beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Medeniyyetimiz

Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə - 1991-ci ildə öz müstəqilliyini elan etmiş, özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdir. Həmin tarixdən başlayaraq Azərbaycan öz milli, dini irsini, mənəvi-əxlaqi dəyərlərini yenidən öyrənməyə, yaxın və uzaq keçmişdə itirdiklərini və unutdurulanlarını bərpa etməyə başlamışdır.

Bu sahədə ulu öndərimiz HEYDƏR ƏLİYEVİN müstəsna xidmətləri vardır. Çıxışlarının birində o, Azərbaycanın yeni nəslinin təlim və tərbiyəsinin əsas məqsəd və vəzifələrindən danışaraq belə deyir: "Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər."

Bu tərbiyənin nədən ibarət olduğu da ümummilli liderimiz tərəfindən açıq və aydın şəkildə müəyyən edilmişdir "İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir."

Müstəqil dövlətimizdə dinimizə verilən bu yüksək dəyərin səbəbi nədir?

Hər bir dövlət, hər bir dövlət başçısı öz xalqının, başçılıq etdiyi insanların əxlaqi dəyərlərə sadiq olmasına çalışmalıdır. Əxlaqı qaynaqlarına yad olan insanların təşkil etdiyi cəmiyyət və dövlət uzun zaman azad, müstəqil yaşaya bilməz. Buna görə də müstəqil, demokratik, dünyəvi bir dövlət öz xalqının yüksək əxlaqi dəyərlərə yiyələnməsində maraqlı olmalıdır.

Dinimizin təməlində də əxlaq durur. Həm də bu əxlaq adi bir insanın düşündüyü, təbliğ etdiyi əxlaq deyil, bəşəriyyətin fövqündə olan, əməlləri Yaradan Uca Allahın gözəl əxlaqıdır.

Böyüklərə hörmət

Azərbaycan xalqının çox dəyərli adət-ənənələrindən biri də böyüklərə hörmətdir. Böyüklərə hörmət və sayğının kökləri çox-çox qədimlərə - tarixi köklərimizə söykənir. Bu danılmaz bir faktdır ki, ulu əcdadlarımız zaman-zaman özündən böyüklərə, kiçiklərə və çevrəsində olan insanlara daim qayğı göstərmiş, onlara sevgi ilə yanaşmış, tutduğu mövqeyindən asılı olmayaraq onlara hörmət göstərməyə böyük əhəmiyyət vermişlər. Bu bir həqiqətdir ki, böyüklərə, rəhbərlərə, yaşlı nəslin nümayəndələrinə qayğı göstərməyən, onların məsləhətlərini eşitməyən, belə demək mümkündürsə, bir sözünü iki eləyən, davranış qaydalarını gözləməyən, böyüklərlə münasibətdə qeyri-etik hərəkətlərə yol verənlər cəmiyyət içərisində heç vaxt hörmət qazana bilməzlər. Demək olar ki, böyüklərə hörmət hissi əsrlər boyunca ulu əcdadlarımız tərəfindən cilalanmış, insan mənəviyyatının bütün cəhətlərini özündə cəmləşdirmiş bir formada nəsildən-nəslə ötürülmüş və müasir gənclərə çatdırılmışdır. Bu tərbiyə hazırda istər ailədə, istər cəmiyyətdə, istərsə də kiçik bir toplumda etik norma kimi başlıca yer tutur. Başqa cür ola bilməz.

Bu gün ailədə öz böyüyünə, müəssisədə müəssisə rəhbərinə, yaşadığı cəmiyyətə həmin cəmiyyətin rəhbərliyinə hörmət etməyən, onun yolunu gözləməyən, nəsihətlərinə əməl etməyən, verdiyi tapşırığı yerinə yetirməyən hər hansı bir şəxs nə vətəninin, nə torpağının, nə qohum-qardaşının, nə dost tanışının, nə də doğma anasının qədrini bilməz. Bu baxımdan hər birimiz bilməliyik ki, çox dəyərli əxlaq olan - böyüklərə hörmət hissini özündə tapmayan insan həyatda heç bir uğur qazana bilməz.

Unutmamalıyıq ki, böyüklərə hörmət-ətrafındakılara hörmət mənəviyyatımızın əsasını təşkil edir.


Tarix: 09.01.2013 / 22:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 837 Bölmə: Medeniyyet