beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çovğun
Çovğun

Bu gün o çox narahat görünürdü.Tənhalıq və o illərin yorğunluğu ağır qurğuşun tək sanki çiyinlərindən asılmışdı. Otaq bumbuz idi. Yatağından qalxmaq istədi Elə bil vücudu çarpayıya yapışmışdı. Bayaqdan bəri telefonun zəngi otağı başına götürmüşdü. Bu səs bir anlığa ona orta məktəb illərindəki tənəffüs zəngini xatırlatdı..
Məktəb illəri, tələbəlik. İllər boyu arzusunda olduğu həkimlik peşəsi.Minlərlə xəstələrə şəfa verən titrək və yorğun əllərinə baxıb köks ötürdü. Yenə də keçmişi pərdə-pərdə gözləri önündə canlandı.
Gecə növbəsi. Günortadan yağan qar səngimək bilmirdi. Hər tərəf ağappaq , sanki ağ tənziflə sarınmışdı.Dənizdən qalxan külək qar dənələrinin yerə enməsini əngəlləyərək divarlara çırpırdı. Küçələrdə arabir şütüyən maşınların fənərləri asfaltın üstünə yapışıb qalan qar örtüyünü mirvari kimi parıldadırdı. Soyuq iliyə işləyirdi. Çağırışdan yenicə gəlmişdi. Dispetçirin səsi eşidildi:- Doktor Həsənzadə çağırışa. Dərhal dispetçırə yaxınlaşdı ki, çağırış vərəqəsini götürsün. Dispetçir onu görcək: - Doktor, çağırışcı həyətdə sizi gözləyir. “Yaşıl dərə “ deyilən yaşayış massivinə gedirsiniz, - dedi. Yaşıl dərə - şəhərin kənarında salınmış” Gecə qondu“ adlanan evlərdən ibarət ətrafında gölməçələr olan bir ərazi idi.
Çağırışcı da onlarla bərabər maşına əyləşdi Qəribə danışıq tərzi vardı. Xəstənin vəziyyətini soruşduqda - vallah ,mən onun qaynıyam, qardaşım dedi ki ,tez həkim gətir. Yoldaşım “vot-votdadı”.Onun bu sözünə o vaxtı hamı qəhqəhə çəkib gülüşmüşdü.
Bu məzəli əhvalatı o bir daha xatırlayıb heysiz halda gülümsündü.Başını yana çevirib pəncərəyə baxdı . Külək sərt və amansız olmasına baxmayaraq, küçədən gələn insan və maşın səslərini boğa bilmirdi. Qəribədir. Nə baş verir? Bu gün nədənsə xatirələr onu təkliyin əlindən alır, yalnız buraxmır.
Yenidən hamilə qadınla etdiyi söhbətini xatırladı:
- Budur burda deyirəm, qızın olsa, mənim adımı qoyarsan.Çünki mən onun yolunda boğaza qədər gölməçəyə batmışam
Qadın halsız baxışları ilə həkimin lilə batmış üst - başını seyr etdi,-qurbanın olum ay həkim ,sizin küçəmizdəki gölməçəyə necə düşdüyünüzü qaynim bizə danışdı.
Həmin anın soyuqluğunu yenidən canında hiss edirmiş kimi o yorğana bərk-bərk büründü.
...Dispetçirin səsi qollarını sinəsinə çarpazlayıb xəyala dalmış Nərmini şirin duyğularından ayırdı.
-Doktor Şahbazova, çagırışa.Nərmin çevik bir tərzdə üst başına əl gəzdirərək çantasını götürüb həyətə atıldı.Bu onun həkim kimi ilk çağırışı idi. Dispetçirdən götürdüyü çağırış vərəqəsini ovcunda bərk- bərk sıxdı. Ünvana çatdılar.Qapıda onları gənc bir qadın qarşıladı.Nərmin xəstəyə yaxınlaşdı.Xəstə özündə deyildi.
Nəbzini yoxladı,ürəyi sürətlə döyünürdü. Təzyiq normadan cox yüksək olduğundan xəstənin vəziyyəti qorxulu idi. Nərmin özünü itirmədən tibb bacısına göstərişlərini verdi.10-15 dəqiqə göstərilən yardım nəticəsində xəstənin təzyiqi normal halına düşdü.
Ürəyi ritmlə vurmağa başladı. Deməli, xəstəyə edilən ilkin yardım öz nəticəsini göstərmişdi.
-Ananızdır?- deyə, Nərmin qadından soruşdu.
- Xeyr. Qonşuyuq.
- Bəs, bunun kimsəsi yoxdurmu?
- Bir oğlu, bir qızı var. Oğlu xaricdədir. Qızı isə ailəlidir. Heç kimə əziyyət vermək istəmir.
O, xəstənin bir daha təzyiqini yoxladı. Hər şey qaydasında idi...
Nərmin üzünü xəstəyə tutub; - özünüzü necə hiss edirsiniz?, - deyə soruşdu.
- Çox sağ ol, qızım. İndi cox rahatam. Gülpəri, bunlara çay ver.
Nərmin xəstənin adının Gülpəri olmadığını öyrəndikdə cibindəki çağırış vərəqəsini çıxarıb baxdı... Deməli, çağırışı qonşusu Gülpəri öz adına veribmiş
- Bəs xəstənin adı nədir? - deyə Nərmin Gulpəridən soruşdu.
-Nərmin.
Ooo, biz ki, adaşıq.
Gülpəri bu təsadüfə gülümsədi.
Nərmin əşyaları səliqə ilə çantasına yığıb ayağa qalxdı. Yaxşı, biz gedək.
Həkim bəs, çay?
Yox, sağ olun.
Xəstə ilə xudahafizləşib qapıdan çıxarkən ,divardan asılmış bir şəkil gördü. Təcili yardım maşının önündə dayanmış gənc bir həkim şəkildə harasa baxıb gülümsəyirdi.
Bu kimdir?
Gülpəri;
- Bu bizim Nərmin anadır.O da sizin kimi həkimdir.Uzun müddət Təcili Yardım Stansiyasında çalışmışdır.Nərmin şəkilə yaxınlaşıb dikkətlə baxdı:- “İlahi! Necə də gözəlmiş”.
Sakitcə evdən çıxdı.Qapıdan çıxarkən bildirdi ki, xəstəyə yenə baş çəkəcək.
Çağırışlar bir qədər ara vermişdi. Stansiyada sakitlik hökm sürürdü. Otaqda hər bir həkim öz xəstələri haqqında müzakirələr aparırdı.Nərmin isə hələ də ilk çağırışın həyəcanını yaşayırdı.
Gecəni səhərə qədər narahat keçirən Pakizə ana otaqda var- gəl edirdi. O qızı Nərminin gəldiyini görcək ;-
Qurbanın olum, qızım .bu gecə səhərə qədər yatağıma sanki əqrəblər daraşmışdı.Səhəri diri gözlü açmışam. Tez- tez yatağına boylanmışam. Səni yatağında görmədikdə haldan- hala düşmüşəm.
- Eey, ay ana, mən artıq böyümüşəm... Sən hələ də mənə uşaq kimi baxırsan. Bu gecə mənə həkim-deyə müraciət edib-
lər.
Nərmin bu sözləri deyərkən ,qəlbində fərəh hissi kecirtdi.
Gecə növbəsini səhərə qədər çağırışlarda keçirən Nərmin yuxusuzluqdan şikayətlənərək, anasının yatağına uzandı
- Hanı ay ana, deyirdin yatağın əqrəblərlə doludur?- deyə zarafatından qalmadı və şirin yuxuya daldı.
Pakizə ana ehtiyatla barmaqlarının ucunda gəzişərək , mətbəxdə qızının çox sevdiyi düşpərə yeməyini hazırlamağa başladı.
Bu zaman həyat yoldaşı Müzəffərlə qaynı Soltan hay küylə içəri daxil oldular.Pakizə ana şəhadət barmaığını dodaqlarına sıxaraq, - susss, Nərmin yatıb, - işarə etdi.
-Yox, ana artıq mən oyanmışam.
Hamı masanın arxasında əyləşmişdi... Müzəffər, arvadı Pakizənin bişirdiyi isti düşbərəni tərif¬ləyərək:
Əə, bu soyuq havanın yeməyi vallahi budur.
Soltan bu sözü gözləyirmiş kimi;
-Doğrudan, ay Pakizə, təsadüfdənmi, yoxsa, bilərəkdən bu düşpərəni bişirmisən? Yadındamı, Nərmin dünyaya gəldiyi gün -
külək, çovğun, qar. Belə bir hava idi. “Skoro “ ilə səni aparmağa gəlmişdik, acından ölürdüm.Gözüm qazanda yenicə bişirdiyin düşpərədə qalmışdı.
Pakizə:
- O günü unutmaq olarmı? Ay, sağ olmuş.
-Ə, o gecəsi nə zülm cəkdik. Hələ yazıq o Nərmin həkim.
-Qızım, o həkimin də adını sənə qoymuşuq. O gecə həkim bunu özü xahiş etmişdi.
Nərmin həkimin adını eşitcək, - dayanın bu gecə vaxtılə “Təcili Yardımda “işləmiş bir həkimin çağırışana getmişdim.Bəlkə...
Pakizə və Soltan maraqla Nərminin bu sözünü eşitcək, onu sual yağışına tutdular.
- Necə adam idi?
Nərmin gördüklərini təfsilatı ilə onlara danışdı.
Pakizə Nərmin həkimin o gecəki fədakarlığını gözləri önünə gətirərək, dərihdən ah çəkdi:
-Bu odur. Qızım, bəlkə, bizi onun yanına aparasan.
Nərmini maraq götürdü. - Gör, o gecə həkim necə fədakarlıq göstərib ki, əmisi ilə anası onu görməyə can atırlar.
Nərmin onlara bələdçıilk edərək, binanın önünə çatmışdı ki, Gülpəri ilə qarşılaşdı.
Gülpəri ağlayırdı.
Bir vaxt onun dünyaya gəlməsində koməklik edən insana bir gecəlik həyat bəxş eləyə bilmə¬diyinə görə anası ilə əmisinin
önündə o, günah işlətmiş adam kimi donub qaldı.


Tarix: 08.06.2015 / 16:55 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Nazilə Gültac