beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

12-ci hissə*
12-ci hissə*

Seva o ki var ağlayıb, uşaq kimi yatdıqdan sonra, mən masanın üzərindəki gecə lampasını yandırıb, hələ də qucağımdan buraxmadığım qara kitaba baxdım. Burada ilk insanın yaranmasından son insanın öləcəyinə qədər olan bəşər tarixi qısa və konkret rəqəmlərlə, adlarla, qravürlərlə qeyd olunmuşdu. Qız qalasının, Atəşgahın rəsmi vardı, hələ Krişna məbədindəki təlimlərdən və kitablardan tanıdığım sanskrit əlifbasıyla yazılmış sözlər, sonra Adam pentaqramması, zodiak bürcləri çarxı, Bakının xəritəsi, nə üçünsə məhz köhnə, mənim görmədiyim, yalnız ötən əsrin kitablarından və bəzi sənədli TV kadrlarından tanıdığım ağ-qara Bakının qədim təsvirləri və bir də... adam şəkilləri – Böyük Atanın, Əfinin, bir mənim anamla yaşıd ola biləcək qadının, sonra İslamın körpəlikdən başlayıb indiki halına qədər ən müxtəlif yaşlarını əks elətdirən rəsmləri, daha sonrakı səhifələrin hər birisində bir qadın rəsmi, ən axırda da mən. Mənə ən maraqlı olan, rəsmimin altında çəkildiyi tarixi bildirən qeyd idi: 15.10.2000. Mənim on beş yaşımın tamam olduğu gün çəkilmişdi bu qravür. Amma məni hardan tanıyırdı ki Böyük Ata deyilən adam? Niyə mənim doğum günümdə rəsmimi cızırdı axı? Bilmədiyim, anlamadığım, az qala mistik bir çaları yox idimi bütün baş verənlərin? Beşcə gün sonra mənim on səkkiz yaşım tamam olacaqdı və bu ad günümü ilk dəfə olaraq evdən, anamdan, ən yaxın dostlarımdan uzaqda, burada, Böyük Atanın “Qara mirvari”li dərgahında qeyd eləməli olacaqdım. Və ümumiyyətlə, qeyd eləyəcəkdimmi bu tarixi özüm üçün bayram olaraq? Yer üzünə doğulanların ölmək üçün gəldiyini bilmirdimmi mən? Yer üzünə doğulanların yalnız çox az qisminin ölümdən qurtuluş vermək üçün gəldiyini də bilirdim axı. Mən ikincilərdən saymırdım özümü, birincilərdən olmaq isə hər il bəzənib doğumunu bayram eləməyə dəyməz deyə əmin idim artıq. Axı cəza çəkməyə göndərildiyin tarix niyə sənə əziz olmalıdır ki? Şüuraltı bir sevinc yalnız ona görə yarana bilər ki, sən hər cəzanın daha bir günahdan təmizlənmə şansı olduğunu anlayasan. Ağrıların mütləq günahlarından gedir, başqa anlamı yoxdur bunun. Ona görə sevinir insanlar ən kasıb halında belə özlərinin dünyaya gəldikləri tarixə baxaraq. Çünki məhz bu tarixdə daha bir şans verilib onlara – ölümdən qurtulmaq üçün, əbədi olmaq üçün, neçə həyat bundan əvvəlki, neçə nəsil bundan qabaqkı günah əməllərinin əvəzini ödəyə bilmək üçün. Ödəməyin iki yolu var – başqalarına onların ağrılarını azaltmaq üçün elədiyin yardımlar və özünün ağrımağın... Sən ya kiminsə ağrısını azaltmaq üçün fəaliyyət göstərirsən, ya da ağrıyırsan, ağrıyırsan, ağrıyırsan...çünki bizim Yerdəki missiyamız qaba materiyanı incə materiyaya çevirib fəzaya ötürməkdən başqa bir şey deyildir əslində, çəkilən hər ah, yaşanan hər sevinc Kainatın bütün nöqtələrində əks-səda verir. Və biz doğulduğumuz andan ölən anımızadək borc qaytaran, qurbanlar verən, bir gün qaba
bədənlərimizi tərk etməli olduğumuz zaman çılpaq qalıb da üşüməyək deyə, ruhumuzun incə örtüyünü yaratmağa məcbur olan canlarıq... Beş gündən sonra on səkkiz yaşım tamam olacaqdı və mən anlaya bilmirdim on beş yaşımda nə üçün çəkmişdi Böyük Ata mənim rəsmimi bu qara cildli kitaba, niyə üstündən üç il keçəndən sonra mən burada, Böyük Atanın dərgahındaydım və niyə Əfi bu kitabın mənim olduğunu söyləmişdi mənə, niyə??? Yalnız qucağımda sıxdığım və həyəcanından qurtula bilmədiyim qara kitabı öz yatdığım otağa aparıb şəxsi əşyalarım olan dolabda, o vaxt Sima müəllimənin mənə bağışladığı dəniz dalğası rəngli ətəkləri qızılı qırçınlı sarimə büküb gizlətdiyim qara bir dəftərin – İslamın gündəliyinin yanına qoyanda ayıldım... O, Böyük Ata, qravür çəkməyi sevən adam, İslamın öz doğmaca atasıydı ki vardı, öz doğmaca atası! Əfiii!!! – deyə dəhlizlər boyunca qaçıb rastıma çıxan, səhər ibadətinə tələsən dərgah övladlarına ilişə-ilişə, onları təəccüblə baxıb arxamca dodaqaltı deyinməyə vadar eləyə-eləyə var gücümlə qışqırırdım. Əfi yoxdur, Aida! – həlim, amma hökmlü qadın səsinə döndüm, - Böyük Atanı qarşılamağa gedib. Maa? – mən indiyədək dərgahda görmədiyim, yalnız haqqında oxuduğum və eşitdiyim qadını tanıdım. Maa, - təsdiqlədi, - gəlirsən otağıma?

Heç nə demədən arxasınca getdim. Otağı dərgahın başqa qadın otaqlarından yalnız daha zəif işıqlanmasıyla fərqlənirdi. Divanda oturduq. Aida, sənin haqqında ancaq yaxşı sözlər eşitdiyim üçün olduqca məmnunam, biləsən. Həqiqətən də bir dərgah anası kimi çox sevinirəm ki, dərgahımızın, ölkəmizin, ümumiyyətlə isə götürsək, planetimizin, bəlkə hətta bütün Qalaktikamızın da xilası ola biləcək, yer üzünə gəlişinin tək missiyası bəşəriyyətin qurtuluşu olan bir qızla, bax, beləcə, yanaşı oturub söhbət eləyirəm. Siz məni hardan tanıyırsız? Çoxdan tanıyıram səni, Aida, lap çoxdan, hələ bəlkə də sənin doğulmağından daha əvvəldən tanıyıram. O zamanlar mən çox gənc idim, Rusiyada oxuyurdum, bir dəfə ekspedisiya qrupunun tərkibində Tibetə getməli olmuşdum, oradakı məbədləri, mağaraları gəzdikcə içimdə ruhi dəyişmələr oldu, vətənə qayıdandan sonra da çəkdi məni Tibet, o kahinlərlə söhbətlər, qədimlərdən ta bu yana mağara divarlarına çəkilən freskalar, məbəd tavanlarındakı rəsmlər, heroqliflər və qravürlər dolu kitablar, daş lövhələr, yalnız bir ruhani rəhbərdən digərinə ötürülmək üçün icazəsi olan ən gizli məlumatlar, bəşəriyyətin olumundan ölümünədək hər yaşı və hər halı qeyd olunan
kitabələr...Böyük Ata o zamalar Kalininqradda oxuyurdu, onunla bir tələbə elmi konfransında tanış olmuşduq, sonralar daha yaxın dostluğa çevrildi münasibətlərimiz, yox, sevgili-filan deyildik, sadəcə, güclü ruhi bağlılıq idi bu, biz bir yerdə öyrəndik yoqa sisteminin səkkiz pilləsini də, ruhani ustadlarla görüşdük, Hindistanı, Tibeti qarış-qarış dolaşdıq, Şambala adlı gözlə görünməyən əfsanə şəhəri axtardıq, lamalarla gecələdik dəfələrlə, söhbətlərini qələmə aldıq, kitabələrinə baxdıq, bir yerdə Kainatın qurtuluşu üçün Həvvanın günahını yuyacaq bakirə ruh haqqında məlumata rast gəldik, daha doğrusu, bir kahin danışdı bunu bizə, zaman-zaman, hərdən-hərdən sanki hansısa bir gözəgörünməz ruhun diqtəsiylə gənc qızlar bir qalanın başına qalxar, özlərini qurban edərlərmiş. Onların bu intiharlarını hansı səbəblərə yozurlarsa yozsunlar, əsl əzəli və əbədi missiya bu imiş əslində - öz ruhunu qurban vermək! Şüuraltı bir istək sadəcə, fövqəltəbii bir diqtə sadəcə, anlayırsanmı, Aida, orda, o yeraltı kahaların birinin divarında sənin rəsmin vardı. Nə? – təəccüblə ona baxdım. Sənin rəsmin, Aida, Böyük Ata onu həmən öz kitabçasına çəkdi, altında o rəsmi gördüyümüz son tarixi də qeyd elədi deyəsən...hardasa üç il bundan qabaq, oktyabrın ortalarındaydı bu... Siz niyə əmin idiniz ki bu mənim şəklimdi? Admı vardı orada? Ünvanmı vardı? Mənə oxşayan nə qədər qız ola bilər bütün Yer kürəsində, anlayırsız? Aida! Orda Qız qalası barədə bizim ölkəmizdə kimsənin bilmədiyi şeylər eşitdik, təsəvvür edirsənmi? Burda hamı elə bilir ki, o qala qızları qorumaq üçün tikilib, əslində isə, sadəcə, bakirə qızların qurbangahıdı, başqa bir şey yox. Necə yəni... Sadəcə! Kahadakı kahin bizə tərcüməçinin köməyilə anlatdı ki, bu qala qurbangahdı. Demək kahadakı qız rəsmi, yəni sənin rəsmin, Aida, belə çəkilmişdi: uzun saçlarını küləklər aparan bir qızdı gülümsəyir, amma dodaqları belə qaçmadan, yalnız gözlərinin içindən gülümsəyir, yalnız diqqətlə baxsan gülümsəyir, bax, bu halıyla əllərini qarşısındakı daş tikiliyə qoyub sanki yuxarıdan aşağılara indicə uçacaqmış kimi baxır, rəsm elə çəkilib ki, baxan adam qızı ancaq aşağıdan görür, indicə sənin üstünə uçacaq kimi bir effekt yəni, möhtəşəm bir görünüş, şahanə bir baxış...daş tikili isə mütləq və mütləq Qız qalasıydı, əminəm. Aşağıdan isə dəniz dalğası görünürdü. Siz kahindən soruşdunuz? Hə, amma o nə Azərbaycan adlı ölkə, nə Bakı adlı şəhər, nə Qız qalası adlı qala tanımırdı, kimsə də tanımırdı, bu freska kim bilir neçə min il əvvəlin idi orda, heyf amma, foto çəkilişinə icazə vermədilər, yoxsa mütləq öz gözlərinlə görüb inanardın. Gözlərimlə görsəydim də inanmazdım, mənim xüsusi bir nişanım da yoxdu, heç bir məxsusi əlamətə malik deyiləm, o rəsmdə də heç nə olmayıb yəqin. Allah bilir, orta əsrlərdə-filan buralardan gedən səyyahlar ya dərvişlər çəkib, Qız qalası həmişə maraqlı olub. Aida, orda sənin doğum tarixin yazılmışdı, 15.10.1985. Bu rəqəmlər adamın gözünə girirdi axı, bir də adın – Aida! Sənin adın vardı orda, adın! “İlahə Aida” yazılmışdı şəklin altında...
Hiss etdim ki, nəfəsim çatışmır...

Mən bilmirəm nə deyim, Maa, özümü qurban kimi təsəvvür eləmək nə kimi bir hissdir, hələ çatmır mənə. Sən qurban deyilsən, Aida, sən xilaskarsan, özünü məhz bu cür hesab elə, bu cür bax özünə, sənin ruhun bütün insanlığı xilas eləyəcək, sevdiyin insana isə Adam kimi qəbul olunmağı bəxş eləyəcəksən. Sevdiyim? İslam. Böyük Ata onu dərgaha Adam kimi təqdim eləyəcəyi gün sizin nikahınız kəsiləcək və sonra sən bakirə ruhunu ona bəxş eləyəcəksən. Mən əmin deyiləm indi, Maa, onu yenə də sevdiyimdən əmin deyiləm artıq, mən laqeyd, özündənmüştəbeh, soyuq birisini, məni sevməyən birisini sevə bilməzdim... Sevirsən, Aida, sevirsən, and içə bilərəm buna görə. Mən anamı istəyirəm, mən anamın yanına getmək istəyirəm, anamla qalacam, boş verin bu mənasız traktatlarınızı, sarsaq təlimlərinizi, rahat buraxın bura yalnız özünün şəxsi problemlərinin ucbatından başını itirib pənah gətirənləri, bəsdirin aldatdınız hamını, bəsdirin!!! Aida! Aida, bəsdi!!! Zəhləm gedir hamınızdan! – deyib qalxdım, qapıdan çıxmaq istədiyim andaca iki dərgah övladı qollarımı burub yenidən otağa qaytardılar, divanın üstünə uzadıb ağzımı və gözlərimi qapadılar, bir qədər zəifcə çabaladıqdan sonra sol biləyimin büküşündə göynərti duydum...

Heydən düşmüş varlığımla üzü göylərə Səninlə üzbəüz idim yenə də. Hər yerdə bir sakitlik vardı. Ağzımı qapayan, gözlərimi yuman, qollarımı, ayaqlarımı sıxıb ağrıdan əllər də yox idi artıq… Başımın üstündə dayanmış qırxıqbaş, narıncı rəngdə paltar geyinmiş arıq, uzun adam üstümə bağırırdı: - Sən burda neynirsən? Bu nə görkəmdi? Haydı, dur geyin, qaç burdan, qaç, qaç, qaç...

Aida...- Seva qulağıma pıçıldadı, - oyan, sözüm var. Seva, mən hardayam? Neçə gündü xəstəsən deyirlər, yanına ancaq Maa gəlir, iynəni vurur, dərmanlarını verir, çıxır, başqa heç kimi buraxmırlar bura. Seva, mən burdan qaçmaq istəyirəm. Mən də! Kömək elə, qalxım, nolar, - mən birtəhər dirsəkləndim, - bəs sən bura necə gəldin, görmədilərmi?

Gözətçi oğlanı hələ dərgah övladı olmamışdan tanıyırdım, yalvardım, nolar, bacım kimidir o mənə, dedim, burax içəri, heç olmasa bir kəlmə danışım dedim, sağ olsun, Maanın xəbəri olmadan buraxdı. Niyə belə sakitdi hər yer? Hamı ümumi zaldadır, Böyük Ata İslamı Adam kimi təqdim eləyəcək, mərasimə hazırlaşırlar. Biz qaçmalıyıq. Qorxuram... Kömək elə, nolar!

Seva qoluma girdi, canımda özüm ağırlığında yük vardı, qalxa bilmirdim, sonra, nəhayət ki, hər iki ayağım üstündə dayana bildiyimə əmin oldum və Sevadan qopub sərbəst iki addım atdım, daha üç addım yeridim, hər addımımda ayaqlarımın daha bir azca açıldığını hiss eləyincə sevindim, qapıya sarı gedib dəstəyi çəkdim. Maa qarşımda dayanmışdı. Sevaya tərs-tərs baxıb, acılayaraq otaqdan çıxartdı, həmən ümumi zala getməsini tələb etdi. Sonra məni qucaqladı: Təbrik eləyirəm, canım! Təbrik eləyirəm! Nə münasibətlə? – mümkün qədər soyuqqanlı görünməyə çalışdım. Doğum günündür axı, düz on səkkiz yaşın tamam olur bu gün, üstəlik belə bir gündə dərgahda böyük bir mərasim təşkil edilib, İslamın Adam seçilmək şərəfinə, sənin Yer üzünə doğulmaq şərəfinə dərgahda əməlli-başlı bayramdır bu gün. Gedək mənimlə, gəl...

Böyük Ata öz nəhəng kürsüsündə bardaş qurub oturmuşdu. Əfi hər mühazirədə olduğu kimi, yenə də onun sağ tərəfində yerdəcə oturmuşdu. Çox narahat, hətta kədərli görünürdü. İslam Böyük Atanın sol tərəfində ayaq üstə dayanmışdı, əynində ağappaq uzun geyim vardı, boynundan asdığı qapqara mirvari təsbeh ağ ipəyin üstündə İslamın hər zəif hərəkətində belə qıvrılıb işıldayırdı. Dərgah övladları zalın divarları və pəncərələri boyunca düzülmüşdülər. Maa məni nəhəng kürsü ilə üzbəüz yerdə - öz yanında saxladı. Böyük Ata eynəyinin üstündən mənə baxdı. Baxışlarımız qarşılaşanda nəzərlərinin ani olaraq sınıb kənara qaçmaq istədiyini anladım da gözlərimi ondan çəkmədim. Əfi sadəcə mənim yalın ayaqlarıma baxırdı... Yaradana Eşq! – səsləndi Böyük Ata. Yaradana Eşq! – səsləndilər övladlar.

Bu gün sizlərə bütün bu illər boyunca vəd elədiyim bir xəbəri çatdırmaq istəyirəm. Daha əvvəllər də söyləmişdim fikirlərimi, sizlərdən məsləhət də olmasa, məşvərət gözləmişdim. Amma içinizdə təbəddülatlar duymuşdum, sanki hamınız qısqanmışdınız bu dərgahda işlərimi tapşırmaq istədiyim övlada. Sevginizi alqışlayıram, şübhələrinizdən inciyirəm, amma bu gün bu qərarımı qəbul etməyiniz üçün yığdım sizləri. “Yaradana Eşq!”,- deyə burdayam. Yaradana Eşq! – bir daha səsləndilər övladlar. Övladlarım, bizim missiyamiz Yerin üzərinə düşən lənəti təmizləməkdir, bizim çox az vaxtımız var, işimiz isə böyükdür, nəhəngdir, kosmik bir tapşırıqdır. ... Mən İslam adlı övladımı dərgahın və Yerin Adamı elan eləmək istəyirəm. Cənnətdən qovulan ilk insanın – Adəmin acısını bitirmək, insanlığın cənnət və cəhənnəm arasındakı ruhi çabalamalarından xilası naminə fəaliyyət göstərəcək İslam: Adam olaraq! Bu gün həm də İslam üçün əbədi və əzəli qadın kimi seçdiyim başqa bir dərgah övladını – Aidanı təqdim eləyəcəyəm sizlərə, qurtuluş naminə qəbul edin və Yaradana Eşq bağışlayın! Yaradana Eşq! – səsləndilər övladlar. İslam bu gündən dərgahın Adamı seçilir və sizlərin hər birisi üçün onun hər bir kəlməsi ən ali qanun olmalıdır. O, mənim dərgahda əvəzedicim olacaq, mən özüm Tibetə, Şambaladakı yeraltı mağaraların birində əbədi meditasiyaya qapılmaq üçün ayrılacam sizlərdən. İslam isə dərgahın rəhbəri kimi hər şeyi və hamını məndən təhvil alır bu gün. Və mən indi sizlərin hər birinizdən ona yaxınlaşıb təzim etməyinizi istəyirəm. Yaradana Eşq!!! Yaradana Eşq! – azca sükutdan sonra dilləndilər dərgah övladları. Sonra ilk olaraq Maa yerindən tərpənib İslamın yanına getdi, dizləri üstünə çöküb təzim elədi, İslam sağ əlini onun başına toxunduraraq “Yaradana Eşq!” söylədi.

Sonra bir-bir bütün övladlar Maanın hərəkətini təkrarladılar. Əfi gözlərini mənim ayaqlarımdan çəkmirdi, yerindən də tərpənmirdi, sanki donmuşdu, diqqətlə baxanda kipriklərini belə qırpmadığını anlamaq olurdu. Əfi! Sən qaldın, - dedi Böyük Ata, - sən də təzim elə! Yaradana Eşq! – deyib ayağa qalxdı Əfi, - amma mən İslamın Adam seçilməsini qəbul eləmirəm, eləməyəcəyəm də! Nə???- Böyük Ata çaşqınlıqdan və qəzəbdən qaraldı. Mən onu qəbul eləmirəm! Vəssalam! Məni lənətləyə bilərsiz, dərgahdan qova da bilərsiz, öldürə də bilərsiz, amma qəbul elətdirə bilməzsiniz bu ürəksiz birisinin Adam seçilməsini, heç vaxt qəbul eləməyəcəm! Əfi! Sən nə danışdığının fərqindəsənmi? – Böyük Ata bağırdı, - bu, mənim qərarımdı və bu qərar müzakirə olunmur, sadəcə qəbul olunur, kimsənin ixtiyarı yoxdur etiraz eləməyə! Kimsənin ixtiyarı yoxdur, anladınızmı? ... Aida! Səndəmi? Sən də baş əyməmisən axı, - Böyük Ata mənə baxdı. Mən...- mən irəli getdim, Əfinin gözlərindən oxuduğum bir dünya sevgi, bir dünya üsyan və bür dünya dəhşət bürüdü məni tamam, İslamın qarşısında dayandım, - mən də ona baş əyməliyəm? – sakitcə soruşdum.

Əlbəttə, mütləq! – dedi Böyük Ata.

İslama baxdım, gözlərindən oxumaq istədim nəsə. Amma nə? Nə axtarırdım ki onun gözlərində artıq? Bu, mənim bütün ruhumla sevdiyim adam idi, mən həyatımı onun ayaqları altına atmağa hazır idim, mən bir ömür boyunca başımı onun dizlərinə qoyub şirin, şipşirin bir yuxudaymışam kimi yaşamaq istərdim...amma indi, qarşımda xudpəsənd, hər kəsin ona təzim eləməsini istəyən sıradan bir eqoist vardı, ürəksiz, ruhsuz, sevgisiz... O, mənim Adamım deyil, mən ona baş əyməyəcəm, - pıçıldadım sadəcə. Əfi dizləri üstə çökdü, İslam əlini onun başına aparmaq istədiyi andaca mən ona baxdım, o da eynən atası kimi, qaçırtdı gözlərini məndən, eynən atası kimi, qəzəblə baxdı Əfiyə. Mən İlahə Aidaya təzim elədim, sənə yox! – dedi Əfi onun əlini itələyərək. Ilahə? – İslam üzümə baxıb çaşdı, sonra qəhqəhəylə gülməyə başladı, - bircə demə ki cənnət də onun ayaqları altındadır. Yaradana Eşq! – bağırdı Böyük Ata, - Yaradana Eşq! Mən belə biabırçı bir məclis gözləmirdim sizlərdən! Əfi, Aida, İslam! Heç sizdən də gözləməzdim! Yaradana Eşq! – hər dəfəkindən daha pərakəndə və daha sakit səsləndilər övladlar. Mən İslamı dərgahın Adamı, özümün əvəzedicim elan edirəm bir daha və mərasimi bitmiş sayıram, hamınız gedə bilərsiniz, Əfidən başqa.

Biz otaqlarımıza çəkildik, mən dərgah övladlarının qınayıcı baxışları altında addımlayırdım və sonra Maa yanıma gəldi: Sən Əfiyə fikir vermə, o, özü istəyirdi dərgahın Adamı seçilsin, Böyük Atadan bu dəyəri istəmişdi hər zaman, amma seçilmədi deyə qısqandı, ürəyinin paxıllıq, həsəd duyğuları oyandı, indi bir az söhbət eləyəcək Böyük Atayla, sakitləşəcək, sən də dincəl, gecə Böyük Atanın hüzuruna aparılacaqsan.

Sonra Seva gəldi. Mən qorxuram dedi, çox qorxuram burda, adamda qəribə hisslər oyanır burda yaşadıqca, hər gün daha bir az ölmək istəyirsən, hər gün intihar eləmək keçir ağlından, ya qaçmaq, ya ölmək, təki burda yaşamamaq, Aida, heç bu uşağı da doğmaq istəmirəm, and içirəm ki, istəmirəm, doğulmasın, nolar, yaşamağa məhkum olmasın burda, olmasın...deyə ağladı o ki var... Gecə birin yarısı olardı ki, Əfi gəldi. Uzun, qapqara əba geyinmişdi. Qapının ağzında dayanıb sakitcə gözlərimin içinə baxmağa başladı. Heç nə söyləmədi, amma mən onun ardınca getməli olduğumu anladım və həmən yuxudaymış kimi ayağa qalxdım.

Qədim bir şəhər idi, qədimi evlər, qədimi evlərin pəncərələrindən boylanan qədimi qadınlar, küçələrdə oynaşan yarımçılpaq uşaqlar, səssizlik, ağırlıq, alaqaranlıq vardı hər tərəfdə. Əfi uzun qara əbasının ətəklərini küləyə verə-verə qabaqda gedirdi, mən bayaq mərasimə geyinməli olduğum qara, uzun ipək donumda üşüyürdüm, əynimdə bu dondan başqa heç nə yox idi, şəhərin xırdaca daşları-çınqılları yalın ayaqlarımı ağrıdırdı. Nə qədər məscid vardı bu şəhərdə, aman, nə qədər minarə ucalırdı göyə! Sonra biz bir tikilinin içiylə daş pillələri qalxmağa başladıq. Mən tikilinin qapısı ağzında düzülmüş daş lövhələrdən birini götürüb sinəmə sıxdım, heç bir söz deməsə də, anlayırdım ki, qeyd-şərtsiz olaraq Əfinin istəklərinə əməl edirəm və bu öz boyum boyda daş lövhəni də ta ruhumun ərşə çəkiləcəyi məkana qədər aparmalıyam. Yolun yarısında yoruldum. Əfi geriyə dönüb mənə baxdı. Yorulmuşam, - dedim, - gedə bilmirəm. ... Çox ağrıdacaq? Bu, əzablı bir şeydir, hə? ... Böyük Ata özü də ordadı? Yuxarıda? ... Susmaaa!!! ...

Qız qalasının üstündəydik. Mən idim, sağ tərəfimdə Əfi, solda isə baxmadığım, baxmaq da istəmədiyim üçün görmədiyim Böyük Ata. Mən şəhərə baxdım. Aşağıya baxdıqca, məni arxasınca sürükləyən uçmaq, yıxılmaq, yerə çırpılmaq hissinə hər an daha artıq yenildiyimin fərqindəydim. Külək saçlarımı alıb aparmaq istəyirdi özüylə, uzaq qaranlıqlar baxışlarımı…

Və aşağıda dəniz vardı… Xəzər bütün varlığıyla çırpılırdı Qız qalasının divarlarına. Gülümsədim, amma dodaqlarım belə qaçmadan, yalnız gözlərimin içindən gülümsədim, bax, bu halımla əllərimi qarşımdakı daş tikiliyə qoyub sanki yuxarıdan aşağılara indicə uçacaqmışam kimi baxdım, baxdım dənizin sularının ay işığındakı qara-göyümtül mirvari dənələri kimi parıldamasına... O, bakirə deyil, - dedi Əfi. Anlamadım…- Böyük Atanın səsini də eşitdim. Sadə bir şey dedim, bakirə deyil o, vəssalam. Kim??? – Böyük Ata Əfinin yaxasından tutub silkələdi, - kim eləyib bunu? Mən, - dedi sakitcə Əfi. Əfi! – mən üzümü dənizdən çevirib arxaya dönüncə, Böyük Atanın Əfini aşağıya itələdiyini gördüm, özümlə bərabər kimsə də bağırdı, həmən anlamadımsa da, azca sonra Böyük Atayla əlbəyaxa olub süpürləşən Sevanı tanıdım və dəhşət içərisində onlara sarı cumarkən hər ikisi aşağı yuvarlandı.


Tarix: 09.06.2015 / 12:26 Müəllif: Aziza Baxılıb: 287 Bölmə: Cavidan "Namə"