beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulturologiyada müxtəlif elmi nəzəriyyələr və baxışlar

Bu gün dünyada kulturologiya elmi haqqında fikirlər mübahisəlidir. İstər Şərqdə, istərsə də Qərbdə müxtəlif alim və tədqiqatçılar arasında bu elm haqqında yekdil bir fikir və ideya mövcud olmasa da, mübahisəli-müqayisəli nəzəriyyələr və kulturoloji baxışlar bu elmi daha dərindən, hərtərəfli anlamağa imkan yaradır.

Kulturoloji problemlərin tədqiqində ilk yanaşmalardan biri məhz kulturantropoloji yanaşma olmuşdur. Onun formalaşması ilk təkamülçülərin (Q.Spenser, E.Taylor, D.Morqan) nəzəriyyələri ilə başlıyır. Lakin həmin nəzəriyyələrdə tarixi prosesin fasiləsizliyi prinsipinin mütləqləşdirilməsi aparıcı yer tuturdu. Lakin sonralar zaman keçdikcə mənəvi kulturantropoloji yanaşma metodları təkmilləşməyə başladı. Bu kulturantropoloji yanaşmalar V. Malinovski, K. Levi-Stross, E.Fromm, A.Kreber, F.Klakxon və başqalarının əsərlərində geniş səpkidə öz əməli həlli yolunu tapdı. Yanaşmalar çərçivəsində bir çox əhəmiyyətli kulturoloji məktəblər və maraq doğuran müqayisəli nəzəriyyələr və baxışlar sistemi yaranmağa başladı. (Məsələn, funksionalizm, strukturalizm və s.) V.Malinovski Radkliff-Braun ilə birlikdə kulturologiyada funksionalizmi, strukturalist yanaşmanı isə K.Levi-Stross və M.Fuko inkişaf etdirdilər. Onlar eyni zamanda funksionalizmin də 3 əsas cəhətini aşağıdakı şəkildə göstərirdilər:

1.Hər bir mədəniyyət bütövdür, tamdır;

2.Hər bir cəmiyyət, yaxud sivilizasiya tipi, hər bir adət, ənənə, yaxud mərasim, sitayiş və yaxud etiqad mədəniyyət üçün vacib tarixi funksiyanı yerinə yetirir;

3.Mədəniyyətin bütövlüyünün saxlanılmasında, onun hər bir elementi əvəzedilməzdir.

Müasir Qərb kulturologiyasında insanların maraq və həyat tərzlərinin öyrənilməsində sosioloji yanaşma və sosioloji tədqiqat metodları daha geniş yayılmışdır. Görkəmli alimlərdən P.Sorokin, M.Xorkxaymer, Q.Adorno, Q.Markuze, Y.Xabermas və b. mədəni-tarixi prosesə dair çox mühüm kulturoloji konsepsiyalar irəli sürmüşlər. Kulturologiyada olan müxtəlif elmi nəzəriyyələri və baxışları Q.A.Antipova və A.N.Koçergin tərəfindən aşağıdakı kimi sistemləşdirilmişdir:

Ø Dəyərləndirici (aksioloji)

Mədəniyyət, həqiqətin mənimsənilməsi prosesində yaradılmış insani dəyərlərin məcmusu, mədəni sərvətlərin yaradılması üzrə nailiyyətlərin keyfiyyət nəticəsi kimi nəzərdən keçirilir. Həqiqətlərin dəyər fenomenləri üzrə mənimsənilməsi, insanı bu və ya digər möhtəşəm vəzifələri yerinə yetirməyə ruhlandırdığına və ruhi fəallığa səbəb olduğuna görə mühüm əhəmiyyət daşıyır. Başqa sözlə, dəyər yanaşması cəmiyyətin mədəni təkmilləşməsində səfərbəredici rol oynayır.

Ø Elmi (təsviredici) Mədəniyyəti, insanın təbiətə, bir-birinə və özünə münasibətlərinin məcmusunda, maddi və ruhi əmək məhsullarında, sosial norma və qurumlar, ruhi dəyərlər sistemində ifadə olunan həyat fəaliyyətinin spesifik inkişaf və təşkil vasitələrində nəzərdə keçirir.

Ø Elmi və dəyərləndirici yanaşmaların ziddiyyəti ondadır ki, elmi idrak öyrənilən obyektə dəyərləndirici münasibəti aradan qaldırır. İdrakın məqsədi öyrənilən sistemin tabe olduğu və bizim qiymətləndirmədən asılı olmadan işləyən qanunların müəyyən edilməsidir. Elm bu məqsədi reallaşdırarkən, həqiqətlərə yeni baxışlar aşkar edir.

Kulturologiyada digər sistemləşdirilmiş baxış V.S.Polikarpovun olmuşdur:

Sistemli baxış

Ø Mədəniyyəti sosial hadisə və cəmiyyətin universal xüsusiyyəti kimi nəzərdən keçirir. Müəllif ehtimal edir ki, bu yanaşma mədəniyyəti süni surətdə maddi və ruhi mədəniyyətə ayırmaqla, mədəniyyət fenomeninin anlanılmasını məhdudlaşdırır, çünki, yaradıcı proses və mədəniyyətin mürəkkəb daxili quruluşu ilə bağlı problemlər kölgədə qalır.

Ø Fəaliyyətyönümlü baxış

- mədəniyyəti ya yaradıcı fəaliyyət prosesi, ya da spesifik fəaliyyət üsulu kimi nəzərdən keçirərək, dəyişgən ətraf aləm şəraitində sivilizasiyanın saxlanması və yeniləşməsinə yardım edir. Tədqiqat və lokal mədəniyyət, mədəniyyətin tarixi tipləri, mədəniyyət və sivilizasiya münasibətlərinin əsasını fəaliyyətyönümlü yanaşma təşkil edir.

Ø Dəyərləndirici ( aksioloji) baxış

- mədəniyyəti, başda insanın özü olmaqla, dəyərlər sistemi kimi nəzərdən keçirir. Mədəni fəaliyyətin məqsədi “Homo Sapiens” saxlanmasıdır. Aksioloji baxış onunla fərqlənir ki, o, cənmiyyətin bütün sosial hadisələrini mədəniyyətə aid etməyərək, cəmiyyətin dağıdıcı proseslərini antimədəni adlandırır.

Kulturologiyada olan müxtəlif elmi nəzəriyyələr və baxışlar indiki dövrdə də mövcud olmasına baxmayaraq , Kulturologiyanın araşdırılması cəmiyyətimizin aktual məsələlərindən olmuşdur.Kulturologiyada olan müxtəlif nəzəriyyələr və baxışlar sistemi Kulturologiyanın daha dərindən araşdırılmasını vacib edir. Və onun əsas prioritetlərini müəyyən edir.


Tarix: 08.12.2014 / 16:42 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)