beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Türkman və təkəli əyanlarının qiyamı

Hökumət əleyhinə çıxışda Məhəmməd xan Türkmana və Vəli xan Təkəliyə Fars hakimi (əmir əl-üməra) Ümmət xan Zülqədər də qoşuldu. Beləliklə, şah Məhəmmədin və onun oğlu Həmzə Mirzənin qarşısında indi türkman, təkəli və zülqədər tayfalarının birləşmiş qüvvələri dururdu. Həm də qiyamçı qoşunlar artıq mərkəzi hökumətin nəzarəti altında olan qüvvələrdən üstün idilər. Buna görə də şah və Həmzə Mirzə qiyamçı əmirlərlə toqquşmadan çəkinməyə və barışıq əldə etməyə cəhd göstərdilər. Onlar öncə ustaclı və şamlı əmirlərinin rəhbər vəzifələrdən qovulmasını şərt kimi irəli sürdülər239. Həmzə Mirzənin qiyamçıların arasına təfriqə salmaq cəhdi baş tutmadı. Qiyamçılar danışıqlar aparmaq üçün onların yanına göndərilmiş Həbib bəy Zülqədəri öldürdülər, digər bir neçə vasitəçini isə girov saxladılar. Qiyamçı əmirlər Təbrizin dörd fərsəxliyində (24-28 km) yerləşən Səidabad adlı yerə yaxınlaşanda şah qoşunlarında xidmət edən türkman və təkəli tayfalarından olan döyüşçülər qiyamçıların düşərgəsinə getməyə, öz tayfalarına qoşulmağa başladılar. Həmzə Mirzədən narazı olanlar da onu tərk etdilər. Təhlükəli vəziyyət yarandı, şah və Həmzə Mirzə Əmir xan Türkmanın tikdirdiyi möhkəmləndirilmiş Təbriz qalasında gizləndilər240. Qiyamçı əmirlər şahzadənin adına göndərdikləri məktubda Əmir xanın qatillərinin, ilk növbədə Əliqulu xan Fəth oğlunun onlara təslim olunmasını tələb etdilər. Bu qəti tələbdən qəzəblənmiş Həmzə Mirzə ustaclı və şamlı əmirlərinə qiyamçılara qarşı döyüşə başlamağı əmr etdi. Özü isə şah Məhəmmədlə onların ardınca getdi. Lakin döyüş olmadı. Qiyamçılar öz həyatları üçün təhlükə olmadan şah qoşunları ilə birləşmək, birlikdə Təbrizdəki Osmanlı qalasına hücum etmək naminə, öz tələblərini Əmir xanın qatillərini saraydan çıxarmaq və onları ucqar vilayətlərə göndərməklə məhdudlaşdırdılar. Lakin Həmzə Mirzə qiyamçıların bu mülayim təklifini də rədd etdi241. Ertəsi gün Təbrizdə, şah düşərgəsində gözlənilməz münaqişə baş verdi. Əsasən “böyük qorçilər” sırasına daxil olan zülqədər, əfşar, qacartayfaları əyanlarından bir dəstəsi açıq-aşkar surətdə şahzadənin qiyamçıların tələıblərinə güzəştə getməməsindən narazılıqlarını bildirməyə başladılar. Onlar qeyd etdilər ki, Əliqulu xan Fəth oğlu və Məhəmməd Sarızolaqdan ötrü qızılbaş tayfaları arasına müharibə vəziyyətinə gəlib çatmış ədavət salmaq olmaz. Qorçilər soruşurdular: axı niyə tam tərkibdə gəlmiş təkəli, türkman və zülqədər tayfaları öz şahlarına xidmət etməyə imkan tapıb, türklərin yurd saldığı Təbriz qalasını almağa kömək göstərə bilmirlər?! Qorçilər döyüşçülər və şəhərlilər kütləsinin müşayiəti ilə Əliqulu xanın evinə keçdilər və evi talan etdilər. Bu, şəhərin başqa məhəllələrində ustaclı əyanlarının evlərinin qarət edilməsi üçün işarə rolunu oynadı. Sonra qorçilər Həmzə Mirzənin iqamətgahına gəldilər və onun pəncərələri qarşısında hədə dolu sədalarla nifaq təqsirkarlarının təslim olunmasını tələb etdilər. Qorçilərin “həyasızlığından” hiddətlənmiş Həmzə Mirzə əlində siyirmə qılınc saraydan çıxdı və iğtişaşların əsas baislərinə ölümcül zərbələr endirdi. Yerdə qalanlar dağılışdılar242. Həmin vaxtda şah Məhəmmədi qəti olaraq sıxışdırmış, ölkəni tək idarə edən Həmzə Mirzənin barışmazlığına əmin olmuş türkman və təkəli əmirləri onu taxtdan salmaq üçün silahlı mübarizə aparmağa başladılar. Bunun üçün onlar Təbrizdə, şah sarayında olan şahzadələrdən birini oğurlayıb şah elan etmək qərarına gəldilər. Qiyamçılar şah ailəsinin yerləşdiyi Əmir xanın qalasında keşik çəkən qoşunların arasındakı tərəfdarlarının vasitəsilə Həmzə Mirzənin kiçik qardaşı şahzadə Təhmasibi oğurlaya bildilər. On yaşlı şahzadəni kəndirlə yarıyuxulu halda qala bürcündən aşağıda gözləyən atlılara çatdırdılar. Onlar isə Təhmasibi qiyamçıların düşərgəsinə gətirdilər. Əmirlər yubanmadan gənc şahzadə ilə dövlətin paytaxtı Qəzvinə yollandılar. Səhər Təhmasib Mirzənin yoxa çıxması xəbəri yayılan kimi bütün saraya çaxnaşma düşdü. Ustaclı və şamlı əmirləri tərəfindən şah Məhəmmədi, öz kiçik oğlunu qaçırmaqda təqsirləndirən şayiələr meydana çıxdı. İskəndər bəy Münşinin göstərdiyi kimi, Həmzə mirzə buna inandı. Yazıq şah bu barədə heç nə bilmirdi. Həmzə Mirzə ondan incidi. Bu şübhələrdən ötrü o fakt əsas götürüldü ki, şahın anası türkman tayfasından idi. Həmzə Mirzə qiyamçıların niyyətinə mane olmaq üçün təcili tədbirlərə əl atmaq qərarına gəldi. O, Məhəmmədi xan Toxmaq Ustaclı və İmamqulu xan Qacarı qoşunların bir hissəsi ilə Təbrizdə qoydu. Onlara şah Məhəmməd və qardaşı Abutalıb Mirzə barəsində qayğı göstərmələrini tapşırdı və Təbrizdəki Osmanlı qalasının mühasirəsini davam etdirməyi onlara həvalə etdi. İsmayılqulu xan qoşun dəstəsi ilə qiyamçıları qabaqlayıb paytaxtı tutmaq və Həmzə Mirzənin qoşunları gəlib çıxanadək oranı əldə saxlamaq üçün Tarom və Xalxaldan keçən yolla Qəzvinə göndərildi243. Həmzə Mirzə özü isə sayı 3 min nəfərdən artıq olmayan qüvvə ilə İsmayılqulu xanın ardınca, Qəzvin istiqamətində yola düşdü. O, öz yolundan kənara çıxaraq Ərdəbilə gəldi ki, özünün çox da böyük olmayan qüvvələrini şeyxavənd tayfasından olan qədim Səfəvi müridlərinin hesabına artırsın. Lakin Həmzə Mirzə uğursuzluğa düçar oldu. Tarom ərazisində Qızılüzən çayının daşması nəticəsində qoşunun azuqəsi məhv oldu. Şahzadə öz dəstəsini dağılmaqdan qorumaq üçün daş-qaşını “qazilər” arasında bölüşdürməli oldu. Xəbər alındı ki, əvvəlcə göndərilmiş İsmayılqulu xan qiyamçılara müqavimət göstərmədən Qəzvini tərk etmiş və Deyləmə çəkilmişdir. Qiyamçılar maneəsiz olaraq Qəzvinə daxil oldular və Təhmasib Mirzəni atasının varisi elan edərək şah sarayında yerləşdirdilər. Həmzə Mirzəyə xidmət etmiş bir çox əmirlərin və başqa əyanların əmlakı qarət edildi. Qazi Əhmədin xəbər verdiyi kimi, bu yolla təqribən 100 min tümən məbləğində pul və əmlak mənimsənildi244. Təhmasibin yanında vəzir, mustoufi və başqa vəzifəli şəxslər təyin edildi245. Vəkil vəzifəsi türkman və təkəli əyanları arasında nifaq obyektinə çevrildi. Nəhayət, Müseyib xan Şərəfəddin oğlu Təkəli vəkil təyin edildi. Məhəmməd xan Türkman Təhmasib Mirzənin lələsi və əslində ölkənin tam hakimiyyətə malik hökmdarı oldu. Təhmasib Mirzənin taxta çıxması xəbəri ilə İsfahana və İraqın digər yerlərinə adamlar göndərildi246. İsmayılqulu xan Taromda öz dəstəsi ilə Həmzə Mirzəyə qoşuldu. Sultaniyyədə Rey və Kürdüstan əmirləri, habelə əfşar və bayat tayfalarından olan döyüşçülər şahzadənin qoşununa daxil oldular. Qoşunun sayı 7 min nəfərə çatdı. Qiyamçılar şahzadənin yaxınlaşması xəbərini alanda 10 min nəfərdən çox qoşunla Qəzvindən çıxdılar və onu qarşılamağa yollandılar. Sainqala adlanan yerdə döyüş baş verdi. Sayca üstün olmalarına baxmayaraq qiyamçılar darmadağın edildilər. Qiyamçıların başçıları - Məhəmməd xan Türkman və Müseyib xan Təkəli əsir alındılar. Vəli xan isə vuruşma zamanı həlak oldu. Qiyamçı əmirlərin əlində oyuncağa çevrilmiş Təhmasib Mirzə Ələmut qalasına salındı247. Hicri 994 (1586)-cü ilin yayında tayfaların həmin təhlükəli qiyamını çətinliklə yatıran Həmzə Mirzə Qəzvindən geriyə - Təbrizə tərəf hərəkət etdi. Şahzadə Təbrizdəki türk hərbi hissəsinə qarşı mübarizə aparmaq üçün Səfəvilərə sadiq tayfaları öz bayrağı altında toplamağa cəhd göstərdi. Lakin bu dəfə də onun çağırışına cavab verən az oldu. Türkman və təkəli tayfalarının bir hissəsi qılıncdan keçirilmiş, digər hissəsi isə ölkəyə səpələnmiş, yaxud Osmanlı Türkiyəsinə qaçmışdı. İsfahan, Yəzd, Kirman və Kuh Giluyə vilayətlərində yaşayan əfşar tayfası türklərin tərəfinə qaçmış başçıları Qulu bəyin xəyanəti ucbatından Həmzə Mirzədən ehtiyat edir və bu bəhanə ilə Təbrizə gəlməkdən imtina edirdilər. Xorasanın şamlı və ustaclı əmirləri əslində Həmzə Mirzənin əleyhinə çıxdılar və onun qardaşı Abbas Mirzənin taxt-tac hüququnu müdafiə etdilər. Buna görə də onların köməyə gələcəyinə inanmağa dəyməzdi. Bütün bu səbəblərə görə, Sultaniyyədə qoşunların toplaşmasını gözləyən Həmzə Mirzə ətrafındakı 10 min nəfərlik qüvvə ilə kifayətlənməli oldu və onlarla birlikdə Təbrizə getməyə tələsdi. Həmzə Mirzə Təbrizdə yenidən türklərin müqavimətini qırmağa və Osmanlı ordusu yaxınlaşana qədər qalanı almağa cəhd göstərdi. Qızılbaşlar topların atəşi ilə qalanın bir neçə bürcünü yerlə-yeksan etdilər. Türklərin vəziyyəti həddən artıq pisləşdi. Qızılbaşlar hətta lağıma su buraxmağa cəhd göstərdilər. Lakin qalanın müdafiəçiləri su axınını qaladan uzaqlaşdıra bildilər. Elə görünürdü ki, türklər qızılbaşların hücumuna davam gətirməyib mübarizəni dayandıracaqlar. Lakin bu zaman Fərhad paşa başda olmaqla Osmanlı ordusunun Təbrizə yaxınlaşdığı barədə xəbər alındı248. Buna görə də Həmzə Mirzə mühasirədən əl çəkib Üzümdül və Dizmar istiqamətində geri çəkildi. Fərhad paşa şəhərə daxil oldu, qalanı döyüş sursatı və birillik azuqə ilə təchiz etdi, hərbi hissənin tərkibini dəyişib geriyə döndü. Fərhad paşa hicri 994-cü ilin şəvvalı (1586-cı ilin sentyabr-oktyabrında), Təbrizdə olduğu zaman Əliqulu xana və əmirlərin yanına öz səfirini göndərərək barışıq təklif etdi. Sultan türklərin tutmuş olduqları bütün Səfəvi mülklərinin danışıqsız onların əlində qalması şərtilə sülh təklif edirdi. Həmə Mirzə əmirlərin müqavimətinə baxmayaraq, sülh şərtlərini yalnız Təbrizin Səfəvilərdə qalması şərtilə qəbul etdi. Həmzə Mirzə özünün sərəncamında olan kiçik qüvvələrlə düşmənin tutmuş olduğu Şirvanı, Şəkini, Ermənistanı və Azərbaycanın cənub hissəsinin xeyli ərazisini geri alacağına ümid bağlaya bilməzdi. İskəndər bəy Münşinin göstərdiyi kimi, sülh Səfəvilərə ona görə lazım idi ki, onlar qalan mülklərini, xüsusən də hərbi əməliyyatlar davam etdiriləcəyi halda labüd olaraq itirə biləcəyi Azərbaycanın cənub hissəsinin şərq vilayətlərini və İraqı əldə saxlaya bilsinlər. Fərhad paşa “xoşbəxt şahzadələrdən” birini sultanın sarayına göndərməyi təklif etdi və bildirdi ki, sultan ona “Təbriz vilayətini verə bilər”. Belə bir tələbin alçaldıcı olduğuna baxmayaraq, Həmzə Mirzə kiçik oğlu Heydər Mirzəni İstanbula göndərməyi qərara aldı. Şah və Həmzə Mirzə İmamqulu xan Qacarın hakimiyyəti altında qalmış Qarabağa yollandılar. Gəncədə Həmzə Mirzə Osmanlı elçisi Vəli bəy çaşnikirbaşını lütfkarlıqla qəbul etdi və vəd verdi ki, yaxın vaxtda təcrübəli elçinin müşayiəti, məktublar və hədiyyələrlə öz oğlunu İstanbula göndərəcəkdir. Fərhad paşanınh yanına göndərilən eşikağası Əhməd bəy Ustaclı şahın təklif edilmiş şərtlərlə sülh bağlamaq arzusunda olduğunu təsdiq etdi249. Bundan sonra Həmzə Mirzə dinc tənəffüsdən istifadə edərək daxildəki işləri qaydaya salmaq, mərkəzi hakimiyyəti möhkəmləndirmək, mübarizəyə başlamaq və türkləri ölkədən qovmaq üçün qüvvələri toplamaq işinə girişmək istədi. Lakin ona bu niyyətini həyata keçirmək nəsib olmadı. O, Gəncədən bir qədər aralıda özünün Xudaverdi adlı şəxsi dəlləyi tərəfindən öldürüldü. Xoy ermənisi olan dəllək, Həmzə Mirzənin siyasətindən narazı qalan qızılbaş əmirlərinin əlində yalnız bir alət idi. Hakimiyyəti tamamilə öz əlində toplayıb dövlət işlərində əmirlərin rolunu məhdudlaşdırmağa cəhd göstərən Həmzə Mirzənin güclü şəxsiyyət olması onları qane etmirdi


Tarix: 08.01.2015 / 02:05 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Həmzə Mirzə Səfəvi