beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

7-ci hissə^
7-ci hissə^

Cənuba səyahət
Doroti bütün ümidlərinin puç olduğunu anlayıb hönkürdü. Artıq Kanzasa qayıda
bilməyəcəkdi. Amma sonra qız oturub fikirləşdi və hava şarıyla təhlükəli səyahətə uçmadığına
sevindi. Lakin hər halda, dostlar Ozu itirdiklərinə görə çox kədərlənirdilər.
Dəmir Odunçu Dorotiyə dedi:
- Mənə belə gözəl ürək vermiş adama qarşı laqeyd olsam, nankor olaram. Ürəyimdən
ağlamaq keçir, ancaq ağlasam pas tutacağımdan qorxuram. Sən mənim göz yaşlarımı silərsən?
- Məmmuniyyətlə, - Doroti dedi və bir dəsmal gətirdi.
Dəmir Odunçu bir neçə dəqiqə hönkür-hönkür ağladı və qız onun göz yaşlarını
dəsmalla quruladı. Doyunca ağlayandan sonra Dəmir Odunçu qıza təşəkkür edib gümüş
yağqabıdakı yağla hər tərəfini yağladı.
İndi Zümrüd Şəhərinin hökmdarı Bədheybət idi, sehirbaz olmasa da insanlar onunla
fəxr edirdilər. Çünki, - deyirdilər, - dünyada samanla doldurulmuş bir adam tərəfindən idarə
edilən başqa bir şəhər yoxdur. Və sakinlər tamamilə haqlıydı.
Hava şarının Ozla birlikdə uçub getməsindən sonrakı gün dostlar Taxt Otağına
toplaşıb nə edəcəklərini götür-qoy etməyə başladılar. Bədheybət mərmər taxtda əyləşmişdi, o
biriləri isə sayğılı bir şəkildə onun yaxınlığında dayanmışdılar.
- Deyə bilmərik ki, bəxtimiz gətirməyib, - şəhərin yeni sahibi dedi, - saray və Zümrüd
Şəhəri bizimdir, nə istəsək, edə bilərik. Bir müddət əvvəl tarladakı çubuqda qalıb qarğaları
qovduğumu xatırlayıram, indisə gözəl şəhəri idarə edirəm. Taleyimdən çox razıyam
- Mən də, - Dəmir Odunçu dedi. – yeni ürəyimdən çox razıyam; və gerçəkdən də
istədiyim təkcə bu idi.
- Mənə gəlincə, yer üzündəki bütün heyvanlar qədər, bəlkə də daha cəsarətli
olduğumu bildiyimə görə çox xoşbəxtəm, - Aslan təvazökarlıqla söylədi.
- Doroti də Zümrüd Şəhərində yaşamaq istəsəydi, hamımız birlikdə xoşbəxt ola
bilərdik, - Bədheybət dedi.
- Ancaq mən burda yaşamaq istəmirəm, - deyə bağırdı Doroti. Kanzasa gedib Em xala
və Henri dayı ilə yaşamaq istəyirəm.
- Yaxşı, elə isə biz neyləyək? – Dəmir Odunçu fikrə getdi.
Bədheybət də fikir içində idi. O elə dərin fikrə getmişdi ki, başındakı iynələr və çivlər
kənara çıxmağa başladı. Axırda dilləndi:
- Nəyə görə Uçan Meymunları çağırıb sənin səhranı keçmənə yardım etmələrini
istəmirik?
- Bu heç mənim ağlıma gəlməmişdi! – Doroti sevincək qışqırdı. – Bu saat gedib Qızıl
Papağı gətirim.
Doroti Papağı Taxt Otağına gətirdi, ovsunu oxudu və bir anda Uçan Meymunlar açıq
pəncərədən içəri doluşmağa başladılar. Meymunların Başçısı qıza təzim edib soruşdu:
- Nə əmr edirsən? İkinci dəfədir bizi çağırırsan.
- İstəyirəm məni Kanzasa aparasız, - Doroti xahiş etdi.
Meymunların Başçısı başını buladı:
- Bu mümkün deyil. Biz bu ölkədə yaşayırıq və burdan kənara çıxa bilmərik.
Kanzasda heç vaxt uçan meymun olmayıb, olmayacaq, çünki oralar bizim yerimiz deyil. Sənin
bütün əmrlərini yerinə yetirərik, amma səhradan keçməyə ixtiyarımız yoxdur! Hələlik!
Bu sözlərlə Meymunların Başçısı pəncərədən uçub getdi, o biri meymunlar da onun
dalınca uçdular.
Doroti peşman olmuşdu, az qalırdı ağlasın.
- İkinci arzumu əbəs yerə sərf etdim! Meymunlar mənə kömək etmədilər! – Doroti
şikayətləndi.
- Hə..., bu çox pis oldu, - yumşaq ürəkli Dəmir Odunçu söylədi.
Bədheybət yenə də fikrə getdi. Fikirdən başı elə şişmişdi ki, Doroti partlayacağından
qorxdu.
- Yaşıl saqqallı əsgəri çağıraq və ondan məsləhət alaq, - dedi.
Əsgəri çağırdılar, çəkinə-çəkinə qəbul zalına gəldi və dayandı, özünü narahat hiss
edirdi, çünki heç vaxt burda olmamışdı. Bədheybət əsgərə dedi:
- Bu balaca qız Ölüm Səhrasından keçmək istəyir. Bunu necə edə bilər?
- Bilmirəm, - əsgər cavab verdi. – Bu vaxta qədər şəhərin heç bir sakini səhradan
keçməyib, böyük Ozdan başqa.
- Yəni, mənə heç kim kömək edə bilməz? – Doroti həyəcanlandı.
- Qlinda kömək edə bilər...
- Qlinda kimdir? - Bədheybət soruşdu.
- Qlinda Cənub Pərisidir, pərilərin ən güclüsüdür, o, Kvodlinqlər ölkəsini idarə edir.
Qlindanın sarayı səhrayla sərhəddir, bəlkə o bilər...
- Demək, Qlinda xeyirxah Pəridir? - Doroti soruşdu.
- Kvodlinqlər deyirlər ki, belədir. Eşitmişəm ki, çox gözəldir, əbədi cavanlığın sirrini
bilir.
- Onun sarayına necə getmək olar? – Doroti əsgərdən soruşdu.
- Düz cənuba getmək lazımdır, - əsgər cavab verdi, - amma oralar yaman təhlükəlidir.
Meşələr yırtıcılarla doludur, yol əcayib canlıların yaşadığı yerdən keçir, həmin canlılar heç kimi
öz torpaqlarına buraxmır, buna görə Kvodlinqlər Zümrüd Şəhərinə gələ bilmirlər.
Əsgər gedəndən sonra Bədheybət dedi:
- Yol təhlükəli olsa da, Doroti Qlindanı tapmalı və kömək istəməlidir. Doroti Zümrüd
Şəhərində qalsa, Kanzasa heç vaxt qayıda bilməz.
- Bu fikrə gəlməkdən ötrü, yəqin, başını cox işlətmisən, - Dəmir Odunçu ehtimal etdi.
- Əlbəttə, - dedi Bədheybət.
- Mən Dorotiylə gedəcəm, - Aslan söhbətə qoşuldu. Şəhərdə yaşamaq zəhləmi töküb,
yenidən təbiətə, meşəyə qayıtmaq istəyirəm, axı mən meşə heyvanıyam. Həm də Dorotini yolda
kimsə qorumalıdır.
- Düzdür, - Dəmir Odunçu razılaşdı. - Baltam bizə kömək edər. Mən də cənuba
gedirəm.
- Nə vaxt yola düşürük? – Bədheybət soruşdu.
- Sən də gedirsən? – hamı çaşqınlıq içərisində soruşdu.
- Bəs necə? Doroti olmasaydı, beynim də olmazdı. Doroti məni qarğıdalı tarlasındakı
çubuqdan çıxartdı, özüylə Zümrüd Şəhərinə apardı. Mən ona çox borcluyam və Kanzasa
qayıdana qədər həmişə yanında olacam.
- Minnətdaram! – Doroti kövrəldi. – Siz necə də yaxşı dostlarsız! Mən tezliklə yola
düşmək istəyirəm.
- Sabah gedərik, - Bədheybət qərara aldı, - gəlin, səfərə hazırlaşaq. Yol çox uzundur.

Savaşan ağaclar
Ertəsi gün Doroti yaşıl qızla öpüşüb sağollaşdı və dostlar hamısı onları qapıya qədər
ötürən yaşıl saqqallı əsgərin əlini sıxıb ayrıldılar. Şəhər Qapılarının Keşikçisi yolçuları görüb
tanıdı və çox təəccübləndi ki, onlar yenə harasa gedirlər. Keşikçi açarla eynəklərin qıfıllarını
açıb, onları yaşıl qutuya qoydu və yoçulara xoş arzularını bildirdi.
- İndi siz bizim hökmdarımızsız, - Keşikçi Bədheybətə dedi; - buna görə də mümkün
olduğu qədər tez qayıtmalısınız.
- Bacardığım qədər tez qayıdacam, arxayın ol, - Bədheybət söz verdi, - ancaq əvvəlcə
Dorotinin evə qayıtmasına kömək etməliyəm.
Doroti mehriban Keşikçiylə son dəfə sağollaşarkən dedi:
- Sizin gözəl şəhərinizdə məni yaxşı qarşıladılr, hamı çox xeyirxah və mehribandır.
Mən hamıya təşəkkürümü bildirirəm.
- Bizimlə həmişəlik qalsaydın, sevinərdik, - Keşikçi dedi, - ancaq Kanzasa qayıtmağı
bu qədər istəyirsənsə, sənə arzu edirəm ki, ora tez çatasan. - Bu sözlərlə Keşikçi qapıları taybatay
açdı, dostlar şəhərdən çıxdılar.
Onlar Cənub Diyarına üz tutdular. Günəş saçırdı, hamının kefi kök idi, gülürdülər.
Doroti evə qayıdacağını xəyal edirdi, Bədheybətlə Dəmir Odunçu bu arzunun həyata yetməsi
üçün əlindən gələni etməyə hazırdı. Aslan təmiz havanı fərəhlə ciyərlərinə çəkir, şən halda
quyruğunu bulayırdı. Toto hürə-hürə kəpənəklərin dalınca qaçırdı.
Aslan dedi:
- Yox, şəhər həyatı mənlik deyil. Meşədən gedəndən sonra çox arıqlamışam və
səbirsizliklə necə qoçaq olduğumu meşə heyvanlarına göstərmək istəyirəm.
Dostlar son dəfə Zümrüd Şəhərinə baxdılar. Burdan yalnız şəhərin damları və Oz
sarayının günbəzi görünürdü.
- Hər halda, Oz o qədər də pis sehirbaz deyil, - sinəsində ürəyinin döyüntüsünü duyan
Dəmir Odunçu dedi.
- Mənə necə bir beyin verəcəyini bilirdi, özü də yaxşı beyin, - Bədheybət təsdiqlədi.
- Oz mənə verdiyi mərdlikdən özünə də bir az götürsəydi, heç nədən qorxmazdı., -
Aslan əlavə etdi.
Doroti susmuşdu. Oz qıza verdiyi vədə əməl etməmişdi, amma var gücüylə buna
çalışmışdı, odur ki, Doroti onu bağışlamışdı. Oz pis sehirbaz olsa da, pis adam deyildi.
Səfərin birinci günü dostlar əlvan güllü-çiçəkli yaşıl çəmənlikdən keçdilər. Bu
çəmənliklər Zümrüd Şəhərini hər tərəfdən əhatə etmişdi. Yolçular otların üstündə, iri ulduzlarla
dolu açıq səma altında gecələdilər, yaxşıca dincəldilər.
Səhər hamı yenə yola düşdü, gəlib qalın bir meşəyə çatdılar. Meşə çox böyük idi, hər
iki tərəfdən üfüqə qədər uzandığına görə meşənin ətrafından dövrə vurub keçmək mümkün
deyildi; bundan başqa, yollarını aza biləcəklərindən qorxduqlarına görə istiqamətlərini
dəyişdirməyə də qorxurdular. Bu üzdən meşənin içərisinə girməkdən ötrü bir cığır axtarmağa
başladılar.
İrəlidə gedən Bədheybət elə qollu-budaqlı böyük ağac gördü ki, onun altından rahat
keçmək olardı. Bədheybət ağaca yaxınlaşanda, budaqlar aşağı endi, saman bədəni dövrəyə aldı.
Bədheybət cınqırını çıxarmağa macal tapmamış, ağac onu geriyə, dostlarının yanına tulladı.
Düzdür, Bədheybətə heç nə olmadı, lakin çox təəccübləndi. Doroti onu ayağa qaldıranda başı
hələ də fırlanırdı.
- Baxın, oradan da keçmək olar! - Aslan ağacların arasını göstərdi.
- Qoy mən risq edim, - Bədheybət təklif etdi. – Axı yıxılmaqdan qorxmuram. – Bu
sözlərlə o, ağacların arasına girdi, amma yenə də budaqlar onu kənara tolazladılar.
- Əcəb işdir! – Doroti çığırdı. – İndi biz neyləyək?
- Deyəsən, ağaclar bizə müharibə elan edir, - Aslan başa düşdü, – istəyirlər ki, geri
çəkilək.
- Deyəsən mən baltamı işə salmalı olacam, - Dəmir Odunçu baltasını çiyninə atıb
Bədheybəti kənara fırladan ağaca yaxınlaşdı. Budaqlardan biri Odunçuya tərəf uzananda, Dəmir
Odunçu bir zərbəylə budağı dibindən qopartdı. Birdən ağacın bütün budaqları ağrıdan titrəməyə
başlasalar da Odunçunun meşəyə girməsinə mane ola bilmədilər.
- Ardımca! – Odunçu qışqırdı, - Tez olun!
Yolçular Odunçunun dalınca qaçdılar. Təkçə Totonu kiçik bir budaq tutub
zingildəyənə qədər silkələdi. Odunçu Totonu budaqlardan xilas etdi.
Meşədəki digər ağaclar özlərini yaxşı aparırdılar, heç kimə mane olmurdular. Dostlar
başa düşdülər ki, ancaq meşənin kənarındakı ağaclar polis vəzifəsi daşıyaraq yad adamları içəri
buraxmır.
Dostlar meşənin sərhəddinə qədər ağacların arasından asanlıqla keçdilər, gəlib çox
hündür bir divara dirəndilər. Divar ağ çinidən tikilmiş olduğunu gördükləri zaman lap çaşıb
qaldılar. Böşqab dibi kimi hamar olan bu divarlar çox yüksək idi.
- İndi nə edək? – Doroti soruşdu.
- Nərdivan düzəltmək lazımdır, - Dəmir Odunçu cavab verdi. – Biz divarı aşmalıyıq.


Tarix: 09.06.2015 / 12:42 Müəllif: Aziza Baxılıb: 333 Bölmə: L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"