beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4-cü hissə#
4-cü hissə#

Əvvəlcə qardaşlarım, anam və nənəmlə birgə, Empolidəki bağ evimizdə keçirdiyimiz o gözəl günləri ehtiva edən bir neçə səhifə yazdım. Mənim niyə mən olduğumu izah etmək üçün bu şeylər haqqında yazmağı qarşıma açıq şəkildə məqsəd qoyduğumu bilirdim, bəlkə də, bu hal itirdiyim o gözəl günlərə qarşı olan həsrətimdən qaynaqlanırdı, üstəlik, hirslə dediyim o sözdən, qəzəbdən sonra Xoca məni o qədər bu işə məcbur eləmişdi ki, eynən indi etdiyim kimi, təfərrüatlarını bəyəndirməyə çalışaraq, oxucunu inandıracağım şeyləri düşünərək yazmaq məcburiyyətindəydim. Amma Xoca əvvəlcə yazdıqlarımı bəyənmədi, bunlar hamının fikirləşib yaza biləcəyi şeylərimiş, aynaya baxıb düşünərkən edilənlərin bunlar olduğuna inanmırmış, mənim Xocada əskikliyini gördüyüm cəsarət hissi də belə ola bilməzmiş. Atam və qardaşlarımızla getdiyim ov vaxtı qarşıma çıxan Alp ayısı ilə göz-gözə gəlib uzun-uzadı birbirimizə necə baxdığımızı və öz atları tərəfindən gözümüzün qarşısında tapdandıqdan sonra yatağında ölən əziz arabaçımızdan ötrü hiss etdiklərimi oxuyanda da eyni reaksiyanı verdi: Bunları hamı yaza bilərmiş. Bunun haqqında orda hamının etdiyinin bundan fərqli bir şey olmadığını dedim, ilk sözüm əsəblə deyilmişdi, şişirtməni, bundan artığını Xoca məndən gözləməməliydi. Amma mənə qulaq asmırdı, otağa qapadılmaqdan qorxduğum üçün xəyallarımı yazmağa davam elədim. Beləliklə, iki ay içində, bu cür kiçik, amma xatırlanması xoş bir şey olan bir yığın xatirəni kef və əzabla təkrarən xəyalımda canlandırdım və nəzər saldım, əsir düşənə qədər yaşadığım yaxı-pis nə vardısa, hamısını gözümün qarşısına gətirərək bir də yaşadım: Nəticədə başa düşdüm ki, bu işdən zövq alıram. Artıq yazmaq üçün Xocanın məni məcbur etməyinə ehtiyac yox idi, yazdığımın onun istədiyi kimi olmadığını hər dəfə deyəndə, daha əvvəllər yazmağı qərarlaşdırdığım bir başqa xatirəyə, bir başqa əhvalata keçirdim. Xeyli müddət sonra Xocanın da yazdıqlarımı oxumaqdan ləzzət aldığını görəndə onu bu işə cəlb etmək üçün müvafiq bir vaxt tapmağı gözlədim. Onu da hazırlamaq üçün, uşaqlığımdakı bəzi təcrübələrimdən danışdım: Sonu olmayan yuxusuz bir gecənin qorxusunu, eyni vaxtda eyni şeyləri düşünmə vərdişini əldə etdiyim cavanlıq dostlarımdamdan birinə qarşı hiss etdiyim yaxınlığımı, sonra onun ölümünü mənim ölümümlə səhv salıb onunla birgə basdırılmaq haqqındakı qorxumu danışdım: Bunlardan xoşu gələcəyini bilirdim. Bir müddətdən sonra cəsarət tapıb yuxularımdan birini danışdım: Ətraflarım bədəndən ayrılaraq qaranlıqda üzü görünməyən bir bənzərimlə razılaşır və ikisi mənə qarşı əlbir olurdular. Xoca da o günlərdə o gülünc nəqarəti təkrarən və daha tez-tez eşitdiyini deyirdi. Yuxudan istədiyim kimi təsirləndiyimi görəndə, bu cür yazının onun da sınaqdan keçirməli olduğunu israrla dedim. Həm bu bitib-qurtarmayan gözləmək məcburiyyətindən qurtular, həm də axmaqları ilə onu ayıran həqiqi sərhəd cizgisini görərdi. Arada-bir saraydan çağırırdılar, amma ümidverici bir irəliləyiş yox idi, əvvəlcə bir qədər nazlandı, amma mən onu üstələyəndə maraqla və utana-utana sınayacağını dedi. Gülünc görünməkdən qorxduğu üçün zarafat da etdi: “Birlikdə yazdığımız kimi, birlikdə də aynaya baxacağıq?”. Birlikdə yazmaq deyəndə, mənim onunla eyni masa arxasında oturmaq fikrim yox idi. O yazmağa başlayanda tənbəl kölənin öz azadlığına təkrarən qayıdacağını zənn eləyirdim, yanılmışam. Dedi ki, masanın üzbəüz tərəflərində oturub qarşılıqlı yazmalıyıq: Bu təhlükəli mövzular qarşısında tənbəlləşmək istəyən ağıllarmız ancaq bu şəkildə yola gedərmiş, məsuliyyət hissini ancaq çalışaraq bir-birimizə ötürə bilərdik. Amma bilirdim: bunlar hamısı bəhanəydi. Tək qalmaqdan, düşünəndə tək olduğunu hiss etməkdən qorxurdu. Boş kağızla üz-üzə gələndə mənim eşitdiyim kimi mızıldamağa başlamağından da bunu başa düşdüm, istəyirdi ki, yazmaq istədiklərini elə ordaca təsdiqləməyim. Bir neçə cümlə qaraladıqdan sonra uşaqcasına bir təvazökarlığı xatırladan qürur əskikliyi və maraqla yazdıqlarını mənə göstərməyə başladı. Görəsən, bunlar yazmağa dəyərdimi? Təbii ki, onu dəstəkləyirdim. Beləliklə, iki ay ərzində həyatı haqqında on bir il ərzində öyrənə bilmədiyim qədər məlumat öyrəndim. Sonralar Padşahla getdiyim Ədirnədə yaşayırlarmış. Atası çox tez ölmüşdü, simasını elə-belə xatırlayırdı. Anası çalışqan bir qadın idi. Sonra bir də evlənmişdi. İlk ərindən bir qız, bir oğlan uşağı vardı, digər ərindən dörd oğlu olmuşdu. Bu adam yorğançıymış. Oxumağa ən çox maraq göstərən uşaq, təbii ki, bu özüymüş. Qardaşlarının içində ən ağıllısının, ən bacarıqlısının, ən çalışqanının və ən güclüsünün də Xoca olduğunu öyrəndim. Ən dürüstləri də o imiş. Bacılarından başqa, digər uşaqları nifrətlə xatırlayırdı, amma bütün bunları yazmağa dəyib-dəyməyəcəyini çox da bilmirdi. Bəlkə, sonralar bu üslubu və taleyi özümünkü hesab edəcəyimə görə onu cəsarətləndirirdim. İnsan seçdiyi həyatı sonradan mənimsəyə biləcəyi qədər sevməlidi, elə sevirdim də. Təbii ki, qardaşlarının hamısının axmaq olduğunu düşünürdü, onu ancaq pul istəmək üçün axtarırdılar, amma o bütün enerjisini oxumağa sərf edirdi. Səlimiyyə Mədrəsəsinə qəbul olunubmuş, mədrəsəni bitirmək üzrə olanda üstünə böhtan atıblar. Bu problemə bir də qayıtmadı, qəzəblə yazdıqlarının hamısını cırdı. O gecə çöldə çox pis yağış yağırdı. Sonralar bir neçəsini yaşadığım o qorxunc gecələrdən ilkiydi. Məni çoxlu təhqir etdi, yazdıqlarının yalan olduğunu deyəndən sonra, hamsını təzədən yazmağa girişdi, mənim də qarşısında oturub yazmağımı istədiyi üçün, iki günümü yuxusuz keçirdim. Mənim yazdıqlarıma artıq gözucu da baxmırdı, masanın digər tərəfində oturur, xəyal gücünü çox da zəhmətə salmayaraq, eyni şeyləri təkrar-təkrar yazaraq göz ucu da olsa ona baxırdım. Bir neçə gün sonra Şərqdən gətirilən o bahalı və təmiz kağızların üstünə, hər səhər “Niyə Sən Mənsən” deyə yazmağa başladı. Amma bu başlığın altında digərlərinin niyə o qədər axmaq və alçaldılmış olduğundan savayı, heç nə yazmırdı. Yenə də anasının ölümündən sonra ona haqsızlıq edildiyini, əlinə düşən pulla İstanbula gəldiyini, bir ara təkkəyə dadandığını, amma ordakıların hamsını alçaq və saxtakar olduğunu görəndən sonra ayrıldığını öyrəndim. Bu təkkə macərasını bir də danışmağını istədim: onda onlardan xilas olmağının Xocanın həqiqi bir uğuru olduğunu düşünmüşdüm: Özünü kənarlaşdıra bilmişdi. Bunu ona deyəndə hirsləndi, murdar təəssüratlarını bir gün ona qarşı istifadə etmək üçün maraqlandığımı bildiyini dedi, onsuz da indiyə qədər öyrəndiklərim çox idi, bir də əlavə olaraq o cür – kobud səslənən erotik sözlərdən birini burda işlətdi, təfərrüatları öyrənmək istəməyim onu şübhələndirirmişdi, sonra uzun-uzadı bacısı Səmradan danışdı. Onu yaxşılığını və ərinin pisliyini, onu illərdir görmədiyinə görə çəkdiyi dərdindən söz açdı, amma mən bu haqda maraqlananda şübhələndi, başqa şey danışdı: Əlində qalan axırıncı pulu kitablara verəndən sonra uzun müddət oxumaqdan özgə bir şey etmədiyini, sonra orda-burda katiblik işləri tapdığını, amma insanların nə qədər də namussuz olduqlarını danışırdı ki, az müddət əvvəl Ərzincandan ölüm xəbərini aldığımız Sadiq Paşanı xatırladı. Onu o vaxt tanıyıb, elmlə maraqlandığına görə tez bir zamanda gözünə girib, məktəbdə müəllimlik işini də ona o tapıb, amma əslində axmağın biriymiş, bir ay davam edən bu yazı işinin axırında, bir gecə peşman olub bütün yazdıqlarını cırdı. Buna görə də onun yazdıqlarını və öz keçmişimi, indi zəkama söykənərək yenidən düşünəndə xoşladığım təfərrüfatlara qapılmaqdan heç də qorxmurdum. Sonuncu dəfə həyəcanlanaraq, “Yaxından tanıdığım axmaqlar” adlı bir başlıqda hissələrə böldükləri yazılar haqqında nəsə yazdı, amma hirsləndi: Bütün bu yazılar onu heç bir yerə çatdırmamışdı, təzə bir şey öyrətməmişdi, niyə mən olduğunu indi də bilmirdi. Dediyinə görə, mən onu aldatmış, xatırlamaq istəmədiklərini boş yerə düşündürmüşdüm. Məni cəzalandıracaqdı. Onunla keçirdiyimiz ilk günləri xatırladan bu cəza sözü, o günlərdə onun fikrində hansı səbəbdən qaldığını bilmirəm. Bəzən, düşünürdüm ki, sözə qulaq asan sakit bir qorxaq olduğum üçün onu daha da cəsarətləndirirəm. Yenə də cəzadan söz salanda bu dəfə müqavimət göstərməyə qərar verdim. Xoca bunları xatırlatmaqdan əməllicə bezəndə bir müddət evin içində var-gəl elədi. Sonra təkrar mənim yanıma gəldi və əsl düşündüklərini yazmağın vacibliyini vurğuladı: Aynaya baxanda insan öz görünüşünü necə seyr edirsə, öz düşüncəsinin də daxilinə baxaraq özünü seyr edə bilər. Bənzətmənin ifadə etdiyi parlaq məna məni də həyəcanlandırdı. Tez, masanın araxasında üzbəüz oturduq. O anda ağlıma şəxsiyyətimə xas olan həmin xüsusiyyətim gəldiyinə görə, utancaqlığım haqqında olan uşaqlıq xatirəmi yazmağa başladım. Yenə başqalarının pisliyindən giley-güzar edən Xocanın yazdıqlarını oxuyanda, ağlıma o an vacib olduğuna inandığım bir fikir gəldi və dedim: Xoca da öz pisliklərini yazmalıydı. O vaxt mənim yazdıqlarımı oxuduğuna görə mənə qorxaq olmadığını dedi. İnkar etdim, bəli, qorxaq deyildi, amma hər insan kimi, əlbəttə, onun da mənfi xüsusiyyətləri vardı, onları aşkarlayarsa, həqiqi mənini tapacaqdı. Mən elə etmişdim, o da mənim kimi olmaq istəyirdi, bunu bildiyimi deyəndə gördüm ki, hirsləndi, amma özünün saxladı, səviyyəsini saxlamağa çalışaraq dedi: Pis olan özgələri idi, əlbəttə, hamı pis deyildi, hər şey digər adamların çoxunun yarımçıq və bədxah olduqları üçün belə səhv idi. Buna əlavə olaraq pis, həm də çox pis xüsusiyyətləri olduğunu, bunun özünün də bilməyinə ehtiyac olduğunu deyərək ona qarşı çıxdım. Kobudcasına əlavə etdim ki, Xoca məndən də pis adamdı. Beləliklə, o gülünc, qorxunc və əzazil günlər başladı! Məni stula bağlayıb masamın arxasında oturdandan sonra qarşıma keçir, mənə əmr edirdi ki, istədiyi şeyi yazım, amma artıq bunu nə olduğunu özü də bilmirdi. Fikrində həmin bənzətmədən özgə bir şey yox idi:eynən aynada xarici görkəminə baxdığın kimi, insan düşünərək beyninin içini də nəzərdən keçirə bilərmiş. Mən də bunu edə bilirəmmiş, amma sirrini guya ondan gizlədirəmmiş. Xoca qarşımda oturub bu sirri yazmağımı gözləyərkən, mən qarşımdakı kağızların öz pisliklərimin şişirdilmiş əhvalatları ilə doldururdum: Uşaq vaxtı olan kiçik oğurluqlarımı, qısqanclıqdan dediyim yalanları, özümü qardaşımdan daha çox istətmək üçün bicliklə həyata keçirdiyim fırıldaqları, gəncliyimin cinsi günahlarını şişirdə-şişirdə və ləzzətlə yazırdım. Xoca onları maraqla və məni təəccübləndirən qəribə bir həzz və qorxuyla oxuyandan sonra mənə daha da hirslənir, artıq həddini bilmədiyi işgənələri daha da artırırdı. Bəlkə də, sahib çıxacağını hiss etdiyi keçmişin pisliklərinə tab gətirə bilmədiyi üçün üsyan eləyirdi. Əməlli-başlı vurmağa başlamışdı. Bir günahımı oxuyandan sonra “namussuz” deyərkən zarafatla qarışıq qəzəblə kürəyimə yumruq vururdu, özünü saxlaya bilməyib bəzən şillə də vururdu. Saraydan lap az çağrıldığına, məndən və özündən başqa baş qatacaq heç nə tapmayacağına artıq özünün inandırdığına görə, bunları sadəcə məşğulət üçün edirdi. Amma pisliklərimi oxuduqca və uşaqcasına olan cəzalarını artırdıqca qəribə bir güvən hissinə aludə olurdum: ilk dəfə onu ələ aldığımı düşünməyə başlamışdım. Bir dəfə əməllicə əzab verəndən sonra gördüm ki, mənə yazığı gəlir. Bu duyğu insanın özüylə, demək olar ki, bərabər görmədiyi bir adama qarşı olan bəyənməməzliyi idi, belə olmasını, artıq mənə nifrətsiz baxa bilməməyindən başa düşürdüm. Dedi ki, artıq heç nə yazmayaq. Sonra isə fikrinə düzəliş verdi: “istəmirəm ki, yazasan”, çünki həftələrdir mən mənfi xüsusiyyətlərimi yazanda o ancaq baxırdı. Getdikcə daha da dərin məyusluğa qərq olan evdən çıxıb gəzintiyə, bəlkə də, Gəbzəyə getməli olduğumuzu dedi. Astronomiya ilə bağlı tədqiqatlarına təkrar başlayacaqdı, qarışqaların həyatı haqqında daha ciddi bir risalə yazmağı düşünürdü. Mənə olan hörmətini tamamilə itirmək üzrə olduğunu görərək, qorxdum və marağını daha da cəlb etmək üçün özümü ən ağır şəkildə aşağılayan bir əhvalat uydurdum. Sevgi və ləzzətlə yazdıqlarıma Xoca heç hirlənmədi də, təkcə, bu qədər pis bir insan olmağa necə dözdüyümə təəcccüb eləyir, bilirdim. Bəlkə də, o vaxt bir dəfəlik özü olaraq qalmağa razıydı. Əlbəttə, bu işdə bir oyun olduğunu çox yaxşı bilirdi. O gün onunla adam yerinə qoyulmayan saray təlxəyi kimi danışdım, getdikcə artan marağını dürtmələməyə çalışdım: Mənim elə adam olduğuma inanmaq üçün Gəbzəyə getməmiş, son dəfə, özü də öz pisliklərinə aid nəsə yazsa, guya nə itirərdi ki! Üstəlik yazdıqlarının doğru olduğuna, ya da yazdıqlarına kiminsə inanmağına ehtiyac yox idi. Bunu edərsə, mənim və mənə oxşayan adamların necə adam olduğunu anlayacaqdı: bu məlumat nə vaxtsa karıma gələ bilərdi! Nəhayətdə, marağına və mənim boşboğazlığıma qarşı dirənməyib, səhəri gün sınayacağını dedi. Təbii, bunun mənim axmaq oyunlarıma aldandığı üçün deyil, özü elə istədiyi üçün elədiyini deməyi də unutmadı. Səhəri gün köləliyimin ən yaxşı günü oldu. Artıq məni stula da bağlamırdı, amma bütün günümü yavaş-yavaş başqa bir insana çevrildiyini ləzzətlə gözləmək üçün qarşısında oturaraq keçirirdim. Gördüyü işə əvvəlcə o qədər inanırdı ki, gülünc məna kəsb edən “Mən niyə mənəm” ifadəsini səhifəni üstünə yazmağa belə üşəndi. Sonra əyəyləncəli bir yalan axtaran balaca zarafatcıl uşağı inamına ehyam vurdu: hələ də öz sağlam dünyasının olduğunu ötəri baxmaqla görürdüm. Amma həmin boş inam hissi çox davam etmədi. Mənə ünvanlalan bir göstərişlə qeyzləndiyi o qondarma günahkarlıq hissi də çox davam eləmədi. Az vaxt ərzində ciddi zənn edilən zarafat təşvişə, oyun həqiqətə çevrildi: yalandan da olsa özümü günahkar kimi göstərmək Xocanı qeyri-adi dərəcdə qorxudurdu. Yazdığını mənə göstərməmiş tez qaraladı. Amma neyləsə də, maraq hissi ürəyinə girmişdi, məndən də utanırdı, davam elədi. Əslindəsə, ağlına gələn ilk şeyi edib masadan qalxsaydı, bəlkə də, rahatlığını pozmaqdan da xilas olardı. Sonrakı saatlarda yavaş-yavaş gördüm ki, daxilən çökür. Özünü günahlandıran nəsə yazır, sonra yazdıqların mənə göstərməmiş cırır, hər dəfə özünə olan inamını və hörmətini daha da itirmiş şəkildə, amma yazmağa itirdiklərini tapmaq ümidi ilə təkrar başlayırdı. Mən o pisliklərinin etiraflarını, qaranlıq çökdüyü zaman oxumaq üçün istədiyim o yazıların bir kəlməsini də görə bilməmişdim, hamısı cırılıb atılmış, Xocanın da gücü tükənmişdi. Bunun çirkin və bir axmaq oyunu olduğunu, məni təhqir edərək qışqıra-qışqıra deyəndə, özünə olan inamı o qədər zəif idi ki, hətta ona həyasızcasına cavab verdim: o qədər kədərlənməməyini, pis olmağa vərdiş edəcəyini dedim. Bəlkə də, evdən mənim baxışlarıma dözə bilmədiyi üçün çıxıb getdi, gecə çox gec qayıtdı, üstünə hopmuş qoxudan başa düşdüm, ehtimal etdiyim kimi: o evə, o bayağı qadınlarla yatmağa gedib. Səhəri gün günortadan sonra onu işə başlamağa fitvalamaq üçün Xocaya belə kiçik oyunlara qarşı zəiflik göstərməyəcək qədər güclü olduğunu dedim. Bu işi vaxt keçirmək üçün deyil, bir şey öyrənmək üçün edirdik, işin məqsədi axmaq dediyim adamların niyə belə olduqlarını bilmək idi. Bir-birimizi tam tanımaq kifayət qədər maraqlı bir şey deyildimi? İnsanın ən kiçik təəssüratına qədər tanıdığı bir adamın təsirinə, qorxulu bir yuxunu xoşladığı kimi aludə ola biləcəyini bildirdim. Saray əhlinin təlxəkliklə ciddi saydığı bu sözlərimə görə yox, daxili aləminin inamı ilə yenə də masa arxasına keçdi. Axşam masadan qalxanda, özünə əvvəlki günkindən də az güvənirdi. Gecə yenə qadın yanına getdiyini görəndə ona yazığım gəldi. Beləliklə, hər səhər, özünü o gün yazacağı pisliklərdən daha yüksək tuta biləcəyini zənn edərək, bir gün əvvəl itidiklərini qazanmaq ümidi ilə masa arxasına keçir və axşam əlindən yarımçıq qalanların bir hissəsini masada qoyaraq qalxırdı. Artıq özünə xor baxdığı üçün mənə xor baxmırdı, onunla keçən ilk günlərimdə yanılaraq zənn etdiyim bərabərlik hissini, nəhayət, əldə etdiyimi düşünürdüm, bundan çox məmnun idim. Mənimçün narahat olduğuna görə masanın digər tərəfində oturmağıma ehtiyac olmadığını da demişdi, bu da yaxşı bir hal idi, amma illərdir cəmlənən qəzəbim məndə qarşısıalınmaz nifrət hissi tərbiyə etmişdi. İntiqamımı almaq, hücuma keçmək istəyirdim, onun kimi mən də tərəzinin gözünü əymişdim: Xocanı özünə qarşı bir qədər də şübhəyə sala bilsəm, məndən qoruyaraq gizlədiyi etiraflarınının bir hissəsini diqqətlə oxuyub onu alçaltsam, mənə elə gəlirdi ki, artıq həm kölə, həm də evin ən pis insanı mən yox, o olacaqdı. Onsuz da bunun işarələri də artıq mövcud idi. Aradabir onu ələ saldığımı bilmək üçün bunu tam mənada yəqinləşdirmək istədiyini bilmirdim, özünə güvənməyən bütün o zəif insanlar kimi məndən dəstək gözləyirdi, artıq xırda məişət mövzularında mənim fikrimi daha çox öyrənirdi: hər şey qədərindəydimi, başqasına verdiyi cavab yaxşıydımı, xəttini bəyənirdimmi və yaxud nə düşünürdüm? Ümidsizliyə qapılıb oyunu yarımçıq qoymasın deyə bəzən özümü alçaldırdım ki, rahatlaşsın. “Ay səni” deyən nəzərlə baxır, amma artıq yumruq vura bilmirdi, bilirdim ki, özünün də yumruğa layiq olduğunu fikirləşir. Özünü bu qədər alçaltmasına rəvac verən o etirafların nədən ibarət olduğunu bilmək istəyirdim. O günlərdə, öz-özümə də olsa onu alçaltmağa vərdiş elədiyim üçün etirafların bir növ bəsit, adi şeylərdən ibarət olduğunu düşünürdüm. İndi keçmişini inandırıcı etmək üçün bircə sətrini də oxuya bilmədiyim bu etiraflardan bir-ikisini təfərrüfatı ilə xəyalımda canlandırmaq istəyəndə, taleyimin və xəyalımda canlandırdığım həyatımın gedişatını pozmayan və Xocaya yaraşan pisliyi heç cür tapa bilmirəm. Amma mənim vəziyyətimdə olan bir adamın özünə təzədən inanacağına ümid eləmirəm. Yəqin, Xocaya fərqində olmadan bir şey icad etdirdiyimi, özünün və oxşarlarının çox da dəqiq və aydın olmasa da, zəif nöqtələrini aşkarladığımı demişdim. Yəqin, təkcə onun deyil, digərlərinin də külünü havaya sovuracağım günlərin çox da uzaq olmadığını düşünmüşdüm; pis insan olduqlarını faş edəcək, onları çökdürəcəkdim: Zənnimcə, əsərimi oxuyanlar Xocanın məndən öyrəndiyi qədər mənim də ondan öyrənməli olduğumu artıq başa düşürlər! Bəlkə də, indi insan yaşlaşanda bu uyğunluğu əsərlərdə də axtardığı üçün belə düşünürəm. İllərdir toplanan kinimin həyəcanı ilə coşmuşam. Xocaya özünü əməlli-başlı təhqir etdirdikdən sonra da buraxılış kağızımı həyasızca istəyəcəkdim. Cıqqırını da çıxarmadan məni azad edəcəyini düşünür, ölkəmə qayıdanda sərgüzəştlərimin və türklər haqqında yazacağım kitabların detallarını düşünürdüm. Ölçü hissini necə də asan itirirdim? Bir səhər mənə gətirdiyi xəbər hər şeyi dəyişdirdi. Şəhərdə vəba yayılıb! Bu sözləri İstanbuldan yox, başqa, uzaq bir şəhərdən söz salan bir adam kimi dediyi üçün əvvəlcə inanmadım, xəbəri necə eşitdiyini soruşdum, detalları öyrənmək istədim. Bir də görüblər ki, qəfil ölənlər artır, xəstəlik yayıldığını başa düşüblər. Düşündüm ki, bəlkə də vəba deyil, xəstəliyin əlamətlərini soruşdum, Xoca güldü mənə: Narahat olmamalılammış, düçar olsam, heç şübhələnmədən xəstəliyə tutulduğumu başa düşəcəyəmmiş, bunu başa düşmək üçün insan üç gününü xəstəliyin qızdırması ilə keçirirmiş. Bəzilərinin qulaqlarının, qoltuqlarının altında, qarnında şişlər olur, çıxıntılar çıxırmış, sonra qızdırma başlayırmış, bəzən yaralar açılırmış, bəzən də ciyərlərindən qan gəlirmiş, vərəmə tutulanlar kimi öskürərək ölənlər də varmış. Hər məhəllədən üç-beş nəfərin öldüyünü əlavə etdi. Həyəcanla bizim məhəlləni soruşdum. Uşaqlar bağçadakı almaları yeyir, toyuqlar da divardan uçub keçir deyə bütün məhəlləylə dalaşan divar ustası, bir həftə içində qızdırma içində qışqıra-qışqıra ölüb. Caamat onun vəbadan öldüyünü təzə-təzə başa düşüb. Yenə də inanmaq istəmirdim: çöldə hər şey o qədər rahat, pəncərənin qarşısından keçən insanlar o qədər sakit idi ki, sanki vəbanın varlığına inanmaq üçün təlaşımı mənimlə bölüşəcək bir adam tapmağa ehtiyacım vardı. Səhəri gün Xoca məktəbə gedəndə küçəyə çıxdım. On bir il ərzində burda tanıdığım İtalyan təşkilatşısını axtardım. Biri təzə adı Mustafa Rəis olan şəxs limana gedib, digəri Osman Əfəndi isə qapısını yumruqlayan sayaq döyməyimə baxmayaraq, əvvəlcə məni içəri buraxmadı, nökərinə evdə olmadığını dedirtdirdi, amma gedəndə dözməyib arxadan çağırdı. Dedi ki, necə olur ki, hələ xəstəlik davam edir deyə canfəşanlıq edirsən, məgər daşınan tabutları görmürəm? Sonra mənə dedi ki, qorxursan, özü də dediyinə görə xristian olmaq üçün müqavimət göstərdiyim üçün qorxurammış. Məni danladı, “burda xoşbəxt olmaq istəyirsənsə, mütləq müsəlman olmalısan”, amma öz evinin nəmli qaranlığına qapanmadan əvvəl nə əl-ələ görüşdü, nə də toxundu. Namaz vaxtıydı, məscidin əlüzyuyanının qarşısındakı insan izdihamını görən kimi qorxuya qapılaraq sürətlə evə qayıtdım. Fəlakət olan vaxt insana təsir edən o axmaqlıq və çaşqınılıq hissi məni çulğamışdı. Sanki keçmişimi də unutmuşdum, yaddaşımı itirmişdim, donub qalmışdım. Məhəllədə tabutunu yükləmiş insan toplusunu görəndə əsəblərim əməlli-başlı pozuldu. Xoca məktəbdən qayıdıb halımı görən kimi sevindiyini sezdim. Məni qorxaq bir adam saydığı üçün özünə olan inamının artdığını görür və hirslənirdim. Qorxusuzluğumun boş qürur hissindən xilas olmasını istədim: Həyəcanımı sakitləşdirməyə çalışaraq bütün tibbi və ədəbi bilgimi faş etdim; Hippokratdan, Bokaccodan ağlıma gələn vəbayla bağlı bilgiləri danışdım, xəstəliyin keçici olduğuna hamının inandığını dedim, amma sözlərim mənə daha da xor baxmağından özgə bir işə yaramadı, vəbadan qorxmurmuş, çünki xəstəlik Allahın məsləhətiydi, insanın alnına ölüm yazılıbsa, belə də olmalıdır, buna görə də mənim qorxaqcasına cəfəngcəfəng danışdığım kimi, evə qapanıb çöllə əlaqəni kəsmək, ya da İstanbuldan qaçmağa səy göstərmək faydasız idi. Əgər alnımıza harda ölüm yazılıbsa orda da gəlib bizi tapacaqmış. Niyə qorxmurdum? Günlərdir ki, kağızlara yazdığım o pisliklərimə görəmi? Bunu deyərkən gülümsədi, gözləri ümidlə parıldayırdı. Bu dediklərimə inanıb-inanmamağını bir-birimizi itirənə qədər başa düşə bilmədim. Diribaş olmamağından da bir qədər qorxmuş, amma sonra masa arxasında danışdıqlarımız, o qorxulu oyunlar ağlıma gələndə şübhələnmişdim. Dəqiqəbaşı qarşılıqlı şəkildə yazdığımız pisliklərdən danışır və mənim bütün əsəblərimi pozan özündənrazılıqla həmişə eyni fikri irəli sürürdü: Ölümdən bu qədər qorxduğuma görə mən cəsarətli yazıçı kimi heç də pisliklərimin fövqündə dayanmış bir adam deyildim. Günahlarımı faş edərkən göstərdiyim cəsarət bəsit bir arsızlıqdan irəli gəlirdi. Əslindəsə, Xocanın bu günlərdə keçirdiyi qərarsızlıq hissi ən kiçik pisliklərin fövqündə təmiz və diqqətlə durmasında idi. Artıq indi rahatlaşıbmış, vəba xəstəliyinə qarşı duyduğu dərin qorxusuzluq, onu günahsız olduğuna tam ürək rahatlığı ilə inandırmışdı.

Axmaqcasına inandığım bu açıqlamadan diksinərək onunla mübarizə aparmağa qərar verdim. Qorxusuzluğun ürək rahatlığından deyil, ölümün yaxınlığını bilməməyindən irəli gəldiyini açıq-aşkar dedim. Başa saldım ki, ölümdən yayına bilərik, vəbaya yoluxanlara toxunmamağı, ölülərin əhəngli quyulara basdırılmasını, insanların bir-biri ilə əlaqələrini heç olmasa azaltmağı, Xocanın da insanların çox olduğu yerə - məktəbə getməməsini dedim. Bu axırıncı dediyim şey fikrimə vəbadan da qorxulu şeylər salmışdı! Səhəri gün günorta uşaqların hamısına bir-bir toxunduğunu deyərək əllərini mənə tərəf uzatdı. Qorxduğumu, toxunmaq istəmədiyimi görəndə ləzzətlə yaxınlaşıb məni qucaqladı, qışqırmaq keçirdi könlümdən, amma yuxudakı kimi qışqıra bilmirdim. Xocasa, mənə çox sonralar aydın olan həmişəki zarafatla deyirdi ki, sənə qorxusuzluğu öyrədəcəyəm.

Vəba sürətlə yayılırdı, amma Xocanın qorxusuzluq adlandırdığı hissi heç cür öyrənə bilmirdim. Bununla yanaşı, ilk günlərdəki qədər özümü qorumurdum. Yatalaq bir qadın kimi otağa girib günlərlə pəncərədən çölə baxmaq artıq səbir kasamı daşdırmışdı. Arada-bir evdən çıxıb sərxoş kimi küçəyə çıxır, bazar-güzarda al-ver edən qadınlara, dükanlarında iş görən tacirə, yaxınlarını basdırandan sonra çayxanlarda toplaşan adamlara baxıb vəbaya öyrəşməyə çalışırdım. Az qalmışdı ki, tam vərdiş edim, amma Xoca mənə təzyiq göstərirdi. Bütün gün ərzində insanlara toxundurduğu əllərini gecələr mənə tərəf uzadırdı. Heç tərpənmədən gözlədim. Yuxudan durub əqrəbin üstünüzdə gəzindiyini görüb diliniz-ağzınız quruyur ha, bax elə oldu! Barmaqları mənimkilərə oxşamadı, onları soyuq halda hər ikimizin üstündə gəzdirəndə Xoca soruşardı: “Qorxursan?”. Tərpənməzdim. “Qorxursan? Nədən qorxursan?”. Bəzən əlini itələyib vuruşmaq istəyirdim onunla, amma bunun hirsini daha da artıracağını bilirdim. “Qoy nədən qorxduğunu deyim. Günahkar olduğun üçün qorxursan. Boğazına qədər günaha batdığın üçün qorxursan. Mənim sənə inandığımdan daha çox, sənin mənə inandığına görə qorxursan”. Masada qarşı-qarşıya oturub nəsə yazmağa ehtiyac olduğunu da o dedi. Niyə ikimizin də mən olduğumuzu, əslində indi yazmalıyıqmış. Amma nəticədə, yenə digərlərinin niyə elə olduğundan özgə heç nə yazmadı. Yazdıqlarını birinci dəfə mənə qürurla göstərirdi. Hansı səbəbdənsə, gözləyirdi ki, oxuduqlarımdan utanım, bu şeyləri düşünəndə niyyətimi gizlədə bilmədim və Xocaya dedim ki, məni öz axmaqları ilə eyni tərəziyə qoyur və məndən əvvəl özü öləcək. Onda yəqinləşdirdim ki, ən təsirli silahımın bu sözdür. Bununla bağlı ona xatırlatdım ki, on il çalışmalıdır, kosmoqrafiya qanunları üçün sərf etdiyi illərdən, gözlərini zəiflətmək bahasına da olsa, saatlarla göy üzünə baxmağından, başını kitabdan qaldırmadığı günlərdən danışdım, bu dəfə mən ona təzyiq göstərdim, vəbadan uzaq yaşamaq mümkün ola-ola, hədər yerə ölməyin axmaqlıq olduğunu dedim. Sözlərim şübhələri ilə birgə cəzalarımı da artırırdı. O vaxt yazdıqlarımı oxuyanda mənə qarşı olan itirilmiş hörmətini təkrarən iradəsindən aslı olmayaraq sanki yenidən tapdığını hiss etdim. Bəxtsizliyimi unutmaq üçün, o günlərdə ancaq gecələr yox, günorta yatanda da tez-tez gördüyüm xoşbəxt yuxuları səhifələrə doldurmuşdum. Əməllə hərəkətin üst-üstə düşən həmin xəyalları yuxudan oyanandan sonra hər şeyi unutmaq üçün, poetik bir dillə xüsusi bir diqqətlə qələmə alıram: Evimizin yaxınlığındakı meşənin ağacları arasında illərdir öyrənmək istədiyimiz sirləri bilən insanlar vardı, meşənin qaranlıq olan içinə girməyə cəsarət etdiyiniz vaxt onlarla dost olacaqsınız, kölgələrimiz günəş batanda yox olmur, biz təmiz və sərin yataqlarımızda rahatlıqla yatarkən, öyrənilməsi və səhv ediləsi minlərlə şeyi bir-bir əldən keçirir və heç də yorulmadan, bir-bir bunların nə olduğunu bilirdik, yuxularda çəkdiyi şəkillərdəki insanlar, həyatdakı kimi üç növdə olan insanlar kimi olmurdular, onlar öz əhatələrindən ayrılıb aramıza daxil olurdular, onda anam, atam və mən arxa həyətimizdə işləri bizim əvəzimizə görən polad avadanlıqları qururduq... Xoca bu yuxuların özünü ölümsüz bilginin naməlumluğuna çəkəcək şeytani pusqular olduğunu bilirdi, amma yenə də hər dəfə soruşanda özünə olan inamının bir hissəsini itirdiyini bilə-bilə məndən soruşurdu: bu yuxular hansı mənanı ehtiva edirdi, mən onları həqiqətən də görürdümmü? Beləliklə, illər sonra Padşah üçün birgə görəcəyimiz bir işi, mən birinci dəfə onunçün etdim, yuxularımızdan ikimizin gələcəyi üçün nəticələr çıxardım: Xəstəlik bir dəfə yoluxdusa, eynən vəbada olduğu kimiydi, insanın elmdən qaça bilməməyi aydın bir şey idi, xəstəliyin Xocaya da keçdiyini ona demək çox da çətin bir şey deyildi, amma insan yenə də Xocanın yuxusunu bilmək istəyirdi. Açıq-aşkar ələ salaraq dinləyirdi məni, amma sualı soruşacaq qədər qürurunu tapdalayacağı üçün çox da mənə təzyiq göstərmirdi, həm də danışarkən görürdüm ki, dediklərim onu da maraqlandırırdı. Xocanın vəbayla birgə aludə olduğu rahatlığın səngidiyini gördükcə, öz ölüm qorxum azalmırdı, amma heç olmasa, qorxunun tənhalığından qurtulduğumu düşünürdüm. Təbii ki, bunu gecə əziyyətləri ilə ödəyirdim, amma hədər yerə müqavimət göstərmədiyimi bir dəfə onsuz da başa düşmüşdüm: əllərini mənə yaxınlaşdırdıqca Xocaya, məndən əvvəl özünün öləcəyini, qorxmayanların məlumatsızlığını, yarımçıq qoyduğu yazılarını, o gün ona oxuduğum xoşbəxt yuxularımı xatırladırdım. Amma bu dedikləri ilə yox, səbr kasasını başqa bir şeylə əlaqədar daşdırdı. Bir gün məktəbdəki şagirdlərinin birinin atası evimizə gəldi. Heç kəslə işi olmayan bir adama oxşayırdı, bizim məhəllədə qalırmış. Mən də onun kimi utancaqlıqla evin bir kənarına çəkilib qulaq asırdım, ordan-burdan uzun-uzadı danışdılar. Sonra qonağımız dilinin altındakı sözləri çıxardı: Əri keçən yay nəsə axtararkən damdan yıxılıb və o dul qalıb. İndi bir neçə yerdən istəyəni varmış, amma qonağımızın ağlına Xoca gəlib, çünki məhəllə əhlinin danışdıqlardından bilirmiş ki, evlənmək istəyənlər onun yanına gəlirlər. Xoca gözləmədiyim qədər qaba reaksiya göstərdi: Evlənmək istəmədiyini, amma istəsə də, dul qadın almayacağını dedi. Bu sözün üstündən qonağımız Məhəmmədin (Məhəmməd Peyğəmbər. F.H) Xədicəni dulluğuna baxmadan, həm də birinci arvadı kimi aldığını xatırlatdı. Xoca da o dul qadına qulaq asdığını, onun Həzrəti Xədicənin dırnağı belə ola bilməyəcəyini dedi. Bundan başqa, qəribə burnu olan qonşumuz Xocaya Həzrətin özünün də çox da matah olmadığını sezdirmək istədi: O inanmırmış, amma məhəllə əhli, Xocanın əməllicə ağlını itirdiyini danışırlarmış, ulduzlara baxmağını, lupalarla baş qatıb saatlar hazırlamağını heç kəs xeyrə yozmurmuş. Qonağımız alacağı malı pisləyən tacir kimi hirslənərək əlavə etdi: Məhəllə əhli Xocanın yemək yeyərkən çömbəlib bardaş quraraq deyil, kafirlər kimi stolda oturaraq yeməyini, kitablara cibdolusu pul verəndən sonra onları yerə atıb peyğəmbərin adı olan səhifələri tapdaladığını, göy üzünü saatlarla seyr edərək içindəki şeytanı sakitləşdirə bilmədiyi üçün gündüzün günorta çağı yatağında uzanıb evinin kirli tavanına baxmağını, qadınlardan yox, ancaq oğlanlardan xoşlandığını, mənim guya onun ekiz qardaşı olduğumu, Ramazanda orucunu yediyini və vəbanın da ona görə bu məmləkətə bəla kimi yollanıldığını danışırlarmış. Qonağı qovandan sonra Xoca əsəb gərginliyi keçirdi. Digərləri ilə eyni hissləri bölüşməkdən, ya da özünü elə göstərməkdən narahat olduğunu yəqinləşdirdim. Ona sonuncu zərbəni vurmaq üçün vəbadan qorxmayanların bu səfeh kimi axmaq olduqlarını dedim. Narahat oldu, amma bildirdi ki, o da vəbadan qorxmur. Nəyəsə görə bunu ürəkdən gələn bir söz olduğuna qərar verdim. Çox əsəbiləşdi, bilmirdi ki, əlini-qolunu hara qoysun, son vaxtlar unutduğu “axmaqlar” haqda olan nəqarəti dayanmadan təkrarlayırdı. Qaranlıq çökəndən sonra xahiş etdi ki, lampanı yandırıb ortaya qoyduğu masada, oturaq. Nəsə yazmalıydıq. Eynən uzandıqca uzanan qış gecələrini keçirmək üçün fala baxan iki bekar oğlan kimi, masanın qarşı tərəfində üz-üzə oturub, qarşımdakı boş kağızlara müxtəlif şeylər yazıb-pozurduq. Səhər yuxu adlandırdığı yazılarını oxuyanda onun özümdən də gülünc vəziyyətə düşdüyünü gördüm. Mənim yuxularıma əsaslanan bir yuxu da o yazmışdı, amma həmin yuxunu görmədiyi açıq-aşkar bilinirdi: Guya biz qardaşıqmış. Mənim ona böyük qardaş olmağımı özünə yaraşdırmamışdı, mən də sakit-sakit onun elmi sözlərinə qulaq asırammış. Səhəri gün səhər yeməyi yeyəndə məndən məhəllə əhlinin, bizim ekiz qardaşlar olduğumuz haqdakı söz-söhbəti haqda nə fikirləşdiyimi soruşdu. Bu sual xoşuma gəldi, amma çox da qürurumu yüksəltmədi, heç nə demədim. İki gün sonra yazdığı həmin yuxunu bu dəfə həqiqətən gördüyünü deyəndə gecə vaxtı məni oyandırdı. Bəlkə də doğruydu, amma hansı səbəbdənsə, çox da fikir vermədim. Növbəti gecə dedi ki, vəbadan ölməkdən qorxur. Evə qapanmaqdan darıxıdığım üçün axşamçağı küçələri gəzməyə çıxmışdım: bağçada uşaqlar ağaclara çıxmışdılar, rəngli ayaqqabılarını da aşağıda qoymuşdular, çeşmə başında daim su dolduran boşboğaz qadınlar artıq mən keçəndə də susmurdular, bazar al-ver edənlərlə doluydu, itələşib boğuşanlarla onları ayıranlara ləzzətlə baxanlar da tapılırdı. Özümü inandırdım ki, epidemiya zəifləyib, amma Bəyazid Məscidinin həyətindən dalbadal çıxan tabutları görəndə əsəbiləşirdim, tez-tələsik evə qayıtdım. Otağıma girəndə Xoca çağırdı: “Gəl, buna bir bax!”. Paltarının düymələrini açıb göbəyinin altındakı balaca şişi, qırmızı ləkəni göstərdi. “Hər tərəfi böcək bürüyüb”. Yaxınlaşıb diqqətlə baxdım, kiçik qırmızı bir ləkə vardı, bir də balaca şiş, yekə bir böcəyin dişlədiyi yer kimiydi, amma, görəsən, mənə bunu niyə göstərirdi? Üzümü daha da yaxınlaşdırmaqdan ehtiyat elədim. “Xoca dedi: böcək dişləyib, elə deyil?”, barmağının ucu ilə şişə toxundu. “Yoxsa birə dişləyib?”. Susdum, deyə bilmədim ki, heç vaxt belə birə dişləyi görməmişəm. Bir bəhanə tapıb günəş batana qədər baxçada qaldım. Artıq hiss edirdim ki, evdə qalmamalıyam, amma fikrimdə getməyə bir yer yox idi. O ləkə, həqiqətən də, böcək dişləyinə oxşayırdı, Vəba çıxıntısı qədər böyük və iri deyildi, amma bir qədər sonra ağlıma başqa bir şey gəldi, bəlkə də, bağçada sürətlə yaşıllaşan otlar arasında gəzindiyim üçün qızarmış yerin iki gün içində şişərək çiçək kimi açıb partlayacağını, Xocanın ağrılardan öləcəyini düşünürdüm. Fikirləşirdim ki, bəlkə də hələ tam çıxa bilməyən çibandır, amma elə deyildi, böcək dişləyinə oxşayırdı, düşünürdüm ki, bəlkə, hansı böcək olduğu tezcə ağlıma gələr, gecələr gəzən, iri və isti ölkələrdə olan bir böcək olmalıydı, amma xatırladığım heyvanın adı dilimin ucuna gəlmirdi. Axşam yeməyinə oturanda Xoca çalışdı ki, şən görünsün, zarafatlar etdi, mənə sataşdı, amma bu hal çox davam etmədi. Sakitcə yediyimiz yeməkdən sonra ayağa qalxanda küləksiz və sakit qaranlıq çökəndən çox sonra Xoca dedi: “Darıxıram, qəribsədim. Əyləşək, nəsə yazaq”. Bildirdi ki, başını ancaq belə qata bilər. Amma yaza bilmədi. Mən tam rahatlıqla yazanda, o boş-boş oturub gözünün ucuyla mənə baxırdı. “Nə yazırsan?”. Mühəndislik məktəbinin birinci ilini qurtarıb tətilin əvvəlində təkatlı bir arabayla evimə qayıdarkən necə səbirsizləndiyimi yazmışdım, oxudum ona. Amma məktəbi və yoldaşlarımı da çox istəyirdim, tətildə özümlə götürdüyüm kitabları suyun başında oturub təktənha oxuyarkən, onları necə də fikirləşib darıxıxdığımı oxudu. Bir qədər sakitlikdən sonra Xoca birdən-birə sirr danışan adamlarsayaq pıçıltıyla soruşdu: “Orda həmişə elə xoşbəxt yaşayırlar?” Sualı soruşan kimi peşman olacağını zənn elədim, amma hələ də uşaq kimi maraqla mənə baxırdı. Mən də pıçıldadım: “Mən xoşbəxt idim”. Üzündə az-maz qısqanclıq hiss olundu, amma qorxuducu deyildi. Çəkinə-çəkinə danışdı: Ədirnədə on iki yaşı olanda, bir müddət anası və bacısı ilə ana babası mədəsindən xəstə olduğu üçün Bəyazid Məscidinin həkimxanasına gedərlərmiş. Səhər anası və yeriyə bilməyən digər qardaşını qonşuya qoyur və Xocayla bacısını və tezdən hazırladığı pudinq qabını götürür birgə yola çıxırlarmış, qovaq ağaclarının kölgə saldığı qısa, amma çox maraqlı bir yolla gedərlərmiş. Babası onlara nağıl danışarmış. Xoca o nağılları xoşlayarmış, amma xəstəxananı daha çox xoşladığı üçün yanlarından qaçıb ətraf ərazini seyr eləyərmiş bir dəfə dəlilər üçün çalınan musiqiyə qulaq asıb, fənərdən işıqlanan böyük bir qübbənin altından su səsi gələrmiş, axar suyun səsi, sonra içində qəribə və rəngli şüşələrlə qabların par-par parıldadığı başqa otaqlarda gəzərmiş, bir dəfə yolu azıb və başlayıb ağlamağa, Abdullah əfəndinin otağını tapana qədər bütün xəstəxananı ona otaq-otaq gəziblər, anası da bəzən ağlayarmış, bəzən də qızıyla birgə atasının nağılına qulaq asarmış. Sonra babanın verdiyi boş qabı alıb qayıdarlarmış, amma evə gəlməmişdən əvvəl, anası onlara halva alar və deyərmiş ki, gəlin heç kəs görməmiş yeyək. Suyun sahilindəki qovaqların arasında yerləri varmış, üçü də ayaqları suya tərəf oturub hamıdan gizli yeyərlərmiş. Xoca susanda bizi qəribə bir məhrəmlik hissi ilə narahat edərək bir-birimizə yaxınlaşdıran sükut çökdü. Xoca uzun müddət narahat oldu. Sonra yaxındakı bir evin qaba qapısı narahatlıqla və gurultuyla bağlanandan sonra dedi: Elmə olan marağını birinci dəfə o vaxt hiss edib, xəstələr və onlara şəfa verən o rəngli şüşələrə, qablara və tərəzilərə olan marağına görə həvəslənib. Amma babası öləndən sonra bir də ora getməyiblər. Xoca da həmişə böyüyüb təkcə gedəcəyini arzulayırmış, amma Tunca daşıb, xəstələr yataqlarından aparılıb, xəstəxananın otaqlarını dolduran kirli və bulanıq su uzun müddət çəkilməyib, çəkiləndən sonra da o gözəl xəstəxana illər uzunu təmizlənilməsi mümkün olmayan pis qoxulu iyrənc palçığın içində qalıb. Xoca yenə də susanda artıq biz bir-birimizin yaxınlığında deyildik. Masadan qalxmışdı, gözümün ucuyla baxaraq otağın içində gəzinən kölgəsini görürdüm, sonra masanın ortasında olan çırağı götürdü, arxama keçdi, nə kölgəsini görə bilirdim, nə də Xocanı, çevrilib baxmaq istəyirdim, amma baxa bilmirdim, sanki ondan nəsə pis bir hərəkət gözləyərək narahat olurdum. Bir qədər sonra çıxarılan paltarın xışıltısını eşidərək qorxuyla çevrildim. Beldən yuxarısı çılpaq idi, aynanın qarşısına keçib, üstünə lampanın işığı düşən kölgəsinə və qarnına diqqələ baxırdı.

Dilləndi: “Aman Allah bu nə çibandı?”. Susdum. “Gəl, bir buna bax”. Yerimdən tərpəmmirdim, qışqırdı. “Gəl demirəm sənə!”. Cəzalandıracağı bir tələbə kimi qorxuyla yaxınlaşdım. Çılpaq bədəninə heç vaxt bu qədər yaxınlaşmamışdım, bu yaxınlıqdan xoşum gəlmirdi. Əvvəlcə, ona buna görə yaxınlaşmadığıma inanmaq istədim, amma bilirdim ki, çibandan qorxuram. O da başa düşdü, əslində, başa düşməsin deyə, başımı yaxınlaşdırdım, həkim kimi gözlərimi o şişə, qızarmış yerə zilləyib nəsə mızıldanırdım. Nəhayət, Xoca dilləndi: “Qorxursan, hə?”. Qorxmadığımı isbat eləmək üçün başımı daha da yaxınlaşdırdım. “Vəba çıxıntısıdır deyə qorxursan.”. Həmin sözü qulaqardına vurdum, deyəcəkdim ki, böcək dişləyib, daha əvvəl məni bir dəfə hardasa dişləyən qəribə bir böcək vardı, amma o məxluqun adı ağlıma hələ də gəlmirdi. Xoca dedi: “Toxun da! Toxunmamış necə bilərsən ki, toxun mənə!”. Toxunmadığım üçün sevindi. Şişin üstündə hərlətdiyi barmaqlarını üzümə yaxınlaşdırdı. Diksinərək çəkildiyimi görəndə isə qəhqəhə çəkdi, adi bir böcək dişləyindən qorxduğum üçün məni ələ saldı, amma bu sevinc çox davam etmədi. Dedi ki, “ölümdən qorxuram”. Sanki başqa şeylərdən danışırdı, üzündə utancaqlıq ifadəsindən daha çox qəzəb vardı, necə ki, bu ifadə haqsızlığa məruz qalan adamların üzündə olur. “Səndə bu çibandan yoxdur, dəqiq bilirsən, soyun paltarını”. Təzyiq göstərəndə çiməkdən zəhləsi gedən uşaq kimi köynəyimi çıxardım. Otaq isti idi, pəncərə də bağlıydı, amma hardansa sərin mey gəlirdi, bilmirəm, bəlkə də, məni ürpəndirən aynananın soyuğu idi. Görünüşümdən utandığma görə bir addım irəlilədim, kənara çəkildim. Bu dəfə aynada mənim bədənimə başını yaxınlaşdıran Xocanın üzünü yandan görürdüm, hamının dediyi kimi mənim başıma bənzəyən yekə başı bədənimə tərəf əyilmişdi. Ruhumu zəhərləmək üçün – qəfil belə düşündüm – edirdim, əslindəsə tam əksinə belə hərəkət edirdim, mən ona öyrədirəm deyə illərdir ki, qürurlanırdım. Ağlıma gəlməyi belə gülünc idi, amma qəfil lampanın işığında arsızlaşan o saqqallı başın qanımı əmmək üzrə olduğunu düşündüm! Deməli, uşaqkən dinlədiyim o qorxulu nağılları xoşlayırammış. Bunları düşünərkən, hiss etdim ki, barmaqları qarnıma toxunur, qaçmaq istəyirdim, başına bir şey vurmaq keçdi ürəyimdən. Dedi: “Səndə yoxdu”. Arxama keçib, qoltuqlarımın altına, boynuma, qulaqlarımın arxasına da baxmışdı. “Burda da yoxdu”. Əlini çiynimə qoyaraq yanıma keçdi. Sanki dərdini böldüyü uşaqlıq dostuydum. barmaqları ilə çiynimi iki tərəfdən sıxdı və çəkdi məni: “Gəl, birlikdə aynaya baxaq”. Lampanın çiy işığının altında baxdıq, nə qədər də çox oxşadığımızı bir də gördüm. Sadiq Paşanın qapısında gözləyərkən onu birinci dəfə görəndə də bu hissi keçirmişdim, xatırladım. O vaxt onun kimi olmaq istədiyim bir adamı görmüşdüm, indiysə onun da onun mənim kimi bir adam olmağa ehtiyacı olduğunu düşünürəm. İkimiz də eyni adamıqmış! İndi bu hal mənə çox aydın bir həqiqət kimi görünürdü. Basaratım bağlanmış və sanki tutulub qalmışdım. Qurtulmaq üçün tərpəndim, sanki mənim əsl mən (özüm) olduğumu tam bilmək üçün belə etdim: Tez-tələsik əlimi saçımın içində gəzdirdim, amma o da həmin hərəkəti edirdi, həm də daha ustalıqla və aynanın daxilindəki simmetriyanı qoruyaraq. Baxışlarımı da təqlid eləyirdi, başımın duruşunu, aynada görmək istəməməyimi, qorxunun marağı ilə gözümü ondan çəkə bilməyərək etdiyim hərəkəti belə təkrarlayırdı. Sonra dostunun hərəkətini və sözlərini yamsılayaraq onu hirsləndirən uşaq kimi sevindi. Qışqırdı! Bildirdi ki, birgə öləcəyik. Düşündüm ki, necə də cəfəng bir şeydi. Amma qorxdum da. Bu onunla keçirdiyim gecələrin ən qorxuncuydu. Sonra bildirdi ki, ta əvvəldən bəri vəbadan qorxurmuş, hər şeyi məni sınamaq üçün edirmiş, Sadiq Paşanın cəlladları məni öldürmək üçün aparanda da vəziyyət beləymiş, başqaları bizi bir-birimizə bənzədəndə də. Sonra dedi ki, ruhumu ələ keçirib, eynən bir qədər əvvəl hərəkətlərimi təqlid edərkən etdiyi kimi, artıq nə düşünürdümsə, o bilirdi, nəyi bilirəmsə, onu da düşünürmüş! Sonra elə o vaxt nə fikirləşdiyimi soruşdu, fikrimdə ondan özgə bir şey yox idi, dedim ki, heç nə düşünmürəm, amma mənə qulaq asmırdı, çünki öyrənmək üçün yox, ancaq qorxutmaq üçün danışırdı, öz qorxusuyla oynamaq üçün, o qorxudan mənə də pay düşsün deyə danışırdı. Tənhalığını hiss etdikcə pislik etmək istədiyini sezirdim, əlimi üzümüzə toxundurarkən, o qəribə oxşarlığın tilsimiylə məni dəhşətə salmaq istəyərkən və məndən daha çox özü həyəcanlanıb coşarkən pislik etmək istədiyini düşünürdüm. Fikirləşirdim ki, pisliyi qəfil etməyə könülü razı olmadığı üçün, çiynimi sıxaraq məni aynanın qarşısında saxlayır, amma onu tamamilə axmaq və çarəsiz biri kimi qəbul edirdim. Haqlıydı, dediklərini və etdiklərini mən də demək və etmək istəyirdim, məndən əvvəl hərəkətə keçib vəbanın və aynanın daxilindəki qorxuyla oynaya bildiyi üçün onu qısqanırdım. Amma o qədər qorxmağıma görə, özümlə əlaqəli daha əvvəl düşünmədiyim şeyləri bildiyim üçün fikir eləsəm də, bu oyun hissindən heç cür qurtula bilmədim. Çiynimi sıxan barmaqları kobud idi, amma aynanın qabağından çəkilmirdim. Xoca dilləndi: ”Mən də sənin kimi olmuşam. Artıq bilirəm ki, necə qorxursan. Mən sənə çevrildim”. Dediyini başa düşdüm, amma bu gün yarısının doğru olduğundan şübhə eləmədiyin bu hal cəfəng və uşaqcasına bir şey kimi göründü mənə. İddia edirdi ki, dünyanı da mənim kimi görür. Yenə də “onlar, onlar” deyirdi, indi “onlar” necə düşünür, necə eşidir və necə anlayırlar. Baxışını aynadan kənarda tutaraq lampanın işıqlandırdığı yarı qaranlıq masaya, bardaqlara, kürsülərə, nəsnələrə zilləyərək bir az danışdı. Sonra dedi ki, daha əvvəl görmədiyi üçün demədiyi şeyləri, indi deyə bilir, amma mən düşünürdüm ki, səhv eləyir: Kəlimələr də həminki kəlmələrdi, nəsnələr də. Təzə olan yeganə şey qorxusuydu. O da yox, qorxunu yaşamaq tərzi, amma bu tərzin necə bir şey olduğunu indi açıq şəkildə yazmayacağam, aynanın qarşısında fikirləşdiyi bir şey, yeni bir oyun olduğunu düşünürdüm. Sanki öz istəyindən başqa bir şeyin, bu oyunu da bir yana qoyaq, tez-tez fikri o qırmızı çibanda qalırdı və soruşurdu ki, bu böcək dişləyinin yeridir, yoxsa vəbadır. Bir ara hər şeyə mənim qaldığım yerdən davam etmək istədiyini dedi. Hələ də yarıçılpaqdıq və aynanın qarşısından çəkilməmişdik. O mənim yerimə keçmişdi, mən də onun, bunun üçün paltarlarımızı dəyişdirməyimiz və o saqqalını kəsəndən sonra mənim taxmağım kifayət imiş. Bu fikir, aynadakı oxşarlığımızı daha da ürküdücü etdi, əsəblərim əməllicə gərildi, qulaq asdım: O vaxt, mən onu azad etməliyəmmiş: Mənim yerimə keçən o, mən yaşadığım ölkəyə qayıdanda görəcəyi işləri ləzzətlə danışdı. Uşaqlığım və gəncliyim haqda ona danışdıqlarımın hamısını, ən kiçik detallarına qədər yadında saxladığını, o detallardan, özünə görə qəribə və həqiqətdən uzaq bir xəyal aləmi qurduğunu görərək təəccübləndim. Sanki həyatım öz ixtiyarımdan çıxaraq onun əlində başqa yönlərə sürütlənir, mənim də başıma gələnləri yuxu kimi görüb uzaqdan baxmaqdan başqa, əlimdən heç nə gəlmirdi. Amma mənim əvəzimə ölkəmə edəcəyi səyahətin və orda yaşayacağı həyatın gülünc bir qəribəliyi və saflığı vardı ki, məni ona tamamilə inanmağa qoymurdu. Bir yandan da xəyali dəqiqliyindəki tutarlığa da təəccüblənirdim. İstəyirdim deyəm ki, belə də ola bilər, belə də yaşaya bilərəm. O vaxt Xocanın həyatı ilə əlaqəli daha dərin bir şeyi birinci dəfə başa düşdüm, amma ovqatım eləydi ki, bunun nədən ibarət olduğunu deyə bilməzdim. Ancaq illərdir ki, düşündüyüm əvvəlki həyatımda etdiklərimi təəccüblə dinləyərək, vəbanın qorxusunu unutdum. Amma bu hal çox davam eləmədi. Xoca istəyirdi ki, bu dəfə onun yerinə keçəndə nə edəcəyimi deyim. Bənzəmədiyimizə və çibanın böcək dişləyi olduğuna inanaraq, o qəribə vəziyyətdə ayaq üstə qalmaq əsəblərimi o qədər pozmuşdu ki, ağlıma heç nə gəlmədi. Təzyiq göstərəndə isə bir vaxtlar, ölkəmə qayıdanda xatirələrimi yazmaq istədiyimi dedim: O vaxt, bəlkə də, nə vaxtsa, fikrimdən keçənlərdən yaxşı bir hekayə yazacağımı deyəndə qəfil aşağıladı məni. Onun məni tanıdığı qədər mən onu tanımırammış! Məni itələyib aynanın qarşısına özü keçdi. Yerimə keçən kimi mənim başıma gələnləri deyəcəkmiş! Əvvəlcə çibanın vəba çıxıntısı olduğunu dedi: öləcəyəmmiş. Sonra ölümdən əvvəl necə də ağrılar içində qıvrılacağımdan danışdı, indiyə qədər fərqinə varmadığım üçün hazırlıqsız olduğum qorxu, ölümdən də betərimiş. Xəstəliyin ağrıları ilə necə boğuşacağımı deyərkən Xoca artıq aynanın qarşısından çəkilmişdi, bir qədər sonra baxanda isə yerə sərilmiş dağınıq yatağına uzanıb, çəkəcəyim ağrı və əzablar haqqında danışırdı. Hansı səbəbdənsə artıq şişin ancaq bir böcək dişləməsi olduğunu düşünürdüm, amma yenə də qorxurdum. Əli qarnının üstündəydi, düşündüm ki, sanki əli danışdığı o ağrının da üstündəydi. Düz həmin vaxtda çağırdı, qorxa-qorxa yanına getdim və həmin an da peşman oldum, əlini yenə mənə sürtürdü. Bütün gecə belə davam elədi. Xəstəliyi və qorxunu mənə də keçirməyə çalışarkən mənim o, onun da mən olduğumu dəqiqəbaşı təkrarlayırdı. Fikirləşirdim ki, özündən kənara keçib özünə nəzər salmaqdan ləzzət apardığına görə beləydi, yuxudan oyanmaq istəyən bir adam kimi öz özümə təkrarlayırdım: oyun oynayır, çünki bu sözü özü də deyirdi, amma digər tərəfdən də yavaş-yavaş təkrarlayırdı: isti bir otaqda adam boğan sözlərin qorxusuyla karıxan adam kimi yox, bədənində şikəstlik olan adam kimi təkrarlayırdı. Günəş çıxarkən ulduzlardan və ölümdən, uydurma qənaətlərindən, Padşahın axmaqlığından, ən vacibi nankorluğundan, öz əziz axmaqlarından, “bizlərdən” və “onlardan”, başqa bir adam olmaq istəməyindən danışırdı! Artıq qulaq asmırdım, həyətə çıxdım. Hansı səbəbdənsə ağlıma, ölümsüzlük haqqında qədim bir kitabda oxuduğum düşüncələr gəlmişdi. Cökə ağaclarının içində çikkiləşərək uçuşan sərçələrdən başqa, çöldə heç bir hərəkət yox idi. Təəccübləndirici bir sükunət hökm sürürdü, İstanbuldakı digər otaqları və vəbaya yoluxmuş xəstələri düşündüm. Xocanın xəstəliyi vəbadırsa, ölənə qədər belə davam edəcək, yox əgər deyilsə, o qırmızı şiş itənə qədər olacaq deyə düşündüm. Artıq hiss edirdim ki, bu evdə çox da qala bilməyəcəyəm. Evə girərkən hara qaça biləcəyim və harda gizlənəcəyimi bilmirdim. Xocadan və vəbadan uzaq olan bir yeri xəyalımdan keçirirdim. Bir neçə dəst paltarımı bir torbaya basarkən, bircə bu yerin ələ keçməmiş qaça biləcəyim qədər yaxın olmalı olduğunu bilirdim.

O vaxtlar Xocadan az-az oğurlayaraq bir az pul toplamışdım, ordan-burdan qazandığım pullar da vardı. Evdən çıxmamışdan əvvəl onları gizlədiyim yerdən, artıq heç oxumadığım kitablar olan yerdə qoyulmuş sandıqdakı çorabımdan götürdüm. Marağa qapıldığım üçün sonra Xocanın otağına getdim, lampa yanırdı, tərin içindəydi və yuxu aparmışdı onu. Heç vaxt tam inanmadığım o sehrli oxşarlıq yenə də vardı, mən bütün gecə qorxudan aynanın kiçikləşdiyinə təəccübləndim. Heç bir şeyə toxunmadan tələm-tələsik evdən çıxdım, prospektin boş küçələrində yeriyərkən xəfif külək əsdi, istədim ki, əllərimi yuyum, bilmirdim ki, hara gedim, amma halımdan razı idim. Səhərin sükutunda küçələrdə yerimək, dənizə tərəf yoxuşlardan enmək, çeşmələrdə əllərimi yumaq, Xaliçi seyr eləmək xoşuma gəlirdi. Heybəliada haqqında ilk dəfə oradan İstanbula gəlmiş gənc bir rahibdən eşitmişdim. Qalatada qarşılaşanda mənə həvəslə adaların gözəlliyindən danışmışdı. Yəqin ki, fikrimdə qalıbmış, məhəllədən çıxarkən ora gedəcəyimi bilmirdim. Danışdığım qayıqçılar və balıqçılar məni adaya aparmaq üçün ağılasığmaz dərcədə pul istədilər, narahat oldum, düşündüm ki, qaçaq olduğumu başa düşdülər, Xocanın arxamca yollayacağı adamlara da yerimi deyəcəklər! Sonradan bunun vəbadan qorxduqları üçün alçaltdıqları xristianlara verdikləri göz dağı olduğunu yəqinləşdirdim. Çox da diqqəti cəlb etməmək üçün danışdığım ikinci qayıqçı ilə razılşdım. Güclü-qüvvətli bir adam deyildi, avarlardan yapışmaqdansa söhbət edir, vəbanın hansı günahların cəzası olduğu haqda danışırdı. Vəbadan qaçmaq üçün adaya sığınmağın da kara gəlməyəcəyini dedi. Danışarkən onun da, mənim qədər qorxduğunu başa düşdüm. Yol altı saat davam elədi. Sonralar düşündüm ki, adada xoşbəxt günlər keçirirəmmiş. Az miqdarda pul verərək, kimsəsiz bir Rum balıqçısının evində qalırdım, çalışırdım ki, çox da ortalıqda görünməyim, narahat deyildim. Bəzən düşünürdüm ki, Xoca ölüb, bəzən də arxamdan göndərəcəyi adamları düşünürdüm. Mənim kimi vəbadan qaçan çox xristian vardı, amma onlara görünmək istəmirdim. Səhərlər balıqçıyla birgə dənizə çıxır, axşamüstü qayıdırdım. Bir ara nizəylə vuraraq xərçəng və balıq ovuna meyil saldım. Hava balığa çıxmayacaq qədər pisdirsə, adanın ətrafında gəzinirdim, monastra girib asmaların altında bəzən şirin-şirin yatırdım. Bir də əncir ağacına söykənmiş çardaq vardı, hava açıq olan günlərdə ordan Ayasofya görünürdü, ağacın altında oturub İstanbula baxaraq saatlarla xəyala dalırdım, bir dəfə yuxumda adaya gələrkən qayıqla bərabər gedən delfinlərlə birgə Xocanı görmüşdüm, onlara dost idi, məni soruşurdu, deməli, izimə düşmüşdü, növbəti dəfə anamla bir yerdə idilər, mənə irad tuturdular, soruşurdular ki, niyə gənc qalmışam. Üzümə düşən gündən tərləyərək oyanandan sonra bu yuxulara təkrar qayıtmaq istəyir, qayıda bilməyəndə isə özümü məcbur edərək düşünürdüm: Bəzən düşünürdüm ki, Xoca ölüb, tək gəldiyim boş evin içindəki ölünü, cəsədi qaldırmağa gələnləri, kimsəsiz cənazənin səssizliyini, sonra isə kahinliyimi düşünürdüm, sevinlə uydurduğu o əyləncəli şeyləri, nifrət və qəzəblə uydurduqlarını da, Padşahı da, padşahın heyvanlarını da düşünürdüm, nizəmi kürəklərindən soxub qarınlarından çıxardığım xərçəng və balıqlar belə gündüz qurduğum xəyallara bədənlərini yavaş-yavaş oynadaraq həmrəy olardılar. Yavaş-yavaş özümü inandırmağa çalışırdım ki, ölkəmə qaça bilərəm. Bunun üçün adanın qapısı-bacası açıq evlərindən pul oğurlamağım kifayət idi, amma daha əvvəl Xocanı unutmalıydım, bu əsas şərt idi. Çünki qəfil başıma gələnlərin tilsiminə, xatirələrin cazibədarlığına qapılırdım: Az qalsın ki, eynilə mənə bənzəyən bir insanı ölümlə üz-üzə qoyduğum üçün özümü günahlandıracaqdım. İndiki kimi onu arzulayaraq darıxırdım, mən, həqiqətən, xatirələrimdə olan insana nə qədər bənzəyirdim, yoxsa özümü aldadırdım, sonra bu on bir ildə bir dəfə də olsun üzünə doya-doya baxmadığmı yəqinləşdirdim, əslindəsə, həmin şeyi çox etmişdim. İstəyirdim ki, İstanbula gedib cəsədinin üzünə sonuncu dəfə bir də baxım. Azad ola bilmək üçün aramızdakı oxşarlığın səhv xatırlanan bir an, unutmalı olduğum lazımsız bir yanılma olacağına özümü inandırmışdım, qərar verdim ki, buna vərdiş eləməliyəm.


Tarix: 09.06.2015 / 12:31 Müəllif: Aziza Baxılıb: 570 Bölmə: Orxan Pamuk - "Bəyaz qala"