Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

6-cı hissə^
6-cı hissə^

Qorxunc Ozun iç üzü açıldı.
Dörd yolçu şəhər qapılarına yaxınlaşıb zınqırovu çaldılar. Bir neçə dəfə zəng çalandan
sonra qapı açıldı və yolçular əvvəlki Keşikçini gördülər.
- Necə? Qayıtmısız? – O, təəccüblə soruşdu.
- Məgər bizi görmürsüz? – Bədheybət dedi.
- Bəs siz Qərbin Zalım Pərisinin yanına getmədiz?
- Orda olmuşuq, - Bədheybət cavab verdi.
- Pəri sizi sağ qaytarıb?
- Onun izi də qalmayıb, çünki əriyib, - Bədheybət dedi.
- Nə yaxşı... Onu kim əritdi?
- Onu Doroti əritdi! – Aslan qürurla dedi.
- Çox əla! – Keşikçi Dorotiyə təzim etdi.
Sonra daha öncə etdiyi kimi, onları kiçik otağına gətirib böyük qutudakı gözlükləri
onlara verdi. Bundan sonra qapıdan keçib Zümrüd Şəhərinə girəndə Qapı Keşikçisindən Qərbin
Zalım Pərisini əritdiklərini eşidən camaat onları Ozun sarayına qədər ötürdülər.
Yaşıl Saqqallı Əsgər də əvvəlki yerində idi, o, dostları saraya buraxdı, Yaşıl Xidmətçi
hər kəsi öz otağına apardı ki, Ozun qəbuluna qədər istirahət etsin.
Əsgər sehirbaz Oza Doroti və dostlarının qayıtmış olduqları xəbərini çatdırdı, onların
Qərbin Zalım Pərisini öldürdüklərini söylədi. Ozdan bir səs çıxmadı. Hamı elə bilirdi ki, Oz
səyyahları qəbul edəcək, amma belə olmadı. Oz susurdu. Ertəsi gün də Oz susdu. Bir neçə gün
keçdi, amma Oz səyyahlarla maraqlanmadı. Dostlar çox hirsləndilər, axı təhlükələrə
baxmayaraq, Ozun bütün əmrləri yerinə yetirilmişdi, indi o öz vədlərinə əməl etməliydi.
Bədheybət dözmədi, Yaşıl Xidmətçiyə dedi ki, əgər Oz bizi bu dəqiqə qəbul etməsə,
Uçan Meymunları köməyə çağıracaq. Böyük müdrik Oz bunu eşidəndə, yəqin çox qorxdu, çünki
xəbər göndərdi ki, sabah qəbul zalında saat ona dörd dəqiqə işləmiş dostları qəbul edəcək. Oz
Gözvuranlar ölkəsində Uçan Meymunlarla bir dəfə rastlaşmışdı, daha onlarla üzbəüz gəlmək
istəmirdi.
Dörd dost yuxusuz gecə keçirtdi, hər kəs intizarla fikirləşirdi ki, Oz onların arzusunu
yerinə yetirəcək, ya yox. Doroti bir qədər mürgülədi və yuxuda Kanzası gördü.
Səhər düz saat doqquzda Yaşıl Saqqallı Əsgər dostları qəbul otağına apardı. Ona dörd
dəqiqə işləyirdi, hər kəs elə bilirdi ki, Ozu əvvəlki qiyafədə görəcək, lakin zalda heç kim yox idi.
Dostlar bir-birinə qısılaraq, qapının yanında dayanmışdılar. Otaqdakı vahiməli səssizlik dostların
canına üşütmə salmışdı.
Birdən hardansa günbəzin altından bir səs eşidildi:
- Mən böyük əzazil Ozam. Niyə gəlmisiz?
Dostlar hər tərəfə baxdılar, heç kimi görmədilər. Doroti soruşdu:
- Siz hardasız?
- Hər yerdə. – Səs cavab verdi. – Adi adamlar məni görmür. Mən taxtımda
oturmuşam, sizinlə danışmağa hazıram.
Həqiqətən, indi səs taxtın altından gəlirdi. Dostlar taxta yaxınlaşıb, sıraya düzüldülər.
Doroti başladı:
- Biz gəlmişik ki, vədlərinizi yadınıza salaq.
- Hansı vədlərimi?
- Söz vermişdiniz ki, əgər Qərbin Zalım Pərisini yox etsəm, məni Kanzasa
göndərəcəksiz.
- Mənə də beyin söz vermişdiz, - Bədheybət dedi.
- Mənə ürək verəcəkdiz, - Dəmir Odunçu əlavə etdi.
- Mənə isə cəsarət, - Qorxaq Aslan dedi.
- Deyirsiz, Qərbin Zalım Pərisi ölüb? – Oz soruşdu, Dorotiyə elə gəldi ki, sehirbazın
səsi titrədi.
- Bəli, - Doroti dedi. – Mən onun üstünə su tökdüm, Pəri əridi.
- Əcəb işdir! - Səs təəccübləndi, - yaxşı, sabah gəlin, mən fikirləşməliyəm.
Dəmir Odunçu hirslə etiraz etdi:
- Fikirləşməyə sizin kifayət qədər vaxtınız olub!
- Daha gözləmirik, - Bədheybət mızıldadı.
- Vədə əməl etmək lazımdır! – Doroti qışqırdı.
Aslan qərara gəldi ki, sehirbazı qorxutsun, o elə dəhşətli nərə çəkdi ki, əks-səda
divarları titrətdi. Toto qorxudan tullanıb küncdəki pərdəyə ilişdi, pərdə şaqqıltı ilə yerə düşdü.
Burda dostları yeni sürpriz gözləyirdi. Pərdənin arxasında balaca, yaşlı kişi vardı, onun üzü
qırışmış, saçı tökülmüşdü. Dəmir Odunçu baltasını qaldırıb adamın yanına qaçdı:
- Sən kimsən?
- Mən böyük əzazil sehirbaz Ozam, - adam titrək səslə dedi. – Məni vurmayın, nə
istəsəniz, edərəm!
Dostlar təəccüb içində bir-birinə baxdı.
- Mən elə bilirdim ki, Oz - danışan başdlr, - Doroti dedi.
- Mən elə bilirdim ki, o, Gözəldir, - Bədheybət təəssüflə bildirdi.
- Mən elə bilirdim o, qorxunc Heyvandır, - Odunçu deyindi.
- Mən elə bilirdim ki, o, Yanar Kürədir! – Aslan bağırdı.
- Səhv edirsiz,- adam dedi, - mən sizi aldatmışam.
- Aldatmısan? Deməli, sən müdrik sehirbaz deyilsən? – Doroti soruşdu.
- Bir az sakit danış, yoxsa eşidərlər, məhv olaram. Mən özümü böyük müdrik
sehirbaza oxşadırdım.
- Əslində belə deyil?
- Belə deyil. Mən adi insanam.
- Siz adi insan deyilsiz, qeyri-adi yalançısız, - Bədheybət incik halda dedi.
- Doğrudur, - adam cavab verdi və əllərini bir-birinə sürtdü, sanki eşitdiklərindən
razıydı. – Mən qeyri-adi yalançıyam.
- Bu dəhşətdir! Demək, mənim heç vaxt ürəyim olmayacaq? - Dəmir Odunçu dedi.
- Mən də mərd olmayacam? – Aslan soruşdu.
- Mən də beyinsiz qalacam, - Bədheybət ağlayaraq əlavə etdi.
- Əziz dostlar, - Oz dedi, - xahiş edirəm, bu xırda şeylər haqqında düşünməyin.
Yaxşısı budur, məni fikirləşin: əgər həqiqəti desəniz, mənim aqibətim necə olar?
- Yəni heç kim bilmir ki, siz yalançısız? - Doroti soruşdu.
- Yox, sizdən başqa heç kim bilmir. Mən o qədər aldatmışam ki, elə bilirdim daha heç
kim məni ifşa etməz, əbəs yerə sizi qəbul etdim. Mən heç vaxt rəiyyətimi bura qoymuram, onlar
elə bilir ki, məndən əzazili, dəhşətlisi yoxdur.
- Başa düşmürəm, - Doroti soruşdu, - Bəs Danışan Başa necə çevrilmişdiz?
- Bu mənim hiylələrimdən biridir. Gəlin dalımca.
Oz balaca qapıdan keçdi, dostlar da onun ardınca. Oz küncdə qoyulmuş böyük başı
göstərdi. Baş qalın kağızdan düzəldilmişdi, sifəti boyalarla rənglənmişdi.
- Mən başı iplə yuxarıdan asıram, özüm pərdə arxasında gizlənib, ipləri dartıram ki,
gözlər hərəkət etsin, ağız açılıb-yumulsun.
- Bəs səs?
- Əh, mən vantriloqam, - dedi balaca adam, səsimi istədiyim yerdən gəlirmiş kimi
çıxarda bilərəm; buna görə də sən səsin başdan gəldiyini sandın. Mən sizi aldatmaq üçün başqa
əşyalardan da istifadə etmişəm, - Oz Bədheybətə Gözəlin maskasını, Dəmir Odunçuya isə
Heyvanın dərisini göstərdi. Yanar Kürəni də sehirbaz tavandan asmışdı. Kürə yağ hopdurulmuş
pambıqdan hazırlanmışdı, buna görə parlaq alovla yanırdı.
- Belə yalançı olduğunuza görə gərək utanasız, - Bədheybət sərt şəkildə dedi.
- Mən utanıram, əlbəttə çox utanıram, amma başqa çarəm yoxdu. Gəlin, bu kürsülərdə
əyləşin, öz əhvalatımı sizə danışım.
Hamı əyləşdi, yalançı sehirbaz sözə başladı:
- Mən Omahada doğulmuşam...
- Omaha Kanzasın yanındadır ki! – Doroti qışqırdı.
- Doğrudur, amma burdan uzaqdadır, - Oz cavab verdi və kədər içində sözünə davam
etdi. – Mənim bir müəllimim vardı, o mənə qarnımdan səs çıxararaq danışmağı öyrətmişdi, mən
hər quşun, heyvanın səsini çıxara bilirəm. – Oz elə ustalıqla miyoldadı ki, Toto qulaqlarını
şəkləyib, pişiyi pusmağa hazırlaşdı. Oz davam etdi: - Bir azdan bu işdən bezdim, sirkdə işlədim,
havada uçmağa başladım.
- Bunu necə edirdiz? – Doroti soruşdu.
- Mən hava şarında uçurdum, camaatın diqqətini cəlb edirdim ki, sirk tamaşalarına
bilet alsınlar. Bir dəfə havada uçanda, iplər qırıldı, şar lap buludlara qalxdı, güclü hava axını şarı
çox-çox uzaqlara apardı. Gecə-gündüz uçdum, nəhayət, gördüm ki, şar gözəl bir ölkəyə gəlib
çatıb. Şar yavaş-yavaş endi. Ölkədə yaşayanlar fikirləşdilər ki, əgər mən göydən enmişəmsə,
deməli, böyük sehirbazam. Onlar məndən qorxurdular, mənə itaət edirdilər, mən də həqiqəti
açıb demirdim.
Əmr etdim ki, gözəl bir şəhər tiksinlər. Hamı həvəslə işə başladı. Ölkə gözəl və yaşıl
olduğuna görə şəhərə Zümrüd adını verdim və məcbur etdim ki, bütün sakinlər yaşıl eynək
taxsınlar ki, hər şeyi yaşıl rəngdə görsünlər.
- Məgər burda hər şey yaşıl deyil? – Doroti təəccübləndi.
- Xeyr, burda hər şey adi şəhərlərdə olduğu kimidir. Mən bura gələndə, gənc idim,
indisə tamam qocalmışam. Sakinlər eynəkləri elə uzun müddət taxırlar ki, elə bilirlər, doğrüdan
da şəhər zümrüddəndir. Amma deyim ki, şəhərimiz həqiqətən çox gözəldir, burda ləl-cəvahirat
kifayət qədərdir. Mən rəiyyətimlə həmişə yaxşı davranmışam, onlar məni sevirlər, amma saray
tilikəndən sonra mən heç kimi qəbul etmirəm.
Mən həmişə əsil Sehirbaz Pərilərdən qorxmuşam, çünki onlar məndən fərqli olaraq,
ovsun edə bilirdilər. Cəmi dörd Pəri vardı, onların hərəsi bir tərəfdə yaşayırdı – Şimalda,
Cənubda, Qərbdə və Şərqdə. Xeyirxah Pərilər Cənub və Şimalda məskən salmışdılar, zalım və
xain Pərilər isə Qərbdə və Şərqdə yaşayırdılar. Zalım Pərilər elə bilirdilər ki, mən çox
güclüyəm, əgər onlar həqiqəti bilsəydilər, məni çoxdan öldürərdilər. Uzun illər mən qorxu içində
yaşadım, ona görə Şərqin Zalım Pərisini Dorotinin evi öldürəndə, çox sevindim. Doroti mənim
sarayıma gələndə, mən ona çoxlu vədlər verdim ki, o, Qərbin Zalım Pərisini də öldürsün. İndi
xəcalət çəkərək deyirəm ki, vədlərimin bircəciyini də yerinə yetirə bilməyəcəm.
- Məncə, siz çox pis adamsız, - Doroti məyus halda dedi.
- Xeyir, əzizim, mən yaxşı adamam, amma pis sehirbazam.
- Deməli, mənə beyin verməyəcəksiz? – Bədheybət soruşdu.
- Beyni neynirsən? Sən hər gün nəsə təzə bir şey öyrənirsən. Körpənin də beyni olur,
məgər o, ağıllıdır? Əsas məsələ - həyat təcrübəsidir, əsil müdrikliyi o verir, nə qəqər yaşasaq, bir
o qədər ağıllı oluruq.
- Yəqin, bu belədir, - Bədheybət ah çəkdi, - lakin beyin tapmasam, bədbəxt olaram.
Yalançı sehirbaz diqqətlə ona baxdı.
- Əlbəttə, mən o qədər də yaxşı sehirbaz deyiləm, - Oz ah çəkdi, - səhər bura gəlsən,
başını beyinlə dolduraram, amma beyindən istifadə etməyi öyrədə bilməyəcəm, bunu özün
etməlisən.
- Minnətdaram, çox minnətdaram! – Bədheybət sevinclə qışqırdı, - beynim olsa,
ondan istifadə etməyi öyrənərəm!
- Bəs mənə cəsarət verməyəcəksiz? – Aslan narahat halda soruşdu.
- Sən onsuz da cəsarətli və qoçaqsan, buna inan, - Oz dedi. – Sənə bir az özünəinam
lazımdır. Bütün canlılar təhlükə anında qorxu keçirir. Cəsarət daxilindəki qorxuya qalib gəlmək
deməkdir, bu bacarıq isə səndə var.
- Elə olmağına elədir, - Aslan dedi, - amma mən qorxunu yox edən cəsarəti əldə
etməsəm, bədbəxt olaram.
- Yaxşı, sabah sənə də cəsarət verərəm, - Oz cavab verdi.
- Bəs mənim ürəyim? – Dəmir Odunçu inamsız halda soruşdu.
- Bilmirəm, heç bilmirəm, - Oz dedi. – Sən əbəs yerə ürək istəyirsən, bilsən insan
ürəkdən nə qədər əziyyət çəkir! İnan mənə, bəxtin gətirib ki, ürəyin yoxdur.
- Bunu bulmək olmaz, - Dəmir Odunçu etiraz etdi. - Mən hər çür acılara dözməyə
hazıram, təki ürəyim olsun.
- Yaxşı, - Oz razılaşdı, - sənə ürək verərəm, sabah hamınız bura gəlin. Mən sehirbaz
rolunu elə uzun müddətdir oynayıram ki, bir az da oynaya bilərəm.
- Bəs mən? – Doroti dilləndi. – Evə, Kanzasa necə qayıdım?
- Bu məsələdə gərək bir qəqər baş sındıram, - Oz dedi. – Mənə fikirləşmək üçün 2-3
gün ver, səni səhradan necə keçirməyin yolunu tapım. İndisə hamınız mənim qonağımsız, bütün
arzularınız həmin an yerinə yetiriləcək. Əvəzində bir xahişim var – mənim sirrimi heç kimə
açmayın.
Dostlar öyrəndiklərini kimsəyə söyləməməyə söz verdilər, sonra hərə öz otağına getdi.
Doroti əmin idi ki, Oz Böyük Yalançı sehirbaz olsa da, Kanzasa qayıtmaq yolunu tapacaq. Bunu
edə bilsəydi Doroti onun bütün günahlarını bağışlayacaqdı.

Böyük yalançının sehiri
Səhər Bədheybət dostlarına dedi:
- Məni təbrik edin, Ozun yanına beyin almağa gedirəm. Nəhayət ki, insanlar kimi
olacam!
- Sən belə də xoşuma gəlirdin, - Doroti dedi.
- Mənim kimi bir Bədheybəti sevdiyin üçün sən çox xeyirxah qızsan, - dedi
cavabında, - ancaq beynimin yaratdığı gözəl fikirləri eşidəndə məni daha artıq sevəcəksən.
Bədheybət dostları ilə sağollaşıb səbirsiz addımlarla qəbul zalına getdi. Qapını döydü,
Oz o tərəfdən qışqırdı:
- Gəl!
Bədheybət içəri girəndə qocanın fikir içində pəncərənin ağzında əyləşdiyini gördü.
- Beyinə görə gəlmişəm, - Bədheybət inamsız halda Ozun yadına saldı.
- Həə, əyləş görüm. Məni bağışla, amma gərək başını çıxaram ki, içinə beyin
dolduram.
- Yaxşı, razıyam, - Bədheybət dedi. - Beyinli olmaqdan ötrü bir qədər başsız yaşaya
bilərəm.
Oz Bədheybətin başını çıxarıb, samanı tökdü, sonra arxa otağa keçdi, ordan kəpək və
çoxlu iynə-sancaq gətirdi. Hamısını qarışdırıb, Bədheybətin başına doldurdu, bir qədər saman
əlavə etdi ki, beyin öz yerini tutsun. Sonra Oz başı Bədheybətin bədəninə birləşdirdi.
- Sən ağıllı, həm də itiağıllı olacaqsan, çünki başın iti əşyalarla doludur. – Oz dedi.
Bədheybət sevinc içində dostlarının yanına qayıtdı, axı onun əsas arzusu həyata
yetmişdi, Bədheybət özü və yeni beyni ilə qürur duyurdu.
Doroti maraqla ona baxırdı, beynin çoxluğundan Bədheybətin başı şişmişdi.
- Özünü necə hiss edirsən? – Qız soruşdu.
- İndi müdrik vaxtımdı, - Bədheybət cavab verdi, - təzə beynə bir qədər öyrəşəndən
sonra Oz ölkəsində məndən ağıllısı olmayacaq.
- Bəs bu nə iynə-sancaqdır başından çıxır? – Dəmir Odunçu soruşdu.
- Bunlar mənim ağlımın iti olduğuna sübutdur, - Bədheybət dedi.
- İndi mən Ozun yanına ürək dalınca gedəcəm, - Dəmir Odunçu ümidlə dedi.
Dəmir Odunçu qəbul zalına getdi və Oza dedi:
- Ürəyimin dalınca gəlmişəm.
- Lap yaxşı, - Oz cavab verdi. – Ürəyi sinənə qoymaq üçün gərək bədənində deşik
açam. Bu əməliyyat sənə ziyan vurmaz.
- Qorxmayın, heç nə hiss etmərəm.
Oz alətlərini götürüb Dəmir Odunçunun bədəninin sol tətəfində bir deşik açdı, sonra
yeşikdən içi kəpəklə doldurulmuş qırmızı ipək ürək çıxartdı.
- Bax, nə gözəldir! – Oz ürəyi Dəmir Odunçuya göstərdi.
- Həqiqətən gözəldir! - Dəmir Odunçu təsdiqlədi, ürək çox xoşuna gəlmişdi, - Ancaq
bu ürək xeyirxah incə bir ürəkdirmi?
- Ən xeyirxah ürəkdir. – Oz ürəyi deşikdən Dəmir Odunçunun bədəninə saldı, sonra
deşiyi bağladı. – İndi sənin də ürəyin var, düzdür, bədənində yamaq yarandı, amma başqa cür
sənə ürək qoya bilməzdim.
-Yamaq qorxulu deyil! – ruhlanmış Dəmir Odunçu dedi, - Siz çox xeyirxah adamsız,
mən sizin yaxşılığınızı heç vaxt unutmaram.
Dəmir Odunçu dostlarının yanına qayıtdı, hamı onun təmiz ürək üçün təbrik etdi. İndi
Taxt Otağının qapısını döymək sırası Qorxaq Aslana çatmışdı. Aslan qəbul otağına getdi:
- Gəl, - dedi Oz.
- Cəsarətdən ötrü gəldim, - dedi Aslan otağa girərkən.
- Lap yaxşı, - deyə cavab verdi balaca adam; - indi cəsarətini gətirərəm
Oz şüşəbəndli taxçaya yaxınlaşdı və üst rəfdən yaşıl, dördbucaq bir şüşə götürdü,
içindəkini çox gözəl oyulmuş yaşıl qızıldan olan bir qaba boşaltdı. Qorxaq Aslan önünə qoyulan
qabın içindəkini qoxlayıb üzünü büzüşdürəndə sehirbaz dedi:
- İç!
- Bu nədir? - Aslan şübhəylə soruşdu.
- Aha, - Oz qımıldandı, - bunun içindəki cəsarətdir, daha doğrusu, mayeni içəndən
sonra o, cəsarətə çevriləcək, axı cəsarət bizim daxili cəhətimizdir, nə qədər ki içməmisən onu
cəsarət adlandırmaq da çətindir. Buna görə də məsləhət görürəm ki, tez içəsən.
Aslan artıq tərəddüd etmədi, qabdakı bütün mayeni içdi.
- İndi özünü necə hiss edirsən? – Oz soruşdu.
- Cəsarətlə doluyam, - Aslan cavab verdi və başına gələnləri danışmaq üçün sevincək
dostlarının yanına qaçdı.
Tək qalmış Oz hiyləgərcəsinə gülümsədi, o sevinirdi ki, Bədheybətə, Dəmir
Odunçuya, Aslana kömək edə bilib, onların istədiyini verib.
“Yalançı olmaqdan necə əl çəkə bilərəm axı, - Oz fikirləşdi, - bir halda ki insanlar
məndən mümkün olmayan şeyləri yerinə yetirməyimi istəyirlər! Əlimdən hər şeyin gəldiyinə
inandıqlarına görə Bədheybəti, Dəmir Odunçunu və Aslanı xoşbəxt etmək çətin olmadı. Ancaq
Dorotini Kanzasa qaytarmaq üçün xəyal gücündən daha artıq şeylər lazım olacaq. Heç bilmirəm
neynim!”

Hava şarının uçuşu
Doroti üç gün Ozdan bir xəbər almadı, həmin günlər qızın ən kədərli günləriydi,
dostları xoşbəxt olsalar da, Dorotinin könlü şad deyildi. Bədheybət ağlına maraqlı fikirlər
gəldiyini söyləyirdi, ancaq bu fikirləri dilə gətirə bilmirdi, çünki bu düşüncələri özündən başqa
heç kim başa düşə bilməzdi. Dəmir Odunçu yeriyərkən ürəyinin köks qəfəsi içərisində hərəkət
etdiyini hiss edə bilirdi, Dorotiyə bu ürəyin ətdən və sümükdən olduğu vaxtlardakından daha
həssas olduğunu söyləmişdi. Aslan dünyada heç kimdən qorxmadığını bildirmişdi və böyük bir
insan ordusu ya da Kalidaslarla döyüşə hazır olduğunu söyləmişdi. Hamı sevinirdi, Dorotidən
başqa. O, Kanzasa qayıtmaq istəyirdi, xala və dayısından ötrü elə darıxmışdı ki...
Dördüncü gün, nəhayət Oz onu çağıranda Doroti çox sevindi Taxt Otağına girəndə Oz
gülümsər bir ifadəylə dedi:
- Otur, balacığaz, deyəsən səni buradan çıxarmanın yolunu tapmışam.
- Və Kanzasa qayıtmağımın da yolunu tapmısız?
- Bunu deyə bilmərəm, axı bilmirəm, Kanzas hardadır. Ancaq ilkin görəcəyimiz iş
səhranı keçməkdir, ondan sonra evini tapmaq çətin olmayacaq.
- Səhranı necə keçməliyəm? – Doroti intizarla soruşdu.
- İndi sənə nə düşündüyümü söyləyəcəm, - dedi balaca adam; - yadındadırsa buraya
bir hava şarında gəldiyimi sənə demişdim. Sənin evini də bura qasırğa atıb, buna görə də
zənnimcə, buralardan ancaq hava yolu ilə qaçmaq olar. Mən qasırğa yarada bilmərəm, amma bu
məsələ üzərində çox düşündüm, sanıram hava şarı düzəldə bilərəm.
- Necə? – Doroti soruşdu.
- Hava şarı yapışqanla yapışdırılmış ipək parçadan hazırlanır, içinə qaz doldurulur.
Sarayımda ipək istədiyin qədər var, ona görə də şar düzəltmək çətin olmaz. Ancaq burada şarı
havaya qaldırmaqdan ötrü qaz tapmaq çətindir, qaz olmasa şar havaya qalxmaz.
- Şar uşmayacaqsa, onun nə xeyri?
- Düzdür, - Oz razılaşdı. - Başqa üsul da var, şarı isti hava ilə doldurmaq olar. İsti
hava qaz qədər yararlı deyil, çünki isti hava soyusa, şar səhrada düşə bilər və biz məhv olarıq.
- Biz? – deyə Doroti qışqırdı, - siz mənimlə uçursuz?
- Əlbəttə, - Oz cavab verdi, - daha yalançı olmaq istəmirəm. Saraydan çıxsam,
insanlar mənim sehirbaz olmadığımı başa düşərlər və onları aldatdığım üçün çox hirslənərlər.
Buna görə də mən bütün günümü qapalı yaşayıram və artıq bu məni yaman yorub. Yaxşısı budur
səninlə birlikdə Kanzasa gedim, yenə bir sirkdə işləməyə başlayım.
- Birlikdə uçmağı mən də istəyərəm, - Doroti sevindi.
- Minnətdaram, - Oz cavab verdi. – İndi mənə ipək parçanı tikməkdə kömək et ki hava
şarımızı düzəldə bilək.
Doroti iynə-sap götürüb Ozun kəsdiyi ipək parçaları səliqəylə tikdi. Öncə açıq yaşıl,
sonra tünd yaşıl, ən axırda zümrüd rəngli parçaları biri-birinə tikirdi, çünki Oz hava şarının
yaşılın müxtəlif tonlarında olmasını istəyirdi. Üç gün-üç gecə onlar yaşıl ipək parçalarını tikib,
işi tamamladılar, nəticədə iri bir torba alındı.
Oz parçanın tərs üzünə yapışqan sürtüb hava keçirməz hala gətirəndən sonra hava
şarının hazır olduğunu bildirdi.
- Ancaq içinə minə biləcəyimiz bir səbət də olmalıdır, - Oz dedi və yaşıl saqqallı
əsgəri böyük bir zənbilin dalınca göndərdi. Oz zənbili iplərlə şarın altına bağladı. Hər şey hazır
olanda, Oz Zümrüd Şəhərinin sakinlərinə elan etdi ki, buludlarda yaşayan sehirbaz qardaşının
yanına gedir. Bu xəbər bir göz qırpımında bütün şəhərə yayıldı, camaat Ozun göyə uçmasını
seyr etmək üçün meydana axışdı.
Sehirbazın əmriylə hava şarını sarayın qarşısındakı meydana gətirdilər. Dəmir Odunçu
çoxlu odun yarıb nəhəng tonqal qaladı. İsti hava şarın düz içinə dolub şarı köpürdürdü. Artıq hər
şey uçuşa hazırdı.
Oz zənbilə qalxıb toplaşanlara ucadan dedi:
- Mən qonaq gedirəm, indi sizin hökmdarınız Bədheybətdir, mənə itaət etdiyiniz kimi
ona itaət edin, sözünə qulaq asın.
İsti hava soyuq havadan daha yüngül olduğu üçün şar yuxarı qalxırdı, bağlandığı qalın
ipləri az qalırdı qoparsın. Oz qışqırdı:
- Tez ol, Doroti, min! Yoxsa şar uçur!
- Mən Totonu tapa bilmirəm! - Doroti fəryad etdi. O, balaca itsiz qayıtmaq istəmirdi.
Toto pişiyin dalınca qaçıb gözdən itmişdi. Nəhayət, Doroti Totonu tapıb bağrına basdı və şara
tərəf qaçdı.
Şara bir neçə addım qalmışdı. Oz əllərini irəli uzatdı ki, Dorotiyə kömək etsin, amma
bu an iplərdən biri qırıldı və şar Dorotisiz yuxarı qalxmağa başladı.
- Dayanın! Mən də uçmaq istəyirəm! – Doroti var gücüylə qışqırdı.
- Mümkün deyil! – Oz da qışqıraraq cavab verdi. – Əlvida, Doroti! Hamıya əlvida!
Sakinlər də: “Əlvida, Oz!” qışqırdılar, bütün gözlər sehirbazın içində durduğu və
getdikcə yuxarı qalxan səbətə dikilmişdi.
Daha heç kim bir də Böyük Sehirbaz Ozu görmədi, yəqin o, Omahaya sağ-salamat
çata bilmişdi. Zümrüd Şəhərinin sakinləri müdrik hökmdarlarını sevgiylə xatırlayır və deyirdilər:
- Oz həmişə dostumuz olub, bizimçün gözəl Zümrüd Şəhərini tikib, çıxıb gedəndə öz
əvəzinə Ağıllı Bədheybəti hökmdar təyin edib.
Uzun müddət Qeyri-adi Sehirbazın arxasınca göz yaşı axıtdılar.


Tarix: 09.06.2015 / 13:42 Müəllif: Aziza Baxılıb: 281 Bölmə: L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"
loading...