bu zarafatcıl, idarklı adamın, illərdir Xocanın mənə danışdığı Padşaha nə qədər bənzədiyini düşünürdüm. Ustalıqla soruşduğu suallardan, hiyləgərliyindən də, Padşahın ona təqdim olan kitablara əsalanaraq, Xocanın nə qədər Xoca, nə qədər mən, mənim nə qədər mən, nə qədər Xoca olduğumuzu bilmək istədiyini anladım. O vaxt Xoca, axmaqlıq kimi qəbul etdiyi bu maraqla maraqlanmayaraq toplarla və hazırlatdırmağa çalışdığı uzun lülələrlə məşğul idi. Toplarla işləməyə başlalamışdan altı ay sonra, bu işlərə burnumuzu soxmağımızın top atıcısını əsəbiləşdirdiyini, adamın ya özünün vəzifədən uzaqlaşdırılmağını, ya da yenilik edəcəyəm deyə topçuluq sənətini rüsvay edən biz dəlilərin İstanbuldan qovulmasını istədiyini öyrənəndə Xoca narahat oldu, üzləşməyə hazır görünən top atıcısı ilə razılaşmaq üçün çıxış yolu axtarmadı. Bir ay sonra, Padşah bizə silahı təkmilləşdirmək üçün toplardan başqa vasitələr tapmağımızı buyuranda Xoca çox da pis olmadı. İkimiz də artıq bilirdik ki, tökdürdüyümüz yeni toplar, lülələr illərdir istifadə olunan köhnələrindən üstün deyil. Beləliklə, Xocaya görə, artıq hər şeyi təzədən qurub yaradacağımız yeni dövürə qədəm qoymuşduq, amma əsəbinə və arzularına artıq vərdiş elədiyim üçün, mənə təzə görünən şey ancaq Padşahı tanımaq idi. Padşah da bizi tanıdığına görə xoşbəxt idi. Daşları qarışdıraraq davaşan iki nəfəri “bu sənin, bu da sənin” deyərək bir-birindən ayıran diqqətli bir ata kimi, o da sözlərimiz və davranışlarımıza göz qoyaraq, bizi bir-birimizdən ayırırdı. Bəzən uşaqcasına, bəzən də idrakla hər şeyə göz qoymağı məni təəccübləndirirdi: Şəxsiyyətimin məndən ayrılıb Xocanın şəxsiyyətinə, Xocanın şəxsiyyətinin də mənimkiylə biz fərqinə varmadan birləşdiyinə, Padşahın da bu xəyali varlığı öz yerinə qoyaraq bizi bizdən daha yaxşı tanıdığına az qalırdım ki, inanım. Yuxularımı yozanda, ya da o ərəfələrdə ancaq xəyalları ilə əlləşdiyimiz yeni silahdan da danışarkən, Padşah qəfil durub ikimizdən birimizə tərəf çevrilərək, dedi: “Xeyr, bu sənin deyil, onun düşüncəsidi”. Bəzən də hərəkətlərimizi bir-birindən ayırırdı: “İndi onun kimi baxırsan, özün kimi bax!”. Mənə təəccüblə gülümsəyərək əlavə edərdi: “Bax, belə, afərin. Siz heç ikiniz birgə aynaya baxmısınız?”. Aynaya baxarkən hansımızın, əsl özü olmağımıza nə qədər dözə bildiyimizi soruşardı. Bir dəfə də illərdir ona yazıb verdiyimiz o risalələri, heyvanlarla bağlı kitabları, təqvimləri gətirtdi, səhifə-səhifə çevirib oxuyarkən hansı hissəsinin hansımız yazdığını, harasını hansımızın özünü digərinin yerinə qoyaraq düşündüyün dedi. Amma Xocanı əsəbiləşdirən, məni də tilsimə salaraq təəccübləndirən şey, biz yanında olanda hüzuruna çağırtdırdığı o təqlidçi idi. Bu adamın nə üzü, nə də bədəni bizə oxşayırdı, qısaboy və kök idi, pal-paltarı da fərqli idi, amma danışmağa başlayanda qorxdum: Sanki o yox, Xoca danışırdı. Onun kimi, sirri faş edirmiş tək, Padşahın qulağına sarı əyilir, onunsayaq diqqətli və düşüncəli tövrüylə incə məqamlardan danışarkən səsini qalınlaşdırırdı, belə edərkən eynən onun kimi dediklərinin həyəcanına qapılıb əlini qolunu qarşısındakını inandırmaq üçün, əsəbi-əsəbi yelləyərkən lap yaxında dururdu, amma Xocanın vurğuları ilə danışarkən ulduzlarla, dəhşətli silahlarla əlaqəli dərdini danışmır, ancaq saray mətbəxində öyrəndiyi yeməklərin və onları bişirmək üçün lazım olan şey-şüyün və ədviyyatın adlarını sayırdı. Padşah gülümsəyərkən təqlidçi Xocanın üzünü qara edən işinə, İstanbulla Hələb arasındakı mənzilləri bir-bir sayaraq davam elədi. Sonra Padşah təqlidçidən xahiş elədi ki, onu da yamsılasın. Təəccüblü-təəccüblü ağzıaçıq mənə baxan o adam mən idim: Özümü itirmişdim. Padşah yarısının Xoca, yarısının da mən olan biri kimi bizi təqlid etməsini istəyəndə tilsimləndim. Adamın hərəkətlərini izləyərkən, eynən Padşah kimi mənim də içimdən “bu mənəm, bu da Xoca” demək keçirdi, amma təqlidçi barmağı ilə bizi işarə edə-edə bu işi özü görürdü. Padşaha təşəkkür edib təqlidçini yola salandan sonra, bizə buyurdu ki, bu, haqda bir də düşünək. Bu söz hansı mənanı kəsb edirdi? Axşam Xocaya Padşahın mənə illərdir danışdığı insandan daha çox idraklı olduğunu deyirdim, onu çəkmək istədiyi istiqamətə Sultan artıq öz istəyiylə gedirdi, Xoca yenə də qəzəb böhranına qərq olmuşdu. Bu dəfə ona haqq qazandırırdım, təqlidçinin hünəri dözüləsi bir şey deyildi. Xoca dedi ki, bundan sonra çətinə düşmədikcə saraya ayaq basmayacaq. İllərdir gözlədiyi fürsəti, nəhayət, əlinə keçirtmişkən o axmaqların arasına soxulub əzişdirilməyə artıq heç niyyəti yox imiş. Onun dediyinə görə, Padşahın maraqlarını bildiyim, o həlləm-qəlləmliklərdən baş çıxardığım üçün saraya onun yerinə mən getməliydim Xocanın xəstələndiyini deyəndə Sultan mənə inanmadı. Sultan dedi: “Silahı hazırlamaq üçün işləsin”. Beləliklə, Xocanın silahı hazırlayıb işə sala bildiyi o dörd ildə saraya mən getdim, o da əvvəllər mənim elədiyim kimi, evdə öz xəyalları ilə qaldı. Həyatın nəyisə gözləməli yox, dadıçıxarılası bir şey olduğunu bu dörd ildə öyrəndim. Padşahın Xoca kimi, mənə də dəyər verdiyini görənlər, demək olar ki, hər gün keçirilən o mərasimlərə, əyləncələrə məni də çağırırdılar. Bir gün vəzirin qızı evlənir, bir başqa gün Padşahın uşağı doğulur, sonra oğulları sünnət olunur, səhəri gün macaralardan alınan bir qala üçün mərasim keçirilir, sonra şahzadə məktəbə getməyə başladı deyə mərasimlər olur, həmçinin ramazan və bayram şənlikləri də başlayırdı. Əksər günlərdə davam edən bu şənliklərdə yağlı ət və plov tıxışdırmaqdan, şəkərdən və fıstıqdan hazırlanmış aslanlardan, dəvəquşularından, su pərilərindən yeməkdən tez bir zamanda kökəldim. Günlərimin çoxu, ürəkləri gedənədək güləşən yağlı güləşçilərə, məscidin minarələrinin arasında asdıqları ipə çıxıb kürəklərinə qoyduqları çubuqla oynayan, dişləri ilə at nalını qıran, orasına-burasına bıcaqlar, şişlər batıran kəndirbazlara, cübbələrindən ilanlar, göyərçinlər, meymunlar çıxardan, əlimizdəki fincanları, cibimizdəki pulları qaşla göz arasında yox edən hoqqabazlara, söyüşlərindən ləzzət aldığım Qaragözlə Hacivətə baxmaqla keçirdi. Gecələr fişəng atışmaları yoxdursa, hamının çıxıb getdiyi o saraylardan, evlərdən birinə, çoxunu da o günlərdə tanıdığım təzə dostlarımla birgə gedər, saatlarla arağın özünə belə sağlıq deyib, araq içərək musiqi dinləyəndən sonra, yuxulu ceyranları yamsılayan gözəl rəqqasələrlə, su üstündə yeriyə-yeriyə oynayan yaraşıqlı rəqqaslarla, yanğılı səsləri ilə ürəklə şən mahnılar oxuyan müğənnilərlə qədəh toqquşduraraq əylənirdim. Məni də o elçilər qalan evlərdə görmək istəyirdilər, buna görə o evlərə də tez-tez gedir, sevimli qızlarla oğlanların oynadıqları baletə baxandan, ya da Venesiyadan gətirilmiş musiqi qrupunun ən axırıncı və dəbdə olan musiqilərinə qulaq asandan sonra, yavaş-yavaş artan adsanımın ləzzətini çıxardırdım. Səfirliklərdə yığışan avropalılar, başıma gələn o dəhşətli sərgüzəştləri məndən soruşardılar, nə qədər zülm çəkdiyimi, necə müqavimət göstərdiyimi, hələ də necə dözdüyümü bilmək istəyirdilər. Bütün həyatımı dörd divar arasında mürgüləyərək və mənasız kitablar oxumaqla keçirdiyimi gizlədər, tanımaq istədikləri bu qəribə diyar haqqında, eynən Sultana etdiyim kimi, vərdiş edərək uydurduğum dəhşətli əhvalatları danışardım. Ancaq evlənməmişdən əvvəl atalarını görməyə gələn gənc qızlar, yaxud mənimlə əlləşən səfir arvadların yox, bütün o ayağısürüşkən elçilər, katiblər uydurduğum qanlı din və vəhşət əhvalatlarını, hərəm və eşq intiriqalarını heyranlıqla dinləyirdilər. Çox təzyiq göstərsələr, elə ordaca tez-bazar uydurduğum bir-iki dövlət sirrini qulaqlarına pıçıldayar, Sultanın heç kəsin bilməyəcəyi qəribə vərdişlərinin olduğunu deyərək onu bəzəyirdim. Daha çox məlumat almaq istəyəndə özümü qaldırıb dağın başına qoymaqdan xoşum gəlirdi, elə görünürdüm ki, guya hər şeyi deməyəcəyəm, Xocayla bizi oxşatmağa səy göstərən bu axmaqları daha da maraqlandıraraq susurdum. Amma bilirdim ki, onlar elm tələb edən böyük və təsirli bir planla, çoxlu pullar tələb edən naməlum bir silah hazırlamaq istədiyimi öz aralarında danışırlar. Gördüyüm gözəl bədənlərinin xəyalları ilə, içdiyim içkilərin təsiri ilə başılovlu, bu evlərdən, saraylardan axşam evə qayıdanda görürdüm ki, Xoca iyirmi ildir işlədiyimi masanın arxasında oturub işləyir. Onda indiyədək heç vaxt görmədiyim qədər sürətlə işləyirdi, masanın üstü başa düşə bilmədiyim qəribə şəkillərlə, rəsmlərlə, əsəbi və tələsik əlyazmalarla doldurduğu kağızlarla doluydu. Məndən istəyirdi ki, gün ərzində etdiklərimi, gördüklərimi ona danışım, amma o bir qədər sonra ona arsız və axmaqcasına təsir bağışlayan əyləncələrdən çimçinərək sözümü kəsər və “bizlərdən və onlardan” söz salaraq mənə planlarını danışardı. Bir də yenə deyirdi ki? hər şey, beynimizin içiylə əlaqəldir, bütün planlarını bununla əsaslandırmışdı, beyin adlandırdığımız xırda-xuruşlarla dolu qabın simmetriyasından, yaxud da qarmaqarışıqlığından həyəcanla danışırdı, amma buna əsasən bütün ümidlərini, ümidimizi bağladığı o silahı hansı formada haz;rılayacağını anlaya bilmirdim. Zənn edirdim ki, bunu nə başqa bir adam, nə də bəzi vaxtlar düşündüyüm kimi hətta özü belə başa düşə bilməyəcək. Kimsə mənə pıçıldayırdı ki, bir gün kimisə beynimizin içini açaraq bütün bu düşündüklərimizi təsdiqləyəcək. Vəba olan günlərdə ayanaya birlikdə baxarkən, hiss elədiyi böyük bir həqiqətdən danışdı, indi hamısı beynində aydınlaşmışdı, bax silah da bu həqiqətin təsdiqi idi! Sonra bu həyəcanlı sözlərdən çox da məna dərk etməyən mənə, əsəbi barmaqlarının ucuyla kağızların üstündəki qəribə və naməlum bir ölçünü göstərərdi. Hər göstərəndə bir az daha təkmilləşdiyin gördüyüm bu forma, sanki mənə nəsə xatırladırdı. Rəsmin ancaq “Şeytani” adını verə biləcəyim o qara ləkəsinə baxarkən, qəfil gördüyüm şeyi nəyə oxşatdığımı elə bilirdim ki, deyəcəyəm, amma dilim-ağzım quruyaraq, ya da bir oyun oynadığını düşünərək susardım. Əsas mətləblərim kağızların arasına dağılan, hər dəfə bir az da təkmilləşərək dəqiqləşən bu formanı ən axırda, illərlə toplanan bütün o pulları və insan əməyi sərf edərək reallaşdığı o dörd il ərzində, həmişə belə gördüm. Bəzən gündəlik həyatda, bəzən yuxularımızda, bir-iki dəfə də bir-birimizə xatirələrimizi danışdığımız vaxtlarda gördüyümüz, ya da haqqında danışdığımız bir şeyə bənzədirdik, amma ağlımdan keçənləri izah edəcək bir addım ata bilməz, düşüncələrimin naməlumluğuna boyun əyərək, silahın sirrini mənə özünün açacağını boş-boşuna gözləyərdim. Dörd il sonra o kiçik ləkə bütün İstanbulun haqqında danışdığı böyük bir məscid boyda olan o qəribə varlığa, o qorxunc görünüşə, Xocaya görə həqiqi bir silaha çevrildiyi vaxt belə, hər kəs onu bir şeyə oxşadanda, mən Xocanın silahı gələcəkdəki zəfəri haqqında əvvələr danışdığı təfərrüatların arasında itib-batırdım. Saraya getdiyim vaxtlarda, ən parlaq və qorxuducu təfərrüatların eynən yaddaşımızın inadla unutmaq istədiyi yuxunu, insanın xatırlamaq istədiyi kimi Sultana təkrarən deməyə çalışır, Xocanın mənə Allah bilir neçənci dəfə danışdığı o təkərlərdən, çarxlardan, qübbəllərdən, barıt və linqlərdən danışardım. Sözlər mənim sözlərim deyildi, danışdıqlarımda Xocanın atəşli sözlərinin həniri belə yox idi, amma yenə də gördüm ki, Padşah təsirlənir. Normal insan saydığım bu adamın bu baş-ayaq söz yığnağından, mənim də ancaq loru dildə fikrimi ifadə edə bildiyim Xocanın o çoşqulu zəfər və qurtuluşla bağlı şeirindən ümidlənməsi məni də təsirləndirdi. Padşah evdə olan Xocanın, eynən mən olduğumu deyərdi. Fikrimi əməlli-başlı qarışdıran zəka oyunlarına artıq vərdiş eləmişdim. Düşünürdüm ki, mənim Xoca olduğumu deyəndə, heç bir şey başa düşməməyim daha yaxşı idi, çünki bir qədər sonra iddia elədi ki, bütün bunları Xocaya mən öyrədirəm. İndiki kimi utancaq deyilmiş, amma bunları edən mən əvvəlcədən Xocanı dəyişdirmişəmmiş! Düşünürdüm ki, o günki əyləncələrdən, heyvanlardan, şənliklərdən, ya da planlı şəkildə edilən tacir ələsalmalarından danışaq. Sonra, Padşah dedi ki, hamı bilir ki, bu silah planlarının araxasında sən dayanırsan. Məni ən çox qorxudan da elə bu idi. Xoca, illərdir ortalıqda görünmürdü, onu demək olardı ki, unutmuşdular, iqamətgahlarda, saraylarda, şəhərin içində, Padşahın yanında ancaq-tez-tez məni görürdülər, artıq məni qısqanırdılar! Ancaq haqqında söz-söhbət günbəgün artan bu naməlum silah planına əvvəlcə kəndin, zeytunluğun, xanın gəliri bağlandı deyə, Sultana bu qədər yaxın olduğuma görə deyil, bu silahla başqalarının işinə burnumuzu soxuruq deyə, məni kafirlərin əlaltısı sayırdılar. Etirafların qulaq asanda narahatlıqlarımı Xocaya da, Sultana da açardım. Amma tam mənada oralı ola bilməzdilər. Xoca planlarına qərq olmuşdu! Gəncin arzusuna həvəslənən qocalar kimi, mən də onun qəzəbinə həvəslənirdim. Kağızların üstündəki o naməlum və qara ləkəni dəqiqliyi ilə öyrənib təkmilləşdirərkən, məni qorxudan, bir ucu mənim köhnə planlarıına çevrildiyi planlara da çoxlu pul tökərək, heç bir güllənin batmayacağı qədər poladlar tökdürdüyü axır aylarda, ona danışdığım pis dedi-qodulara qulaq da asmazdı, ancaq bu söhbətlərin danışıldığı səfir qonaqlarıyla maraqlanardı: bu səfirlər necə insanlardır, başları necə işləyir, bu silah üçün nəsə düşünürdülərmi və.s Və ən vacibi: Sultan nəyə görə dövləti o ölkələrdə davamiyyətli təmsil edən səfirlər yollamağı düşünmür? Özünün bu vəzifəyə yiyələnmək istədiyini, onların içində yaşamaq və bu axmaqlardan xilas olmaq istədiyini sezirdim, amma planını reallaşdırmaqda çətinlik çəkdiyi, tökdürdüyü poladların çatladığı, ya da pulun çatışmadığı ümidsiz günlərdə belə bu istəyindən açıq-aşkar danışmırdı. Ancaq bir-iki dəfə “onların” yetişdirdiyi elm adamları ilə əlaqə yaratmaq istədiyini ağzından qaçırtdı, ağlımıza uyğun zənn etdiyi həqiqətləri, bəlkə, onlar başa düşərdilər, venesiyalı, florensiyalı yaxud da növbəti hansı ölkə ağlına gəlsə, bax o uzaq ölkələrin elm adamları ilə məktublaşmaq istəyirdi. Görəsən onların ən yaxşıları hansılardı, harada yaşayırlar, onlarla necə yazışmaq olar, bunları elçilərdən öyrənə bilərəmmi? Başlı-başına buraxdığım və reallaşmaqda olan silahla çox da marqlanmadığım o ərəfələrdə, düşmənlərimzə ləzzət verəcək bir bədbinliyin izlərini daşıyan bir istəyi unutdum. Düşmənlərimizin dedi-qodularına Padşah da qulaq asırdı. Xocanın silahı sınaqdan keçirmək üçün o dəhşətli polad yığnağının içinə girib, boğaz yandıran pas və dəmir qoxusunun içində çarxları çevirə bilən cəsur adamlar axrardığı günlərdə, mən dediklərindən gileylənəndə, Sultan mənə qulaq asmadı. Həmişə etdiyi kimi, mənə Xocanın danışdıqlarını təkrarlatdı. Ona inanırdı, hər şeydən razı idi, ona bel bağladladığına görə heç də peşman deyildi. Bütün bunlara görə mənə təşəkkür edirdi. Təbbi ki, yenə eyni səsbəbdən, Xocaya hər şeyi mən öyrətdiyimə görə bu beləydi. O da Xoca kimi başlarının içindən danışırdı, bu marağına təsdiq kimi sonra digər problemi xatırlayırdı, eynən Xocanın məndən bir vaxtlar soruşduğu kimi, Sultan da soruşurdu ki, orada, o ölkədə necə yaşayırlar. Ona bir yığın xəyallarımı danışırdım. Təkrarlaya-təkrarlaya bu gün çoxuna inandığım bu xəyalların cavankən, həqiqətən, başma gəldiyini, ya da reallığa əsaslanmayaraq, kitabıma yazmaq üçün hər stula oturanda qələmimin ucuna gələn xəyali əhvalatlar olduğunu indi dəqiq bilmirdim: Bəzən o vaxt ağlıma gələn bir-iki əyləncəli yalanı ortalığa atırdım, uydura-uydura bəzi nağıllar da yaradırdım, Padşah bu vəziyyəti öyrənmək istədiyi üçün, hamısının paltarlarında çoxlu sayda düymə olduğunu təkrarlayırdım, detallarının xatirələrimdən, yuxularımdanmı qaynaqlandığını bilə-bilmədiyim əhvalatlar danışırdım, amma iyirmi beş il ərzində hələ də unutmadığım bir-iki həqiqət vardı: O həqiqətlər anam, atam və qardaşlarımla birgə cökə ağaclarının altında səhər yeməyi yeyərkən süfrə arxasında danışdıqlarımız idi. Padşah ən az bunlarla maraqlanırdı. Bir dəfə mənə, əslində bütün talehlərin bir-birinə oxşadığını demişdi. Nəyə görəsə bu sözdən qorxmuşdum, onda Sultanın üzündə daha əvvəllər heç vaxt görmədiyim şeytani bir ifadə vardı, istədim ki, ondan bu sözün hansı mənanı ifadə etdiyini soruşum. Sonra üzünə qorxuyla baxarkən, ürəyimdən “mən, mənəm” demək keçdi. Sanki bu mənasız sözü deməyə cəsarətim çatsaydı, məni başqa bir adam etmək üçün həlləm-qəlləm işlər görən bütün o ağzıgöyçəklərin, Xocanın və Padşahın oyunlarını boşa çıxaracaq və öz varlığımın içində rahatlıqla yaşamağa davam eləyəcəkdim. Əslindəsə, rahatlığımı təhlükə qarşısında qoya biləcək hər cür naməlumluğun sözündən belə ürkənlərsayaq qorxaraq susdum. Xocanın silahı hazırladığını, amma işə salmaq üçün adamları toplaya bilmədiyinə görə istifadə edə bilmədiyi bu günlərdə artıq bahar gəlmişdi. Bir müddət sonra Padşah ordu ilə birlikdə Ləhistana (Polşanın əvvəlki adı Ləhistan olub.F.H) səfərə gedəndə təəccübləndik. Düşmənlərimizi qabağına qatıb qovalamaq iqtidarına malik silahı və məni niyə özüylə birgə aparmamışdı, yoxsa bizə güvənmirdimi? İstanbulda qalanlar kimi, biz də inanırdıq ki, Sultan, əslində, müharibə üçün yox, ov üçün səfərə gedib. Xoca bir il əlavə olaraq qazandığı üçün məmnun idi, mənim başqa görüləsi işim və əyləncəm yox idi, ikimiz birlikdə silah üçün çalışdıq. Vasitəçilər vasitəsi ilə adamlar tapmaq üçn çox əlləşdik. Qorxunc görünüşlü, nə olduğu məlum olmayan alətin içinə heç kəs girmək istəmirdi. Xoca deyirdi ki, çoxlu pul verəcəm, şəhərə dəllalar göndərtdik, limana, topxanaya adamlar göndərdik, işsizlər toplaşan çayxanlarda avaralar, hoqqabazlıq edənlərin içində adam axtardıq. Tapa bildiyimiz adamlarin çoxu qorxusuna qalib gəlib, dəmir yığınının içinə girsələr də, o dəmir böcəyin içinə tam sıxılıb istidə bişə-bişə çarx fırlatmağa dözə bilməyib qaçırdılar. Yayın axırında, vasitəçilərə iş tapşırdığımız vaxt, illərdir bu iş üçün yığılan pulların hamısı qurtarmışdı. Maraqlananların təəccüblü və qorxulu baxışları və zəfər qışqırıqları arasında silah yavaş-yavaş tərpəndi, xəyali bir qalaya hücum edib sarsıla-sarsıla topları ilə atəş açdı və dayandı. Kəndlərdən, zeytunluqlardan pul, gəlir gəlməkdə davam eləyirdi, amma Xoca çox pul tutduğunu iddia edərək çətinliklə tapıb yıdığımız qrupu da dağıtdı. Qışı gözləməklə keçirdik. Padşah səfərdən qayıdandan sonra çox xoşladığı Ədirnədə qalmışdı, bizi itirib-axtaran yox idi, tək-tənha qalmışdıq. Səhərlər sarayına gedib hekayəmizlə əyləndirəcəyimiz və gecələri imarətlərində əylənəcəyimiz kimsə oladığı üçün işsiz-gücsüz idik. Mən Venesiyadan gələn bir rəssama portretimi çəkdirərək, ud dərsləri alaraq günlərimi keçirməyə çalışırdım. Xoca da tez-tez Qala yaxınlığında yanında bir əsgər qoyduğu silahını görmək üçün gedirdi. Demək olmaz ki, vasitəçi orasına-burasına nəsə əlavə edib təkmilləşdirməyə çalışmadı, amma bu işdən tez bezdi. Birgə keçirdiyimiz axırıncı qışın gecələrində mənə silahdan və onunla edəcəyi işlərdən də danışdı. Onu bir süstlük bürümüşdü, amma bu arzusunda olduğu üçün yox, mən onda həyəcan oyandıra bilmədiyimə görə beləydi. Gecələr vaxtımızın çoxunu gözləməklə keçirirdik, küləyin və qarımn azalmasını gözləyirdik, səhərə yaxın küləyin ləngiməyini, sobaya odun atmaq üçün közün küllənməsini gözləyirdik, Xaliçin üzbəüz sahilində son titrək çırağın sönməyini və gəlməyən yuxumuzun gəlməyini və səhər azanını gözləyirdik. Az danışaraq tez-tez xəyallara daldığımız o qış gecələrinin birində, Xoca mənə dedi ki, çox dəyişmisən, tamam başqa bir adama olmusan. Mədəm göynədi, kürəyim tərlədi, istədim ki, cavabını verim, haqsız olduğunu, əvvəlki kimi olduğumu, bənzədiyimizi, mənimlə əvvllər maraqlandığı kimi yenə də mənə diqqət ayırmalı olduğunu, danışmalı hələ çox söz-söhbətimizin olduğunu demək istədim, amma haqlıydı, gözüm həmin səhər rəssamdan alıb gətirdiyim portretimdə ilişib qalmışdı, dəyişmişdim: Ziyafətlərdə tıxışdırmaqdan kökəlmiş, buxağım sallanmış, ətim yayılmış, hərəkətlərim ağırlaşmışdı, ən pisi isə üzüm də tamam dəyişmişdi, o məkanlarda içib öpüşməkdən dodaqlarım arsızlaşmış, yerli-yersiz yuxusuz qalmaqdan, içib yatmaqdan gözlərimin altı tuluqlamış, həyatlarından, dünyadan və özlərindən razı olan o axmaqlar kimi, baxışıma bayağı bir rahatlıq çökmüşdü, amma bilirdim, bu hallımdan razı idim:Susdum. Sonralar Padşahın bizi silahlarla birgə Ədirnəyə səfərə çağırtdırdığını öyrənəndə, tez-tez eyni yuxunu görürdüm Qarışıqlığı, İstanbuldakı əyləncələri xatırladan bir əyləncədə, Venesiyada maskalı bir baldayıq, Üzlərindəki bayağı qadın maskalarını üzlərindən çəkəndə insanların arasında gördüyüm anamla nişanlımı tanıyaraq ümidlənir, mən də, artıq məni tanısınlar deyə, öz maskamı çıxarırdım, amma onlar heç cür məni tanımırdılar, bilmirdilər ki, bu adam mənəm, sapından tutduqları maskalarla, arxamdakı hansısa adamı əlləriylə göstərirdilər, çevrilib baxanda görürdüm ki, mənim əsl mən olduğumu başa düşəcək bu adam Xocadır. Məni tanısın deyə, bu dəfə də ona ümidlə yaxınlaşanda, Xoca olan adam, mənə heç bir söz deməyərək maskasını çıxardır və maskanın altından məni günahkarlıq duyğusu ilə qorxudaraq məni yuxudan oyadan gəncliyim çıxırdı.

Yayın əvvəlində, Padşahın bizi və silahı Ədirnədə gözlədiyini öyrənənə qədər Xoca işə başladı. Hər şeyi hazırladığını, silah payladığı qrupla əlaqəsini qışboyu davam elətdirdiyini onda başa düşdüm. Üç gün sonra səfərə hazırlaşdıq. Xoca axırıncı günün axşamını sanki təzə evə köçürükmüş kimi cildləri cırıq köhnə kitabları, yarımçıq qalmış risalələri, saralmış qaralamaları, əşyalarını, xırda-xuruş şeylərini eşələyərək keçirdi. Paslanmış namaz saatının zəngini düzəltdi, astronomik cihazların tozunu aldı. İyirmi beş ildir yazdığımız kitabların, hazırladığımız alətlərin eskizləri, qaralamaları arasında səhərə qədər eşələndi. Gün doğanda, fişənglərlə həyata keçirdəcəyimiz atəşfəşanlıq üçün etdiyimiz sınaqların müşahidələri ilə doldurduğum kiçik dəftərin cırılmış və saralmış səhiflərini səhifələyəndə onu gördüm, çəkinə-çəkinə soruşdu: Bunları da özümüzlə aparmalıyıq, görəsən, işimizə yarayar? Görəndə ki, boş-boş baxıram, əsəbiləşib əlindəkiləri bir küncə tulladı. Amma yenə də on gün davam edən bu Ədirnə səyahətində ötən illərdəki qədər olmasa da, bir-birimizin işinə kömək etdik. Hər şeydən əvvəl, Xoca ümidliydi, qorxunc xışıltılar, qəribə guppultular, yavaş-yavaş gedən və az təsadüf olunan böcək, şeytan, oxlu tısbağa, hasar, qara dəmir, toraman (Türkiyədə kişi adıdır və güclü, qüvvətli mənalarını ifadə edir), təkərli qazan, div, təpəgöz, canavar, donuz xislətli qaraoğlan, göy gözlü qarabəd deyə adlandırılan silahımız, Xocanın istədiyi kimi, görənləri dəhşətə salaraq, düşündüyümüzdən də sürətlə irəliləyirdi. Yol boyu ətrafdakı kəndlərdən gələn maraqlananların yaxınlıqdakı təpələrə toplaşıb qorxudan yaxınlaşmadıqları silaha həyəcanla baxdıqlarını görəndə Xoca ləzzət aldı. Gecələr, gün ərzində qan-tər içində qalan adamlarımız çadırlarında dərin yuxuya gedəndə oxuyan böcəklərimizin böldüyü səssizilikdə Xoca mənə toramanın düşmənlərimizə neyləyəcəyi barədə danışırdı. Baxmayaraq ki, əvvəlki həyəcan qalmamışdı, Padşahın ətrafındakı adamların və ordunun silaha necə reaksiya verəcəklərini, ordu hücum edəndə bu silaha necə bir yer veriləcəyini, o da mənim kimi narahatlıqla gözləyirdi, amma hələ “son şansımızdan” işin axarını istədiyimiz istiqamətə çevrilə biləcəyindən və ən vacibi, həyəcanımızı azalmağa qoymayan “onlaradan və bizlərdən” ürək rahatlığı ilə və inanaraq danışa bilirdik. Ədirnədə Padşahdan və ətrafındakı bir necə işbilməyən yaltaqlardan başqa heç kəsin xoşhalla qarşılamadığı silahın sınaq nümayişinə başladılar. Padşah, Xocanı köhnə bir dostunu qarşılayansayaq qarşılamışdı, danışılırdı ki, müharibə ola bilər, amma çox da hazırlıq və təlaş gözə dəymirdi, günlərini bir yerdə keçirməyə başladılar. Onlara mən də qoşulurdum, atlarına minib ətrafdakı qaranlıq meşələrə quş cikkiltisinə qulaq asmağa, Tuncada və Meriçdə qayıqla gəzintiyə çıxaraq qurbağalara baxmağa, qartallarla savaşarkən yaralanıb Səlimiyyə həyətinə düşən leyləklərə baxıb zövq almağa və bacarıqlarını bir də görmək üçün onlar silaha baxmağa gedəndə mən həmişə yanlarında olurdum. Amma ağrıyla hiss edirdim ki, danışdıqları mövzulara qoşulmaq, maraqla mənə qulaq assınlar deyə və onlara ürəklə deyə bilməcəyim heç bir sözüm yoxdu. Bəlkə də, bir-birlərinə belə yaxın olduqlarına görə qısqanırdım. Amma artıq bilirdim ki, bezmişəm: Xoca hələ də həmin şeiri oxuyurdu. Zəfərdən, digərlərinin üstünlüyündən xəbərdardı, döyüşə başlamalıyıq, gələcək və beynimizin içi haqqında olan eyni uydurulmuş hekayəyə hələ də Padşahın aldanmağına təəccüblənirdim. Müharibə başlayacaq deyə danışılan söz-söhbətlər yayın ortasında artırdı, Xoca bir gün güclü-qüvvətli bir adama ehtiyacı olduğunu deyərək məni öz yayına götürdü. Ədirnənin içində tez-tez yeridik, qaraçı və yəhudi məhəllələrindən, daha əvvələr də darıxa-darıxa gəzdiyimiz bəzi boz küçələrdən, çoxu da bir-birinə oxşayan kasıb müsəlman evlərinin arasından keçdik. Solumda olan sarmaşıqlı evlərin sağ tərəfimə keçdiyini biləndə başa düşdüm ki, eyni küçələrdə gəzişirik, ondan soruşdum, dedi ki, Fildamı məhəlləsindəyik, Xoca birdən-birə bir evin qapısını döydü. Yaşıl gözlü, təxminən səkkiz yaşı olan bir uşaq qapını açdı. Xoca ona dedi: “Aslanlar! Padşahın sarayından aslanlar qaçıb onları axtarırıq”. Uşağı itələyərək evin içinə girəndə mən də arxasınca getdim. İçəridən toz, taxta və sabun iyi gəlirdi, qatı qaranlıqda cırıldayan pilləkənlərdən tələmtələsik yuxarıya, zala çıxdıq, Xoca qarşısına çıxan qapıları açdı. Birinci otaqda ahıl bir qoca dişsiz, ağzıaçıq halda yatırdı, ondan nəsə soruşmaq üçün saqqalına əl uzadan iki şən uşaq görəndə ki, qapı açıldı, o dəqiqə qorxdular. Xoca bu qapını örtdü, bir başqasını açdı, içəridə bir yığın yorğan və yorğanlıq parça vardı, üçüncü otağın qapısına küçə qapısını açan uşaq Xocadan əvvəl yapışıb dedi:”Burda aslan yoxdu, anamla gəlinimiz var”, Xoca buna baxmayaraq, qapını açdı, arxası bizə tərəf olan iki qadın solğun işığın altında namaz qılırdılar. Dördüncü otaqda yorğan tikən bir adam vardı, saqqalsız olduğu üçün mənə çox oxşayırdı, Xocanı görən kimi ayağa qalxdı. Dilləndi: “Niyə gəldin, səfeh?”. Xoca cavab verdi: “Bizdən nə istəyirsən? Səmra hardadı?”. Həmin adam dedi: “On il əvvəl İstanbula gedib. Vəbadan ölüb. Bəs sən niyə gəbərməmisən?”. Xoca heç bir söz deməyərək pilləkənlərdən düşüb evdən çıxdı. Arxasınca gedərkən, arxadan uşağın qışqırdığını və bir qadının ona cavab verdiyini eşitdim: “Ana, aslanlar gəlib”. “Xeyr, əmilərin gəlib”. Bəlkə, baş verənləri hec cür yoza bilmədiyimə görə, bəlkə, yeni həyatıma və hələ səbirlə oxuduğumuz bu kitaba hazırlıq olsun deyə iki həftə sonra, səhər tezdəndən yenə həminki yerə getdim. İşıq məni aldatdığı üçün əvvəlcə küçəni və evi tapmaqda çətinlik çəkdim, tapanda da əvvəlcədən istiqamətini müəyyənləşdirdiyim Bəyazid məscidinin həkimxanasına gedən ən kəsə yolu dəqiqləşdirməyə çalışdım. Bəlkə də, ən kəsə yolu secəcəklərinə görə körpüyə çatan və qovaq ağaclarının kölgəsi düşən qısa yolu heç cür tapa bilmədim, tapdığım qovaq ağacları olan yolun kənarında isə elə bir yer yox idi ki, insan oturub çaya baxa-baxa halva yesin. Xəstəxanadasa xəyalımızda canlandırdıqlarımızın heç biri yox idi, palçıqlı deyildi, bəlkə də, təmiz idi, amma nə su səsi gəlirdi, nə də rəngli şüşələr vardı. Aşiq olmuş, dəliyə çevrilmiş, əksəriyyəti dəlilər kimi özünü başqa bir adam hesab edirmiş, yenə də ora haqqında danışacaqdı, amma qulaq asmayaraq qayıtdım. Elə bilirdim ki, səfərə çıxmayacağıq, amma həmin səfərə çıxmaq qərarı yayın axırında, heç gözləmədiyimiz bir gündə alındı: Keçən ilki məğlubiyyətə və ondan çox vergiyə dözə bilməyən lehlilər, “vergini gəlin qılıncınızla alın” deyə xəbər yollayıblar. Ondan sonrakı günlərdə Xoca az qalırdı hirsindən partlasın: ordu sırayla yeriş qaydasına hazırlaşarkən heç kəs silah haqqında düşünmürdü, heç kəs döyüşərkən bu qara dəmir yığınını yanında görmək istəmirdi, heç kəs bu yekə qazandan bir kəramət gözləmirdi, ən vacibi də onu uğursuz bir şey kimi qəbul edirdilər. Artıq Xoca səfərdən bir gün əvvəl müharibənin gələcəyi üçün ehkam qurarkən, düşmənlərimiz sözlərini bir yerə qoyub, silahın uğurla bərabər uğursuzluq-lənət də gətirəbiləcəyini deyiblər. Bu lənətin arxasında Xocadan çox, mənim olduğumu düşüdüklərini Xoca mənə danışanda qorxdum, Padşah bildirib ki, Xocaya və silaha güvənir, mübahisə olmasın deyə, silahın döyüş vaxtı birbaşa özünə və öz qüvvələrinə mənsub olacağını deyib. Sentyabrın əvvəlində, isti bir gündə Ədirnədən getdik. Hamı düşünürdü ki, səfərə çıxmaq üçün bu mövsüm çox gecdi, amma bu mövzuda çox da danışmırdılar. Səfər ərəfəsində əsgərlərin düşmən qədər, bəzən düşməndən də çox uğusuzluqdan qorxduğunu, məğlubiyyət qorxusu ilə döyüşdüklərini təzə-təzə öyrənirdim. Baxımlı, varlı kəndlərdən, silahımızın yerini inildətdiyi körpülərdən keçərək quzeyə getdiyimiz birinci günün axşamı, Xoca, Sultanın çadırından çağırılanda təccübləndik. Əsgərləri kimi, Padşah da uşaqlaşmışdı, onda təzə bir oyuna başlayan uşağın marağı və həyəcanı vardı, eynən əsgərləri kimi, Xocadan gün ərzində baş verənləri necə qiymətləndirdiyini soruşdu: batan günəşin qarşısındakı qızılı bulud, alçaqdan uçan şahinlər, bir kənd evinin qırıq bacası, güney tərəfə qonan leyləklər- bütün bunlar hansı mənanı ifadə edirdi? Təbii ki, bunların hamısını Xoca yaxşı izah etdi. Amma işimiz bitməmişdi, Padşahın səfər gecələrində qorxulu, maraqlı hekayələrə qulaq asmağa meyilli olduğunu ikimiz də yenicə öyrənirdik. Xoca bir neçə il əvvəl Sultana verdiyimiz o ən xoşladığım kitablarımızdakı coşğun şeirdən təsirlənərək bir şəkil çəkdi, bu şəkil ölülər, qanlı məğlubiyyətlər, uğursuzluqlar, xəyanətlər və səfalətlə qaynaşan çirkin bir şəkil idi, amma qalibiyyətin alovu Padşahın qorxulu baxışlarının görə biləcəyi bir tərəfdə parıldayırdı: onu körükləmək üçün ağlımızı işlətməliydik, “onların və bizlərin”, sonra beynimizin içinin, Xocanın illərdir mənə danışdığı və artıq unutmaq istədiyim bütün digər şeylərin, tez bir zamanda fərqinə varmalı, ayılmalıydıq! Bəlkə də, artıq Padşahın da bezdiyini düşündüyünə görə, mənə də bezdirici gələn bu cansıxıcı hekayənin qaranlığını, çirkinliyini, dəhşətini Xoca hər gecə bir az daha artırırdı. Yenə də beyninmizin içindəkilərdən danışarkən Padşahın ləzzətlə ürpəndiyini hiss edirdim. Ov səfərləri yürüşümüzlə eyni həftədə başladı. Sırf bu iş üçün orduya gələn dəstə irəlidə gedir, ərazidə kəşfiyyat aparandan, əlverişli ərazi seçəndən, kəndlilər hərəkətə keçəndən sonra Padşah, biz və ovçuları, yüyürüş olan tərəfdən çəkərək ceyranları ilə məşhur bir qoruğa, vəhşi donuzların qaçışdığı dağın yamaclarına, ya da tülkülərlə dovşanların qaynaşdığı bir meşəyə gedirdik. Saatlarla davam edən, bu kiçik və əyləncəli ov səfərlərimizdən sonra hücum qoluna, zəfərlə qurtardığımız döyüşdən qayıdan kimi qayıdar, ordu Padşahı salamlayarkən bizlər də onun arxasınca gələrdik. Xocanın qəzəb və nifrətlə qarşıladığı bu mərasimləri xoşlayırdım, axşam yürüşdə olanda, ordunun keçdiyi kəndlərin və qəsəbələrin halından, ya da düşmənlərimizdən gələn son xəbərlərdən çox, Padşahla birgə ov haqqında danışmaqdan xoşum gəlirdi. Sonra Xocanın axmaqca sərsəmliklə əlaqələndirdiyi bu cəfəng söhbətlərin qəzəbiylə şiddətini hər gecə bir az da artıran hekayələrdən və qənaətlərdən danışmağa başlayardı. Padşahın, qorxuducu hekayələrə, beynimizin içiylə əlaqəli bu nağıllara inanmağı ətrafındakılar kimi, məni də kədərləndirirdi. Amma ən pis hadisələrə, bundan sonra şahid olacaqdım! Yenə də məğlubiyyətə doğru irəliləyirdik, ona yaxın kənd boşaldılmışdı, əhalisini də əllərindəki tənəkəylə vura-vura çıxardıqları çığırtıyla əsəbiləşərək və maralları bizim atlarımız və silahlarımız olan yerə qısnasınlar deyə, ormana səpələnmişdilər, amma günortaya qədər heç bir heyvana rast gəlmədik. Bir az da günortanın istisinin təsiri ilə, bədənimizə yayılan sıxıntını azaltmaq üçün Padşah, Xocadan xahiş etmişdi ki, gecələr onu ürpəndirən həmin əhvalatları danışsın. Çox uzaqlardan gələn, az-çox eşidilən tənəkə uğultusuna qulaq asaraq yavaş-yavaş irəliləyirdik ki, xrtistian kəndlərindən birinə çatıb dayandıq. Onda gördüm ki, Xoca, Paşaya boş kəndin evlərindən birini göstərir, qapının arasından başını uzadan cılız bir qoca qoltuq ağacı ilə onalara yaxınlaşır. Bir qədər əvvəl yenə də onlardan, onların beyinlərinin içindən danışmışdılar, üzlərindəki maraq hissini və Xocanın qocadan tərcüməçi vasitəsiylə nəsə soruşduğunu görəndə, ağlıma gələn şeydən qorxaraq onlara yaxınlaşdım. Xoca fikirləşməmiş, tez cavab verməsini tələb edərək soruşurdu: Həyatındakı ən böyük günah, etdiyi ən böyük pislik nəydi? Kəndli, tərcüməçinin bizə yavaş-yavaş tərcümə etdiyi qatma-qarışıq slavyan diliylə mızıldanırdı, günahsız, şərsiz yazıq bir qocaymış, amma Xoca qəribə bir hiddətlə onu üstələyir, istəyirdi ki, qoca özü haqda danışsın. Qoca ancaq Sultanın da Xoca qədər maraqlandığını görəndən sonra günahını boynuna aldı: Bəli, günahkar idi, o da bütün kənd əhliylə birgə evindən çıxmalı, o da heyvanları qovalayan yerliləriylə birgə ova getməliydi, amma xəstəydi, problemi vardı, onda bütün günü ormanda o tərəf, bu tərəfə qaçmaq üçün lazım olan sağlamlıq yox idi, əliylə ürəyini göstərib üzr istəyirdi ki, Xoca bu an qəzəbləndi, qışqırdı. Onu yox, əsl günahlarını soruşurdu ondan, amma kəndlinin tərcüməçimizin təkrarladığı sualı başa düşməyə halı yox idi, əlini ürəyinin üstünə ağrıyla basıb, ürəyini tutub durmuşdu. Qocanı apardılar. Gətirdikləri başqa bir adam da həmin şeyləri deyəndə Xoca qıpqırmızı qızardı. İkinci adama asan olsun deyə və günah örnəklərimi xatırlantsın deyə mənim uşaqlığımın günahlarını, özümü qardaşlarımdan daha çox istətdirmək üçün dediyim yalanları, universitetdə oxuyarkən etdiyim cinsi günahları Xoca, kəndliyə naməlum bir günahkarın pisliklərini danışdığı kimi danışanda mən bu kitabı yazarkən həsrətlə xatırladığım vəbalı günlərimizi diksintiylə və utancla xatırlayırdım. Ən axırda gətirilən topal kəndli, dərədə yuyunan qadınlara gizlicə baxdığını Xocaya pıçıltıyla etiraf eləyəndə Xoca bir qədər sakitləşdi. Bəli, bax, “onlar” pisliklərin qarşısında belə olurdular, onu ört-basdır edə bilirdilər, amma beyinlərində nə baş verdiyini artıq bilməli olan bizlər və sair və başqaları vardı. İnanmaq istəyirdim ki, Padşah çox da təsirlənməyib. Amma onu maraq bürümüşdü, iki gün sonra, maralların ardınca qaçdığımız başqa bir ov vaxtı, bəlkə, Xocanın israrına dözə bilmədiyi üçün, bəlkə də, zənnimcə, sorğu-sual edilməkdən xoşlandığı üçün göz yumdu ki, hekayəni təkrarən danışsın. Bu dəfə Tunanı keçmişdik, yenə də xristian kəndlərinin birindəydik, amma latın mənşəli bir dillə danışırdılar. Xocanın soruşduğu suallarda isə çox da dəyişiklik yox idi. Vəbalı gecələrin, ona pisliklərini yazdırmağı bacardığım o məcburiyyəti mənə xatırladan bu suallardan və sualları soruşan, kimliyi naməlum olan hakimlə, onu sakitcə dəstəkləyən Sultandan qorxan kəndlilərin cavablarına əvvəlcə qulaq asmaq istəmədim. Qəribə bir xofa düşmüşdüm; Xocadan çox, ona aldanan, ya da bu çirkin oyunun cazibədarlığına qarşı müqavimət göstərməyən Padşahın halına yanırdım. Amma bu murdar marağa mənim də aludə olmağım çox davam eləmədi, düşündüm ki, insan nəyəsə qulaq asmaqdan heç nə itirməz, onlara yaxınlaşdım. Qulağıma daha zərif və xəfif gələn bir dillə danışılan günahların və pisliklərin çoxu bir-birinə oxşayırdı: Bəsit yalanlar, kiçik aldatmalar, biriki əclaflıq. Bir-iki vəfasızlıq, nəhayət, bir neçə kiçik oğurluq. Axşam Xoca dedi ki, kəndlilər hər şeyi danışmırlar həqiqəti gizlədirlər, o vaxt mən özümü çox açmışdım. Onları bizlərdən ayıran çox dərin, bizdən daha həqiqi günahları olmalıydı. Padşahı aldadacaq bu həqiqətləri əldə etmək, “onların”, sonra da “bizlərin” necə bir insan olduğunu görə bilmək üçün lazım olarsa, güc də tətbiq edəcəkmiş. Ondan sonrakı günlər, getdikcə daha da artan, getdikcə daha da mənasızlaşan bu şiddətlə keçdi. Əvvəllər hər şey daha asan idi, o günlərdə, oyunun ortasında səmimiyyətlə bir-iki qaba zarafat edən uşaqlar kimiydik, sual-cavab edəndə, uzun və əyləncəli ov səfərlərimiz olan vaxt hər biri həyata keçirilən kiçik həcmli oyun kimiydilər, amma sonralar bütün işlərimizi, dözümlülüyümüzü, əsbilərimizi tükəndirən və hansı səbəbdənsə əl çəkə bilmədiyimiz mərasimlərə çevrildilər. Xocanın sullarının və səbəbi sirr qalan əsəbinin dəhşəti ilə təəccüblənən kəndliləri görürdüm, kəndlilərdən istənilən şeyin nə olduğunu tam bilsələr, bəlkə də, başa düşəcəkdilər, kənd xatirələrini bir yerə cəmləmiş dişsiz və yorğun qocaları görürdüm, əsl yaxud saxta günahlarını danışmamışdan əvvəl ümidsiz gözləriylə ətrafdakı adamalardan, bizlərdən ümid dilənirdilər, etirafları və pislikləri əsassız sayılaraq döyülən, yıxılan gəncləri görürdüm. Masada yazdıqlarımı oxuyandan sonra, ”ay səni” deyərək kürəyimə bir yumruq vurduğunu, nəyə görə belə bir adam olduğumu başa düşə bilmədiyinə görə əsəblə deyinə-deyinə özü-özünü məğlub elədiyini xatırladım. Amma çox qəti olmasa da, artıq nəyi axtardığını, hansı nəticəyə çatmaq istədiyini daha yaxşı bilirdi.


Tarix: 09.06.2015 / 12:35 Müəllif: Aziza Baxılıb: 538 Bölmə: Orxan Pamuk - "Bəyaz qala"