beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

5-ci hissə#
5-ci hissə#

Yaxşı ki, vərdiş eləməmişəm. Çünki bir gün bir də gördüm ki, Xoca qarşımda dayanıb! Balıqçının həyətinin arxasında uzanıb, qapalı gözlərimi günəşə çevirib, xəyal qururdum, kölgəsini hiss elədim, qarşımda dayanıb gülümsəyirdi. Oyunu udmuş bir adam kimi yox, sanki məni çox istəyən bir adam kimi görünürdü. Məni qorxuya salacaq qədər qeyri-adi bir razılıq vardı görkəmində. Bəlkə də, gizli şəkildə mən də bunu gözəyirəmmiş: Çünki tezcə tənbəl kölənin, boyun əyən kənizin günahkarlıq hissinə büründüm. Getmək üçün hazırlaşarkən Xocadan nifrət eləmək əvəzinə, özümə xor baxırdım. Balıqçıya olan borcumu da o ödədi. Yanına iki adam götürüb, qoşa qayıqlarla gəliblər, tez qayıtdıq. Hava qaralmamış evdəydik, evin qoxusundan ötrü darıxmışammış. Ayna da divardan götürülmüşdü. Səhəri gün Xoca məni yanına çağırıb dedi: Günahım çox ağır imiş, ancaq qaçdığım üçün yox, bir böcək dişləyini vəba çıxıntısı zənn edib onu ölüm ayağında qoyub getdiyimə görə də günahkardım, məni cəzalandırmaq üçün ürəyi axırmış, amma indi vaxtı deyilmiş. Danışdı ki, Padşah bir həftə əvvəl, nəhayət, Xocanı çağırıb bu vəbanın nə vaxt bitəcəyini, daha neçə can alacağını, öz canının təhlükədə olub-olmamağını soruşub. Çox həyəcanlanan Xoca hazırlıqsız olduğu üçün ümumiləşdirilmiş cavablar verib, ulduzlarla işləməli olduğunu deyərək vaxt istəyib. Suyu süzülə-süzülə evə qayıdıb, padşahın marağını necə azaltmaq lazım olduğunu müəyyənləşdirə bilmirmiş. Beləliklə, qərar alıb ki, məni gətirsin. Adada olduğumu çoxdan bilirmiş, mən qaçandan sonra soyuqlayıb, üç gün sonra arxamca düşüb, balıqçıların orda izimi tapdığını bilib, bir az pul görən kimi boşboğaz qayıqçı məni Heybəlidə gördüyünü deyib, Xoca adalardan özgə yerə qaça bilməyəcəyimə görə arxamca gəlməyib. Padşahla qurduğu bu sonuncu əlaqənin həyatının ən vacib fürsəti olduğunu deyəndə haqlı olduğunu bildirdim. Açıq-aşkar mənim bilgimə ehtiyacı olduğunu dedi. Tez işləməyə başladıq. Xocada məqsədini tam aydınlaşdırmış bir insanın qərarlılığı hiss olunurdu, bundan əvvəl heç vaxt görmədiyim bu sərtlik xoşuma gəlirdi. Səhəri gün yenə çağırılacağını bildiyimiz üçün qərara aldıq ki, vaxt qazanaq. Üstündə işləmək üçün tez razılaşdığımız ekperiment xarakterli işə çox da elm sərf etməməli, fəqət, çəkdiyimiz zəhmət tez bir zamanda özünü doğrultmalı idi. Xoşladığım o iti dərrakə Xocanı, “kahinlik bir şeytanlıqdır, amma axmaqlıqları əhatələmək üçün çox yaxşı istifadə oluna bilər” ifadəsini doğrultmağa imkan verirdi. Görünür, Xoca danışdıqlarıma qulaq asarkən vəbanın ancaq sağlamlığa fikir verməklə qarşısının alınması mümkün olan fəlakət olduğunu təsdiqləyirdi. O da mənim kimi, fəlakətin Allahla bağlı olduğunu inkar eləmirdi, amma bu fikir birbaşa deyildi, buna görə də biz ölümlülər də əl-qolumuzu çırmalayıb fəlakətə qarşı nəsə edə bilərdik və bu Allahın qüruruna heç də toxunmazdı. Həzrəti Ömər də, Əbü Übeydiyi ordunu vəbadan qorumaq üçün Suriyadan Mədinəyə çağırmamışdımı? Xoca Padşahı qorumaq üçün ondan tələb edəcəkdi ki, heç olmasa başqaları ilə əlaqəsini bir qədər azaltsın. Demək olmaz ki, fikrimizdən bu tədbirləri görmək, Padşahı məcbur etmək üçun onun ürəyinə ölüm qorxusu salmaq keçmədi, amma bu təhlükəliydi: Sultan poetik bir ölüm təsviri ilə qorxudulacaq qədər də tək buraxılmırdı, Xocanın boşboğazlığından təsirlənsə də, ətrafındakı adamlara qorxusunu danışsa da, ətrafında qorxusuna güc gələ biləcək insanlar vardı, sonra bu üzsüz axmaqlar, hər an Xocanı dinsiz kimi günahlandıra bilərdilər. Buna görə də mənim ədəbi məlumatıma əsaslanaraq bir əhvalat uydurduq. Xocanın gözünü ən çox qorxudan şey vəbanın nə vaxt bitəcəyini müəyyənləşdirmək idi. Başa düşdüm ki, gündəlik olan ölüm rəqəmləri ilə işləməliyik, bunu Xocaya deyən də çox da təsirlənmədi, bu haqda rəqəmlər əldə edə bilmək üçün Padşahdan kömək istəyəcəkdi, amma bu da başqa bir əhvalatla ört-basdır olunacaqdı. Statistikaya o qədər inanmıram, amma başqa çıxış yolumuz da yoxdur. O səhəri gün saraya getdi, mən də şəhərin və vəbanın içinə əvvəlki kimi vəbadan yenə də qorxurdum, amma fəallığın və həyatın şiddəti, dünyanı az da olsa ələ keçirmək istəyi ağlımı əlimdən almışdı. Küləkli və sərin bir yay günüydü, ölənlərin və ölülərin marağıyla gəzinərkən düşündüm: uzun illərdir ki, həyatı bu qədər sevə bilməmişəm. Məscidlərin tualetlərinə girir, kağıza tabutların sayını yazır, sonra məhəllədə gəzinərək gördüklərimlə ölülərin sayı arasında əlaqə qurmağa çalışırdım. Bütün evləri, insanları, insan izdihamını, şadlığı, sevinci və kədəri mənalandırmaq asan deyildi. Üstəgəl, qəribə bir mənəvi aclıqla gözüm təsvirlərdə qalırdı.

Başqalarının həyatına, bir evin içində öz sirlərini və gözəl günlərini bölüşən insanların xoşbəxtliyinə, çarəsizliyinə, qayğısızlığına baxırdım. Günortaya az qalırdı, insan izdihamının və ölülərin təsirli sehriylə qarşıdakı sahilə, Qalataya keçdim, limanın ətrafındakı işçilər oturan çayxanaların yaxınlığında gəzindim, çəkinə-çəkinə tütün çəkdim, sırf dərk etmək istəyi ilə aşxanada yemək yedim, bazarlara getdim, dükanlara girdim. Hər şeyi bir-bir beynimə yazmaq istəyirdim ki, bir nəticə çıxarda bilim. Axşamın qaranlıq düşəndən sonra yorğun-arğın evə qayıtdım, saraydan qayıdan Xocaya qulaq asdım. İşlər qaydasında gedib. Uydurduğumuz əhvalat Padşahın beyninə batıb. Vəbanın eynən şeytan kimi, insan cildinə girib onu aldatmaq istəyəcəyi Padşahın ağlına batıb, qərar verib ki, hər yad adamı saraya qoymayın, giriş-çıxışlar isə ciddi nəzarətə alınıb, vəbanın nə vaxt və necə qurtaracağı sualı soruşulanda Xoca elə dil töküb ki, Padşah şəhərin içində sərxoş kimi gəzinən Əzraylı gözünün önündə canlandıra biləcəyini qorxuyla deyib, gözü tutan adamları əli ilə tutub itələyirmiş. Xoca tez təlaşla düzəliş verib: O, əzrayıl yox, insana ölümü təlqin edən şeytan imiş. Həm də sərxoş yox, çox hiyləgərimiş. Xoca ona planlaşdırdığımız kimi, şeytanla mübarizə aparmalı olduğunu da deyib. Vəbanın şəhərdən nə vaxt əl çəkəcəyini anlamaq üçün haralarda gəzindiyini görməliydilər. Ətrafındakılardan vabayla mübarizə aparmağın Allaha qarşı çıxmaq olduğunu deyənlər olubsa da, Padşah çox da fikir verməyib, sonra bir də heyvanları soruşub: şahinlərinə, qızıl quşlarına, aslanlarına, meymunlarına şeytan ilişə bilərdimi? Xoca tez şeytanın insanlara insan cildində, heyvanlara da siçan cildində göründüyünü deyib. Sultan vəba yoluxmamış uzaq bir şəhərdən beş yüz pişik gətirilməsini, Xocaya da istədiyi qədər adam verilməsini buyurub. Əmrimizdə olan on iki adamı tez bir zamanda İstanbulun dörd bir tərəfinə göndərdik, məhəllə-məhəllə gəzib, gördüklərini və ölülərin sayını bizə bildirdilər. Masamızın üstünə mənim başqa kitablardan əxz edərək cızdığım qaba bir İstanbul xəritəsini sərmişdik. Gecələr vəbanın harda gəzindiyini əritənin üstünə qorxu və ləzzətlə işarələyər, Sultana deməli olduğumuz fikirləri planlaşdırardıq. Əvvəlcə çox da nikbin deyildik. Vəba şəhərdə hiyləgər şeytan kimi yox, məqsədsiz bir avara kimi dolaşırdı. Bir gündə Ağsarayda qırx can alır, sonra oradan uzaqlaşıb sonrakı gün Fatihə baş çəkirdi və bir də görürdün ki, qarşıdakı sahildə, Topxanada, Cahangirdə yayıldığı məlum olurdu, səhəri gün bir də baxırdıq ki, oralarada da çox az yayılıb, Zeyrəkdədir, Xaliçdən görünən bizim məhəlləmizə girib iyirmi nəfəri öldürüb. Ölülərin sayından da heç nə başa düşə bilmirdik, bir gün beş yüz adam ölürdü, səhəri günü isə yüz. Vəbanın qurbanını harda öldürdüyünü yox, ilkin vəziyyətdə harda ələ keçirdiyini öyrənməli olduğumuzu başa düşəndə çox vaxt keçmişdi, Padşah yenə də Xocanı çağırırdı. Götür-qoy elədik, qərara aldıq ki, Xoca Padşaha vəbanın insanların çox baş çəkdiyi satış məntəqələri olan yerlərdə, insanların bir-birini aldatdığı bazarlarda, yaxın əyləşib söz-söhbət elədikləri çayxanalarda gəzindiyini desin. Getdi və axşam da qayıtdı. Padşaha deyib. Padşahsa sual verib: “Nə edək?”. Xoca deyib ki, bazar-güzar, şəhər içindəki gediş-gəliş dəyənək zoru ilə məhdudlaşdırılsın. Sultanın ətrafındakı o çoxbilmişlər təbii ki, tez bu fikirə qarşı çıxıblar: Şəhər maddi ehtiyacını necə ödəyəcəkmiş, ticarət dayansa, həyat da dayanacaqmış, vəbanın insan cildində gəzindiyini eşidənlərin qorxudan zəhri yarılıb, qiyamətin çatdığına inanıblar, sonra kimsə içində vəba şeytanının gəzindiyi məhəllədə özünü həbs etməyəcəyini iddia edərək, üsyan edib. ”Haqlıydılar”,- Xoca dedi. Bu vaxt bir axmaq da xalqı bu qədər sıxan bir adamı hardan tapacaqlarını soruşanda Padşah hirslənib, onun gücündən şübhəyə düşənləri cəzalandıracağını deyərək hamını qorxudub. Bu qəzəblə də Xocanın dediklərinin edilməsini buyurub, amma ətrafındakı adamlarla da məsləhətləşməyi unutmayıb. Baş münəccim Sıdqı Əfəndi diş bülövlədiyinə görə xatırladıb ki, hələ vəbanın İstanbuldan nə vaxt sovuşacağını deyə bilməz. Sultanın onun fikrini təsdiqləməyindən qorxan Xoca gələn dəfə gələndə təqvimi gətirəcəyini deyib. Masanın üstündəki xəritəni işarələr və rəqəmlərlə doldurmuşduq, amma, vəbanın hansı ağıla uyaraq şəhərdə gəzindiyini heç cür başa düşə bilmirdik. Həmçinin Padşahın qadağası da reallaşdı və üç gündən artıq davam elədi. Bazarın girişlərini, əsas prospektləri, gəmi limanlarını blokadaya alan yeniçərlər gəlib keçəni sıxışdıraraq “Kimsən? Hara gedirsən? Niyə gedirsən?”, deyə sorğu sual edirdilər. Ürkək, təəccüblü yol adamları, boş-boş gəzinən insanları daban əlli altı evlərinə yollayıblar ki, vəba onlara dəyməsin. Bazarda, un dəyirmanında gündəlik yaşam tempinin yavaşıdığını öyrənəndə son bir aydır topladığımız ölüm rəqəmlərini kağıza yazıb, divardan asıb düşünürdük. Xocaya görə, vəbanın hansısa məntiqə əsasən hərəkət edəcəyini hədər yerə gözləyirdik, başımızı salamat saxlamaq üçün nəsə uydurub Padşahın başını qatmalıydıq. İcazə kağızı üsulu da bu ərəfədə yarandı. Yeniçər öz ağası ticarət dayanmasın və şəhər əhli ərzaqla təmin olunsun deyə lazım bildiyi adamlara icazə kağızı paylayırlarmış. Bundan çox pul qazandığını və xəracdan asılı olmaq istəməyən kiçik tacirin də üsyan eləməyə hazırlaşdığını öyrənəndə, mən birinci dəfə ölüm rəqəmlərində də məntiq olduğunu başa düşməyə başlamışdım. Baş vəzir Köpürlünün tacirlə əlbir olub hazırlayacağı planları nəql edən Xocaya olacaqları dedim, vəbanın yavaş-yavaş kənar məhəllələrdən, kasıb səmtlərdən çəkilməyinə onu inandırmağa çalışdım. Danışdıqları çox da ağlıma batmadı, amma təqvimi hazırlamağı mənə həvalə elədi. Padşahın başını qatmaq üçün heç bir mənası olmayan və oxuyandan sonra heç kəsin heç bir nəticə əldə edə bilmədiyi bir hekayə yazdığını dedi. Başqa vaxtsa məndən soruşdu: İnsan oxuma və dinləmə zövqündən özgə, heç bir nəticəsi və mənası olmayan bir hekayə uydura bilərmi? Dedim ki, “Musiqi kimi?”. Xoca təəccübləndi. Sonra düşündük ki, yaxşı hekayənin əvvəli nağıl kimi primitiv, ortası qorxulu yuxu kimi, sonu da ayrılıqla qurtaran eşq əhvalatı kimi olmalıdır. Saraya getməmişdən bir gecə əvvəl oturub şən-şən boşboğazlıq edir, təlaşla çalışırdıq. Yan otaqda Xocanın hələ sonunu yaza bilmədiyi hekayəsinin əvvəlini ağlamaya köçürən dostumuz, solaxay xəttat vardı. Səhərə yaxın mən əlimdəki məhdud rəqəmlərlə günlərdir uyğunlaşdırmağa çalışdığım proqnozlardan vəbanın sonuncu qurbanlarını bazarlarda öldürüb iyirmi gün sonra şəhərə gedəcəyini müəyyənləşdirmişdim. Xoca da bu nəticənin əsaslandırıldığı mənbəni soruşmadı, ancaq xilas gününün çox uzaqda olduğunu dedi, buyurdu ki, təqvimi iki həftəyə əsasən təzədən düzəldim və müddəti də başqa rəqəmlərlə birgə açıqlayım. O qədər də nikbin deyildim, amma dediyini elədim. Xoca tez orda təqvimin bəzi tarixlərinə misralar düzüb, işini qurtarmaq üzrə olan xəttata verdi, məndən də xahis elədi ki, misraların bəzilərinə rəsmlər çəkim. Günortaya yaxın əbrulu, mavi bir qapaqla tələm-tələsik cildlətdirdiyi risaləni özüylə götürüb gedərkən qəmli idi, darıxırdı və qorxurdu. Mənə dedi ki, təqvimdən daha çox, başdan-başa hekayəsinə doldurduğu qutan quşlarına, qanadlı buğalara, qırmızı qarışqalara və danışan meymunlara güvənir. Axşam qayıdanda həyəcanlıydı, bu həyəcan qənaətlərinin doğruluğunu Padşaha tamamilə qəbul etdirdiyi o üç həftə ərzində davam elədi. Əvvəllər, deyirdi ki, “Hər şey ola bilər”, birinci gün heç də ümidli deyildi, hətta gözəl səsli cavan bir oğlana oxutdurulan hekayələrini dinləyərkən Padşahın ətrafında toplaşan adamlardan bəziləri gülüblər, məlumdur ki, bunu Xocanı alçaltmaq, Sultanın gözündən salmaq üçün ediblər, amma Padşah, onları susdurub və acılayıb, soruşub ki, vəbanın iki həftə sonra qurtaracağını hansı irəliləyişlərə əsasən bilir. Xoca da hər şeyin açıqlamasının heç kəsin başa düşmədiyi əsərdə olduğunu deyib. Sonra özünü Padşaha xoş göstərməkdən ötru Trabzondan gəmilərlə gətirilən və ancaq həyətlərin içini yox, otaqları da ağzınacan dolduran rəngbərəng pişikləri əzizləyib. O ikinci gün gələndə dedi ki, saray adamları iki yerə ayrılıb: baş münəccim Sıdqı Əfəndinin də tərkibində olduğu qrup şəhərdəki bütün məhdudiyyətlərin aradan qaldırlmasını istəyərkən, Xocayla birgə digərləri də deyirmiş: “Şəhəri yaxşı qoruyaq ki, şəhərdə gəzən vəba şeytanı da rahat nəfəs ala bilməsin”. Mən günbəgün ölüm sayının azalmasına nəzər salıb ümidlənirdim, amma Xoca hələ də həyəcanlıydı, danışırdılar ki, birinci qrup Köpürlüylə razılaşıb üsyan etmək istəyir, məqsədləri vəbanın qarşısını almaq yox, düşməndən qorunmaqdı. Birinci həftənin sonunda ölüm statistikasında gözəçarpan azalma müşahidə olunurdu, amma xəstəliyin bir həftə sonra bitməyəcəyi də mənim hesablamalarıma görə aşkar olunmuşdu. Hazırladığım təqvimi dəyişdirdiyinə görə Xocaya hirslənmişdim, amma artıq ümidlənmişdi, danışırdı ki, daha baş vəzir haqqında danışılanların davamı gəlmir. Buna görə onlar söz-söhbət yayıblar ki, Köpürlü onlarla əlbir olub. Bütün bu həlləm-qəlləm işlərdən əmməllicə bezən Padşah öz rahatlığını pişiklərdə axtarırmış.

İkinci həftə qurtaranda şəhər vəbadan çox, görülən tədbirlərdən bezmişdi, hər gün daha az insan ölürdü, amma bunu yalnız bizim kimi işlərin gedişatını bilənlər bilirdi. Danışırdılar ki, aclıq hökm sürür, İstanbul tərkedilmiş qorxuc bir şəhər kimiydi, məhəllədən kənara çıxmadığıma görə bunları mənə Xoca danışırdı: Bütün o qapalı pəncərələrin və həyət qapılarının arxasında vəbayla boğuşan insanların çarəsizliyini, vəbadan və ölümdən özgə nəsə gözlədiyini hiss edirlərmiş. Gözlədikləri bu vəziyyət sarayda da hiss olunurmuş, yerə fincan düşəndə, kimsə bərkdən öskürəndə, qəfil pıçıltıyala danışan və “Sultan görək bu gün nə qərar verəcək” deyərək gözləyən o çoxbilmiş saray əhlinin bağrı yarılırmış, amma nəsə olsun, nə olursa olsun deyən çarəsizlər kimi tez həyəcanlanırlarmış. Xoca da bu həyəcana mübtəla olurdu: Sultan vəbanın yavaş-yavaş ciddiləşdiyini, qənaətlərinin doğru çıxdığını başa salmağa çalışıb, amma onu çox da təsirləndirə bilməyib, nəhayət, yenə məcburiyyət qarşısında qalaraq heyvanlardan söz salıb. İki gün keçəndən və məscidlərdə aparılan hesablamalardan sonra ona məlum olub ki, xəstəlik əməllicə ciddiləşib, amma həmin cümə Xocanın sevinci bununla əlaqədar deyildi. Ümidsizliyə qapılan bir neçə kiçik tacirlər, yolları tutan yeniçərlərlə vuruşublar, görülən tədbirlərdən narahat olan başqa bir qisim yeniçərləri, məhhələ məscidlərində vəz edən iki axmaq axundu, yağmalamaq həvəsi ilə bəzi avaraları, işsiz-gücsüzləri yanlarına çəkiblər, vəbanın Allahın işi olduğunu, ona qarışmağın mümkünsüzlüyünü təlqin edirlərmiş, amma hadisələr böyüməmiş tez qarşısı alınıb. Şeyxülislamdan fitva alan kimi, bəlkə də hadisələri olduğundan da daha böyük göstərmək üçün iyirmi nəfər öldürülüb. Xoca həyatından çox razı idi. Səhəri gün qələbə qazandığımızı elan elədik. Artıq sarayda görülən tədbirlərin aradan qaldırılmasından heç kəs söz sala bilmirmiş, yeniçərlərin başçısı çağırılanda üsyançıların saraydakı həmrəylərindən də bəhs edib, Sultan hirslənib, düşmənlik edərək Xocaya çətin günlər yaşadan o dəstə də çil toyuq balası kimi dağılışıb. Deyilənlərə görə, bir vaxtlar onların tərəfdarı olan Köpürlü üsyançılara qarşı sərt tədbir görəcəkmiş. Xoca ləzzət ala-ala dedi ki, Sultan bu işdə onun təsiri altındadır. Üsyanı yatıranlar da Sultanı razılaşdırmaq üçün vəbanın azaldığını deyirlərmiş. Üstəlik, bu söz, həqiqətən də, doğruydu. Padşah Xocaya indiyə qədər heç vaxt demədiyi tərifli sözləri deyib: Afrikadan gətirtdiyi meymunlarını göstərmək üçün onu hazırlatdırdığı qəfəsə aparıb. Axmaqlıqları və ədəbsizlikləri Xocanı da çimçindirən meymunları seyr edərkən, Padşah soruşub ki, o meymunlar da tutuquşular kimi danışa bilərmi? Sonra ətrafındakı adamlara tərəf çevrilərək deyib ki, artıq Xocanı yanında daha çox görmək istəyir, hazırladığı təqvim də düz çıxıb. Bir ay sonra, cümə günlərinin birində Xoca artıq baş münəccim idi, hətta onda artıq bir vəzifəsi də vardı, Sultan vəba qurtardı deyə, bütün şəhərin iştirak etdiyi Ayasofyadakı cümə namazına qatılmışdı, Allaha və Padşaha dua eləyən insanlar arasında mən də var idim. Padşah atı ilə qarşımızdan keçərkən ətrafımdakılar var gücləri ilə qışqırırdılar, sonra özlərini unutdular, itələşmə başlandı, insanlar dalğalandı, yeniçərlər bizi arxaya itələdi, əlində ağacla üstümə yıxılanların arasında sıxıldım, insanları dirsəkləyərək özümü qabağa verdim, məndən dörd-beş addım aralıda şad-xürrəm yeriyən Xocayla göz-gözə gəldik. Gözlərini məndən çəkdi, sanki məni tanımamışdı. O qorxunc səs-küy içərisindən məni qəfil mənasız bir coşqunluq bürüdü, o an inandım ki, Xoca məni görmür, var gücümlə qışqıraraq onu çağırdım, istəyirdim ki, burda olmağımdan xəbərdar olsun, məni görsə, insan izdihamının arasından sanki məni çəkib çıxardacaqdı, mən də zəfəri və qələbəni qoruyanların o xürrəm yüyürüşlərinə qoşulacaqdım. Amma bunu zəfərdən öz payımı əldə etmək, yaxud da etdiklərimin qarşılığını almaq üçün istəmirdim, içimdə tamam başqa bir hiss vardı: mən orda olmalıydım, çünki mən Xocanın özüydüm! Eynən, tez-tez gördüyüm qorxulu yuxularda olduğu kimi, kənardan baxıb seyr elədiyim öz varlığımdan ayrı düşmüşdüm: özümə kənardan nəzarət edə bildiyimə görə, deməli, mən bir başqa adam idim, ad-sanına büründüyüm bu özgə adamın kimliyini öyrənmək də istəmirdim, qarşımdan məni tanımayaraq yanımdan keçən özümə qorxuyla baxarkən, tez bir zamanda ona qoşulmaq istəyirdim. Amma heyvana bənzəyən bir əsgər var gücüylə məni geriyə, insan izdihamının içinə itələdi.


Tarix: 09.06.2015 / 12:32 Müəllif: Aziza Baxılıb: 349 Bölmə: Orxan Pamuk - "Bəyaz qala"