beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH-TƏALAYA SIĞINMAQ ÜÇÜN MÜƏYYƏN VAXT, YER VƏ HALLAR

Necə ki, Allah-təalaya müəyyən olan mübarək günlərdə, mələklərin olduğu yerlərdə və gözəl vaxtlarda dua etmək bəyənilir, eləcə də, elə zaman, yer və hallar vardır ki, həmin anlarda Şeytanın və onun hiyləsinin, hər bir zərərvericinin, yaxud da baş verən pis hadisənin şərindən Allaha sığınaraq, Ona pənah aparmaq da bəyənilən işlərdəndir. Həmin anlardan bir neçəsini qeyd etmək yerinə düşərdi:

“Quran” oxumağa başlayarkən
Allah-təala buyurmuşdur:

فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ›

“(Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman qovulmuş Şeytandan Allaha sığın!” [1]

2. Qəzəblənərkən
Allah-təala buyurmuşdur:

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللّهِ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ›

“Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidən və biləndir.” [2]
Suleyman ibn Suraddan (radiyallahu anhu) rəvayət olunan hədisdə belə deyir:
“Biz Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) yanında oturmuşduq. İki kişi söyüşməyə başladı. Biri qəzəbli və rəngi qızarmış halda o birini söyürdü. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: “Mən elə bir kəlmə bilirəm ki, əgər onu kim deyərsə, qəzəbi yox olar. (O kəlmə budur) Əuzu billəhi minə-ş-Şeytani-r-racim - Qovulmuş Şeytandan Allaha sığınıram. ”” [3]

3. Namaz qılarkən Şeytan vəsvəsə edərsə
Osman ibn əbi-l-Asdan (radiyallahu anhu) rəvayət olunur ki, o, Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) yanına gələrək dedi:
“Ey Allahın Rəsulu, Şeytan qiraətimi və namazımı xuşu ilə oxuyub qılmağıma mane olaraq məni çaşdırdı və şəkkə saldı. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: - O Xinzəb adlı Şeytandır. Əgər onu hiss edərsənsə ondan Allaha sığın və üç dəfə sol tərəfinə yüngülcə tüpür. [Səhabə] deyir: - Belə etdim və Allah-təala onu məndən uzaqlaşdırdı.” [4]

4. Allah barəsində pis fikirdə olarkən
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Sizdən birinizə Şeytan gələr və deyər: Bunu kim yaratmışdır? Bunu kim yaratmışdır? Hətta, ona deyənə qədər ki, bəs Rəbbini kim yaratmışdır? Əgər gəlib ora çatarsa, Allaha sığınsın və [belə fikirləşməyi] tərk etsin.” [5]
İmam Nəvəvi (rahiməhullah) hədisin bu ləfzini “Allaha sığınsın və [belə fikirləşməyi] tərk etsin” şərh edərək demişdir: “Mənası odur ki, əgər ona bu vəsvəsə gələrsə, həmin vəsvəsənin şərini ondan dəf etməsi üçün Allah-təalaya sığınsın və belə fikirləşməkdən üz çevirsin. Bilsin ki, bu Şeytanın vəsvəsəsidir, onu yolundan azdırmaq və fəsad törətmək üçün çalışır...”

5. Uşaqları Allah-təalaya sığındıraraq ovsunlamaq
Valideynlər öz övladlarını hər bir zərər verən şeyin (Şeytanın, heyvanın, bədnəzərin və s.) şərindən Allaha sığındırmaları ilə övladlarının Allah-təalanın izni ilə neçə-neçə xəta-bəladan qorunmalarına səbəb ola bilərlər.
Allah-təala Məryəmin (aleyhəssələm) anasının dilindən buyurmuşdur:

فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَى وَاللّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالأُنثَى وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وِإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ›

“Onu (bətnindəkini) dünyaya gətirdiyi zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi). ”[6]
Abdullah ibn Abbasdan rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) sevimli nəvələri Həsən və Hüseyni (radiyallahu anhumə) bu dua ilə- Uizukumə bikəliməti-lləhi-t-təmməh min kulli Şeytanin va həmməh va min kulli aynin ləmməh. – (Sizi hər bir Şeytan və həşəratın şərindən, hər bir pis gözdən (bədnəzərdən) Allahın tam kəlamlarına sığındırıram) ovsunlayaraq deyərdi:
“Atanız İbrahim oğulları İsmayıl və İshaqı onunla ovsunlayardı.”[7]

6. Ayaq yoluna daxil olarkən
Ənəsdən (radiyallahu anhu) rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) ayaq yoluna daxil olarkən deyərdi:
“Allahummə, inni əuzu bikə minə-l-xubsi va-l-xabəis. - Allahım, erkək və dişi Şeytanlardan Sənə sığınıram. (Yaxud pislikdən və pis əməllərdən Sənə sığınıram).” [8]

7. Uzunqulağın anqırtısını eşidərkən
Əbu Hureyrədən rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Uzunqulağın anqırtısını eşitdiyiniz zaman Şeytandan Allaha sığının. Çünki o Şeytan görmüşdür. ”[9]

8. Axşam vaxtı itlərin hürüşünü eşidərkən
Cabir ibn Abdullahdan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Axşam çağı itlərin hürüşünü və uzunqulağın anqırtısını eşitdiyiniz zaman Allaha sığının. Çünki onlar sizin görmədiklərinizi görürlər.” [10]

9. Bir yerdə qonaqlayarkən
Xovlə bint Həkimdən (radiyallahu anhə) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Kim bir yerdə qonaqladığı zaman bu duanı - Əuzu bi kəliməti-lləhi-t-təmməti min şərri mə xaləq (Allahın yaratdıqlarının şərindən Onun tam kəlamlarına sığınıram) – deyərsə oranı tərk edənə qədər ona heç bir şey zərər vurmaz.”[11]
Ümumiyyətlə, hər bir müsəlman istədiyi vaxt zərər verən şeyin, xüsusi ilə də insanlardan və cinlərdən olan Şeytanların şərindən, istər namazda, istərsə də namazdan xaricdə bəzi insanların xurafata uyaraq etdikləri kimi gözmuncuğuna, nala, tikana, daşa, torpağa və.s yox, yalnız Allah-təalaya sığınaraq Ona bel bağlamalıdır. Şübhəsiz ki, kim səmimi qəlbdən Allah-təalaya sığınaraq Ona təvəkkül edərsə, Allah-təalanın onu, həqiqətən də qoruduğunun və neçə-neçə xəta-bəlalardan uzaq etdiyinin şahidi olar.
Allah-təala buyurmuşdur:

إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ›

“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur. ”[12]


Tarix: 07.05.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 291 Bölmə: Dualar