beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir ömrün yuxusu
Bir ömrün yuxusu

İlk sevgisi daşa dəydikdən sonra sevməyi, ailə qurmağı özünə yaxın buraxmaq istəmirdi. Heç nəyə və heç kimə əyilməzliyin həndəsəsini özü yazmışdı. “Kasıb oğlandı”-demişdi sevdiyi qızın xalası. İnsanların vara, dövlətə əyilməyinin sirrini hələ anlaya bilməmişdi, zavallı. Uzun gecələrin saçından yapışıb göy üzünün qaranlıq pərdələrini aralayıb səhəri dirigözlü açardı beləcə.
“Ay bala, dərmanım qurtarıb, bu “Fillepsin” zəhrimarı beş ildi boğazıma bağlamışam, mən yazıq” - deyən anasının dərdi də bir tərəfdən ürəyindən buz baltası kimi asılmışdı.
İçində bir özü qalmışdı, bir də hamıdan çox istədiyi və qorxduğu Allahı.
“Ay Allah, məni niyə belə sınağa çəkirsən, mən bu qədərmi böyük günahların sahibiyəm. “O” məni belə atıb getdi, anamın xəstəliyi, usta adı ilə ona-buna mədəni nökərçilik eyləyən atamın gecələr iniltisi, əllərinin, ayaqlarının sızıltısı olan-qalan ürəyimi də yeyib, əridib. Axı mən yazıq deyiləmmi?
Allah da hər gecə onunla ulduz dilində, külək dilində və qaranlığın qorxu dilində danışardı. O, Allahla danışanda peyğəmbərlər kimi mağaralara yox, öz qəlbinin dərinliyinə çəkilərdi.
Sinif yoldaşlarından biri “sən korsan”- demişdi ona. O da iri, qaynar gözlərini göstərib: - mən səni özündən də böyük görürəm – deyib uğunmuşdu. “ Sən “onu” sevdiyin kimi “o” da səni sevir” – demişdi sinif yoldaşı.
Bəlkə də bütün Bakının xəbəri vardı ki, Özgür “onu” sevir. Bəs sinif yoldaşının dediyi “o” kimdir? Bütün sinif qızlarını bir-bir xəyalında canlandırdı. “Onu” sevdiyinə görə elə bilirdi ki, onu heç kim sevmir, heç kimin ona qarşı hissi, duyğusu yoxdur. Bir labirintə düşmüşdü. Şirin, isti, lakin uzaq, əlçatmayan xatirələr labirintinə.
“O” qızın adını öyrəndi. Bəlkə də “o qız” heç xəyalının ucundan belə keçməmişdi. “O qız” doğurdanmı məni sevir, yəni o sevə bilirmi? Sonra öz-özünü danlamağa başladı. Əşi, mən də lap dəliyəm, elə bil məndən başqa heç kim sevginin, sevməyin dilini bilmir. Mənim kimi azdımı həsrətin qoynunda üşüyənlər. Ürəyində qınamışdı “o” qızı. Sevir, sevsin də, guya mənim kimi dəlini sevəndə ağıllanacaq.

Ay məni gizli sevənlər,
Nəyim xoşunuza gəlib?
Mən kimi dəlini sevmək,
Hardan başınıza gəlib?

Ömür ağlı-qaralı ip,
Uzun, qısa Tanrı verib.
Günahınız cildə girib,
Bəlkə qarşınıza gəlib.

Gözüm yaşdan, könlüm ağrıdan, ürəyim dərddən başqa nə qazandı ki, sevəndən sonra. Birdən elə bil ayılan kimi oldu. Allah, sən keç günahımdan. Sevinc də, kədər də Səndən gəlsə “uf” demərəm – dediyini yadına saldı. O, Allaha vəd vermişdi. Bir az düşündü. Sevmək mənə hamıya verilməyən şeyi verdi, ruhuma dirək tapdım.
Bir anlıq başqa dünyadaydı. Özündən ixtiyarsız “Cəlili” üstündə oxuyurdu.

Mən bəxti qaradan sənə yar olmaz,
Ara ağ bəxtini, ara, tap, qadın.
Sən məni sevməklə günah eyləmə
Səni öldürəcək bu əzab qadın.

Ömrüm bircə anda qırılan tükdü,
Öz kölgəm özümə inan ki, yükdü.
Ürəyim min yerdən sökük-sökükdü.
Nəyimə gərəkdi iynə, sap qadın.

Həyatda hərənin öz alın yazısı olduğu kimi öz möhürü də olmalıdır. Özünü təsdiq möhürü. Bu möhürsüz şəxsiyyət bütövlüyü tamlığını itirə, zərrəciklərə bölünüb yox olar. Qasırğa qarşısına çıxan hər bir şeyi uçura, qıra və sındıra bilər.
Məncə, təkcə insandır ki, təbii fəlakətlərdən, əzizlərini itirməsindən sınmır. Bəlkə bu fikrim kiminsə xoşuna gəlməz və ya bu obrazlı yanaşmanın ustündən “atdana” bilər. Lakin düşünəndə ki, ən böyük fəlakət insandır, onda susuruq.
“Qoy həmişə günəş olsun, qoy həmişə göylər olsun” oxuyardıq bir zaman. Böyüdükdən sonra günəşin də, göylərin də zamanı yetişəndə yox olacağını öyrəndik və bu misraları yazanın necə böyük insan olduğunu anladıq.
Ən böyük inkişaf səviyyəsinə çatan sivilizasiyalar sonda özünü məhvə gətirib çıxarır. Qurani-Kərimdə buyurulduğu kimi: - “Onlar özləri özlərinə zülm etdilər”.
Mənə elə gəlir ki, həyatda yüklərin ən ağırını daşımaq kişilərin alnına yazılmalıdır. Alına siğışmayan yazıların ağırlığına isə kişi çiyinləri tab gətirə bilər. Çünki o kişidir.
Kisələrə odun doldurub “pravadniklərə” satdığını, atası ilə fəhləlik eyləyib palçıq qarışdırdıqdan sonra yorğunluğunu çıxartmaq üçün Günəşlidə bir qayanın üstündə yatıb qaldığını, məzunu olduğu orta məktəbdə “ Ünsiyyət qurma bacarıği”ndan dərnək apardığını, dostun-tanışın xeyir işində “tamadalıq” eylədiyini xəyalında top kimi atıb tuta-tuta Şəhriyar parkının içi ilə evə gəlirdi. Birdən “onu” gördü. İlk məhəbbətini yox, sinif yoldaşının dediyi “onu”. Hal-əhval tutdu və birdən “ona” elə yazığı gəldi ki, az qaldı ürəyi əriyib ayağının altına tökülsün. Mən səni belə əzablar içində qoya bilmərəm fikri beynini gəmirdi.
- Sənə bir sual verim. Bu yolu mənimlə birlikdə gedə bilərsən?
- Gedirik də, sonda gedib evə çatacağıq.
- Yox, yəni həyat yolunu deyirəm, sən ki, filoloqsan?
- ……
- Hə, nə oldu?
- Gedərəm.
Belə cəsarətli “gedərəm”ə ürəyində bərəkallah dedi.
Ölən bir kimsəni geri qaytarmaq mümkün olmadığı kimi keçmişi də geri qaytarmaq mümkün deyil. “Tarix təkrar olunur”, “keçmiş geri qayidir” fikirləri isə ağ yalandır və utopiyadan başqa bir şey deyil. Ömrümüzün hər keçən anı keçmiş olur bizim üçün. İnsana keçmişi yenidən görmək yox, xatirlamaq qalır.
- Evdəkilərə de, ayın üçü bizimkilər sizə gələcək.
Yolboyu özünü dünyanın ən xoşbəxt adamı hiss etdi. Özü sevdiyinə qovuşmasa da kiminsə ona qovuşmasına nail olmuşdu. O, ürəyini məğlub etmişdi. Qoy heç olmasa “o” sevinsin. Onsuz da mənim sevinməyim kəpənək ömrüdür. Başıma elə nağıllar gəlib ki, Məlikməmməd onun yanında nağıldır.
Toyları oldu. Hamı kimi o da ata olmağın sevincli günlərini saymağa başladı. Yox, o hələ ata olmayacaqdı. “O” cərrahiyyə əməliyyatı olundu.
Hər şeyi həyatda olduğu kimi çılpaqlığı ilə yazanda şair, yazıçı mənə elə gəlir ki, oxucunun gözündən düşə bilər. Axı oxucular da cürbəcürdü və hər yazının da öz öxucusu var. Heç kim təzə heç nə yazmır və heç kim də təzə heç nə oxumur. Bizlər bir zaman yazılanların – yerə-göyə, ruhumuza hopanların ya şəklini çəkirik, ya da ona oxşatmağa çalışırıq. Fikrimcə insanın hissi onun ağlından və elmindən güclüdür.
Təpədən dırnağa tərin içində idi. Çənəsi ağrıyırdı. Bütün gecəni başına gələnləri və yazmaq istədiyi mövzuları sayaqlamışdı. Pəncərəni açıb saatına baxdı. Hər yer qaranlıq idi. Elə bil ulduzları dənləmişdilər göyün üzündən. Telefonu “cükküldəyirdi”, deyəsən mesaj gəlmişdi “on” dan, yəni yoldaşından. Oxumağa başladı:
“Sən uşaq vaxtı altından keçmək istədiyim göy qurşağına bənzəyirsən. Nə qədər qaçıramsa çata bilmirəm. Bir gün ya mən yorulacam, ya da yağış kəsəcək……….”
Nöqtələrin sonun ozü tamamladı. Yenə də sənin xoşladığın dəli küləklər əsəcək.


Tarix: 08.06.2015 / 17:00 Müəllif: Aziza Baxılıb: 144 Bölmə: Hafiz Hacxalıl