beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlliyinizi qoruyub saxlamaq istəyirsiniz?

Çay - əsrlərdən bəri istifadə edilən, gündəlik tələbatı olan içki növüdür. Çay, Azərbaycana ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilib. Elə ilk çay zavodu da Lənkəranda tikilib. Çayın tarixində maraqlı rəqəm isə 1908-ci il olub. Çünki bu ildə, hal-hazırda geniş yayılmış paket çayların ABS-da istehsalı başlanıb.

Çayın insan sağlamlığına xeyri

Həkim-terapevt Nəcibə Axundzadə Milli.Az xəbər portalına verdiyi açıqlamasında çayın immunitet sisteminə çox xeyirli olduğunu deyir: “Çay insan sağlamlığına çox xeyirdir. Ümumiyyətlə, çay baş ağrısını, aclığı aradan qaldırır, yuxudan oyanmağa kömək edir, qidalandırıcı ərzaq hesab edilir. Bəziləri isə çayı alkoqol asılılığından azad olmaq üçün istifadə edirlər.

Çay, həmçinin əhvalı yüngülləşdirir, təravətləndirir, gümrah qalmağa kömək edir. Əsəbləri sakitləşdirərək, stressi aradan qaldırır. Yağlı qida qəbul etdikdən sonra isə qidanın həzmini asanlaşdırır. İntellekti artırır, ömrü uzadır. Orqanizmdəki zəhəri də xaric edir. Çay dişlər üçün də, çox faydalıdır. Xüsusən də yaşıl çay dişlərdə kariyes yaradan bakteriyaları öldürür. Çay, miqreni belə aradan qaldırır”.

Nəcibə Axunzadə çaydan hazırlanmış kompressin çox faydalı olduğunu deyir: “Çay kompressini zədələnmə və əzilmə zamanı qoyduqda, ağrı tezliklə sakitləşir. Yaşıl çayı 15 dəqiqə dəmləyib, alınan məhlulu tənzifin içərisində ağrıyan yerə qoyub, polietilenlə üzərini örtdükdən sonra ağrı sakitləşir.

Qadınların menopauza dövründə isə, çay sümük sınmasının qarşısını alır. Çay xərçəng xəstəliyinin qarşısını alır. Yaşıl çay isə ürək-damar, əsəb sistemlərinin işini yaxşılaşdırır”.

Çayla bağlı gözəlliyin sirləri

Kosmetoloq Svetlana Medjidovanın sözlərinə görə isə, çay insanı gözəl saxlamaq iqtidarındadır.

“Ən çox yaşıl çay gözəlliyin qorunub saxlanılmasında yardım edir. Yaşıl çay Günəş əleyhinə olan kremlərin, yaşlanma və sellülit əleyhinə olan vasitələrin, şampunların təkibində istifadə edilir. Eyni zamanda da çay saçlara qulluq məqsədilə istifadə edilir. Çaydan hazırlanmış kompress göz ətrafında olan şişləri aradan qaldırır”.

Çayın vətəni

Çin dünyada çayın vətəni hesab edilir. Məhz burada 5000 il bundan əvvəl Sen Nun adlı şəxs, yaşıl çayı zəhər əleyhinə olan vasitə kimi istifadə etmişdi. Çinlilərin dediyinə görə, çay 72 zəhərə dərman hesab edilir.

Çin, bəlkə də dünyada yeganə ölkədir ki, VII əsrdə çayın dəmlənməsinə qəti tələblər qoydu. Hətta bununla bağlı çayın dəmlənməsi üçün ağ çin qabları da kəşf etdilər.

Çayla arıqlamağın yolları...

Dietoloq-biokimist Firidun Məməqani Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, çay arıqlamağa kömək edir: “Qədim zamanlardan bu bitkini arıqlamaq məqsədilə istifadə ediblər. Bu gün də çay arıqlamaq üçün çox yaxşı vasitədir. Xüsusilədə yaşıl çay. Yaşıl çay orqanizmdə maddələr mübadiləsini tənzimləyir. Gün ərzində 2 fincan çayın qəbul edilməsi 100 kkal arıqlamağa kömək edir. Bu isə o deməkdir ki, əziyyət çəkmədən il ərzində 4 kiloqram arıqlaya bilərsiniz. Yaşıl çay qlükozanın səviyyəsini tənzimləyir. Bundan istifadə edən şəxsdə, qidalanmadan sonra qanda şəkərin səviyyəsi azalır”.

Dietoloq Milli.Az xəbər portalının oxucuları üçün çaydan hazırlanmış pəhriz resepti təklif etdi.

Zəncəfil çayından pəhriz:

Tələb olunan ərzaqlar - 2 litr qaynar su, 3 çay qaşığı üyüdülmüş zəncəfil tozu, 5 çay qaşığı bal, 1 çimdik istiot, 4 çay qaşığı limon şirəsi, 1 neçə ədəd nanə yarpağı.

Hazırlanma qaydası: qaynar suya zəncəfil töküb, 1-2 dəqiqədən sonra balı və digər ərzaqları əlavə edib, qarışdırırıq. Sonra 15 dəqiqə ağzıbağlı qabın içərisində saxlayırıq.

İstifadəsi: bu qarışığı hər səhər 1 fincan ac qarnına içib, yarım saatdan sonra səhər qəlyanaltısı etmək olar.


Tarix: 22.08.2012 / 02:41 Müəllif: [Ram] Baxılıb: 1381 Bölmə: Maraqlı Məlumatlar