beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yad dağlarda
Yad dağlarda

Səhərə qədər yağan qar qaranlığı araya salaraq ətrafda baş verən qanlı çarpışmanın, insan qırğınının izini itirməyə, hər şeyi tələm-tələsik ört-basdır etməyə, malalamağa, necə deyərlər, gecənin üzünü ağartmağa çalışmış, bacarmamışdı. Günəş çıxan kimi atılıb qalmış silahlar, meyitlər orda-burda qaralmağa başlamışdı…
Dünənə qədər bu yüksəklik azəri türklərinin əlindəydi. Axşamtərəfi qəflətən hücuma keçən erməni-rus birləşmələri qanlı vuruşmadan sonra onları geri çəkilməyə məcbur etmişdi…
Qalın geyinib yaraqlanmış bir erməni, iki rus əsgəri döyüş meydanını dolaşır, goreşən kimi meyitlərin üst-başını axtarırdı.
Ruslardan biri əlini şəstlə erməninin kürəyinə vuraraq:
- Sərkis, – dedi, – daha bizdən razısınızmı?..
- Nə mənada?.. – Təkəş-təkəş irəlidə gedən Sərkis bir anlığa ayaq saxladı.
- O mənada ki, bu boyda Qarabağı da qurbanlıq qoç kimi ayaqlarınız altına atdıq…
Sərkis yarı zarafat, yarı ciddi dedi:
- Sizdən o vaxt razı qalacağıq ki, Qarabağın qalan hissəsinin, bütün türk torpaqlarının ixtiyarını bizə tapşıracaqsınız.
Rus əsgəri yanaşı addımlayan yoldaşına tərəf çöndü:
- Görürsən, Vasya, bunların iştahını?..
Vasya güldü:
- İştah diş altındadı, İvan.
İvanın cavabından məmnunluq duyan Sərkis daha da həvəsləndi.
- Sizin kimi arxası, day-dayısı olanın iştahı da böyük olar.
Vasya başını buladı.
- Naşükür millətsiniz, dindaş.
- Nə böyük iş görmüsünüz, cənablar… – Sərkis eyhamla dedi. – Hələ ki, qaytardığımız əzəli erməni torpaqlarıdı…
- Mənə yox də, Sərkis. – Vasya xüsusi vurğuladı. – İvanın sizin tarixinizdən xəbəri var, yoxsa yoxdu, bilmirəm. Ancaq mən axıra çatdırmasam da universitetin tarix fakültəsində təhsil almışam. Qafqazın keçmişi ilə az-çox maraqlanmışam…
İvan da töhmət götürmədi.
- Vasya, susmaq həmişə razılıq əlaməti sayılmamalıdı. Bəzi şeylərdən elə mən də halıyam. Məsələn, eşitmişəm ki, ermənilər Ermənistan respublikasını inqilabdan sonra biz rusların köməyi ilə yaradıblar…
- Həm də türk torpaqları hesabına!.. – Vasya əlavə etdi.
- Ara, məzhəb haqqı, bunlar hamısı türklərin uydurmasıdı!.. – Sərkis quyruğu tapdalanmış dinamit kimi partladı.
Vasya güldü:
- Yaxşı də, onda gəl belə danışaq. Qafqazda sizi, yəni erməniləri tarixən ilk dəstəkləyən, himayə edən kim olub?..
- Bunu hamı bilir ki, 1-ci Pyotur!.. – İvan da, Sərkis də eyni vaxtda dilləndi.
- Tamamilə doğrudu. Qafqaz siyasətində sonrakı çarlar kimi elə bolşeviklər də 1-ci Pyotrun yolunu davam etdiriblər. İndikilər də həmçinin. Yəqin gələcəkdə də belə olacaq…
- Ay balam, minnətiniz olsun ki, belə bir gözəl diyarı sizə tanıtmışıq… – Sərkis zarafata salmaq istədi. – Bir də, Qafqazda bizsiz işiniz keçmir də, qardaşlar, yalandı? Burda sizə hava, su kimi lazım olan millət yalnız bizik.
- Axırıncı sözlərinə mən də şərikəm, – İvan təsdiqlədi, – yüz faiz düz deyirsən.
- İvan, inan, özlərini tülkülüyə qoyduqlarına baxma, ermənilər tarixlərini hamıdan yaxşı bilirlər. – Vasya dedi. – Hardasa oxumuşam ki, ermənilər Sovetin dövründə Qarabağ torpaqlarında hansı tarixdən məskunkaşdıqlarını əbədiləşdirən bir abidə də ucaldıblarmış…
- Yox, əşi? Harda?..
- Xankəndində.
- Xankəndində yox, Stepanakertdə! – Sərkis düzəltdi.
- Əşi, nə fərqi?.. – İvan əsəbləşdi. – O abidə indi durur, Sərkis?..
- Yenidənqurma başlayan kimi uçurdublar. – Sərkisin əvəzinə Vasya cavab verdi.
- Niyə?.. – İvan təəccübləndi.
- Bunu başa düşməyə nə var? Sərf eləməyib. Sərkisin dediklərini eşitmədin? Guya Qarabağ ermənilərin əzəli torpaqlarıdı. Amma abidə lap yaxın keçmişə şəhadət verirdi.
Sərkis cığalladı:
- Vasya, sən əsl türk agenti, türk şpiyonusan…
- İncimə, Sərkis, – Vasya dedi, – bolşeviklərin sözü olmasın, fakt çox tərs şeydi.
- Yaxşı, Sərkis, sizin ulu, lap qədim torpaqlarınız hara sayılır? – İvan birdən ciddi soruşdu.
- Sərkisdən olsa, hər yer, – Vasya yenə Sərkisi qabaqladı. – Hara ayaqları dəyib, harda məskunlaşıblarsa, oranı erməni torpaqları sayırlar. Bəlkə düz demirəm? – Sərkisə tərəf döndü.
- Niyə də olmasın?.. – Sərkis yenə zarafat ahəngində cavab verdi.
- Əslini danan haramzadadı, Sərkis. – İvan saymazyana söylədi.
- Bilirsən, İvan, – Vasya öz fikrini əsaslandırmağa çalışdı, – əsrlər boyu ermənilər dünyanın harasında üzlərinə yaxşı baxıblarsa, elə orada da məskunlaşıblar. Amma sığındıqları dövlətlər bir balaca zəifləyən kimi kənardan özlərinə daha güclü, daha qüdrətli hami, dayaq axtarıblar. Tapan kimi əvvəlki, köhnə hamilərinə arxa çevirərək, onları sataraq təzə hamilərinin köməyilə məskunlaşdıqları torpaqlarda öz dövlətlərini yaratmağa cəhd ediblər. Alınmayanda vay-şivən qopardaraq dünyanın başqa yerlərinə səpələniblər. Rusların ayağı Qafqaza dəyməsə, bolşeviklər hakimiyyətə gəlməsəydi, ermənilərin arzusu arzu olaraq ürəklərində qalacaqdı…
İvan güldü.
- Amma Sərkis mənə tamam başqa şeylər, nağıllar danışmışdı…
- Ermənilərin səfsəfələri təkcə səni yox ey, bütün dünyanı çaşdırıb, İvan. Qoy iynələri tikiş tutsun, bizi də danacaqlar. Bunların siyasəti faşist siyasətindən də qatıdı. Ələ keçirdikləri əraziləri birinci növbədə yerli əhalidən təmizləyirlər. İsraili qınayırlar, ancaq gör işğal etdiyi torpaqlarda nə qədər ərəb, fələstinli yaşayır…
Sərkis yanıb-yaxıldı.
- Ara, düzdü, sən çox oxumusan, ancaq elə şeylər var ki, hələ başın qaynatmır…
- Nəyi qaynatmır?..
- Bax, nemeslər müharibəni uduzan kimi tutduqları torpaqların hamısını qaytardılarmı?..
- Qaytardılar…
- Bir gün elə İsrail də Fələstin torpaqlarını qaytaracaq. Görürsən fələstinlilərdən, ərəblərdən nələr çəkir? Amma bizim qulağımız dincdi. Çünki tutduğumuz torpaqlarda nə iğtişaş törədən qalıb, nə də terror. İllər keçəndən sonra kim sübut edəcək, yaxud kim inanacaq ki, buralarda haçansa türk yaşayıb? Bir də, iş-işdən keçəndən sonra atılıb-düşməyin də mənası olmur. Hə, sizin xallı o padşahınız Qorbaçov da bir dəfə xəriflədi ki, nə bilim, tarix belə gəldi, elə getdi, sovet qurulanda İrəvanda türklər əlli faizdən çox idi, bəs indi hanı?.. Səsini kim eşitdi?..
- Tarix həqiqəti bilmək istəyənlər üçün həmişə yaşayır, canlıdı, Sərkis. Sizin baş şəhəriniz İrəvanı vaxtıynan çar hökuməti İrəvan, türk xanlığı kimi zəbt edib. Siz ermənilər də o xanlığa sığınmış qeyri azlıqlardan biri olmusunuz. Türkləri lap sonralar, bolşeviklərin köməyi ilə sıxışdırıb oralardan çıxartmısınız…
- Tülkü tülkülüyünü sübut edincə dərisini boğazından sivirirlər, Vasya. Bax də, türklər neçə illərdi dünyanı torpaq, işğal, soyqrım məsələsində prav, haqlı olduqlarına inandırmağa çalışsalar da özlərini borclu çıxardırlar. Çünki tarix də güclülərin tərəfindədir…
- Yox, səhvsən, Sərkis! Day-dayları güclü, qüdrətli olanların tərəfindədi! Silah bizimdi, qoşun da bizimdi, ancaq adı da, dadı da sizindi…
- Hə, hünəriniz var adınızı bərkdən dilinizə gətirin. – Sərkis birdən nəsə xatırlamış kimi dayandı. – Ara, ən qəribəsi budu ki, siz rusların bu müharibədə iştirakı, bizimlə çiyin-çiyinə vuruşduğunuz haqqında düşmən, türk tərəfin rəsmiləri də bərkdən, rəsmi danışmır, susmağı daha üstün sayırlar…
- Sərf eləmir?.. – Vasya dedi.
- Bəlkə bizim qara qaşımıza, qara gözümüzə aşiqsiniz? – Sərkis istehza ilə qımışdı. – Dedim axı, siz bizə lazım olduğunuz qədər biz də sizə lazımıq. Siz də xristiansınız, biz də. Dinləri dininizdən olsaydı, onlara kömək durardınız…
- Bəs Akayev, bəs İran?.. – İvan birdən xatırlatdı. – Qırğız, türk Akayev sizin genosid abidənizə baş əydi, əklil qoydu. İran sizə sərhədlərini açmasa, yardım əlini uzatmasa günü sabah nəfəsiniz kəsilər. Onlar da xristiandı?..
- Akayev kimi düşmən dəyirmanına su tökənlər hər zaman olub. – Sərkis bic-bic göz vurdu. – O cür xainlər, İran kimi müsəlman dövlətləri olmasaydı, biz türk torpaqlarında duruş gətirə bilməzdik…
- Yaxşı ki, heç olmasa bunları boynuna alırsan. – Vasya dedi. – İllər keçəcək, tarixi insafsızcasına təhrif edə-edə gələcək nəsilləriniz üçün türklərin maymaqlığından, özünüzün qəhrəmanlığınızdan dastanlar, romanlar toqqaşdıracaqsınız…
Sərkis söz altda qalmadı.
- Həmin romanları, dastanları birlikdə rus dilinə də çevirəcəyik, onları sizin nəsillər də oxuyacaq, qəhrəmanlığımıza heyran qalacaqlar.
- Guya indi az toqqaşdırıblar?.. – İvan dedi.
- Biz hələ qurtarmamışıq. Fikrimiz, planımız dənizdən-dənizə erməni imperiyası yaratmaqdı… – Sərkis həyasız-həyasız, utanmaz-utanmaz lovğalandı.
- Əlbəttə, hamısını da bizim əlimizlə yaratmaqdı. Sonra da yolun qırağı ilə, Vasya, hə?..
- Yox, nə danışırsan, sizsiz bir günümüz olmasın!..
- Dedin, inandıq…
- Tarix boyu gücsüzlər haqq-ədalət, güclülər güc, zor dalınca qaçıb. – Sərkis dedi. – Bizim başımız işləyir, həmişə gücün tərəfində olmuşuq. Niyə bunlara qılınc busurman deyirlər? Ağılsızlıqlarının ucbatından dinlərini qılınc gücünə dəyişiblər. Biz isə ərəblərə yaltaqlana-yaltaqlana, rüşvət verə-verə, dikbaş türkləri vəhşi bədəvilərə şeytanlaya-şeytanlaya dinimizi qoruyub saxlamışıq. Birdəfəlik sınmaqdansa əyilmək sərfəlidi. Hər şey tarixin arxivinə atılır, unudulursa, özünü güdaza vermək dəlilikdi. Gülməyin, dünya yaltaqların, biclərin dünyasıdı…
- Bunu da siz ermənilər hamıdan yaxşı bacarırsınız…
- Bilirsən, Vasya, yaşamaq istəyirsənsə, hər oyundan çıxmağı bacarmalısan. Mənə qalsa, bu davanı başlamaqda hələ bir az tələsdik. Sizin kimilərin fitvasına, fitinə uyduq…
- Bu nə danışır, ə, Vasya?.. – İvan heyrətləndi.
- Ara, məzhəb haqqı, düz sözümdü. – Sərkis davam etdi. – Bu türklər bizim axçiləri yamanca xoşlayırdılar. Vəzifəlilərin hansını dindirsəydin, ya özlərinin, ya da oğlanlarının arvadı, oynaşı bizim axçilərdi. Müharibəni başlamaq əvəzinə bax bu ənənənin daha geniş yayılmasına, kütləviləşməsinə şərait yaratmalı, hər vasitə ilə şirnikləndirməli, kömək eləməliydik. Oğul dayısına çəkər, türkdən tutma bacı oğlanlarımız sürətlə artıb hər tərəfi bürüyəndən sonra əlimizə silah götürməyə ehtiyac qalmayacaqdı. Bakı da bizim olacaqdı, Şəki də…
- Gör haa!.. – İvan səsini uzatdı. – Ə, vallah, siz millət deyil, şeytan toxumusunuz, yayılmısınız yer üzünə…
- Bəs nə bilmişdin, əlbəttə, şeytan toxumudular. – Vasya təsdiqlədi. – Türkü terror edən, qıran, torpaqlarını tutan da bunlar, genosid deyib vay-şivən qopardan da bunlardı. İtgiləri haqqında elə rəqəmlər uydururlar ki, Türkiyədə, həmin bölgədə o vaxtlar bütünlükdə o qədər erməni yaşamayıb. Di gəl səfsəfələrinə dünyanı inandıra bilirlər…
- Bizim işləməyi bacaran, bu yolda pul xərcləməyə xəsislik etməyən güclü lobbimiz var…
- Lobbi ağ yalan, fırıldaqla özünü demokratik, sivil sayan o boyda Avropa və Amerikanı aldada, asanca barmağına dolaya bilirsə, qəpik o cür demokratiyaya da, həmin demokratiyanı əlində bayrağa çevirənə də. Belə bir təpik onların özlərinə dəysəydi görəsən neyniyərdilər? Avropalılar Asiyada, Afrikada əsrlər boyu əsarətdə saxladıqları xalqların başına gətirdikləri müsibətləri nə tez unudublar?.. Bu cür soyuqqanlı, ikili münasibətin özü terror, terrora şərait yaratmaqdı. Hələ genosid demirəm…
- Nə genosid, ara? – Sərkis hirsləndi. – Hansı genosiddən danışırsan? Sənin başın xarabdı?..
- Göz qabağındakını, hal-hazırkını qoyub uydurmaya inanmaq ağılsızlıqdı. Təkcə elə Xocalı faciəsi ilə sizin ağzınızı yummaq olar…
Sərkis güldü:
- Ara, Xocalını biz yox ey, əslində siz özünüz törətdiniz!.. Bizim adımız vayqanlıdı…
- Haqqın var bizi günahlandırmağa. Dolaşıq düşmüş düyünün açılmasına maneçilik törədən səbəblərdən biri də elə bizim bu oyuna qatılmağımızdı…
- Belə haa… – Sərkis bərkdən hırıldadı. – Ara, yoxsam ki, bayaqdan məni təkləmisiniz…
- Nə qədər ört-basdır etməyə, malalamağa çalışsanız da haçansa bir gün bütün bunlar hamısı gün kimi aydınlaşacaq, haqq öz yerini tapacaq. – Vasya dedi. – Bilirsən, Sərkis, son vaxtlar mənə elə gəlir ki, siz də, biz də, lap elə türklər özləri də eyni, daha güclü, qüdrətli bir oyunçunun fiqurları, eyni oyunun zavallı qurbanlarıyıq…
- Gec ayılmısan, dostum, – İvan rişxəndlə güldü. – Əlin artıq qana batıb…
Sərkis sevincək bağırdı:
- De də, gözünə dönüm, İvan, de…
- Məni bu ağılsız müharibəyə qatılmağa ehtiyac vadar etdi. Şirnikləndirmək üçün çoxlu pul boyun oldular. Hərdən fikirləşirəm, siz ermənilərdə insanlığa yad bu vəhşi kin-küdurət hardandı? Dünya get-gedə ayılır, Avropa sərhədlərini söküb-dağıdır, qapılarını qonşularının üzünə açır, bir-birinə qarışaraq sərbəst, azad yaşamaq istəyir. Siz isə hələ də çürük feodal düşüncənizdən əl çəkməmisiniz. Bilə-bilə ki, bu qonşuluq qaçılmazdı. Ağıllı adam heç zaman qonşusu ilə düşmənçilik etməz. Nəhayət, elə siz də, biz də başa düşməliyik ki, yaşadığımız dünya o qədər də böyük deyil. Onu təzədən bölüşdürmək, parçalamaq əvəzinə birlikdə qorumalıyıq! O hamımızın taleyimizdi!..
Birdən erməninin ayağı qar altında qaralan türk əsgərinin cəsədinə ilişdi. Özünü unutduğuna görə müvazinətini itirib xeyli sürüşdü. Hətta bir neçə dəfə dombalaq aşıb yumbalandı…
Hər ehtimala qarşı avtomatını tez ayağa çəkən İvanın nəzərləri əvvəlcə türk əsgərinin şüşə kimi parıldayan açıq gözlərinə, sonra da qolundakı bahalı saata sataşdı. Aşağı əyilərək ehtiyatla, səliqə ilə qarını-buzunu silib təmizlədi. Qulağını dayayıb dinşədi, saat işləyirdi…
Hirslə ayağa qalxan erməni dığası üst-başını çırpa-çırpa, söyə-söyə ruslara yaxınlaşdı. Yetirşi qaxaca dönmüş meyidə bir-iki təpik ilişdirdi. Ürəyi bununla soyumadı. Avtomatı ayağa çəkib vəhşi kimi bağırdı:
- Çəkilin kənara!..
Vasya ona mane oldu.
- Lazım deyil. O, canını çoxdan tapşırıb…
- Cəhənnəmə ki!.. – Sərkisin rəngi ağappaq ağarmışdı, dil-dodağı əsirdi. Gözləmədiyi halda türk əsgərinin cəsədinə ilişməyi onu əməlli-başlı qorxutmuşdu.
İvan altdan yuxarı dedi:
- Yaxşı, gözlə, saatı açım, sonra neynirsən elə…
Sərkis bir az sakitləşdi.
- Döyüşlərdən yadigar saxlayacaqsan? Moskvada qızlara göstərib özünü öyəndə bizi də yada salarsan. Deyərsən, o dağlarda mənimlə Sərkis, Vasya kimi qartallar da döyüşürdülər…
İvan saatı açmağa çalışsa da bacarmırdı. Türk əsgərinin buz bağlamış qolunu qardan-buzdan aralaya, qoparda bilmirdi. Erməni dözməyib kəmərinə bərkitdiyi iri əsgər bıçağını çıxartdı.
- Ara, belə dur görüm! – İvanı kənara itələdi.
- Neynirsən?..
- İndi görərsən. Biləkli-zadlı kəsəcəyəm. Düşünürəm ki, bu cür yadigar daha qiymətli, daha dəyərlidi… – Şaqqıldayıb güldü.
Vasya:
- Əsl cəlladsan, vallah, – dedi.
Sərkis cidd-cəhdlə xeyli əlləşdi. Birdən türk əsgərinin o biri qolu buzdan qopdu. Nə təhərsə qolaylanıb erməni dığasının qulağının dibinə karlı bir şapalaq ilişdirdi. Lap canlı kimi…
Sərkis top kimi dərə aşağı dığırlandı…
Gözlənilməz həmlədən qorxuya düşən ruslar o dəqiqə geri sıçradılar. Avtomatlarını ayağa çəkərək fikirləşmədən bütün darağı türk əsgərinin cansız bədəninə boşaltdılar. Onun tərpənmədiyinə bir daha əmin olandan sonra arxalarına baxa-baxa, döyükə-döyükə Sərkisin dalınca üzüaşağı endilər…
Erməni dığası iri bir qaya parçasına ilişib qalmışdı. Tərpənmirdi. Onu ehtiyatla arxası qatda çevirdilər. Başı bədəninin üstündə durmurdu. Nəbzini yoxladılar, vurmurdu. Yüz ilin ölüsü kimi. Yəqin qorxudan ürəyi partlamışdı…
Rus əsgərləri ayağa qalxıb üst-başlarını düzəltdilər. Ətrafı diqqətlə, hərtərəfli nəzərdən keçirəndən sonra çaşqın-çaşqın, maddım-maddım bir-birinin üzünə baxdılar. Ermənisiz əməlli-başlı küyükən, qorxuya düşən ruslar yəqin heç vaxt ağıllarına da gətirməmişdilər ki, haçansa bir gün bu yad dağlarda beləcə tək qala bilərlər…


Tarix: 08.06.2015 / 17:11 Müəllif: Aziza Baxılıb: 207 Bölmə: Eyvaz Zeynalov