beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bulud olmaq istəyirəm
Bulud olmaq istəyirəm

- Sən heç ömründə bir dəfə də olsun fikirləşmisən ki, bulud olsan nə edərsən?

- Bulud olsam… o biri buludlara qoşulub səmada fırlanaram özümçün. Lazım olanda da yağış olub yağaram…

- eh… amma mən bulud olsam o biri buludların hamısından ayrılaram…

- Niyə? Yerdəkilərin diqqətini cəlb eləmək üçün? Sən həmişə belə ucuz reklam axtarırsan…

- Yox. Ona görə ki, o biri buludlar təbiətin qanununa uyğun olaraq hərəkət edirlər. Mən isə onlardan ayrılıb öz iradəmlə gəzərəm.

- Məsələn...

- Məsələn, yayda ən isti aran rayonlarından birinin səmasına uçub yuxarıdan diqqətlə baxaram. Və orada avtomobili olmayan, ayda 115 manat məvacib alan kənddəki tarix müəlliminin üzərincə gəzərəm ki, onu günəş şüaları yandırmasın. O dərslərini bitirib evə gedəndə günorta saatlarına, günü yandıran vaxtlara təsadüf edir. Mən onu məktəbdən evlərinə kimi izləyərəm. Müəllim kölgədə gedər. Sonra o evə çatır. Gözləyərəm… müəllim çox gözlətməz… naharı az çəkər. Çünki naharı azdır… az yeyər, və uşaqlarına «mən doydum, siz nüş edin, mən məktəbdə də yemişəm» deyər… əslində məktəbdə əsəb yeyib…nə isə … həyətə çıxar. O başını qaldırıb mənə baxar. «hə hava yaxşı kölgəlidir. Bir az əkinlə məşğul olum» deyər. Tərəvəz əkər. Mənim hesabıma sərində əkər. Sonra başını qaldırıb göyə baxar. «Allah adamıyam. Yəqin yağış yağar. Bir də suvarmaya pul vermərəm.» Allah adamı olduğunu deyə bilmərəm . amma yüz faiz mənim adamımdır. Mən bir parçamı bölüb yağış edərəm. Yağaram. Müəllim sevinər. Sabahısı gün müəllimlər otağında bu hadisəni sevinə sevinə danışar: «elə bil buludlar səsimi eşitdi.» Kasıbı sevindirməyə nə var ki… onu gözü götürməyən direktor müvaini, fizika müəllimi isə «ay müəllim sənin tarixi əfsanələrində buludlar adamın sözünə qulaq asır ee. Fizika qanunlarına görə bu mümkün deyil...» deyər və kinayə ilə gülər. Hətta kimya müəllimi də ona qoşular. Yaltaq kimya müəllimi və oğraş. Kimya müəllimi. Mən isə həmin gün müəllimi evə ötürəndən sonra əvvəlcə kimya müəllimi gilə gedib onun arvadının yuyub həyətdən asdığı paltarları isladaram. Köynəyi yaş olduğuna görə, kimya müəllimi sabahsı gün dərsə gedə bilməz və töhmət alar. Fizika müəllimi isə… hə onunla işim lap çoxdur… onun evini günəşə həsrət qoyaram, bütün günü üşüyər. Həyətə düşüb görər ki, qonşunun həyəti günəşlidir onun həyəti qaranlıq. Deyər «hə, bu günəş tutulmasıdır. 3-4 dəqiqəyə əkilər». Amma zaman keçdikcə o narahat olar. «bu heç bir fizika qanuna uyğun deyil». onun həyətinə yağış yağanda o az qala dəli ola. Coğrafiya müəlliminə zəng edib ona başına gələnlər barədə danışar. Coğrafiya müəllimi isə telefonda gümrah səslə deyər «bulud sizin tərəfə təsadüf edib. Bu müvəqqəti haldır.» Coğrafiya müəllimi dəstəyi asan kimi fikirləşər «ey pis insan bu coğrafiyalıq deyil, falçılıqdır. Etdiyin pisliklərə göylər də dözmür.

Mən isə iki yerə bölünərəm. Həm tarix müəlliminin «ay arvad hava yaxşı kölgəlidir. Gəl bağda çay içək» sözünü qırmamaq üçün onun bağına kölgə salaram. Həm də bütün gecəni fizika müəlliminin damlarına yağaram. Sabahısı gün o müəllimlər otağında hadisəni danışanda hamı elə bilər ki, o dəli olub. Görürsən bir bulud olmaqla nə qədər iş görmək mümkündür.

- Deyəsən sən o dediyin fizika müəllimi kimi dəli olmusan…

- Yox mən o danışdığım coğrafiya müəllimi kimi hər şeyi başa düşüb amma aciz şəkildə hadisələri izləyənəm

- Niyə?

- Çünki bulud ola bilmirəm…


Tarix: 08.06.2015 / 17:21 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Nicat Qafuroğlu