beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4cü hissə
4cü hissə

Qaranlıqlaşandan sonra yola çıxarıq.
Zabit əsgərləri çağırdı və əsiri müvəqqəti saxlama otağına aparmağı tapşırdı.
Nəm iyi verən otaqda bir köhnə çarpayı, sınıq-salxaq stol və stul vardı. Çarpayıda oturdu, ağrıyan dizini əlinə alıb çarpayının üstünə qoydu, ehmalca uzandı.
Axşama kimi dilinə heç nə vurmadı, yeməyə həvəsi yoxuydu. Ağrıdan qıvrılırdı, hərdən qalxıb dizini sığallayırdı, az qala ona yalvarırdı, dizini ağrılardan qorumaq üçün hərdən qucaqlayırdı.
Öz içindən keçmişə boylanırdı, arvadını, uşaqlarını, körpə nəvələrini düşünürdü. İndi onlar hamısı narahat idi, yəqin ki, onu ağlayırdılar, həyətdə mağar da qurmuşdular, ya bəlkə yaxınlıqdakı restoranı kirayələmişdilər. O öz yasına uzaqdan baxırdı, sanki onu görürdü, kimlərin lap yuxarı başda oturduğunu da bilirdi. Onun yaxın dostları, həmkarları və yəqin ki, hansısa dövlət məmuruydu, çox güman, Səhiyyə Nazirliyindəndi.
Əsas arvadıydı. Bacıları başına yığışıblar, yəqin. O isə özünü dözümlü və qürurlu aparır, heç nə olmayıbmış kimi davranır, ərinin bu hərəkətini qəhrəmanlıq kimi qələmə verir, açıq şəkildə deməsə də, onun fədakar qadınlara xas məğrurluğunu hamı duyur.
Axşama yaxın vaxt ləng getdi. Günəş qoca və əldən düşmüş ilanlar kimi qüruba tərəf sürünürdü.
Bir az mürgülədi. Yorğunluq onu əldən salmışdı. Amma tam yuxuya gedə bilmədi. Qarşıdakı səfər onu yatmağa qoymurdu. Hər şeyi götür-qoy edirdi...O, buralardan birdəfəlik gedirdi. Bir də heç zaman doğmalarını görməyəcəkdi. "Ağır hisslərdir. Sağ adamın başı xarab olar. Mən heç, mən xəstəyəm",-deyə öz vəziyyətinə istehza elədi, güldü.
Gözlərini açanda pəncərədən düşən işığı görmədi, deməli qaranlıq düşmüşdü. Dikəldi ağrıyan dizini əlinə alıb yerə qoydu, oturdu. Ağrıları artmışdı. Əllərini başının arasına aldı. Harda olduğunu, sanki, bir anlığa unutdu, yaddaşını itirən kimi oldu, sonra özünü ələ aldı.
Erməni zabiti bir azdan gəlib çıxdı, dedi ki, o istədiyi yerə piyada gedəcəklər, maşını götürə bilməz, istəmir ki, kimlərsə onları izləsin.
Həkim:
-Belə daha yaxşı olar, mən də köhnə yerləri görərəm,-dedi.
Təxminən bir saat keçmiş yola çıxdılar. Aşağı yola düşüb, asfaltla bir az getdilər. Bu yolda hərbi maşınlar hərdən hərəkət etdiyinə görə, nisbətən hamar idi, asfaltı yarıb çıxmış kol-kos tapdalanmışdı.
Onun üçün hərəkət eləmək çətinləşmişdi, sanki ayağından ağır daş asmışdılar, ürəyi sancırdı, nəfəsi kəsilirdi, elə bil yerimirdi, sürünürdü. Amma bu yolu getmək lazımıydı. Kilometrdən bir az artıq olan yolu allah bilir neçə saata getdilər. Zabitin hövsələsi daralmışdı, cavanlıq həvəsi hövsələsini üstələmişdi, əsiri az qala çiyninə alıb aparmaq istəyirdi, amma həkim buna razı olmurdu.
-Mən özüm gedəcəm. Ölüm onda daha yaxın olacaq,-dedi.
Birinci aşırımı keçmək daha çətin oldu. Həkim bir-iki addım atmamış dayanır, sol dizini yerə atır və böyrü üstə uzanır, dincini alandan sonra zabitin köməyilə qalxırdı. Artıq o, zabitin köməyi olmadan yeriyə bilmirdi.
-Hələ çox qalıb?-deyə zabit səsində qəzəb notuyla soruşdu.
-Bir təpə də aşsaq ordayıq.
Həmin təpəyə çatıb dayandılar. Həkim yerə uzandı.
-Mən daha gedə bilmirəm,- inildədi, - sən geri qayıt, hər şey danışdığımız kimi olsun, pulun yeri burda yazılıb,-zarıyaraq dedi və yeldöyəninin yaxasını söküb, bir kağız parçası çıxardı. -Həyətimizdə gizlətmişəm, tövlənin yanındakı əncir ağacının dibində, məni tutan əsgərlər oranı yaxşı tanıyır. Ağaca da su verməyi unutmayın. Bircə vedrə kifayətdir. Əsgərləriniz bunu eləməyə imkan vermədilər.
Zabit kağızı aldı, həkimin sözlərinin nə dərəcədə həqiqət olub-olmadığını öyrənmək üçün qaranlıqda aşağı əyildi, alışqanını yandırıb, üzünə baxdı. Həkimin üzündə ağrıdan başqa ifadə yoxuydu.
-Tapmasam, bəs necə olsun?-deyə zabit, sanki kiminsə eşidəcəyindən çəkinərək, pıçıltıyla soruşdu.
-Həkim:
-Mən Hippokrat andı içmişəm. Bu isə hər şey deməkdir.
Erməni zabiti bir müddət onun başının üstündə dayandı, deyəsən, həkimi huş aparmışdı.
-Sizi burda qoya bilmərəm. İstədiyiniz yerə aparmalıyam, əmr belə olub. Mən də and içmişəm,-dedi və həkimi çiyninə qaldırıb aparmağa başladı. Təpəlikdən qəbiristanlığa aparan yollar qumsallıq idi və yerimək çətiniydi. Zabit bir dəfə büdrədi, həkimlə birlikdə yerə yıxıldı, yenidən durdu, öz dilində mızıldandı, bir az dincələndən sonra yenidən yoluna davam elədi.
Həkim özünə gəlmişdi, huşdan ayılmışdı.
-Məni yerə qoy. Özüm gedə bilərəm.
Zabit onu yerə qoydu, qoltuğuna girib aparmağa başladı.
Qəbiristanlıq tanınmaz olmuşdu. Uçulmuşdu, bəzilərinin baş daşıları çıxarılıb aparılmışdı.
Atasının qəbri irəlidə, qəbiristanlığın lap yüksəkliyindəydi. Atası yüksəkliyi sevirdi, elə o özü də.
-Məni burax, burdan o tərəfə özüm gedəcəm.
Zabit onu buraxdı və həkim sürünə-sürünə xeyli getdi, atasının qəbrinə çatdı. Qəbrin yalnız yeri qalmışdı, özü uçulmuş, "övladlarından yadigar" sözü yazılmış mərmər baş daşı yoxa çıxmışdı.
Həkim:
-Qəbir qazmaq lazım olmayacaq,- dedi və sürüşüb çalaya düşdü.
Erməni zabiti qəbrin yanına gəldi, bir müddət onun başının üstündə durdu. Səhərin açılmağına az qalırdı. Zabit ətrafa baxıb, uçuq qəbirləri görəndə xoflandı. Ona elə gəldi ki, qaranlıq dünyanın sakinləri hər tərəfdən onun üstünə gəlir. O, geri döndü, arxaya baxmadan tez-tez yeriməyə, sonra qaçmağa başladı.
Qəbir istiydi. Həkim ağrı hiss eləmirdi. Onun bədəni, sanki ölmüşdü, amma yaddaşı diriydi. O, yaddaşını qaytarmadan ölmək istəmirdi. Uşaqlığını, cavanlığını xatırlayırdı. Anasının əlindən tutub, qəbiristanlığı dolaşması, anasının dodağının altında hansısa mahnını züm-zümə eləməsi, yaxınlarının ruhuna dua oxuması indi də qulaqlarında səslənirdi.
Gözlərinin qarşısına güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu günlər canlanırdı. Hər şey gözəl idi. Onun yadında daha çox günəş qalmışdı. Amma bu gözəllik yox olmuşdu və bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu gözəlliyin və itkinin yerini acı bir boşluq doldururdu...
Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ də diriydi...Ölərkən hiss elədi ki, gözünə gün düşür...Gözlərimi ovuşdurdum...


Tarix: 09.06.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 145 Bölmə: Elçin Hüseynbəyli - "Gözünə gün düşür"