beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1ci hissə
1ci hissə

Gözünə gün düşür. Gözlərini qıya-qıya pəncərədən uzaqlara baxır və məktubun birinci cümləsini xatırlayır: "Bu nə zamansa baş verməliydi. Sən bunu yaxşı bilirdin..."
İlk cümləni ürəyində bir neçə dəfə təkrar elədi, razılaşdı. İkinci cümləylə əllinin-əlliyə. Çünki şübhə eləyirdi. Ərinin ölümsüzlüyünə inandığı üçün.
Məktubu dünən səhər yuxudan duranda dolabın üstündə tapdı. Daha doğrusu, məktub onu tapdı və ərinin xəttini tanıdı. O getmişdi. Dan üzü söküləndə... 31 il bir yastığa baş qoyduğu arvadını yuxudan durquzmamış, vidalaşmamış, sakitcə. O, ölümü də belə qarşılayardı, yəqin.
Əri sağalmaz xəstəydi. Hamı bunu yaxşı bilirdi və ölümünü işğal altında olan kəndlərində qarşılamaq istəyirdi. Fillər kimi, amma alaqaranlıqda yox, dan üzü, günəş üfüqdən çırtlayanda. O, günəşlə birgə doğulmuşdu. Hər ikisi eyni zamanda çığırmışdı.
"Bu məlumatları bir neçə dildə informasiya agentliklərinə və tele-kanallara paylayarsan, (gördüyün kimi, özüm əvvəlcədən hazırlamışam) qoy, yaysınlar, ermənilərə də çatsın və məqsədimin nə olduğunu məndən qabaq bilsinlər..." Sonra da həmin xəbər: "Hamıya bəyan edirəm ki, mən 53 yaşlı həkim ("dünyaca məşhur" sözünü yazmağa yəqin ki, utanmışdı) altı aydır ki, ağır xəstəyəm, sağalmağa heç bir ümidim yoxdur, ölüm ayağında kəndimizə getmək, həyətimizdə ağac əkmək, sonra isə orada ölmək istəyirəm. Qoy, bu ağac dünyadakı münaqişələrin hamısına etiraz əlaməti, sülh rəmzi olsun..." Daha sonra xəbərdə rayonunun və kəndinin adını yazmış, imzasını qoymuşdu.
Məktub əlindəydi. Ondan ərinin nəfəsi, hənirtisi gəlirdi. Məktubu öpdü, ərini son dəfə bu məktub görmüşdü. Çıxılmazlıqda qalmışdı. Əvvəlcə istədi ki, ərinin getdiyi marşrutu polisə xəbər versin, yəqin ki, onu yoldan qaytara bilərdilər. Çünki mənzil başına altı-yeddi saatlıq yol idi. Ordan o tərəfə isə çayı tutub gedəcəkdi. Güman ki, qaranlıq düşəndən sonra. Axırda qərarını dəyişdi. Bu, ərinə xəyanət olardı.
Əri o yerləri yaxşı tanıyırdı və planını bir neçə dəfə arvadına danışmışdı. O, ərinin son vəsiyyətini yerinə yetirməliydi...
53 yaşlı onkoloq- həkim arvadının güman elədiyi kimi, mənzil başına təxminən altı saata çatdı. Qəsəbədən iki kilometr aralıda hərbi post qoyulmuşdu. Burdan o tərəfə gediş qadağanıydı. Qaranlığın düşməsinə bir neçə saat vardı. Həmin vaxtı qəsəbənin çayxanasında keçirdi, yəni zamanı dirigözlü öldürdü. Çayxanada ondan başqa iki müştəri vardı. Odun peçinin yanında oturub nərd oynayırdılar. Sonradan bildi ki, zər atanlardan biri çayxananın sahibidir.
O, bu qəsəbəni pis tanımırdı. Uşaqlıqda burda çox olmuşdu. Xalasıgil bu qəsəbədə yaşayırdı. Yayda onlara qonaq gələrdi. Xar tut yemək üçün. Həmişə də danlanardı. Anası tutdan qıpqırmızı olmuş üst-başına baxıb acıqlananda xalası köməyə gələrdi.
Burdan kəndlərinə 14-15 kilometr ancaq olardı. Axşam çayı tutub getmək lazımıydı. Onda azmazdı, həm də qəfil təhlükə olarsa, özünü çaya atar, suda gizlənərdi. Bərayi-ehtiyat əlavə paltar da götürmüşdü. Ağrıkəsici "stadol" iynələri bir sutkaya çatardı. Özü belə istəmişdi. Ağrılar çox olanda ölümü də qarşılamaq asanıydı. Morfi kimi adamı başdan edən dərmanları sevmirdi. Bu cür xəstələri çox görmüşdü. Onlar morfi qəbul edəndən sonra key kimi olurdular. Görünür, ölümün yaxınlaşmasından qorxurdular. Amma o, ölümü ayıq başla qarşılamaq istəyirdi.
Günbatandan sonra çayxanada adamların sayı yavaş-yavaş çoxalmağa başladı. Üst-başlarından, çayxanaçı ilə münasibətlərindən sezilirdi ki, işçiz-gücsüz adamdılar. Cavanlar daha çox təsadüfi qazanclara və hökümətin ayırdığı yardımlara, ata-analarının, babalarının pensiyalarına, yaşlılar isə Allaha bel bağlayırdılar. Cavanlardan artıq qalsa, onlara da nəsə çatardı.
Çayxanaçı nisyə dəftərini piştaxtanın üstünə qoymuşdu ki, hamı nisyə çay içənlərin adını oxuya bilsin. Borclular utandıqlarından pullarını vaxtında qaytarsınlar.
Zarafatlardan və atmacalardan borcluların sayının müştərilərdən çox olduğu bilinirdi.
O, çayın pulunu verdi, sonra dəftərə işarə ilə:
-Bu borcları da sil,-dedi.
Çayxanaçı göydən düşmüş bu adamın səxavətinə təəccüblənib - eləmədi, eləcə sevincək oldu.
-Allah əvəzini versin,-dedi, - amma sizi tanımadım. Bura adamlarına oxşamırsınız.
- Nədən bildiniz? Danışığımdan?
-Yox, danışığınız bizimki kimidir. Amma adamlara birtəhər baxırsınız, elə bil, tələsən yeriniz var.
-Hə, var. Tələsirəm,-dedi və çayxanadan çıxdı.
Müştərilər bir müddət maddım-maddım onun arxasınca baxdılar. Yaşlı bir kişi:
-Buraların adamı olmasa da, allah adamına oxşayır.
Cavanlardan biri də dedi ki, elə bil, onu hardasa görüb...
-Allah adamları hər yerdə olur,-yaşlı kişi müdrikliyini gizlətmədi.
Sonra daha bir neçə adam səxavətli qəfil qonaqla bağlı mülahizələrini bildirdilər və yenidən nərd oynayanların başına yığışıb, yad adamı unutdular.
Həkim qəsəbənin aşağısından axan çaya düşdü. Çay həminkiydi, suyu bir az da çoxalmışdı. Aprelin əvvəlləriydi. Dağlarda qarların əriyən, bulaqların buzunun açılan vaxtlarıydı. Bu tərəflərdə iqlim mülayim olduğundan təbiətin qırışığı tez açılır. Sonuncu kitab cümləsini o, ali məktəbə coğrafiyadan imtahan verəndə öyrənmişdi.
Çiyninə asdığı çantanı çıxarıb yerə qoydu, çayın qırağında oturub iti axan suya baxmağa başladı. Qoca söyüd ağacı çaya əyilmişdi, sanki ordan su içməyə çalışırdı, çiləkənlər onun saçaqlarına, budaqlarına ilişib qalmışdılar. Çiləkənlərin arasında zorla seçilən göy-qırmızı üzgəc, balaca rezin top da vardı. Görünür, su onları çox-çox uzaqlardan gətirmişdi. "Balıq tutmağı, futbol oynamağı çox sevirdi". Nekroloqda belə yazılacaq, yəqin, hər halda bu cür yazılsaydı, onun xoşuna gələrdi.
Çantasındakı balaca "sülh ağacı"nı çıxarıb baxdı. Hər şey qaydasındaydı. Ağacı bazardan almışdı. Satıcıya demişdi ki, ona hər iqlimə uyğunlaşa bilən, yaşıl ağac növü lazımdır. Yaşlı və təcrübəli bağban bu balaca ağackolu məsləhət bilmişdi. Onun adını da unutmuşdu, yalnız vağzalların ətrafında görmüşdü, amma bu hibrit ağacın fərqi ondaydı ki, mayın əvvəllərində çiçəkləyirdi. Onu mütləq öz torpağı ilə basdırmaq və basdırandan sonra dibinə bir vedrə su tökmək lazımıydı. "Əslində ağacı martın ortalarında əkərlər, amma bu onlardan deyil, bu ağacları fəslin istənilən vaxtlarında əkmək olardı"-yaşlı satıcı demişdi.
Nəhayət su qaranlıqdan işıldamağa başlayanda ayağa durdu və yolu əlinə yığıb, çayın qırağı ilə getməyə başladı.
Yolun qırağı ilə hamar cığır uzanırdı, amma bir azdan sonra o cığır qurtardı və kolluqlar başladı. Yalnız gur və iti axan çay və hər tərəfini kol basmış sahil varıydı. O, belə olacağını, vəhşi mənzərə ilə qarşılaşacağını öncədən bilirdi, ona görə də bazardan dəhrə də almışdı. Bir zamanlar bu dəhrə ilə barama qurdu üçün tut budayardı. Əlini də bir neçə dəfə kəsmişdi və onunla necə davranmağın yolunu yaxşı bilirdi.
Qaranlıqda yerimək çətiniydi. Kol-kos da bir tərəfdən əl-qolunu cızırdı, xüsusən də böyrütikan kolları həyasızlıq edirdilər. Məcbur olub bir neçə dəfə dayanmış, qanayan yerləri bintlə sarımışdı.


Tarix: 09.06.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 201 Bölmə: Elçin Hüseynbəyli - "Gözünə gün düşür"