beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

6-cı hissə#
6-cı hissə#

Vəba qurtarandan sonrakı həftələrdə Xoca ancaq baş münəccimlik vəzifəsinə gətirilməklə kifayətlənmədi, Sultanla illərdir ümidlə gözlədiyimizdən də yaxın əlaqə qurdu: Baş vəzir o kiçik və uğursuz üsyandan sonra artıq Padşahın ətrafına topladığı o əbləhlərdən qurtulmalı olduğunu anasına hiss elətdirmişdi, çünki tacirlərlər də, yeniçərlər də, Sultanı boş sözləri ilə pis yola çəkən çoxbilmişlərin bəlalarının yaradıcısı kimi görürmüş. Beləliklə, qurulan planlarda əli olduğu deyilən əvvəlki baş münəccim Sıdqı Əfəndinin qrupu, sürgünlə və müəyyən şeylərlə əlaqədar saraydan qovulanda olan-qalan işlər də Xocanın boynuna düşdü. Artıq hər gün Padşahın vaxtını keçirdiyi saraylardan birinə gedir, ona vaxtlı-vaxtında zaman ayıran Padşahla danışırdı. Evə qayıdanda həyəcanla və zəfər hissi ilə olanları mənə danışırdı:Hər səhər birinci Padşahın gördüyü yuxunu yozurdu. Öhdəsinə götürdüyü işlərini içində, bəlkə də, ən çox bu işi xoşlayırdı, Padşah yuxu görmədiyini hüznlə etiraf etdiyi bir gündə isə məsləhət görüb ki, başqa bir adamın yuxusunu yozsun Sultan da maraqla bu fikri mənimsəyəndə, bostançılar tez yaxşı yuxu görən bir adamı axtarıb tapıb hüzuruna gətiriblər, beləliklə, hər səhər bir yuxunun yozumu əl çəkilməsi mümkün olmayan vərdişə çevrilmişdi. Başqa vaxtlar isə həyətlərdə, iri çinar və ərqəvan ağaclarının kölgəsi düşən bağçalarda yeriyərkən, Boğazda qayıqlarla gəzintiyə çıxarkən, təbii ki, Sultanın sevimli heyvanlarından, bizim xəyali heyvanlarımızdan da söz salardı. Amma mənə böyük maraqla danışdığı başqa mövzuları da Padşaha açırdı: Boğazdakı axıntıların səbəbi nədir? Qarışqaların həyatında öyrənməyə dəyərli olan nə var? Maqnit Allahdan başqa, nədən güc alırdı? Ulduzların elə, yaxud belə fırlanmasının əsas xüsusiyyəti nədən ibarətdi? Müsəlman olmayanların həyatında kafirlikdən başqa öyrənməyə nəsə tapa bilərəmmi? Onları qabağımıza qatıb qovalaya bilən hansısa silahı hazırlamaq mümkündürmü? Keçəl bunları Sultanın maraqla qulaq asdığını deyəndən sonra həyəcanla masanın arxasına keçib, silah şəkilləri çəkmək üçün düzəldilmiş bahalı və iri kağızlara, uzun lüləli toplar, aftomatik atəş mexanizmləri, görünüşü vahiməli heyvanları xatırladan silah növlərini qaralayar, məni də masanın yanına çağırıb, silahı çox yaxın vaxtda reallaşdırılacağını bildirər, danışdığı bu xəyallara şahidlik etməyimi istəyərdi. Əslindəsə mən, bu danışdıqlarını Xocayla bölüşmək istəyirdim. Bəlkə də, buna görə fikrim hələ də bizə o qorxulu və qardaşlıq duyğusu ilə keçirdiyimiz günləri yaşadan vəbadaydı. Vəba şeytanından xilas olublar deyə Ayasofyada hamılıqla şükr edərək namaz qılıblar, amma xəstəlik hələ şəhərdə tamamilə əl çəkməmişdi. Xoca səhərlər Sultanın sarayına tələsərkən, mən şəhərdə maraqla gəzinər, gödək minarəli məhəllə məscidlərdən, kirəmitləri yosun bağlamış məscidlərdən hələ də aparılan cənazələrin sayını hesablayar, səbəbini indiyə qədər başa düşmədiyim qeyriiradi bir hisslə, istəyirdim ki, xəstəlik şəhərdən və bizdən əl çəkməsin. Xoca mənə Padşahı necə təsir altına saldığından, zəfərindən danışarkən mən ona xəstəliyin daha şəhəri tərk etmədiyini, tədbirlər görüldüyünə görə də təkrarən baş qaldıra biləcəyini danışırdım. Məni hikkəylə susdurub dedi ki, guya mən onun uğurunu qısqanıram. Ona haqq qazandırırdım, baş münəccim olmağı, Padşahın hər səhər ona yuxularını danışmağı, bütün o axmaq əyyanları Padşahın yanında olmayanda sözlərini şaha deyə bilməyi – bunlar on beş ildir ki, bizim gözlədiyimiz şeylər, uğurlar idi, mənim məsləhət gördüyüm, çox da doğru çıxmayan, amma doğru tək qarşılanan təqvimi, göründüyü kimi, mənim hazırladığımı unutmuşdu, mənə çətin gələn şey məni təlaş içində adadan necə tələm-tələsik gətirməsi yox, mənim ora necə getməyimi xatırlaması idi. Bəlkə də, haqlıydı, bəlkə də, hiss etdiyim bu hissə qısqanclıq demək olar, amma bu onun fərqinə varmadığı saf bir duyğu idi. Bunu başa düşsün deyə vəba başlamamışdan əvvəlki günlərdə masanın iki tərəfinə tənha gecələrin sıxıntısını unutmaq istəyən iki subay oğlan kimi necə oturduğumuzu xatırladanda, bəzən onun, bəzən də mənim necə qorxulara qapıldığımızı, amma bu qorxulardan xeyli şey öyrəndiyimizi, hətta adada tək olanda o gecələr üçün darıxdığımı xatırladanda da, bütün bu dediklərimi, özünün heç cür qoşula bilmədiyi bir oyunda mənim aşkar olunan saxtakarlığım ibrət götürərək olanların şahidi kimi gülümsəyərək dinləyər, amma mənə o əziz günlərimizlə əlaqəli heç bir ümid və söz verməzdi. Artıq məhəllə-məhəllə gəzdikcə görürdüm: tədbirlər görülsə də, sanki Xocanınn uğur adlandırdığı nəsnəyə kölgə salmaq istəmədiyinə görə, vəba yavaş-yavaş şəhərdən çəkilirdi. Bəzən mənə qəribə gəlirdi ki, ölümün zülmət qorxusu aramızdan çəkilib gedirsə, niyə özümü tənha hiss edirəm. Bəzən istəyirdim ki, padşahın yuxularında, ya da Xocanı ona nəql elədiyi gələcəkdə olacaqlardan yox, yenə də bunlardan danışaq. Divarından götürdüyümüz vahiməli aynanın qarşısına, düz yaxınlığımda ölüm qorxusu olsa belə onunla birgə keçməyə çoxdan hazır idim! Amma Xoca artıq xeyli zamandır ki, məni alçaldırdı, yaxud da özünü elə göstərirdi, ən pisi isə bəzən bunu etməyə ehtiyat edirdi. Onu yenə o əvvəlki xoşbəxt dünyamıza çəkmək üçün bəzən deyirdim ki, artıq yenə də birgə masanın arxasına keçməliyik. Bu işdə ona örnək olmaq üçün bir-iki dəfə yenə kağızları doldurmağa cəhd etdim, vəbanın qorxusuna, qorxunun əmələ gətirdiyi o pislik eləmək istəyinə, yarımçıq qalmış pisliklərimlə əlaqəli şişirdilmiş söz-söhbətlər yazılmış səhifələri ona oxuyanda mənə qulaq asmadı. Bəlkə də, öz uğurundan çox, mənim çarəsizliyimdən aldığı bir güclə həyasızcasına dedi: Bütün o yazılanların axmaqlıqdan başqa bir şey olmadığının da həmin vaxtlar fərqinə varıb, vaxtında o oyunlar nə vaxt qurtaracaq deyə bir problemi yox idi, bir az da məni sınamaq üçün: vəbaya yoluxub qaçdığım gün, onsuz da bilib ki, mən necə adamam. Günahkarammış! İnsanları iki yerə ayırırlar: onun kimi haqq adamları və mənim kimi günahkarlar. Uğurlarını yozmağa çalışdığım bu sözlərinə cavab vermədim. Baxmayaraq ki, idrakım əvvəlki kimi parlaq idi, gündəlik xırda hadisələrə hirsləndiyimi görəndə başa düşürdüm ki, lazım olanda qəzblənməyə də hazıram, amma Xocaya qarşı hirslənməyə əsas verən o sözlərinə göstərəcəyim reaksiyayla onu haraya sürütləyəcəyimi, harada sıxışdıracağımı sanki bilmirdim. Ondan qaçıb Heybəliadada keçirdiyim günlərdə bilirdim ki, məqsədim tam aydın deyil. Venesiyaya qayıtsam nə baş verərdi? Bu on beş ildə anamın ölməyini, nişanlımın da evlənib başının ailə və uşaqlarına qarışmağını beynimə tam yeritmişdim, ürəyimdən onları fikirləşmək keçmirdi, yuxularıma da get-gedə az-az girirdilər, həm də özümü o əvvəlki illərdə olduğu kimi, Venesiyada də onların yanındakı kimi deyil, yuxularımda da onları İstanbulda, öz aramızda görürdüm. Venesiyaya qayıtsam, bilirdim ki, yarımçıq qoyduğum həyata qaldığım yerdən davam etməyəcəyəm, əgər mümkün olsa, başqa bir həyata təzədən başlaya bilərdim. Bir vaxtlar türklər və köləlik haqqında yazmağı planlaşdırdığım kitabdan özgə, o həyatın maraqlı anları artıq məni həyəcanlandırmırdı. Bəzən düşünürdüm ki, Xoca məndəki bu zəifliyi və məqsədsizliyi sezdiyi və zəif cəhətlərimi anladığı üçün məni alçaldırdı, bəzən də bu cəhətləri yəqinləşdirməsinə şübhə eləyirdim. Hər gün Padşaha danışdığı hekayələrdən, təfərrüatlarını beynində canlandırdığından və Sultanı mütləq təsir altına salacağı o inanılmaz silahın xəyallarından və uğurundan elə halbahal idi ki, bəlkə, heç mənim nələri düşündüyümün fərqinə belə varmırdı. Bir də görürdüm ki, özü-özünə aludə olan Xocanın bu xoşbəxtliyini qibtəylə izləyirəm. Onu çox istəyirdim, şişirtdiyi uğurundan aldığı o əldəqayırma coşğunluğu, bitib-tükənməyən planlarını, Padşahı ələ alacağını deyərkən ovcunun içinə baxmağını çox xoşlayırdım. Belə fikirləşdiyimi özünə etiraf edə bilməzdim, amma hərəkətlərini, gündəlik davranışlarını izləyərkən, bəzən elə hiss edirdim ki, sanki özümə göz qoyuram. İnsan bəzən bir uşağın, bir gəncin davranışlarında öz uşağlığını və gəncliyini görəndə necə ki sevgi və maraqla onu izləyir ha, qorxum və marağım da məhz beləydi, tez-tez düşünürdüm ki, peysərimdən tutub “mən sənə çevrildim” deyir, amma o günləri ona xatırladanda Xoca məni susdurur, ya o gün Sultana inanılmaz silaha inandırmaq üçün nələr ediyini danışır, ya da səhər yuxusunu yozanda Padşahın ağlının necə oğurladığını nağıl eləyərdi. Pəh-pəhlə danışdığı bu uğurları parlaqlığına mən də istəyirdim ki, inana bilim. Bəzən xəyallarımın sərhədsizliyinə qapılıb özümü xoşbəxtcəsinə onun yerinə qoyub inanırdım da. O vaxt onu və özümü, bizi daha çox istəyərdim, xoş bir nağıl dinləyən ağzıayrıq kimi ağzıaçıq halda danışdıqlarından sehrlənərkən, zənn eləyərdim ki, gələcəkdəki həmin gözəl günlər haqqında ikimizin də planıymış kimi danışır.

Sultanın yuxularını yozarkən ona qoşuldum. Xoca iyirmi bir yaşındakı Padşahı, iqtidarı daha çox sahiblənməyə yönləndirmək üçün qərar vermişdi. Beləliklə, Padşahın yuxularında tez-tez gördüyü dördnala qaçan atların, sahibsiz olduqları üçün sevincsiz, vəhşi dişlərilə düşmənlərinin hülqumlarına hücum edən qurdların da, öz işlərini özləri gördüyü üçün xoşbəxt olduqları vaxtlar, ağlayan yaşlı qadınlarla gözəl kor qızların və qaranlıqda yağış yağarkən sürətlə yarpaqlarını tökən ağacların onu köməyə çağırdıqlarını, müqəddəs hörümçəklərlə, ecazkar şahinlərin tənhalığın fəzilətinə işarə elədiyini danışdı. İqtidara yiyə çıxandan sonra istəyirdik ki, Sultan bizim savadımızla maraqlansın, bundan ötrü qorxularından da istifadə edirdik. Ova marağı olanlarının çoxu kimi, uzun və yorucu öv səfərlərində gecələr, Padşah ovlananın özü olduğunu düşünəndə, taxtını itirmək qorxusu ilə yuxusunda öz taxtında, öz uşaqlıq vaxtını görəndə, Xoca ona danışırdı ki, taxtında həmişə cavan qalacaq və amma həmişə hazırlıqlı olan düşmənlərimizin planlarından ancaq onlar kimi güclü silah hazırlayaraq qurtula bilər. Babası Sultan Muradın qol gücünü isbat eləmək üçün bir dəfə qılıncla vuraraq iki yerə böldüyü eşşəyin iki hissəsinin qaçaraq bir-birindən uzaqlaşmağını, ata nənəsi sayılan Kösəm Sultan adlanan ifritənin onu və anasını boğmaq üçün dirilib lüm-lüt üstünə gəlməyini, At Meydanındakı çinar ağaclarının yerində bitən əncir ağaclarından əncir yerinə qanlı cəsədlər sallandığını, üzü onun üzünə oxşayan pis adamların onu əllərindəki çuvala soxub boğmaq üçün qovaladığını, ya da Üsküdardan dənizə girən tısbağa ordusunun kürəklərindəki çanağın küləkdən heç cür sönməyən alovlarla saraya tərəf yeridiklərini Padşah xəyal edəndə, biz onun dövlət işlərindən əl çəkməyini, ovdan və heyvanlardan başqa, fikrində heç nə olmadığlnı deyənlərin nə qədər haqsız olduğunu düşünür, mənim səbir və ləzzətlə dəftərə yazaraq təsnifatlaşdırdığım bu yuxuları, hazırlanmalı olan dəhşətli bir silahın reallaşacağını yozmağa çalışırdıq. Xocanın fikrincə, yavaş-yavaş onu təsir altına salırdıq, artıq bu işin öhdəsindən gələcəyimizə inanırdım. Bir rəsədxanada elm mərkəzi qurmaq üçün, təzə bir silah hazırlamaq üçün ondan söz alıb, coşqunluqla xəyal qurduğu gecələrdən sonra bu mövzuları Sultanla bir dəfə də olsun ciddiciddi danışa bilməmişdi. Vəbadan bir il sonra, Köpürlü öləndə Xoca ümidlənmək üçün yenə bir bəhanə tapdı: Köpürlünün gücündən və şəxsiyyətindən qorxduğuna görə Sultan beynindəkiləri reallaşdırmaqdan çəkinirdi, indi baş vəzir öldüyünə və yerinə də atası qədər güclü olmayan oğlu keçdiyinə görə Padşahdan cəsur qərarlar gözləməyin əsl vaxtıydı. Ondan sonrakı üç ili bu cəsur qərarları gözləməklə keçirdik. Artıq məni təəccübləndirən şey xəyalları ilə ovları arasında çaş-baş qalan Sultanın süstlüyü yox, Xocanın hələ ümidini ona bağlaya bilməsiydi. Bütün bu illər ərzində ümidlərini itirib mənə oxşayacağı günü gözləyirdim”. Artıq uğur adlandırdığı nəsnədən əvvəlki kimi söz sala bilmir, vəbadan sonrakı aylarda duyduğu coşğunluğu baxmayaraq ki, duya bilmirdi, amma Sultanı böyük plan adlandırdığı nəsnəylə onu aldada biləcəyi günün xəyalını hələ də sağlam saxlaya bilirdi. Həmişə bir bəhanə tapırdı: İstanbulu küllü-küf eləyən o böyük yanğından bir müddət sonra Sultanın böyük planlarla pul xərcləməyi qardaşını taxta çıxartmaq istəyən düşmənlərinə fürsət yaradırdı, Padşah indi heç bir şey edə bilmirdi, çünki ordu Macarıstana səfərə çıxmışdı, növbəti ildə də almanlara qarşı hücuma keçdiklərinə görə gözləyirdik, sonra qurtarması üçün böyük pullar xərclənən və Turxan Sultan və Padşahla birlikdə Xocanın da tez-tez getdiyi Xaliç sahilindəki o Yeni Validə Məscidinin tikilişi vardı hələ, sonra da mənim gedə bilmədiyim bitib-tükənməyən ov səfərləri vardı. Mən Xocanın ovdan qayıtmağını evdə gözləyərkən nəsihətinə qulaq asmağa çalışır, “böyük plan”, yaxud “elm” adlandırdığı o şey üçün parlaq iddealar axtara-axtara və tənbəl-tənbəl mürgüləyərək səhifələri çevirərdim. İcra edilsə də verəcəyi nəticəyə çox da inanmadığım bu planların xəyalları belə məni artıq sevindirmirdi. Tanışlığımızın ilk illlərində astronomiya, coğrafiya, ya da Şərq elmləri mövzularında düşündüyümüz şeylərin real bir tərəfi olmadığını Xoca da mənim kimi bilirdi: Saatlar, alətlər, modellər küncdə unudulub çoxdan paslanmışdı. Hər şeyi onun elm adlandırdığı bu naməlum işi reallaşdıracağımız günə saxlamışdı, əlimizdə bizi faciədən qurtaracaq böyük bir plandan daha çox, planın xəyalı vardı. Məni heç alçada bilməyən bu rəngsiz xəyala inana bilmək və Xocayla birgə ola bilmək üçün bəzən çevirdiyim səhifələrə, ya da ağlıma qəfil gələn düşüncələrə onun gözüylə baxmağa, özümü onun yerinə qoymağa çalışırdım. Ovdan qayıdanda,
məni üstündə baş sındırmaq üçün qoyub getdiyi hər hansı bir mövzuda, təzə bir həqiqəti aşkarlamışdım, hər şeyi də mənə arxa çevirərək dəyişdirə bilər deyə inamla edərdim; “Dənizin qabarıb çəkilməyinin səbəbi ona tökülən çayların istiliyi ilə əlaqəlidir” deyəndə, yaxud “Vəba havadakı toz dənəciklərinə hopur, hava dəyişəndə isə yox olur”, yaxud da “Böyük bir silah hazırlayıb uzun lüləsi və təkərləri ilə hamını qabağımıza qatıb qovalaya bilmək mümkündür, ya da, “dünya günəşin ətrafında fırlanır, Günəş də Ayın ətrafında”, deyəndə əynindəki tozlu ov paltarını dəyişən Xoca həmişə məni xoş-xoş güldürən həminki cavabı verirdi: “Bizim axmaqlar bu həqiqətdən xəbərsizdirlər!” Sonra şiddətlə məni də arxasınca sürütləyən qəzəb böhranına qapılır, Padşahın çaşqın donuzun arxasınca saatlarla at sürməyinin, ya da tazılarına tutdurduğu dovşan üçün göz yaşı tökməyinin cəfəngiyat olmağından danışar, ov ərzində sözlərinin Sultanın bir qulağından girib digərindən çıxmağını istəməyə-istəməyə etiraf edər və nifrətlə təkrarlayardı: bu axmaqlar həqiqətlərin fərqinə nə vaxt varacaqlar? Bu qədər axmağın bir-birini tapması təsadüf idi, yoxsa zərurət. Niyə bu qədər axmaqdılar? Beləliklə yavaş-yavaş, “elm” adlandırdığı nəsnəyə, bu dəfə onların beyinlərinin içini başa düşmək üçün, təzədən başlamalı olduğunu hiss edirdi. Bir stolun arxasında oturub, bir-birimizə nifrət edərək, bir-birimizə oxşadığımız o gözəl günləri ağlıma saldığı üçün mən də bu “elm”ə girişməyə həvəsləndim, amma ilk sınaqlardan sonra başa düşdük ki, artıq işlər əvvəlki kimi deyildi. Bir dəfə, onu hara, nəyə görə sıxışdırılacağımı bilmədiyimə görə heç cür üstünə gedə bilmirdim. Ən vacibi hiss edirdim ki, ağrıları və məğlubiyyəti sanki mənim ağrılarım və məğlubiyyətlərim idi. Bir dəfə inanamasam da burdakıların axmaqlığını şişirdilmiş örnəklərlə xatırladandan, onlar qədər özünün də məğlubiyyətə məhkum olduğunu hiss etdirəndən sonra ona göz qoydum: Baxmayaraq ki, hiddətlə mənim əleyhimə hərəkət edir, məğlubiyyətin məcburi olmadığını, onlardan əvvəl başlayıb bu işlərlə məşğul olsaq, sözgəlişi deyirdi ki, bu silah planını həyata keçirdə bilsək, üstümüzə doğru axıb bizi arxaya aparan çayın axınını yenə də geriyə çevirə bilərdik, planlarından yox, ümidsiz olanda etdiyi kimi, “planlarımızdan” danışaraq məni sevindiridi, amma yaxınlaşan və qaçılmaz məğlubiyyətin dəhşəti onu bürümüşdü: Onu kimsəsiz bir uşağa bənzədirdim, mənə köləliyin əvvəlki illərini xatırladan qəzəbini və hüznünü çox xoşlayırdım, mən də onun kimi olmaq istəyirdim. Otağın içində var-gəl edərkən, qaranlıqda, yağışın altındakı palçıqlı küçəyə, yaxud da Xaliç sahilindəki bir-iki evin hələ də yanan solğun və titrəyən işıqlarına baxırdı, sanki orada ümid bağlanılması mümkün olan yeni bir işartının izlərini axtarırdı, düşünürdüm ki, otağın içində qıvrılaraq gəzinən Xoca yox, mənim gəncliyimdi. Bir vaxtlar mən olan bu adam, məni tək qoyub getmişdi, küncdə mürgələyən mən isə sanki həyəcanımı təkrarən özmdə tapa bilmək üçün ona diqqətlə baxırdım. Qurtarmaq bilməyən və özünü təkrarlayan bu həyəcan hissindən artıq bezmişdim. Baş münəccim olandan sonra Gəbzədəki torpaqları böyümüş, gəlirimiz də artmışdı. Padşahla boşboğazlıq edib vaxt keçirməyindən özgə, bir işlə məşğul olmağına da ehtiyac yox idi. Arada bir Gəbzəyə gedib sınıq-salxaq dəyirmanları və hamıdan əvvəl bizi yekə çoban itlərinin qarşıladığı kəndləri gəzərək gəlirlərini yoxlayır, qeydlərə nəzər salaraq eşikağasının bizi nə qədər aldatdığını anlamağa çalışır, bəzən gülüşərək, əksər vaxt da sıxıntıyla ah çəkərək Padşah üçün əyləncəli risalələr yazır, başqa heç bir iş də görmürdük. Mən israr eləməsəydim, bəlkə, gözəl vaxt keçirib, axırda, gözəl qoxulu qadınlarla yatdığımız o yerləri də qaydasına saldırmayacaqdı. Əsəblərini daha da pozan şey Almaniya səfəri idi, Girit Qalasıydı, orduların və paşaların İstanbulu yiyəsiz qoymağından və anasının da ona sözünü keçirə bilməməyindən cəsarətlənən Padşahın, saraydan qovulan bütün çənəbaz çoxbilmişləri, təqlidçiləri, alçaqları ətrafına toplamasıydı. Nifrət ettdiyi və zəhləsi gedən bu saxtakarlardan özünü ayırmaq və üstünlüyünü onlara da qəbul elətdirməkdən ötrü Xoca onların arasına girməməkdə qərarlı idi, amma Padşahın israrı ilə bir-iki dəfə danışıb mübahisə etdikləri şeyləri dinləmək məcburiyyətində qaldı. Heyvanların ruhu ola bilərdmi, hansının ruhu var, hansı cənnətə, hansı cəhənnəmə gedir, balıqqulağı erkəkdir, yoxsa dişi, hər səhər çıxan günəş təzə günəşdirmi, yoxsa axşam batan günəş arxadakı yoldan fırlanıb sabah digər tərəfdən başını çıxarır, bu tipli mövzuların danışıldığı bu yığıncaqlardan gələcəkdən ümidini üzərək çıxar, nəsə eləməsək, yaxın vaxtlarda Padşahın da əldən gedəcəyini deyərdi. Bizim planlarımızdan, bizim gələcəyimizdən danışdığı üçün sevinclə ona qoşulurdum. Bir dəfə Sultanın fikrinin nədən ibarət olduğunu anlamaq üçün mənim illlərdir tutduğum dəftərləri, gördüyüm yuxuları, xatirələrimizi açıb tökdük. Sanki şkafın siyirmələrindən çıxan xırdaxuruşları yığışdırırdıq. Padşahın ağlının istiqamətini tutmağa çalışırdıq, nəticə çox da ümidverici deyildi: Xoca hələ də bizi xilas etməli olan o dəhşətli silahlardan, ya da fikrimizdə tez bir zamanda həll etməli olduğumuz sirlərdən baxmayaraq ki, danışa bilirdi, amma artıq elə davranırdı ki, guya daha yaxınlaşmaqda olan qorxunc bir iflasın da fəriqində deyil. Bu haqda aylarca çənə yorduq. Süqutdan, imperatorluğun əlindəki ölkələri bir-bir itirməsini başa düşürdükmi? Xəritələrimizi masanın üstünə sərər, əvvəlcə hansı ölkənin, sonra hansı çaylarla hansı dağların əldən gedəcəyini təyin edərdik. Yoxsa süqut, insanların və inancların fərqinə varmadan dəyişməsi demək idi? Bütün istanbulluların bir səhər isti yataqlarından başqa bir insan kimi qalxdıqlarını gözümüzün qabağına gətirdik, paltarlarını bilmirdilər ki, necə geyinsinlər, minarələrin nə üçün istifadə edildiyini xatırlaya bilmirdilər. Bəlkə, bu süqut, digərlərinin üstünlüyünü görərək onlara oxşamaq demək idi: Belə olanda mənə Venesiyadakı həyatımdan bir fraqment danışdırar, sonra, burdakı tanışlarından bəzilərinin başında şapkalar, əyinlərində şalvarlarla mənim xatirələrimi təkrarən yaşadıqlarını xəyalımızda canlandırardıq. Qurarkən vaxtın necə keçdiyini bilmədiyimiz bu xəyalları sonuncu xilas yolu kimi Paşaya bildirməyə qərar verdik. Deyirdi ki, xəyalların ən incə detalları ilə canlandırılan bütün o süqut səhnələri, bəlkə, onu təlaşa salar. Beləliklə, səssiz və qaranlıq gecələr ərzində aylarla hüzn və ümidsiz sevinclə planlaşdırdığımız o məğlubiyyət və süqut xəyallarından yaranan, bütün o boynubükük kasıbları, palçıqlı yolları, yarımçıq qalmış tikililəri, qaranlıq və qəribə küçələri, hər şey əvvəlki kimi olsun deyə başa düşmədikləri duaları oxuyanları, dərdli analarla yazıq ataları, başqa ölkədə hazırlanan və yazılanları bizə başa salmağa ömürləri çatmayan bədbəxtləri, işləməyən alətləri, o gözəl günlərə mərsiyə oxuyan gözüyaşlıları, bir dəri bir sümük olan küçə itlərini, torpaqsız kəndliləri, şəhərdə boş-boş gəzən işsizləri, oxuyub yaza bilməyən şalvarlı müsəlmanları və sonu məğlubiyyətlə bitən bütün müharibələri kitaba doldurduq. Kitabın başqa bir hissəsinə mənim solğun xatirələrimi: anam, bacım və qardaşımla Venesiyada olanda və məktəb illərində başıma gələn xoşbəxt və ibrətamiz hadisələrdən bir-ikisini yazdıq. Bizi məğlubiyyətə düçar edəcək adamlar bu cür yaşayırdılar, biz də onlardan əvvəl başlayaraq bu cür etməliydik. Solaxay xəttatımızın ağlamaya yazdığı nəticə hissəsində isə Xocanın çox xoşuna gələn şkaf bənzətməsiylə beyinlərimizin sirli müəmmasının qarışıq sıralarına giriş sayıla bilən qafiyəli bir şeir vardı. Qürurlu və səssiz adlandıra biləcəyim bu şeirin incə tərzi, Xocayla birgə yazdığımız kitab və risalələrin ən yaxşısını hüzünlə tamamlayırdı. Xoca kitabı Sultana verəndən bir ay sonra ondan bu dəhşətli silahın hazırlanmasına başlamaq üçün əmr aldı. Təəccüb içindəydik, uğurumuzun nə qədərini bu kitaba borclu olduğumuza heç cür qərar verə bilmirdik.

“Düşmənlərimizi darma-dağın edəcək silahı hazırla, bir baxaq” deyərkən, bəlkə də, Sultan Xocanı sınayırdı, bəlkə də, hansısa yuxunu görüb Xocadan gizlətmişdi, bəlkə, təzyiq göstərən anasına və paşalara, ətrafına yığdığı o çoxbilmişlərin əllərindən bir iş gəldiyini göstərmək istəyirdi, bəlkə də, vəbadan sonra başqa Xocanın bir möcüzə də yaradacağını düşünürdü, bəlkə, də kitabımıza doldurduğumuz o süqut xəyallarından, həqiqətən də, təsirlənmişdi, bəlkə də, süqutdan çox, bir neçə dəfə ordunun uğursuzluğundan sonra qorxduğu kimi, onun yerinə qardaşlarını hakimiyyətə gətirmək istəyənlərin onu taxtdan salacağını düşünərək narahat olmuşdu. Bütün bunları Padşahın silahı təkmilləşdirək deyə gəlirlərini bizə həvalə etdiyi kəndlərindən, zeytunluqlarından əldə edəcəyimiz çoxlu pulları təəccüblənə-təccüblənə hesablayarkən düşünürdük. Nəhayət, dedi ki, təəccüblənməli olduğumuz şey elə çaşbaş olmağınızdır: illərdir Sultana danışdığı o əhvalatlar, yazdığımız risalələr və kitablar doğru deyildimi ki, onlara inananda belə şübhələnirdik. Hələ bundan başqa: Padşah beynimizin içindəki o müəmmalarda nələrin olduğu ilə maraqlanmağa başlamışdı. Xoca həyəcanla məndən soruşurdu: bu, illərdir gözlədiyimiz uğur deyilmi?


Tarix: 09.06.2015 / 12:33 Müəllif: Aziza Baxılıb: 324 Bölmə: Orxan Pamuk - "Bəyaz qala"