beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

13-cü hissə*

Mən huşumu itirdim… Səhər bütün qəzetlər „Qara mirvari“ sektasının ruhani rəhbəri Baba Musayev adlı adamın Qız qalasından atılaraq intihar etdiyini yazdı. Sevanın cəsədi isə düz bir həftədən sonra dənizdən tapıldı, onun bətnindəki beş aylıq qızı da, özü də suda boğulub dünyalarını dəyişmişdilər. Əfidən isə heç bir xəbər olmadı. Mən nə qədər and içdimsə də, kimsə inanmadı danışdıqlarıma, kimsə daha bir cəsəd gördüyünü söyləmədi. Xəstəxanada yatdığım günlərdə Sima müəllimə hər gün yanıma gəlirdi, Masya, Asuda, Sadiq, Vahid, məbəddən və universitetdən olan digər dostlar da gəldilər, ən sonuncu gün isə anam gəldi, başımı sinəsinə sıxıb hönkür-hönkür ağladı, bağışla məni dedi, bağışla… - Bağışla məni, - dedim mən də…

Bitdi... Bitdi sənə yazmaq istədiyim həyat hekayələrim. Və əslində bütün deyilənlər doğrudursa, onsuz da çiyinlərimdə mələklər oturub xırdaca-xırdaca ayaqlarını sallada-sallada, cıqqılıca-cıqqılıca qanadlarını mənim hər göz qırpımımda xəfifcə çırpa-çırpa başıma gələnləri də, gəlməyənləri də, elədiklərimi də, eləmədiklərimi də yazırlar, bir gün sağ və ya sol əlimə ruhum ağırlığında bir dəftər verib də yollayacaqlar Sənin yanına... Və Sən bilirsən ki, həmin o uzaq doğum günümdən bu yana keçən yeddi ilin olanlarını bir elə də xatırlamıram mən, sanki bir-birinin ardınca sakitcə keçib bitən bu illəri yaşamadım da, sadəcə, TV ekranından izlədim yuxulu-yuxulu. İndi öz qəzetim var, öz internet səhifəm, imzam tanınır, ölkənin ən tanınmış jurnalistlərindən biriyəm, rahatam, azadam, işim, enerjim, dostlarım, mənzilim var, bir az daha ağıllı olsaydım, beş il qabaq evlənib sonra həmən də boşandığım adama maşın da aldıra bilərdim özümə. Bu, təbii ki, zarafatdı, bilirsən... Və niyə mən evlənib boşandığım adam haqqında məktub yazmadım Sənə, niyə bu son yeddi ilini boş buraxdım həyatımın, onu da bilirsən...Sən çox gözəl bilirsən ki, nə o adam mənim qəhrəmanım idi, nə bu yeddi il mənim həyatım... Unudaq, getsin! Bu səhər işə gedərkən küçədəki izdihama qarışdım. Fəxri Xiyabana axışırdı camaat, çiçəklər vardı əllərində, hamı küçəyə çıxmışdı sanki, bütün şəhər ayaq üstəydi. Ölkənin mərhum dövlət başçısının məzarını ziyarətə gedirdilər. Mən də getdim, izdihamın seli qatdı da qabağına apardı məni Fəxri Xiyabandakı nəhəng məzarın qarşısına. Heykələ çatanda yanımca gedən həmkarlarımdan birisi əlindəki güllərdən ikisini mənə verdi, mən də onları Ulu Öndərin heykəlinin qarşısına düzdüm.

İnsan sıxlığından azad olunca da anamın evinə getdim, bazarlıq eləməyə vaxtım olmamışdı deyə, eləcə, pul verdim ona, bişirdiyi borşdan yedim, açdığı heyva
kompotundan içdim, sonra o, həmişəki kimi, yarım saat ağladı və mən də sakitcə dinlədim, daha sonra isə qucaqlaşıb bir-birimizə uğur diləyərək ayrıldıq. Mən artıq küçədəydim o dalımca qışqıranda: Anam üçün şam yandır kilsədə, Aida, yadından çıxmasın! Yaaxşı, bu bazar mütləq! – dedim və hələ indi xatırladım ki, bu qədər illərin içində mən kilsəyə gedib anamın anası üçün İsanın qarşısında bircə balaca şam yandırmağı hər dəfə unutmuşam, hər dəfə...

Yenə Sənin Bakıda tanıdığım bütün evlərin gəldi dayandı gözlərimin önündə, darıxdım... Sonra ildırım sürətiylə gül dükanlarının birisinə qaçdım, bir dəstə ətirli çiçək alıb da çoxdan unudub heç bir tədbirinə getmədiyim məbədə getdim, ümumi zala girib səcdəgahın qarşısına gəldim, çiçəkləri Qauranqa - Nityanandanın qarşısına düzdüm, baxdım, göz dolusu baxdım arakəsmənin o tərəfindəki gözəl, rəngarəng dünyanın saflığına... Çaitanya gecə gözlərinin içindən ulduz-ulduz gülümsədi... Arxadan fizqarmon səsi eşitdim, sonra onun səsini... Qaragöz idi. Gözlərini fizqarmona dikib aram-aram oxuyurdu: “Caya Radha Madhava...” Yanında oturdum, karatalları götürüb bir-birinə toxundurmağa başladım, o mənə baxıb gülümsədi, gözləri bir cüt qapqara mirvari kimi parıldayırdı... Xoş gəlmisən, mənim İlahəm, - dedi gülümsəyərək. Xoş gördük, Vahid, - dedim. Daha itmə, yaxşı? – pıçıldadı. Yaxşı...

Sonra Milana gəldi, ardınca Sadiq, daha başqa fədailər, görüşdük, öpüşdük, bura üçün nə qədər darıxdığımı dedim, mənim üçün nə qədər darıxdıqlarını söylədilər... Sonra biz birlikdə Atəşgaha yollandıq. Burada brahmanlardan biri müqəddəs ocaq qaladı, fədailər dualar oxuya-oxuya odun içinə meyvə, buğda atdılar, sonra bütün fədailər Atəşgahın başına düz yeddi dövrə fırlana-fırlana “Hare Krişna” mantrasını oxudular... Sonra hamı getdi.

Mən qaldım. Səninlə təkbətək qalmağa ehtiyacım vardı, ehtiyacım vardı bax, beləcə, bir dualımöcüzəli ocağın kənarında oturub Sənə məktublar yazmağa. Və mən ağ üzlüklü, qalın bir dəftər çıxartdım çantamdan, içinə qıpqırmızı mürəkkəblə yazmağa başladım: “Mən bu gün Sənə xəyanət eləmişəm. Son yeddi ildə tapındığım bütün prinsipləri pozmuşam. Ət yemişəm, konyak içmişəm, siqaret çəkmişəm, lotoreya bileti alıb yerindəcə uduzmuşam, Nazimə zəng eləyib gecəni onunla keçirmək istədiyimi demişəm, səhər onun evindən üstüm-başım yuyulub təmizlənməmiş çıxmışam və axşama kimi şəhərin küçələrində dolanmışam. İndi buradayam, Atəşgahda. Axşamın qaranlığı düşmədən Sənə yazmaq istədiyim, Sənə yazmalı olduğum, Sənin, yalnız Sənin oxumağını istəyəcəyim bütün məktubları bir-birinin ardınca başlamaq və bitirmək istəyirəm. Gözlərini yum... Oxu...” Mən yazdım, Sən də oxudun. Yorulmuşam və indi məktublara baxıb, bəzi yerlərində bəzi anlaşılmazlıqları görüncə də gülümsəyirəm. Məsələn, elə Nazim. Mən ötən gecəmi onunla keçirtdim. Məktublarda haqqında bu bircə cümlədən başqa heç nə yoxdur. Amma biz Səninlə bilirik ki, o, sadəcə mənim həmkarımdır və Sənin mənim ürəyimə saldığın təbəddülata inansam, belə çıxır ki, adam məni sevir də. İçimdə nə var ona qarşı? Bir qadının bir kişiyə duya biləcəyi hər şeydən bir az... Və Sən bilirsən ki, bu, heç vaxt, heç kimlə belə olmamışdı. Yaaxşı, etirafdı bu, sevirəm deyəsən onu, Sən bunu da bilirsən axı, məndən daha yaxşı bilirsən həm də... Başqa nə yazım... Atam yenə də Sankt-Peterburqda yaşayır, artıq çoxdan təqaüdə çıxıb, Sən bilirsən neçənci arvadını alıb da qaldığı evə, dolanır onunla, ya da dolanmır, nə bilim. Anam Bakının ən kasıb, ən ucqar məhəllələrindən birində, toyuq hininə bənzəyən bir balaca həyət evində yaşayır, qaldığı ətrafda o qədər bar, əxlaqsızlıq yuvaları var ki, günün günorta vaxtında oralara normal adam getsə, salamat qayıtmaq ehtimalı az olacaq. Mən ona çox yalvardım köçsün yanıma, istəmədi, dedi tək qalmaq istəyirəm. Amma hər həftə bazarlığını eləyib aparıram, işlərində kömək eləyirəm, bütün gözəlliyini, sağlamlığını, gəncliyini itirmiş bu qadına başqa heç bir köməyim dəyə bilmir...

Mən Səni heç vaxt qınamamışam və məncə bu münasibətim hardasa da qarşılıqlıdır! İndi darıxıram... Bilmirəm, bəlkə də bu qədər ayrı və uzaq qaldığıma baxmayaraq, hələ də bütün prinsiplərinə sövqi-təbii olaraq əməl etdiyim məbəd həyatıyla bir daha qarşılaşmağım səbəbdir bu nostalji hissinə, bəlkə, sadəcə, gecə içdiyim şərabın təsiridir bu, ya da sevginin... O tərəfdə, ocağın tüstüsünün üzünü heç cür göstərmək istəmədiyi bir adam dayanıb, əynində uzun qara əba var, saçları çiyninə tökülüb, üzünün tükləri gözlərindən boylanan cavanlıq enerjisini gizlədə bilmir amma, bayaqdan Sənə ard-arda məktublar yazdıqca da, hərdən-hərdən başımı qaldırıb ona baxıram, nə yerindən tərpənir, nə danışır, nə də itir... Bilirəm ki, indicə başımı bir dəfə daha qaldırıb ona baxacam və gülümsəyib çağıracam: - Əfi!!! Bilirəm ki, həmən gözlərini yumacaq. Bilirəm ki, bütün bu illər ərzində o, həmişə mənim yaxınlığımda dolaşıb, çünki hərdənhərdən beynimin içindən eşitmişəm səsini, “Aidaaa...” deyə pıçıldayıb hərdən, gah da bağırıb deyib bunu, bəzən gülərək, bəzən kədərli...ruhumun hər bir halında mənimlə birlikdə olub Əfi və onun sevgisi. Böyük Ata maddi dünyada qaldı, ruhu burada çıxdı canından, astral aləmin, incə dünyanın dalğalarına köklənə bilmədi, dünyalararası pərdələrin qatlarına düşə bilmədi, Qız qalasından Yerə çırpıldı sadəcə. Seva...ah, zavallı qadın, zavallı körpəsi...Böyük Atanın dediyi, istədiyi ən günahsız bakirənin ruhu kimi astral olan, Sən bilərsən neçənci qatın hansı Bakısında tapşırdı canını və Sən bilərsən niyə məhz düz bir həftədən sonra dənizdən tapdılar cəsədini... İslamdan isə xəbərim olmadı uzun illər. Sonralarsa “Şambalada bir gün” adlı qara üzlü bir kitab çıxdı Almaniyada, müəllifi İslam Musayev adlı azərbaycanlıdır dedilər, Tibet mağaralarındakı kahinlərlə, ruhani rəhbərlərlə olan söhbətlərini, məhz Azərbaycanla, konkret olaraq, Qız qalasıyla bağlı məqamları açıqlayıb deyə, reklamları getdi kitabın internet saytlarında. Kitabın bir çox illüstrasiyalarıyla, müəllifin özünün tuşla çəkdiyi qravürlərlə birlikdə Şambala kahasında çəkilmiş bir fotoşəkil də yayımlanmışdı. Uzun saçlarını küləklər aparan bir qızdı gülümsəyir, amma dodaqları belə qaçmadan, yalnız gözlərinin içindən gülümsəyir, yalnız diqqətlə baxsan gülümsəyir, bax bu halıyla əllərini qarşısındakı daş tikiliyə qoyub sanki yuxarıdan aşağılara indicə uçacaqmış kimi baxır, rəsm elə çəkilib ki, baxan adam qızı ancaq aşağıdan görür, indicə sənin üstünə uçacaq kimi bir effekt yəni, möhtəşəm bir görünüş, şahanə bir baxış...daş tikili isə mütləq və mütləq Qız qalasıdır. Aşağıdan dəniz dalğası görünür... Şəklin altında qədim sanskrit əlifbasıyla nəsə yazılıb, İslam Musayev kitabda bunun tərcüməsini verir: “İlahə Aida” Hə, bircə məsələni az qala tamam unutmuşdum axı!

Səcdəgah məsələsi. Əfinin dediyi səcdəgah – uşaq... Mənim hələ də səcdagahım yoxdur, bilirsən. Yaxşı, Sənə söz verirəm, Nazim mənə evlənmək təklifi eləsə, həmən qəbul eləyəcəm. Baxsana, mesajı da gəldi telefonuma: “Səni sevirəm...” Sevgi...nəymiş görəsən sevgi deyilən? Bəlkə bütün məktubları bitirdikdən sonra sabaha “Sevgi” başlıqlı bir yazı da hazırlayım?! Saytda yerləşdirərəm, qəzetdə də paylaşaram. Bax, məsələn belə bir yazı: Biz hamımız sevilmək istəyirik. İstəyirik gözəllikdən, idrakdan və bütün bu kimi dəyərlərin hamısından daha üstün bir duyğunu yaşadaq kiməsə, kimlərəsə... Müğənnilər, şairlər, bəstəkarlar, rəssamlar daha öndə gedir bu istəyə doğru. Siyasi liderlər daha şövqlə can atır buna, daha çox pul xərcləyir, satın belə almaqdan çəkinmirlər sevgini. Cəngavərlər, biznesmenlər, məmurlar dayanmadan vurnuxmaqda bu saflığı qazanmaqdan ötrü... Sosial təbəqənin ən aşağı pillələrində belə sevilməkdən daha vacib bir istəyi yox kimsənin... Yalnız Zahidlər insanlardan ummurlar bunu - onların tək sevgi obyekti Tanrıdır... Heç bir ehtiyacımız - nə yemək, nə yuxu, nə özünüqoruma, nə seks - sevgiyə, sevilməyə olan ehtiyacımız qədər deyil, ola da bilmir... Bu hiss bizim əzəli və əbədi mahiyyətimizdən doğur, biz mahiyyətcə sevgidən ibarət varlıqlarıq... Tanrının surətində yaradılanlar Tanrıdan nəsə də mütləq daşıyırlar cəhətlərində... Bu - okeanla okean damlasının mahiyyətcə eyni, kəmiyyətcə təsəvvürəgəlməz dərəcədə müxtəlif ölçüyə malik olmalarıdır. Və təsəvvür edin ki, yer üzündə yaşayan insanların nə qədəri həyatında bircə dəfə belə olsun özünü sevimli hiss etməyib.Onlar hətta bu hissin nə olduğunu belə anlamağa qadir deyillər, baxmayaraq ki, şüurlarının altında da, üstündə də yalnız və yalnız ona can atırlar! Lakin maddi dünyaya bağlı olan insanın sevgisi də maddidir, fanidir, özünə və dünyasına bənzəyir, ölümə məhkumdur bu sevgi! Əsl sevgi heç bir halda şəxsi mənafeyə köklənmir. Əksinə, həqiqi sevgi məhz sevənlərin

arasında hər şeyin tən bölünməsidir, bütün hisslərin, bütün istəklərin, həyatın da, ölümün də birgə yaşanması, birgə qarşılanmasıdır... Saf sevgi nəyisə əldə etməyə, mənimsəməyə, almağa qadir ola bilmir, əksinə, daim bəxş edir özünü və hər şeyini...zira onun əsl siması da məhz budur - bəxş etmək! Bir-birindən daim nəsə istəyən, uman cütlüklərə inanmayın - ən güclü ehtirasları belə sevgidən bir dünya uzaqdır onların. Sevgi - hiss deyil əslində, duyğu deyil əslində, onu bilərəkdən yaratmaq, heçdən var etmək mümkün ola bilməz! O, Tanrının Yer üzündəki təcəllisidir! Mənim ürəyimdə sənin üçün - Sənin ürəyində mənim üçün! Qarşısında Ölümün belə səcdə etdiyi, qüdrətindən Qorxunun belə dəhşətə gəlib çökdüyü, həzzindən kainatdakı bütün aləmlərin məst olduğu an! Onun bizdə bir-birimiz üçün təcəlli etdiyi an! O əbədi, o əzəli, o bitməyən an!

Heç vaxt köhnəlməyəcək bir mövzu, heç vaxt aktuallığını itirməyəcək bir problem, heç vaxt dəyərini dəyişməyəcək bir pay! Sənin payın, Sənin hədiyyən, Sənin bəxşişin! Hərdən mənə elə gəlir ki, Sənin ürəyinin içindəyəm. Orada mənə ayırdığın balaca və rahat bir guşədə istədiyim qədər qalır, dincəlir, kainatın nəfəsini duyur, zamanın nəbzini hiss eləyir, dünyanın qəlb çırpıntılarını eşidirəm. Sadəcə bir çəmənlikdi. Sadəcə ağaclardı uzaqlar boyu düzülüb. Sadəcə səmadı başımın üstündə. Günəşsiz, Aysız, ulduzsuz - nur və sevgiylə işıqlanmış. Əynimdə uzun, upuzun bir don var. Saçlarım çiçəklərlə bəzənmiş. Ovuclarımın içi müşk qoxuyur və mən rəqs eləyirəm, havada şipşirin bir mahnı var, mən bu mahnının içindəyəm, dünya da... Hərdən də mənə elə gəlir ki, burada, mənim köks qəfəsimin içində, ürəyimin ən gizli, ən gözəl, ən qapalı bir odasında Səninlə yan-yana, baş-başayıq, bir-birimizə baxır, gülümsəyir, qəzəblənir, birlikdə planlar cızıb oyunlar qururuq, şeirlər pıçıldayırıq, mahnılar qoşuruq, hətta mən başımı Sənin çiyninə qoyub aram bir melodiyanın qoynunda rəqs də eləyirəm. Gözlərim yumulu olur, dodaqlarımda təbəssüm, yanaqlarımda ikicə damla ipisti göz yaşı... Mən Səni sevirəm! Anlayırsanmı?!


Tarix: 09.06.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 308 Bölmə: Cavidan "Namə"