beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1585-ci ildə Təbriz şəhərinin Osman paşa qoşunlarından müdafiəsi

Bütün Azərbaycanı ələ keçirmək arzusunda olan Türkiyə sultanı, döyüşkən Özdəmir oğlu Osman paşanı Şirvandan geri çağırdı. Böyük ordunu onun sərəncamına verdi və onu Şərq yürüşünün başçısı təyin etdi217. Hicri 993 (1585)-cü ilin əvvəlində Osman paşa Ərzurumda Azərbaycana basqın etməyə hazırlaşmaqla məşğul oldu. 1585-ci ilin yayında şah və Həmzə Mirzə Qarabağ yaylaqlarında idilər və günlərini eyş-işrətdə keçirirdilər. Türklərin Çuxursəəddən sıxışdırıb çıxardığı Məhəmməd xan Toxmaq da öz qoşunu ilə burada onlara qoşuldu. Onlar yaylaqda ikən Osman paşanın basqın xəbərini aldılar və bu, şah sarayında çaşqınlığa səbəb oldu. İndi düşmən yaxında idi və artıq gerçəkliyi inkar etmək mümkün deyildi. Buna görə də Qarabağdan bütün vilayətlərin hakimlərinə fərmanlar göndərildi və onlara qoşunlarla Təbrizə gəlmək barədə göstəriş verildi. Lakin qızılbaş əmirlərinin əksəriyyəti şah qərargahının tələbinə tabe olmaqdan imtina etdi (Məhəmməd xan Təkəli, Vəli xan Təkəli, Rey hakimi Müseyib xan Şərafəddin oğlu Təkəli və başqaları). Onlar bu çağırışa nəinki cavab vermədilər, habelə sonralar türklərlə vuruşan Həmzə Mirzənin qoşunlarına qarşı hərbi əməliyyatlara başlamaqla türklərlə əlbir çıxış etmiş oldular. İskəndər bəy Münşi göstərir ki, “həmin iki tayfadan (türkman və təkəli – O.Ə.) heç bir adam, Fars, Kirman və İraq hakimlərinin qoşunları da şahın hərbi düşərgəsinə gəlmədilər”. Osman paşa 1585-ci ilin avqustun 12-də Ərzurumu tərk etdi və Panisabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində hərəkətə başladı219. Şah öz saray adamları ilə Qarabağdan cənuba doğru hərəkət etdi və Bazarçaydan keçərək Naxçıvana yola düşdü. Yolda ikən məlumat alındı ki, Osman paşa Mərənddədir və tələsik Təbrizə doğru hərəkət edir. Buna görə də Həmzə Mirzə 20 min nəfərlik qoşunla ona qarşı göndərildi. O, Ordubaddan keçib Dızmar Üzümdülə tərəf hərəkət etdi. Sufiyan ərazisində Məhəmmədi xan Toxmağın başçılığı ilə qızılbaşların öndə gedən dəstəsi düşmən hissələri ilə üz-üzə gəldi. Əvvəlcə qızılbaşlar türkləri böyük itkiyə məruz qoydular. Lakin sonra onların böyük üstünlüyü qarşısında geri çəkilməyə məcbur oldular220. Qızılbaşların vəziyyəti pisləşdi.20 min nəfərlik silahlı qüvvə ilə Osmanlıların on dəfə üstün olan, üstəlik də artilleriya ilə yaxşı təchiz olunmuş qüvvələri ilə mübarizə aparmaq mənasız idi. Hərbi şurada daha təcrübəli sərkərdələr mərhum I Şah Təhmasibin nümunəsi əsasında hərəkət etməyi məsləhət görürdülər. Onlar təklis etdilər ki, Təbriz əhalisi Qaradağ qalalarına köçürülsün, şəhər taxılsız və ərzaqsız qalsın. Türk qoşunları Təbrizə daxil olduqdan sonra isə bütün yolları bağlamaqlaşəhərə ərzaq gətirilməsinə yol verilməsin. Beləliklə, onlar belə hesab edirdilər ki, aclıq türk qoşunlarını Təbrizi tərk etməyə və geri çəkilməyə məcbur edər. İskəndər bəy Münşinin göstərdiyi bu daha ağıllı təklif əmirlərin əksəriyyəti tərəfindən bəyənilmədi. Bunun müqabilində şurada “son nəfəsədək” müharibə etmək tərəfdarı olan gənc qızılbaşlar üstünlük təşkil etdi. Onlar israr edirdilər ki, Təbrizdə özünü, öz ailəsini qorumağa və şəhəri müdafiə etməyəqadir olan təqribən 50 min gənc, qoçaq adam vardır. Onların fikrincə, Təbrizin küçələrində maneələr qurmaq və düşməni şəhərə buraxmamaq lazımdır. Təbrizlilərə xüsusi fərmanla təklif edildi ki, öz yerlərində qalsınlar və şəhəri düşmənlərdən müdafiə etməyə hazırlaşsınlar. Onlara vəd edilirdi ki, qızılbaş qoşunları düşmənə arxadan zərbələr endirməklə bütün vasitələrlə şəhərlilərə kömək edəcəklər. Bundan sonra, Təbriz hakimi vəzifəsində qardaşı Əliqulu xanı əvəz edən Hüseynqulu xan Ustaclıya kömək etmək üçün Pirqeyb xan Ustaclı və Mehdiqulu xan Şamlı min nəfərlik qızılbaş dəstəsi ilə Təbrizə göndərildilər. Onlara küçələrdə maneələr qurmaq, əhalini maneələr yaratmağa cəlb etmək, həmçinin də “kiminsə (təbrizlilərdən – O.Ə.) öz ailəsini şəhərdən çıxarmasına yol verməmək, belə ev sahibini edam, əmlakını isə qarət etmək” əmri verilmişdi221. İskəndər bəy Münşi göstərir ki, “şəhərin məhəllələri bölüşdürülmüşdü və hər bir sahənin (rəhnə) müdafiəsi həmin məhəllədən olan pəhləvanlardan birinə tapşırılmışdı. Hər bir maneəyə başçılıq etmək təcrübəli şəxslərə, qızılbaşlardan olan etibarlı şəxsə tapşırılmışdı”. Yuxarıda deyildiyi kimi, Sufiyan yaxınlığında qızılbaşların türklərlə ilk toqquşması hicri 993-cü il ramazanın 23 (1585-ci il sentyabrın 18)-də baş vermişdi222. Sonrakı gün Osman paşa dayandığı yerdən aralanıb Təbrizin şimalından axan Abşur (türkcə - Acısu) çayının keçidinə yanaşdı. Osmanlı ordusunu Maqsud bəy Zülqədər müşayiət edirdi223. Əldə olan məlumatlara görə, Maqsud bəyin türklərin göstərişi ilə Təbriz əyanlarına yazdığı məktubda, onları, öz həyatlarını hifz etmək istədikləri təqdirdə türk sultanına itaət etməyə çağırmışdı224. Qəti tələbinə cavab almayan Osman paşa sentyabrın 20 (ramazanın 25)-də Təbrizə qarşı hərbi əməliyyatlara başladı. Əsasən müdafiəsiz qalmış Təbriz sultanın çoxsaylı nizami ordusuna qarşı uğula müdafiə olunmaq iqtidarında ola bilməzdi. Şəhər ələ keçirildi. Lakin düşmən, Təbrizi müdafiə edən sakinlərin türklərlə ilk döyüşlədə göstərdikləri cəsarət və igidlik möcüzələri üzündən dərhal tuta bilmədi. Diyarbəkir hakimi Ciğal oğlunun başçılığı altında 7-8 min nəfərlik ilk dəstə Şotorbanan (“Dəvə çarvadarları”) küçəsi ilə şəhərə daxil oldu. Təbrizin süqutundan sonra Üzümdüldəki şah qoşunları qərargahında qərara alındı ki, təbrizlilərin mübarizəsinə kömək etmək məqsədilə, düşmənin şəhər ətrafında yerləşmiş canlı qüvvəsinə bir sıra təsirli zərbələr endirilsin və ona dinclik verilməsin. Türklər üzərinə öncə hücum edən qorçibaşı Qulu bəy Əfşar oldu. O, qızılbaş dəstəsi ilə Fəxusfənc çayını keçərək Təbrizə yaxınlaşdı. Osman paşa Cığal oğlunu ona qarşı göndərdi. Qulu bəyin göndərdiyi ön dəstə qəsdən geriçəkilmə manevri ilə Cığal oğlunun qoşunlarını öz arxasınca, Qulu bəyin pusquda duran əsas qüvvələrinə tərəf gətirdi. Öz ordusunu artilleriyanın köməyindən məhrum etmiş Cığal oğlu,qızılbaş süvarisinin sarsıdıcı hücumuna məruz qaldı. Türklər hücumun qarşısını ala biməyib qaçmağa başladılar. Qızılbaşlar 2000-ə yaxın türkü məhv etdilər231. Cığal oğlunun özü isə canını birtəhər qurtara bildi. Bir neçə gündən sonra Həmzə Mirzə türklərin üzərinə hücum etdi. Qaraman hakimi Murad paşa və Diyarbəkir hakimi Məhəmməd paşanın başçılığı ilə ona qarşı qoşun hissələri göndərildi. Döyüş yenə də Fəxusfənc çayının sahilində baş verdi. Şahrux xan Həmzə Mirzənin əmri ilə düşmən mərkəzinin arxasına keçdikdən sonra, döyüş qızılbaşların qələbəsi ilə başa çatdı. Düşmən dəstələri sayca üstün olmalarına baxmayaraq, pərən-pərən salındı və türklər tələsik geri çəkilməyə başladılar. Hər iki Osmanlı sərkərdəsi – Murad paşa və Məhəmməd paşa qızılbaşlara əsir düşdü. Məhəmməd paşa tezliklə aldığı yaradan öldü. Bu döyüşdə iştirak etmiş Oruc bəyin məlumatına görə, vuruşma zamanı Trabzon paşası və bir sıra digər Osmanlı sərkərdələri həlak olmuşdular232. Qızılbaş qoşunları düşməni türklərin əsas qüvvələrinin Çərəndabdakı düşərgəsinə qədər təqib etdilər. Özlərinin çox da böyük olmayan qüvvələrinə baxmayaraq, qızılbaşlar düşmənin əziyyətini xeyli artırır, ona dinclik vermirdilər. Bütün bu deyilənlər son nəticədə türk hərbi rəhbərliyini geri qaytarmaq üçün tələsməyə vadar etdi. Osman paşanın ağır xəstələnməsi və vəfatı ilə əlaqədar olaraq Cığal oğlu (Sinan paşa) türk qoşunlarının baş sərkərdəsi təyin edildi. Getməzdən əvvəl türklərin Təbrizdə tikmiş olduqları qalada birillik döyüş sursatı və ərzaqla Cəfər paşanın başçılığı altında yeddi min nəfərlik hərbi hissə yerləşdirildi. Oktyabrın 29-da (zülqədənin 5-də) türk qoşunları özlərinin Çərəndabdakı baş düşərgələrini tərk etdilər və geriyə yola düşdülər233. Həmzə Mirzə geri çəkilən düşmənin arxasınca hərəkət etdi və onun arxada qalan hissələrinə Şəmbi Qazanda çatdı. Baş vermiş döyüşdə türklər böyük itkiyə məruz qaldılar. Həmzə Mirzə Tasucaya qədər düşmənin ardınca gedərək ona tez-tez gözlənilməz zərbələr endirdi


Tarix: 08.01.2015 / 02:04 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Həmzə Mirzə Səfəvi