beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Analar öz övladlarının qatilinə necə çevrilirlər?

Ana 3 günlük körpəsini Kür çayında boğdu... Masallıda boş qəbirdən yeni doğulmuş qız uşağı tapıldı... Zibildaşıyanlar Alatava zibilliyi yaxınlığında bələkdə ağlamaqdan bayılmış körpə tapdılar... On dörd günlük çağanı məscidin həyətinə atdılar...
Həmişə bu cür xəbərləri eşidəndən sonra həmin körpələrin qatillərini, günahlarını üstündə daşıyan anaları (əgər onlara ana demək mümkündürsə), sahib çıxmayan atalarını lənətləyirik. Göz yaşlarımız səssizcə içimizə axır. İnanmıram ki, evində körpəsi olan və ya nə vaxtsa olmuş insanlar bu xəbərləri sıradan bir xəbər kimi oxuyub keçsinlər. Bu tipli xəbərlər həmişə uzun müddət insanları öz təsiri altında saxlayır. Təəssüflə «niyə» sualını veririk. Ardınca da müxtəlif cavablar gəlir:
Arzuolunmaz uşaqmış... Uşağı saxlamaq imkanı yoxmuş... Bic doğulmuşmuş, anası da el içində rüsvay olmamaq üçün onu atıb... Qız uşağıdır, aldanıb, sonra da nə eləyəsini bilməyib... Əri deyib ki, o uşaq bu qapıdan içəri girsə, özünü də, onu da ölmüş bil... Uşaq istəmirmiş, amma imkansızlıqdan aborta gedə bilməyib, doğub, sonra da....
Bütün bunlar isə körpəsini atmış (yəni mənən öldürmüş) və ya məhv eləmiş qatil analara haqq qazandırmaqdan başqa bir şey deyil. Bu səbəblərin heç biri günahsız körpəsinin atılmasına, öldürülməsinə heç bir halda haqq qazandırmır. Biz bu yazıda artıq dünyaya gəlmiş körpələrə qəsd edən deyil, hələ dünyaya göz açmamış, ana bətnindəcə məhv edilən körpələrin qatillərindən danışacağıq. Görəsən, tək bizim ölkəmizdə belələrinin sayı neçə milyondur? Bəli, doğru eşitdiniz, neçə milyon...
Seriallara az baxmalı və hamiləlikdən qorunmağın yollarını öyrənməli!
Mən reallığı nəinki əks etdirməyən, onun yaxınlığından belə keçməyən statistik rəqəmləri xatırlatmaq istəyirəm. Rəsmiləşdirilmiş məlumatlara görə, 1995-ci ildə ölkəmizdə abortların sayı 25228, 2000-ci ildə 17529, 2002-ci ildə 16635 olub. 1995-ci ildə 630, 2000-ci ildə 572, 2002-ci ildə isə 868 nəfər hələ 19 yaşa çatmamış qadın abort elətdirib. Rəsmi rəqəmlərə nəzər yetirsək, deməli, 3 ildə təkcə 19 yaşlı "qatil"lərin sayı 2070 nəfər olub. Bizdə ən çox 25-29 yaşlı qadınlar abort elətdirirlər. Belələrinin sayı 3 il ərzində 17425 nəfər olub. 35-49 yaşlı qadınların payına isə 3 il ərzində 10488 abort düşüb. Bir anlıq bu rəqəmlərə baş həkimdən xəlvət edilən abortları, abortdan toplanmış məbləğləri yuxarı instansiyalardan gizlətmək üçün rəsmiləşdirilməyən abortları, ara arvadları, mamaçalar tərəfindən evlərdə edilən abortları da bura əlavə eləsək, görün qadınlarımız ildə nə qədər canlını məhv edirlər! Yəqin ki, dünyada insandan başqa öz balasını belə asanlıqla məhv eləməyi bacaran çox az sayda canlı var.
İndi isə keçək səbəblərə. Çoxları iddia eləyirlər ki, arzuolunmaz uşaqları abort eləməkdən başqa çarə yoxdur. Hər hamiləlik doğuşla nəticələnsə, onda dünyaya adam sığmaz... Amma hamilə qalmamaq da olar. Bunun üçün ölkənin hər köşəsində qadın məsləhətxanaları, ailə planlaması mərkəzləri var. Qadının arzuolunmaz hamiləliklə üzləşməməsi üçün sadəcə bir dəfə savadlı, insaflı, "qəssablıqdan" (abort eləyənləri ən yaxşı halda belə adlandırmaq olar) həzz almayan ginekoloqa müraciət etmək lazımdır. O zaman ginekoloqlar izah eləyəcəklər ki, qadının məhz hansı dövrdə hamilə qalmaq ehtimalı böyükdür, hamiləlikdən qorunmaq üçün hansı təbii və süni vasitələrdən istifadə etmək olar.
Ginekoloqlar bildirirlər ki, qadınların bir ay ərzində sadəcə bir həftə içərisində hamilə qalmaq imkanları olur. Yerdə qalan iki həftə yumurtalığın yetişməsinə, 1 həftə də menstruasiya dövrünə düşür. Deməli, həmin bir həftə ərzində həkimə-filana getmədən, həb-filan qəbul etmədən də hamiləlikdən yayınmaq mümkündür. Sadəcə belə etməklə, onlar nə insan qatilinə çevrilərlər, nə də öz həyatlarını xoşagəlməz ağrıların, stressin, gələcəkdə gözlənilən fiziki fəlakətlərin, ölümün pəncəsinə atarlar. Abortun gündəlik həyatın bir hissəsinə çevrilməməsi üçün seriallara bir qədər az baxmaq, az qeybət eləmək, dedi-qodulara daha az zaman ayırmaq, arada tibbə, ginekologiyaya aid kitablar oxumaq və imkan olsa, internetdəki portallardan «hamiləlikdən necə qorunmalı» sözünə axtarış verib məlumatlanmaq lazımdır.
Abortlar sonsuzluq yaradır
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi özünün demək olar ki, bütün illik hesabatlarında «ailə planlaşdırmasının əsas vasitələrindən biri kimi, abortun geniş istifadə edilməsi narahatçılıq doğurur» ifadəsinə yer verir. Komitənin əməkdaşları, onlarla əməkdaşlıq eləyən tibb işçiləri həmişə deyirlər ki, abort ailələr, qadınlar və nəhayət, ölkə üçün fəlakətə çevrilməkdədir. Çünki abortlar həm ailələrin kiçilməsinə, ölkə vətəndaşlarının sayının süni surətdə azaldılmasına səbəb olur, həm də qadınların sağlamlığına ciddi zərər vurur. Hətta abortun nəticəsi olaraq onlarla qadın öz həyatlarını itirirlər. Əksər hallarda isə qadınlarda xoşagəlməz ginekoloji, onkoloji xəstəliklərin, şəkərin, qan təzyiqinin və sairin mənbəyi məhz abortların fəsadları olur.
Sözügedən Komitə hələ 2005-ci ildə (o vaxt bu qurumun adı sadəcə Qadın problemləri üzrə Dövlət Komitəsi gedirdi) öz hesabatında tövsiyə edib ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun köməyilə, ailə planlaşdırması sahəsində müvafiq proqramlar hazırlansın, abortlara gələcəkdə yol verilməsin və beləliklə, təhlükəli abortların səbəb olduğu ana ölümü riskləri azaldılsın. Görünür, bu da təzaddır ki, bizdə abort nəticəsində ölən, şikəst olan qadınların sayı bəlli deyil. Çünki belə hallar maksimum səviyyədə ictimaiyyətdən gizli saxlanılır.
Abortlar qadağan edilsinmi?
Qanunvericilik abortları qadağan eləmir. Abortlar qanuni hesab edilir və onların 6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aparılmasına icazə verilir. Hamiləliyin 12 həftədən sonrakı dövrü yüksək riskli hesab olunur və ananın həyatı üçün çox təhlükəlidir. Abortlar qanunla nağd vəsait hesabına aparılır. Müraciət edən natamam (mini) abort edilmiş qadınlara qanunla pulsuz tibbi xidmətlər göstərməlidir, onlara arzuolunmaz hamiləliklə bağlı pulsuz məsləhətlər, həmçinin qadın arzu etdikdə ona kontraseptivlər (arzuolunmaz hamiləlikdən qorunmaq üçün lazımi tibbi ləvazimatlar) verilməlidir.
Cinayət Məcəlləsinə görə, qadını abort etdirməyə məcbur eləmək cinayət məsuliyyəti yaradır (maddə 116, CM). Qüvvədə olan qanunlara əsasən, ailənin planlaşdırılması da daxil olmaqla, abort zamanı ərin icazəsi tələb olunmur. Lakin Azərbaycandakı əksər ailələrdə mövcud qaydalara, ənənələrə uyğun olaraq qadın bu məsələni əsasən ərlə məsləhətləşir. Amma belə hallar da olur ki, ər uşağın doğulmasını arzulayır. Qadın isə uşağı doğmağın ağrılı proses olması, onun böyüdülməsinə çəkəcəyi əziyyətləri nəzərə alaraq bəzən ərindən xəlvət surətdə qohum-qonşudakı arvadlardan birinə qoşulub aborta gedir. Ər isə məsələdən iş-işdən keçəndən sonra xəbər tutur.
«Əhalinin Sağlamlığının Mühafizəsi Haqqında» Qanunun 30-cu maddəsinə əsasən, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ vardır. Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər. Həkim tərəfindən xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda hamiləliyin süni surətdə pozulması qadağandır.
Abort ölüm hallarını artırır
İl ərzində dünyada uşaq doğmaq qabiliyyəti olan 500 min qadın hamiləliklə əlaqədar olaraq ölür. Bu cür ölümlərin 15%-nin səbəbi abort zamanı yaranmış təhlükədir. Hamiləliklə əlaqədar ölənlərin 98%-i inkişaf etməkdə olan ölkələrdədir. Belə ölkələrdə süni abortdan sonra ölüm halları hər 1000 nəfərə 0,9-3,5 nəfər düşür. İnkişaf etmiş ölkələrdə isə bu göstərici hər 100 min nəfərə 1 nəfərdir. Çünki inkişaf etmiş ölkələrdə aborta yalnız ilk 8 həftəyədək icazə verilir. Süni abortlar bəzi hallarda qadınlarda sonsuzluq yaradır. Süni abortlar tibbi və kriminal abortlara bölünür. Birincilər normal tibbi qayda-qanunlara istinad edilərək qanuni həkimlər tərəfindən edilən abortlardır. İkincilər isə qanunsuz yollarla, bu sahədə peşəkar olmayan, ara həkimlər vasitəsilə edilən abortlardır. Dərmanların köməyi və sorma yolu ilə (vakkum aspirasiyası) hamiləliyin ləğvi əsasən, təhlükəsiz sayılır. Cərrahi müdaxilələr (qaşıma və s.) yolu ilə edilən abortlar isə təhlükəli sayılır. İkinci yoldan istifadə edən qadınlarda sonsuzluq, ginekoloji xəstəliklərə tutulma, infeksiyalara yoluxma və ölüm riski böyükdür. Hazırda abortlarla bağlı dünyada (Danimarka, İsveç, Fransa kimi ölkələrdə) ayrıca qanunlar mövcuddur.
Kimlər öldürməyə «hə» deyir, kimlər «yox»
Abort məsələsinə münasibətə görə dünya ölkələrini 4 qrupa bölürlər. Birinci qrup ölkələrdə abort tamamilə qadağandır. Həmin ölkələrdə abort daxili orqanlara qarşı cinayət hesab olunur və ölümlə müqayisə edilir. Bu ölkələr abortu qadağan etməyə qadınların həyatının xilası kimi yanaşırlar. Birinci qrupa aşağıdakı ölkələr daxildir: Anqola, Əfqanıstan, Banqladeş, Venesuela, Qvatemala, Honduras, Misir, İndoneziya, İraq, İran, İrlandiya, Yəmən, Kolumbiya, Livan, Liviya, Mavritaniya, Mali, Nepal, Nikaraqua, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Paraqvay, Papua-Yeni Qvineya, Salvador, Suriya, Çili və Filippin.
İkinci qrup ölkələrdə aborta yalnız tibbi göstəricilər səbəbindən (qadının həyatı təhlükə altında olduqda) və digər müstəsna hallarda razılıq verilir. Bu ölkələr Əlcəzair, Argentina, Boliviya, Braziliya, Qana, İsrail, Keniya, Kosta-Rika, Mərakeş, Meksika, Nigeriya, Pakistan, Peru, Polşa və Uruqvaydır. İspaniyada isə 1985-ci ildə abortlar leqallaşdırılıb və aborta yalnız zorlama halı olduqda, döldə ciddi anomaliyalar aşkarlandıqda, doğuş riskli olduqda, qadının fiziki və psixi sağlamlığı imkan vermədikdə icazə verilir.
İngiltərə, Hindistan, İslandiya, Lüksemburq, Finlandiya və Yaponiyada aborta yalnız tibbi, sosial-iqtisadi problemlər olduqda və zorlama hadisəsi baş verdikdə icazə verilir. Dördüncü qrup ölkələrdə isə abort məsələsində sərbəstlik verilib. Liberal qrupa daxil olan bu ölkələrdə aborta qadın hüquqlarının bir hissəsi kimi baxılır və hamiləliklə bağlı məsələlərin həlli qadının ixtiyarına verilir. Bu ölkələrdə də cinayət hüququ qadınların sağlamlığının qorunması tərəfdən çıxış edir. Xəstəxanalardan kənarda edilən və vaxtı keçmiş abortlara görə cinayət məsuliyyəti mövcuddur. Qadınların sağlamlığına zərər yetirən və onların ölümü ilə nəticələnən abortlar cinayət məsuliyyəti yaradır. Arzuya görə abort MDB və Baltikyanı ölkələrdə, sabiq Yuqoslaviya respublikalarında, Avstraliya, Avstriya, Albaniya, Belçika, Bolqarıstan, Macarıstan, Vyetnam, Almaniya, ABŞ, Yunanıstan, Danimarka, İtaliya, Kamboca, Kanada, Koreya Xalq Respublikası, Kuba, Monqolustan, Niderland, Rumıniya, Rusiya, Sinqapur, Slovakiya, Tunis, Türkiyə, Fransa, Çexiya, İsveç və CAR-da mövcuddur. Rusiyada aborta 12 həftəyədək, sosial göstəricilər səbəbindən isə 22 həftəyədək icazə verilir. Abort üçün həkimlərin lisenziyası olmalıdır və onlar yalnız xəstəxana şəraitində abort eləyə bilərlər. Rusiyada 2009-cu ildə qəbul olunmuş «Reklam haqqında» qanunda hamiləliyin süni ləğvi ilə bağlı reklama məhdudiyyət qoyulub.
Hippokrat, xristianlıq və İslam aborta qarşıdır
Qədimdə yeni doğulmuş körpələr yalnız ataları onları məbəddə başı üzərinə qaldırandan sonra (sublatio ayini) insan və ailənin yeni üzvü sayılırdı. Platon (e.ə. 427-347) yazırdı: «Mamaçalar hamilələrə doğmağa və ya uşaq salmaya kömək eləməlidirlər». Aristotelsə (e.ə. 384-322) yazırdı: «Əgər ər-arvad uşağın doğulmasına qədər gözləməyin əleyhinədirlərsə, onda döl ona duyğu və həyat verilməmişdən tələf edilməlidir». E.ə. 5-ci əsrdə Hippokratın andının ilkin versiyasında isə tamamən bunun əksi ifadə olunur: «Heç bir qadına qarşı abort qurğusundan istifadə etməyəcəyəm».
Abort məsələsi antik dövrlərdə yaranmış ədəbiyyatda da müzakirə mövzusu olub. Xristian kilsəsi həmişə aborta qarşı olub və Papa V Stefan (VI) hələ 887 və ya 888-ci ildə kilsə hökmündə yazırdı: «Əgər kim qadının bətnindəkini məhv eləsə, o insan qatilidir».
Orta əsrlərə aid əsərlərdə də aborta qarşı kəskin mövqe olub. Napoleon Kodeksində Fransada hamiləliyin ləğvinə görə birmənalı şəkildə həbs nəzərdə tutulub. Rusiyada 1914-cü ildə Beynəlxalq Kriminalistlər İttifaqının rus qrupunun qurultayında aborta görə qadınların cəzası istisna edilib və yalnız həkimlərin məsuliyyətə cəlb olunmasına qərar verilib. 1925-ci ildə ilk dəfə dünyada kriminal abortlar əleyhinə təbliğat plakatı çap olunub. Sovet hökuməti isə dünyada ilk dəfə abortları leqallaşdırıb. «Qadınların sağlamlığının qorunması haqqında» qanunda abortların pulsuz və könüllü olması əksini tapıb. Sovet dövründə abortdan ölən qadınların sayı statistikada azaldılırmış və 4%-dən 0,28%-ə qədər endirilirmiş. 1936-cı ildə qəbul olunmuş «Abortların qadağan edilməsi, zahılara maddi yardımın artırılması, çoxuşaqlı ailələrə dövlət yardımının verilməsi, doğum evləri, uşaq bağçaları və körpələr evi şəbəkəsinin genişləndirilməsi, aliment ödənilməməsinə görə cəzanın artırılması və boşanmalar barədə qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi barədə» qərarla abort məhdudlaşdırıldı. Bu isə kriminal abortların və öz-özünü abort etmələrin sayını artırdı. Süni abortların nəticəsi olaraq, kənd yerləri nəzərə alınmamaqla təkcə 1935-ci ildə Rusiyada 451 ana ölümü faktı qeydə alındı. 1936-cı ildə isə bu rəqəm artıq 910-a çatmışdı. 1940-cı ildə şəhərlərdə 2 mindən çox qadın abortla bağlı həyatını itirmişdi. Nəticədə abort edənlərə qarşı «uşaq qətli»nə görə cinayət işi açılmışdı. 1955-ci ildə isə «Abortlara qadağanın qaldırılması haqqında» fərman çıxmışdı. 1980-ci illərin sonunda SSRİ abortun sayına görə dünyada birinci yeri tuturdu. Rusiyada abortun pik həddi 1964-cü ildə olmuşdu: 5,6 mln.
2009-cu ildə isə Rusiyanın birinci xanımı Svetlana Medvedyevanın təşəbbüsü ilə doğulmamış uşaqların qorunmasına və anaların sağlamlığına hədəflənmiş «Mənə həyat bəxş elə» aksiyası keçirildi.
Abortların səbəbləri nələrdir?
Dünya üzrə aparılan araşdırmalar nəticəsində bəlli olub ki, abortların 40 %-i qadınların arzusu ilə, 25 %-i həyat səviyyəsinə görə, 23 %-i sosial göstəricilərə görə, 12 %-i isə tibbi göstəricilərə görə baş verir. Ötən əsr ərzində bütün dünyada abort olunan uşaqların sayı doğulanların sayından çox olub. Məsələn, 2001-ci ildə Rusiyada 1 mln 320 min uşaq doğulub, 1 mln 800 mini isə abort edilib. 2004-cü ildə BMT-nin statistikasına görə Rusiya dünyada abortların sayına görə 1-ci yerdə olub (hər 1000 qadına 53 abort). Abort edənlərin 10 %-i 19 yaşadək olan qızlardır. Hazırda hər 81 doğuşa 100 abort düşür. Ukraynada isə 1999-cu ildə 10-14 yaşlı qızlar 500, 15-17 yaşlı qızlar isə 35 000 abort etdiriblər. Bu ölkədə qadınların sonsuzluğunun 70-80%-nin erkən abortlarla bağlı olduğu müəyyənləşdirilib. Ukraynada ölü uşaq doğan qadınların 95 %-i əvvəlki uşaqlarını abort etdirdiklərini bildiriblər.
Xristianlıqda abort uşaqların ana bətnində öldürülməsi kimi qəbul edilir. İslahatçıların lideri Jan Kalvin «əgər ananın bətnində uşaq varsa, deməli, insan var» deyirdi. Lüteran kilsəsinin yaradıcısı Martin Lüter deyirdi ki, Allahın işığını görməyən uşağı öldürmək ən böyük və bağışlanmaz günahdır. Lüteran teoloqu Anders Qrunnan bildirirdi ki, xristianlıqda aborta yalnız bir halda - ananın həyatı təhlükədə olanda icazə verilir.
İslamda da abort, insanın həyata gəlməsinin qarşısının alınması, qətl və böyük günah hesab olunur. İslamda deyilir ki, «Allah mərhəmətlidir, Allah rəhmlidir, o, uşağın ruzisini özündən əvvəl göndərir. Allah özünün həyat verdiklərinin hamısını sevir və onları öldürənləri lənətləyir». Günahsızların, müdafiəsiz olanların (o cümlədən də, ana bətnində özünü müdafiə etmək imkanı olmayan canlının) öldürülməsi İslamda bağışlanmaz günah və Allaha qarşı üsyan kimi qəbul edilir.
Rüşeymin hansı hüquqları var?
Amerikada rüşeymin yaşamaq hüququ var, Azərbaycanda isə vərəsəlik hüququ
Beynəlxalq qanunvericilikdə «yaşamaq hüququ»nun hələ doğulmamış uşaqlara şamil olunub-olunmaması məsələsində konsensusa gəlinməyib. Yalnız Amerikadaxili Konvensiya yaşamaq hüququnu açıq şəkildə rüşeymə (ana bətnində olan embriona) şamil edir. Bu Konvensiyaya görə, yaşamaq hüququ hüceyrə mayalandığı andan qanunla qorunur.
Azərbaycan Konstitusiyasında isə yaşamaq hüququ ana bətnindəki embriona şamil edilmir. Fiziki şəxsin hüquqi qabiliyyəti onun doğulduğu andan əmələ gəlir və Mülki Məcəllənin 25-ci maddəsinin 3-cü bəndində rüşeymin tanınan yeganə hüququ onun vərəsə olmaq hüququdur. Və bu hüquq, döl maya bağladığı andan əmələ gəlir. Abort heç bir halda yaşamaq hüququnun pozulması hesab olunmur. Burada təzad var. Necə ola bilər ki, rüşeymin vərəsəlik hüququ tanınır, amma yaşamaq hüququ yox?!
ABŞ-ın Virciniya ştatında mərkəzi klinikanın «National Right to Life» şöbəsində uşağın abortdan əvvəlki durumu Ultrasəs müayinəsi vasitəsilə müşahidə edilib. Müəyyən olunub ki, uşaq bu anı hiss edir və özünəməxsus reaksiyalar verərək ölmək istəmədiyini bildirir. Bundan sonra həmin klinikada aborta gələnlərin hamısı prosesi «Ultrasound Option Bill» (USM) vasitəsilə müşahidə edirlər. Analar öz uşaqlarını öz arzuları ilə necə öldürdüklərini görürlər. Təcrübə göstərir ki, anaların çoxu abortdan öncə USM vasitəsilə uşaqlarını görəndən sonra abortdan imtina edirlər. Amma analar abort zamanı USM-dan imtina da edə bilərlər. Virciniyalı həyatın qorunması tərəfdarları öz şüarlarını reklam plakatları formasında ginekologiya şöbəsinin olduğu bütün xəstəxanaların girəcəyində yerləşdiriblər.
Və bəndəniz də bu şüarın tərəfdarıdır: «Arzuolunmaz hamiləlikdən qorunun, bunun əksi baş verdikdə isə uşağınızın qatilinə çevrilməyin».


Tarix: 30.12.2014 / 17:46 Müəllif: Aziza Baxılıb: 426 Bölmə: Körpəyə qulluq