beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri tipinə uyğun qulluq qaydaları

İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır. Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında, ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur. Bununla yanaşı, su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayırd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri. İnsan öz dəri tipini necə müəyyən edə bilər?

Bunun üçün aşağıdakıları etmək lazımdır:

Kosmetik süddən istifadə etməklə üzünüzü yuyun.

Bir saat gözləyin.

Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı varmı

Bir neçə ədəd nazik kağız (məsələn, siqaret kağızı) parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.

Daha sonra bu kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.

Əgər bütün kağız parçalarında yağ izləri olarsa, demək, sizin dəriniz yağlı dəri tipinə, əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş vərəqlərdə olarsa, sizin dəriniz qarışıq dəri tipinə, əgər yağ izləri heç bir kağız parçalarında olmazsa, sizin dəriniz normal dəri tipinə, əgər dərinizdə onun dartılması hissiyyatı olarsa, sizin dəriniz quru dəri tipinə aid edilir.

Üzün dərisinə gündəlik ümumi qulluq qaydaları:

Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar. Sabunla yumağa gəldikdə isə, kosmetoloqların ümumi rəyinə əsasən, dərinin tipindən asılı olmayaraq, üz dərisinin sabunla yuyulması, ümumiyyətlə, məsləhət görülmür. Sabun əvəzinə xüsusi gel və xüsusi köpüklənən vasitələrdən (“penka”) istifadə etmək daha məqsədəuyğun hesab edilir.

Mütəxəssislər hər dəri tipi üçün xüsusi gel və köpüklənən vasitələr hazırlayıblar. Hər bir şəxs yalnız öz dəri tipinə uyğun olan vasitələrdən istifadə etməlidir! Üzün dərisini gün ərzində 1 dəfədən artıq olmayaraq – səhərlər su ilə yumaq məsləhət görülür (yağlı dəri istisna olmaqla – bu dərini gündə 2 dəfə su ilə yumaq olar).

Hər səhər dərinin gündəlik təmizlənməsindən sonra onu soyuducunun buz qabında hazırlanmış, kub şəklində olan buz parçası ilə ehtiyatla sürtmək olar. Bu, dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək qırışların hamarlanmasına, üz dərisinin gözəl rəng almasına, yanaqların təbii olaraq qızarmasına səbəb olur. Biz qadınlar makiyajdan gündəlik istifadə etdiyimizə görə dəri gün ərzində yorulur və aktiv nəfəs almır. Bu səbəbdən qulluq zamanını daha çox axşamlar, işdən, gəzintidən sonra etmək məsləhət görülür.

Makijaydan təmizlənmiş üz dincəlir və rahat nəfəs alır. Bu zaman edilən qulluqlar daha çox effekt verir. Üzünüzə avokado tərkibli maskalar etmək və ya kremlər çəkməklə quru üz dərinizi nəmləndirə, bir çox vitaminlərlə zənginləşdirə bilərsiniz. Zeytun yağı kimi doymamış yağla zəngin olan bu meyvə eyni zamanda, dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır. Bu yağ Günəş şüasından müdafiə edir, qırışları azaldır. Bədəndə isə sellülitlə mübarizə aparmaq üçün çox faydalıdır. Bu yağ tərkibli kremlərdən mütəmadi istifadə üz dərisinə parıltı bəxş edir, təravətləndirir.

Üz dərisinə qulluq edərkən əsas silahdaşları - kremləri unutmayın. Xüsusilə, avokado tərkibli kremlər üz dərisi və qırışların aradan qaldırılması üçün əvəzsizdir. Gündüz və ya gecə istifadə etməklə dərinizin enerjisini artıra, yaşlanma prosesini ləngidə bilərsiniz. Bu tərkibli kremlər dəriyə dərhal hopur, onu hamarlaşdırır, yaranacaq qırışların qarşısını alır.

Onu da qeyd edək ki, həssas dəri digər dəri növlərinə nisbətən daha çox və diqqətli qulluq tələb edir. Ona görə də bu cür dəri tipinə sahib olan xanımlar hər zaman daha unikal vasitələr axtarışında olurlar. Bu dəri növünə istənilən kiçik dəyişiklik- Günəş, havadakı toz, yazın gəlişi ilə əlaqədar təbiətdə baş verən tozlanma prosesi və digər mövsümi dəyişiklikər qıcıqlanma verə və narahatlıq yarada bilər. Məhz bu səbəbləri nəzərə alaraq dermatoloqlar daim yenilik axtarışındadırlar, onlar bu problemi aradan qaldırmaq üçün daha unikal vasitələr hazırlamağa çalışırlar.

Həssas dərili xanımlar dərinin qıcıqlanmasını azaldan və dərini gərgin stressdən müdafiə edən əsl “sipər” rolunu oynayan krem istifadə etməlidirlər. Bu, allergiya riskini minimuma endirmək üçün diqqətlə seçilmiş inqrediyentlər əsasında hazırlanmalıdır.


Tarix: 24.11.2014 / 16:52 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri