beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3cü hissə
3cü hissə

Ağrılarını azaltmaq üçün buduna təzə iynə vurdu. Nəhayət, çalanı qazıb qurtardı. Balaca bir çala xeyli vaxt apardı, sanki, yekə bir evin özülünü qazmışdı. Tövlənin böyründəki təpəlikdən çürümüş peyin gətirib çalaya tökdü, ağacı çantasından ehmalca çıxardı, salafanını açıb, köklü-köməcli və torpaq qarışıq çalaya qoydu, dibini doldurdu və torpağı ayaqlamağa başladı. Bircə qalırdı çaydan su gətirmək. Amma nə ilə gətirəcəyini bilmirdi. Yola götürdüyü suya heyfi gəldi, bir müddət dayanıb ağaca baxdı, götür-qoy elədi. Bu zaman arxadan addım səsləri və hənirti eşitdi. Ehmalca arxaya döndü. İki erməni əsgəriydi. Avtomatlarını ona tuşlamışdılar. Yəqin ki, onu qarşıdakı təpədən görmüşdülər. Orda ermənilərin gözətçi postu vardı. Bunu sonradan bildi.
Rütbəcə böyük olan erməni əsgəri (paqonundakı xətlərdən çavuşa oxşayırdı), öz dilində hündürdən nəsə dedi, az qala qışqırdı. Elə başa düşdü ki, əsgər ona əllərini qaldırmağı əmr edir. Əllərini yuxarı qaldırdı və:
-Rusca bilirsiniz?-deyə soruşdu.
O biri əsgər həkimin çantasını töküb baxdı, silah-zad yoxuydu.
Rütbəcə böyük əsgər yenə də öz dilində nəsə dedi və avtomatın lüləsilə işarə elədi ki, onların qabağına düşsün. Başqa çarə yoxuydu. Ona görə də, əsgərlərin əmrinə tabe oldu. Bir az gedəndən sonra əllərini yavaş-yavaş aşağı saldı, erməni əsgəri, avtomatın qundağı ilə onun kürəyindən vursa da, əhəmiyyət vermədi, çünki heç bir ağrı hiss etmirdi. Əsgərlər əsirin əlini aşağı salmasına acıqlanmışdılar.
Onu kənddən iki kilometr aralıda yerləşən zastavaya gətirdilər. Bir zamanlar bura sovet sərhədçilərinin qərargahıydı. SSRİ dağılandan sonra özlərinin ixtiyarına keçdi, işğaldan sonra ora erməni əsgərləri yiyələndilər.
Zastava həminkiydi, amma bir balaca əl gəzdirmişdilər, darvazanı, hasarı və binanın divarlarını rəngləmişdilər.
Üstünə ermənicə lövhə vurulmuş otağın qapısını açıb içəri girəndə başa düşdü ki, onu komandirin yanına gətiriblər. Əslində, burda anlaşılmaz bir şey yoxuydu, əvvəlcədən də bunu təxmin eləmişdi.
Erməni zabiti cavan oğlanıydı. Paqonunda üç xırda ulduz parıldayırdı. Yad adamı görəndə təəccüblənmədi, oturmaq üçün yer göstərdi, güman ki, əsgərlər ratsiya ilə komandirlərinə öncədən məlumat vermişdilər. Erməni zabiti pis adama oxşamırdı, elə bil onun ermənilərə aidiyyatı yox idi və sakit görünürdü.
-Kimsiniz?-deyə o, rus dilində, özünəxas ləhcəylə soruşdu. Xoşu gəlmirdi onların ləhcəsindən. Beynəlxalq tədbirlərdə ermənilərlə etika xatirinə salamlaşardı, onlardan kənar gəzməyə çalışardı.
O özünü təqdim elədi və zabitin növbəti sualını gözləmədən kəndə gəlməyinin məqsədini danışdı. Zabitin ona inanmadığını sezdi və:
-İnanmırsınızsa, internetə girib baxa bilərsiniz, -dedi.
-Burda internet nə gəzir,-deyə zabit mızıldandı, sanki bu yeknəsəq həyatından bezmişdi, - heç işığımız da yoxdur. Yanacaq bol olanda generatordan istifadə eləyirik.
-Onda yuxarılarla danışın, qoy, onlar baxsınlar, biləcəksiniz ki, yalan demirəm.
Zabit:
-Mənim yuxarılarla danışmağa vaxtım yoxdur. Sizi onların yanına göndərəcəyik. Orda özləri qərar qəbul edərlər.
-Mənim vaxtım azdır, ömrümə bircə gün qalıb,-dedi və şalvarının balağını yuxarı qaldırıb, şişmiş dizini göstərdi. -Doğrudan da son iki gündə onun dizi həddən artıq şişmiş və qızarmışdı. Uzaq yolu piyada gəlmək öz işini görmüşdü. -Metastaz altı aydan çoxdur başlayıb, bu gün-səhər o dünyalığam,-deyə əlavə elədi və nədənsə öz ölümünə gülümsündü.
Erməni zabiti onun qıpqırmızı və şişkin dizinə baxdı, deyəsən, inandı.
-Özünüz fikirləşin, sağlam olsaydım, ölümü niyə bu xarabalıqlarda axtarardım. Deyə bilməzsiniz ki, erməni xalqı bu müharibədən nəsə qazanıb. Müharibə heç kimə lazım deyil. Mən o ağacı bütün münaqişələrin əleyhinə, etiraz əlaməti olaraq əkdim. İstəyirəm ki, onu qoruyasınız. Siz, ya başqası, mənimçün fərqi yoxdur,-deyə həkim davam elədi. O, bizimkilər gələnə kimi qoruyun demədi, düzü, deməyə ürəyi gəlmədi, zabiti acıqlandıra, işləri korlaya bilərdi.
Zabit fikrə getdi, görünür, onun dedikləri haqda düşünürdü və:
-Hər halda, mən zəng eləməliyəm,-dedi, əsirin adını və soyadını yenidən soruşdu və o biri otağa keçib, səhra telefonuyla uzun-uzadı danışdı. Bir müddət susdu və yenə də telefonla danışdığı adama nəsə dedi və yerinə qayıtdı.
-Onlar sizin dediklərinizi təsdiqlədilər. Doğrudan da internet portallarında sizin bəyanatınız yayılıb.
-Görürsünüz,-həkim üzündəki bayaqkı təbəssümlə dedi,-mənim bura gəlməkdə işıqlı məqsədim var. Amma məsələ təkcə ağac əkməklə bitmir. Mən həm də ölməyə gəlmişəm. Əgər ölməsəm, yaxud ölə bilməsəm, sizlərdən kimsə məni öldürməlidir. Özü də dan üzü, günəş üfüqdən çırtlayanda. Zabitin üzündə istehza yaransa da, ona əhəmiyyət vermədi və davam elədi. Əvvəlcə qəbrimi qazmalıyam. Ora elə də uzaqda deyil. Bəlkə də görmüsünüz. Görünən boz yolların başındadır. Babalarım orda basdırılıb.
-Biz bunu eliyə bilmərik,-zabit etiraz elədi,-dərimə saman təpərlər.
-Niyə?-həkim təəccübləndi.
-İki şeyə görə: birincisi, siz düşmən də olsanız, silahsızsınız və əsir hesab olunursunuz, ikincisi, sizi öldürməyi yox, qorumağı tapşırıblar. Özü də bərk-bərk tapşırıblar.
Bu sözlərdən sonra zabit çölə çıxdı, əsgərləri içəri çağırdı və ermənicə nəsə dedi. Sonra həkimə tərəf dönüb:
-Hələki, sizi müvəqqəti saxlama kamerasında mühafizə edəcəyik. Sabah yeni naryadla Yerevana göndərəcəyik. Qoy, orda taleyinizi həll eləsinlər.
-Mən dedim, axı, ömrümə bircə gün qalıb. Yerevana gedib çata bilmərəm. Özümü öldürmək elə də çətin deyil. Mən onun yollarını yaxşı bilirəm. Amma məqsədim var. Onu mütləq həyata keçirməliyəm. Məni təklikdə dinləsəniz, sizə daha vacib bir məsələdən danışaram.
-Nə vacib məsələdi, elə?
-Tək deyərəm.
Zabit əsgərlərə işarə ilə:
-Onsuz da rus dilini bilmirlər. Kənddən dünən gəliblər,-dedi.
-Yaxşı, qoy siz deyən kimi olsun. Mən sizə çoxlu pul verərəm.
Zabit "pul" sözünü eşidəndə əsgərlərin çölə çıxmasına işarə elədi.
-Nə puldu elə?
-Məni sakit ölümlə baş-başa buraxmağınızın, yaxud da güllələməyinizin əvəzində sizə on min verərəm. Dollarla.
Zabit fikrə getdi. Bu təklifə hazır cavabı yoxuydu, sonra mızıldadı:
-Pul sizdədir?
-Mən onu gizlətmişəm. Məqsədimi yerinə yetirsəniz, harada gizlətdiyimi deyərəm.
-Mən sizə niyə inanmalıyam ki?
-Bu qədər yolu gələn adam məqsədinə çatmaq üçün hər şeyə əl atardı. Yalan da danışa bilərdi. Amma yalan danışmağa ehtiyac yoxdur. Mənim pulum çoxdur. Nəvələrimə də çatar. Sizə verəcəyim isə, kəfənlik əvəzidir. Bircə durub gözləməyiniz qalır, vaxtında ölməsəm, tətiyi çəkməyiniz yetər. İstəsəniz, əsgərlərinizdən biri də bunu edər.
Erməni zabiti:
-Mən fikirləşməliyəm,-dedi, -siyirmədən siqaret çıxarıb yandırdı, bir qullab aldı. Tüstüsü çox oldu, deyəsən. Öskürdü. -Üç gündür ki, tərgitmişdim,-öskürə-öskürə əlavə elədi.
Bir müddət hər ikisi dinmədi. Sonra erməni zabiti:
-Nə qədər qalıb?-deyə soruşdu. -Həkim onun sualını anlamadı. -Demək istəyirəm ki, ölümünüzə nə qədər qalıb?
-Təxminən bir sutka. Əvvəllər dərman atırdım, həmin həblər xəstəliyi ləngidirdi, amma bir həftədir ki, onlardan imtina eləmişəm. Gələndə də özümlə götürmədim.
-Mən sizi güllələyə bilmərəm. Yaxşısı budur, gözləyək.
-Ağrıkəsicilərim qurtarıb. Çox dözə bilmərəm. Çox ağrıdır.
-Gözləməkdən başqa çarəmiz yoxdur,-erməni zabiti əlacsız şəkildə əllərini yellədi və durub otaqda var-gəl eləməyə başladı, sonra yan otağa keçib, yenə də telefonla uzun-uzadı nəsə qırıldatdı, geri qayıdıb dedi ki, yuxarılar onu hökmən göndərilməyi xahiş edirlər.
-Siz onlara deyin ki, mənim istəyimi yerinə yetirməsəniz, dünyada biabır olarsınız. Hamı deyəcək ki, bir müsəlmanın, yaxud bir insanın öz doğma torpağında ölməsinə icazə vermədilər. Özü də mən ölümümü pulla satın alıram, öz pulumla öz ölümümü.
Zabit həkimin bu sözləri üstündə bir az baş sındırandan sonra yenə də telefon olan otağa keçdi. Bir azdan qayıtdı:
-Mən onlara yalan satmağa məcbur oldum, dedim ki, siz artıq ölmüsünüz, daha doğrusu, can üstəsiniz. Onlar da sizi basdırmağa razılıq verdilər, amma hökmən sizin nəşinizi və qəbrinizin şəklini çəkib onlara göndərməliyik ki, bütün dünyaya yaysınlar. İndi isə pulun yerini deyin.
-Mən pulun yerini son nəfəsimdə deyəcəm.
Həkim narahat idi ki, pulu alandan sonra erməni zabiti sözünün üstündə durmaz.
-Mənə etibar eləmirsiniz?-deyə zabit xəbər aldı.
-Söhbət etibarda deyil, yuxarılar sizə təzyiq edə bilər. Mən yalnız öz qəbrimdə, atamın yanında uzananda rahat ola və ölümümə inana bilərəm.
-Siz ora nə vaxt getməlisiniz?-deyə zabit boz yollara işarə ilə soruşdu.
-Bu gün axşam.
-Dediniz ki, bir sutka qalıb.
-Mənə elə gəlir ki, xəstəlik daha da sürətlənib. Bədənimdə əvvəl atdığım dərmanların təsiri tamam yoxa çıxıb və xəstəlik daha da sürətlənib. Mən bunu yaxşı bilirəm. Hesablamışam. Sabah sübh tezdən bu hadisə baş verəcək. Ona qədər isə qəbrimi qazacam.
-Yox. Yaxşısı budur, siz burda qalın, o məsələ baş verəndən sonra özümüz dəfn edərik, şəklinizi də necə lazımdır, çəkərik.
-Mənim istəyim öz qəbrimi əllərimlə qazmaqdır. Bu, bir etirazdır. Təkcə sülh ağacı ilə iş bitmir. Qoy, onlar görsünlər ki, bu müharibələr uzandıqca hələ çox adam özünü diri-diri basdırmağa hazır olacaq. Əslində, belə də olur, hamı öz içində ölür, yaxud hansısa bir sevgini, deyək ki, vətən sevgisini öldürür. Bundan dəhşətli nə ola bilər? Mən günəş üfüqdən çıxanda ölməliyəm. Ona baxa-baxa. Belə ölüm mənimçün rahat və ağrısız keçəcək. Səhərə kimi qəbrimi qazacam. Dediyim zaman ölməsəm, məni güllələyin.
Zabit bir söz demədi, eləcə əllərini yellədi və siqaret çıxarıb yandırdı və yenə də eyni sözü təkrar elədi:
-Siqareti təzəcə tərgitmişdim. -Öskürəyi ara verəndən sonra,-indi əsgərlərim sizi müvəqqəti saxlama otağına aparacaqlar. Bu gün axşam onları başqa məntəqəyə göndərəcəm. Qoy, qəbiristanlığa getməyimizi görməsinlər.


Tarix: 09.06.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Elçin Hüseynbəyli - "Gözünə gün düşür"