beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayaqlara Qulluq

Ayaqların gözəlliyini təkcə təbiətdən verilmiş forma müəyyənləşdirmir: xarici amillər də böyük əhəmiyyət kəsb edir. Əgər dərinizin altından qara soxulcana oxşayan damarlar və yaxud ulduz formalı kapilyar partlamaları görünürsə, burada nə mini ətəkdən, nə də dəbə uyğun şortlardan danışmağın mənası yoxdur. «Qorxulu» tromblar nəinki qadınları, hətta kişiləri də utandırır. Hər halda bu məsələnin çox maraqlı bir tərəfi var: üzə çıxan damarlar xəstəlikdir, yoxsa sadəcə, kosmetik qüsur?
Həkimlər bunu varikoz xəstəliyi — birləşdirici toxumanın zəifliyi sindromu adlandırırlar. Birləşdirici toxumanın zəif olması nəticəsində damar divarları adi gərginliklərə də dözmür və nəticədə genişlənir. Bəzi həkimlər yalnız insanlarda müşahidə edilən bu xəstəliyi onun iki ayaq üstündə gəzməsinin nəticəsi kimi dəyərləndirirlər. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə, xəstəlik insanın təkamülü nəticəsində meydana çıxıb. Başqa sözlə desək, səbəb dörd ətrafın üzərinə düşməli olan yükün iki ətrafa paylanmasıdır. İki ətrafın bütün bədənə xidmət etməsi nəticəsində damarlar genişlənir. Doğrudur, bu versiya bir qədər absurd görünür, ancaq diqqətlə düşündükdə hardasa onlara da haqq qazandırmaq olar. Buna baxmayaraq, hər yanlışa, hər problemə görə təbiəti qınamaq olmaz.
Tibbi nöqteyi-nəzərdən varikoz genişlənməsi irsi damar zəifliyi nəticəsində meydana çıxır. Onun əmələ gəlməsinə ayaqüstü və ya oturaq iş tərzi, artıq yüklənmə (məsələn, uzun müddət az hərəkətli həyat tərzi keçirdikdən sonra qəfildən fəal həyata keçmək) və artıq çəki səbəb ola bilər. Qadınlarda bu xəstəliyin ilkin əlamətləri adətən hamiləlik dövründə ortaya çıxır. Qeyd etmək lazımdır ki, qadınlar bu xəstəliyə kişilərdən çox mübtəla olurlar.
Xəstəliyi meydana çıxaran səbəblərdən biri də dar paltardır: yaşlı qadınların kip kalqotkalara, rezinli corablara üstünlük verməsinin tez-tez şahidi oluruq. Bu isə təbii ki, qanın dərialtı damarlara axmasına maneçilik törədir. Möhkəm rezinli corablardan istifadə edən qadınların, demək olar ki, əksəriyyəti bir qayda olaraq genişlənmiş damar problemi ilə üz-üzə qalır. Gənc qadınlar üçün nəzərdə tutulmuş dəbə uyğun, ayağa kip oturan cins və şortlar da damarlar üçün müəyyən təhlükə yaradır. Divanda ayaqları altınıza yığıb və ya bir-birinin üstünə aşırıb oturmaq yəqin ki, rahatdır. Təəssüf ki, bu rahatlıq son nəticədə ayaqlarınızın gözəlliyinin pozulmasına gətirib çıxara bilər.
Varikoz genişlənmə uzun illərlə formalaşan bir xəstəlikdir. İlkin mərhələdə onun fəsadlarını kosmetik qüsur hesab etmək olar. Zaman keçdikcə damar genişlənmələri olan hissələrdə ağrılar, şişlər, tutulmalar və soyuqdəymələr (flebit və tromboflebit) əmələ gəlir. Ancaq həkimə müraciət etmək üçün bu nəticələri gözləmək lazım deyil. Həkimlə xəstəliyin ilkin əlamətləri meydana çıxan zaman məsləhətləşmək lazımdır. Qadınlar, adətən, bu mərhələdə həkimə müraciət etməkdənsə, "şıltaq damarla" kosmetik üsullarla mübarizə aparmağa üstünlük verirlər. Bu, qəti qadağandır!
Varikoz damar genişlənməsinin nə kimi təhlükələri var? Xəstəliyin ən ağır fəsadı genişlənmiş damarlarda trombların əmələ gəlməsi və onların dağılmasıdır. Dağılmış tromb, bir qayda olaraq, qan damarları ilə hərəkət edərək ağciyərlərə düşür. Bunun nəticəsində isə ölümcül ağır xəstəlik — qaraciyər arteriyasının tromboemboliyası meydana çıxır. Bu halda isə kosmetologiya haqda düşünmək yersizdir.
Xəstəliyin profilaktikası bir qədər çətin proses olsa da, hər halda mümkündür. Varikoz genişlənməyə məruz qalmamaq üçün hərəkətli həyat tərzi keçirmək, ağır yük daşımamaq, bir yerdə çox dayanmamaq və çox oturmamaq, çəkiyə nəzarət etmək məsləhət görülür. Çox təəssüf ki, bütün bu qaydalara riayət etdikdə belə varikoz genişlənmədən tam sığorta olunmaq mümkün deyil. Gen öz sözünü istənilən an deyə bilər.
Ən yaxşı profilaktika və müalicəyə kömək üsulu üzgüçülükdür. Suda hərəkət edərkən üzdə olan damarlar yığılırlar. Ayaqların üzərinə düşən yüngül gərginlik isə damarların «məşqi» üçün ən ideal şərtdir. Həmçinin ayaqları tez-tez masanın üstünə qoymaq məsləhət görülür. Bəli, bəli! İnsanın xarici görünüşünü və mədəni səviyyəsini şübhə altında qoyan bu forma — kresloya yayxanıb ayaqları masaya qoymaq ətraflar üçün ən yaxşı istirahətdir. Mədəniyyətsiz görünməmək üçün, təbii ki, bunu ancaq öz evinizdə edə bilərsiniz.
Beləliklə, genişlənmiş damar probleminin həllinə ancaq bir yöndən yanaşmaq olar: cərrahi-fleboloq nöqteyi-nəzərindən. Dərialtı damarların azacıq genişlənməsi və kiçik kapilyar partlamaları xəstəliyin başlanğıcından xəbər verən əlamətlərdir. İlkin əlamətlərlə mübarizə aparmaq üçün cərrahi üsullara müraciət etməyə ehtiyac yoxdur. İlk vaxtlar üçün venotonik preparatlardan istifadə etmək olar. Ən müasir venotonikləri belə, həkim-fleboloqun məsləhəti olmadan qəbul etmək olmaz. Preparatlar kurslarla, tablet, damcı, gel və mazlar şəklində istifadə olunurlar.
Üzə çıxmış damarları elastik bint effekti daşıyan sıx toxunuşlu kalqotkalarla (100 DEN-dən aşağı olmayan) gizlətmək olar. İdman stilli geyimlər istehsal edən moda evlərinin, demək olar ki, hamısında bu tip kalqotkalar istehsal edilir. Çox kiçik damar genişlənmələri və kapilyar partlamaları üçün bərpaedici preparatlardan istifadə olunur. Preparat iynə vasitəsilə damara yeridilir və onun divarlarını yapışdıraraq bərpa edir. Ancaq nəzərə alın ki, dərmanın müstəqil istifadəsi qəti qadağandır!
Çox iri, dərialtına girmiş qara qurdları xatırladan damarları ancaq cərrahi yolla aradan qaldırmaq olar. Bu halda xəstəliyə heç bir krem, maz, preparat kömək edə bilməz. Ancaq bu halda bəzən cərrah da kömək edə bilmir. Cərrahi əməliyyat yalnız dərin damarların fəaliyyəti pozulmadığı təqdirdə mümkündür. Əgər damarlar çox genişlənmiş və tromblarla tutulmuş vəziyyətdədirsə, onda qanın ətraflara axını zəifləyir, bu isə ağır fəsadlara səbəb olur. Ümumiyyətlə, flebektomiya və ya damar genişlənmələrinin kənarlaşdırılmasını problemin həlli hesab etmək olmaz. Bu cərrahi əməliyyatdan sonra dəridə böyük çapıqlar qalır. Üstəlik, əməliyyatdan sonra qonşu damarlarda genişlənmələrin meydana çıxmayacağına təminat vermək olmaz. Damarların təkrar genişlənməsindən sonra müalicəyə yenidən başlamaq lazımdır. Təəccüblü deyil ki, varikoz damar genişlənməsinin bütün mərhələlərində zəlilərdən istifadə oluna bilər. Onlar, adətən, heç bir əks təsir göstərmir və bir çox hallarda effektli olurlar. Bir çatışmazlıq var: zəlilərin dişləmələri zamanı əmələ gələn yaralardan bir sutkaya yaxın qan axır. Yaranın sağalmasına isə, ən azı, 2 həftə vaxt lazımdır.


Tarix: 28.06.2013 / 18:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri