beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

11-ci hissə*

Qapı bir də döyüldü, Əfi bir də çıxdı və bu dəfə içəriyə o yox, İslam girdi. Mən həmən ayağa qalxdım. Bütün ruhumla uçundum. Bu, o idi - mənim İslamım…

Aida, - pıçıldadı o, - nə yaxşı gəldin, Aida, nə yaxşı… İslam, - mən onun boynuna sarıldım bir andaca, üzümü köksündə gizlədib ağlamağa başladım, alnımdan, saçlarımdan, gözlərimdən, yanaqlarımdan, dodaqlarımdan öpdü, - hardaydın sən, hardaydın, dəlim, hardaydın, mən axı səni axtarırdım, başa düşürsən? – mən onun saçlarını, gözlərini, yanaqlarını, dodaqlarını öpdüm…

Hə, onu tapmışdım, onun yanındaydım, onunla eyni dərgahı, eyni övladları, eyni Atanı paylaşırdım artıq, indi mənim də qara mirvaridən təsbehim vardı, indi mən də dünyanın ilk insanının göz yaşlarını barmaqlarımın arasından bircə-bircə dənələyib ötürərək “Yaradana eşq!” deyirdim, indi mən də “Qara mirvari”liydim. Böyük Ata ayda bircə dəfə - Ay bədirlənən axşamlarda görünürdü. Qalan vaxtlarını kitab yazmağa həsr etdiyini söyləyirdilər. Dərgahın bütün əsas təşkilati işləriylə Əfi məşğul olurdu. Mən onun xətrini çox istəyirdim, elə o da çox istəyirdi məni, az qala hər gün otağına gedirdim və bildiyim, bilmədiyim hər şey barədə söhbətlərini dinləyərdim. Özüm isə ona Krişnadan danışardım, məbədlə bağlı həyatımdan, evdəki səcdəgahımdan, axşam ibadətləri vaxtı oxuduğumuz nəğmələrdən, oynadığımız rəqslərdən, karatallardan, mrdanqadan, fizqarmondan… Əfi məndən az qala hər gün xahiş edirdi ki, İslamı tez-tez narahat eləməyim, çünki, mən hələ ruhən tam hazır deyiləm dərgah həyatına və özüm də bilmədən, istəmədən İslamın ruh halının müvazinətini poza bilərəm, o isə bu dərgahın ən ali dərəcəli ilk və yeganə övladıdır hələ ki, elə buna görə də qalan bütün övladlar üçün nümunə kimi yaşamalıdır dərgah həyatını. Böyük Atanın İslam üçün öz planları var, günlərin bir günündə onu Adam elan eləyəcək, bunun üçün dərgahda xüsusi ritual keçiriləcək, İslam Adam seçiləndən sonra onun üçün Həvvaya bəraət qazandıracaq bakirə qız ayrılacaq, daha sonra cənnət dövrü olacaq onların, ta dünyanın sonuna qədər birgə olmaq şansını qazanacaqlar Böyük Atadan və dərgah övladlarından. - Düzü, anlamıram, Əfi, - mən sözünü kəsmişdim onun, - bildiyimə görə, dərgahda cinsi əlaqə tamamilə qadağandır və hətta uşaqlar da yalnız süni mayalanma ilə gətirilirlər dünyaya, heç bir qadın da hansı kişinin uşağını doğduğunu belə bilmir. - Doğrudur, - demişdi Əfi. - Bəs Adam üçün qız seçilərkən bu ikisinə ayrıca imtiyazlar verilmirmi? - Aha, onlar dərgahın yeganə ər-arvad cütlüyü olacaqlar, ölənədək bir yerdə yaşayacaqlar, amma heç bir zaman nə cinsi əlaqələri olacaq, nə də uşaqları. - Axı niyə? - Adəmlə Həvvanın günahını təmizləmək üçün, Aida, Yer üzünü bu xəyanətin əzablarından və rüsvayçılığından qurtarmaq üçün, anlayırsanmı! Biz öz əcdadlarımızın Yaradan qarşısındakı xəyanətlərinin bəraətini qazanmaq üçün dərgahdayıq, başqa nə üçünsə deyil! - Bəs o günahın ağırlığı? Bərabərmi bölünəcək bu? Adam da, qız da Adəmlə Həvva kimi olacaqlar yoxsa? Günah Həvvadan sayılacaq, eləmi? - Hə, günahın əsas cəzası Həvvanın hesab olunur, o, ilk olaraq əhv edilməlidir Yaradan tərəfindən, bunun üçün isə Böyük Atanın Adam üçün seçəcəyi bakirə qızın pak ruhu
gərək olacaq, o ruhu geriyə, Yaradanın səmalardakı Dərgahına bağışlamaq gərək olacaq, bağışlamasaq, bağışlanmayacağıq çünki. Heç nə anlamıram. Mənsə artıq çox şeyi anlayıram, Aida, - Əfinin gözləri qüssədən işığını elə itirdi ki, ürəyim sıxıldı. Əfi, o qız qurban ediləcək? … Soruşuram səndən, o qız qurban ediləcək? Yox!- birdən o yerindən qalxaraq qapıya tərəf getdi, çıxarkən bir də dönüb, əməllibaşlı dolmuş gözlərini məndən gizlətməyi belə unudaraq qətiyyətlə dilləndi, - heç vaxt ola bilməz bu, heç vaxt!

Mən anlayırdım onu. Əfi mənə dəli kimi aşiq olmuşdu, sevirdi məni əməlli-başlı. Hisslərini nə qədər gizlətsə də, baxışlarını nə qədər üzümdən qaçırsa da, son vaxtlar öz otağında təkliyə nə qədər çox qapılsa da mən onun hər saniyə, hər bir an yanımda olduğunu, məni izlədiyini, bircə kiprik qırpımı qədər də olsun nəzərindən kənar saxlamadığını dəqiq bilirdim. İslam isə indi daha çox Böyük Atanın yanında olurdu, kitablar oxuyur, kitablar yazır, artıq həftəlik məruzələrlə çıxışlar eləyirdi dərgahın ümumi zalında övladlar üçün. Yenə doğma idi mənə, yenə sevirdim onu, sevirdim demək azdır, nəfəs alırdım onunla, bilirsən! O isə dərgahın Adamı seçilmək üçün çalışırdı sadəcə. Yadında, mən çox darıxırdım həmin axşam? Qızlarla birgə yatdığım otaqdan çıxıb dərgahı dolaşmağa başladım. Dəhlizdən dəhliz, eyvandan eyvana adlaya-adlaya dərgahın hələ o gecəyə qədər görmədiyim yerlərini də gəzirdim ki dəhlizlərin ən uzun və ən qaranlığının sonunda taqqıltı səsi eşidildi. Bu vaxt buraları dolaşmaq olmaz bəlkə deyə düşünərək həmən dinməzcə geriyə, öz yerimə qayıdırdım ki arxadan səs eşitdim: - Aida! Əfi idi. Məncə o, mənim adımı sadəcə pıçıldadı, amma o qədər uzaq idi ki. - Aida, gəl bura, - bu dəfə lap qulağımın yanında pıçıldadı, mən hətta onun nəfəsinin boynumu necə qarsdığını da hiss elədim. Ayaqlarım əsdi, ürəyimin çırpıntılarını aydınca eşidə-eşidə dönüb ona tərəf baxdım, uzaq idi, dəhlizin lap sonundaki qapının ağzında dayanmışdı, - gəl, qorxma, gözləyirəm. Qulaqlarımı qapayıb dəli kimi qaçdım ordan, qızların yanına qayıdıb həmən yatağıma girdim, yorğanı başıma qədər çəkib nəfəsimi qısdım, qışqırmamaq üçün əlimi dişləyib dayandım. - Aidaaa…- pıçıldadı yenə qulağıma, - gəl bura, gəl, eşidirsən? Gəl…- Əfi getdikcə səsini qaldırmağa başladı, sonra isə güldü, ucadan, uzun-uzadı güldü, dayanmadan
qəhqəhə çəkdi, mən bir də onda ayıldım ki, qızlar başıma yığışıb məni silkələyir, “bəsdi, qışqırma, bağırma” deyə sakitləşdirməyə çalışırlar. Mən qışqırırdımmı? Deyəsən hə axı… Növbəti gecə də eynilə təkrarlandı bu halım. Əfi səhərə qədər qulağımın içindən çağırdı məni, mən də səhərə qədər bağırdım. Bu iki gecənin heç birisinin gündüzündə dərgahın heç bir tərəfində gözə dəymədi Əfi, mən də heç kəsə heç nə söyləmədim, düşündüm bəlkə də yuxu olub bu, qarabasma olub ya da, axı əvvəllər də olurdu qəribə yuxularım. Üçüncü gecə isə… - Aida! - Əfi çağırdı və… Və mən getdim. Hər addımımda, ürəyimin hər bir döyüntüsündə hiss elədim onun mənim yanımda olduğunu. Qaranlıq, uzun dəhlizin sonundakı qapının ağzında kimsə yox idi, mən içəri keçdim, boyumdan iki ya üç boy hündür olan ağır stellajlar vardı burada, qədimliyi, ağırlığı toxunmadan belə hiss olunan saysız-hesabsız kitablar düşzülmüşdü rəflərdə. Başımı qaldırıb sonuncu rəfin sonuncu kitabını görmək istədim, alınmadı, pəncələrim, sonra barmaqlarım üstə qalxsam da görə bilməzdim onları, çox ucadaydılar. - Kitab istəyirsən? – nəfəsi yenə qarsdı boynumu. - Əfi, - nəfəsimi qısıb dəhşətlə pıçıldadım, - məni niyə qorxudursan? - Qorxma deyirəm axı hər dəfə, - o, stellajın o tərəfindən dillənsə də nəfəsi qulağımın sırğalığından sürüşdü, dodaqlarının toxunuşunu hiss elədim boynumda, gözlərim yumuldu qeyri-iradi, içimi çəkib özümü və özümlə bu anlarda baş verənləri anlamağa çalışdım. - Nələr olur, Əfi? - Bilmirəm, - köksünü ötürdü, səsində bir dünya kədər duydum, bilmirəm, Aida. - Niyə məni üç gecədir bura çağırırsan? - Mən istəmirəm sən İslamı sevəsən, mən istəyirəm sən unudasan onu, atasan ürəyindən, rədd eləyəsən ruhundan tamamilə, nə bilim, lap başqasını sevəsən, lap başqasıyla gedəsən, amma gedəsən, Aida, qalmayasan burda. - Mən gedə bilməyəcəm, bilirsən axı, - dedim. - Getməlisən amma, getməlisən, anla, sənin evin deyil bura, sənin evin ordadı, Krişnanın yanında! - Bu nə deməkdi, Əfi? Sən bütün dinlərin bir Yaradana apardığını bilmirsənmi? Nə fərqi hansını seçərsən ki? - Fərqi çoxdu, bax, şəhərin o başındakı bir konkret mənzil var tutaq ki, o mənzilə çatmaq üçün saysız-hesabsız yollar da var, nəqliyyat növləri də Baxır sən hansı yolla və hansı nəqliyyat növüylə gedəcəksən. Bəlkə elə ən kəsə yolu payi-piyada yollandın, nə bilmək olar ki?! - Əfi, sən nəyisə gizlədirsən məndən, hiss edirəm axı, İslamla bağlıdı bu, hə? Böyük Ata hara aparıb onu və niyə aparıb? - Tibetə gediblər, bilirsən, hamı bilir.

Yox, inanmıram, inanmıram, sən gizlədirsən nəyisə. Ona nəsə olub? De. Yox, ona heç nə olmayıb, özü də tək deyil, Böyük Ata qırx gün, qırx gecə yanında dayanacaq onun, sonra isə dərgahda ritual olacaq, hamıya Adam ismi ilə təqdim ediləcək İslam. Və sonra ona qız seçəcəklər? Arvadı olmaq üçün? Hə, Aida. Kimi? Bilmirəm. Amma sən olmazsan bu, çünki mən bunu istəmirəm, olmaz sənə onun arvadı olmaq, olmaz. Niyə axı. Xahiş edirəm…- Əfi qarşıma gəlib əllərimi tutdu, - xahiş edirəm, Aida, İslam gələn kimi onunla görüş, heç olmasa bir gecə qal onunla, yat onunla, cinsi əlaqədə ol, xahiş edirəm. Heç nə anlamıram…- mən donmuşdum az qala. Heç nə də anlamağa çalışma, sadəcə yat onunla, yat, bakirə qalma, eşidirsən? Qalma! … And iç ki bunu eləyəcəksən. … And iç! Yox! Onda özüm yataram səninlə… Yox… Gəl bura, - o məni özünə çəkib dəli kimi öpməyə, qucaqlamağa, əynimi soyundurmağa başladı, - yalvarıram, yalvarıram sənə… Burax, Əfi, burax, nolar, mən sənə yalvarıram, burax – desəm də anlamaq, dinləmək istəmirdi, üzü sinəmə sıxılmışdı, əlləri uzun gecə donumun ətətklərini dartışdırır, ayaqlarımı sıxırdı, mən hər an daha çox yenildiyimi hiss edirdim, nəfəsi od kimi yandırırdı köksümü, dodaqlarım aralanmış, gözlərim qapanmışdı, barmaqlarım saçlarında dolaşırdı artıq, bir az da keçsəydi, bir azca da keçsəydi…ya da məni çırpıb sıxdığı stellajın kitabları üstümüzə dağılmasaydı…

Nə olacaqdı görəsən? Mən hələ də anlaya bilmirəm o zamankı özümü, anlada bilmirəm yazdıqlarımda, amma tək ümidim onadır ki, Sən məni anlayırdın, Sən bilirdin mən nəyi nə üçün eləyirəm və nəyi nə üçün eləmirəm. Həmin gecənin həmin anlarında üstümüzə tökülən kitablardan qaçıb dəhlizin qaranlıq darlığına sığınanda ürəyimdə qəribə bir boşluğun yarandığını hiss elədim. Üst-başımı düzəldib saçlarımı yığanda əllərimdə duyduğum soyuqluq üşütdü məni, indicə yad bir kişinin saçlarında gəzişən barmaqlarımdan iyrəndiyimi başa düşdüm, daha sonra dodaqlarıma, boynuma, sinəmə, baldırlarıma yayıldı bu hiss, Əfinin toxunduğu, Əfiyə toxunan hər yerim özgələşdi mənə birdən-birə, son üç gecə boyunca məni yatağımdan dartıb bu dəhlizin qaranlıqlarına çəkən qüvvənin sadəcə və sadəcə ehtiras, şəhvət olduğunu anlayınca, hirsimdən dodağımı sıxıb səssiz-səmirsiz ağlamağa başladım.

Əfi yaxınlaşıb başımı sinəsinə sıxdı və mən ona daha bərk sarılaraq indi artıq əməlli-başlı hönkürdüm. - Ağlama, bağışla, yaxşı? – saçlarımdan öpüb dedi, səsi titrəyirdi, - mən əminəm ki sənə belə daha yaxşıdı, belə daha rahat olacaqsan, sevgi, şəhvət, mənasız bədən və ruh istəkləri unudulsun qoy, içini özünlə doldur, içində özün ol, içində özün yaşa. - Mən sadəcə qadınam, Əfi, sıradan bir qadın. - Mənsə sıradan bir kişi kimi apardım özümü, çünki sən özünü sıradan qadın kimi hiss eləmişdin. - Mən sadəcə… - Sus…sən sadəcə mələksən. Mən sənin sıradan bir adama görə ruhundan keçməyini qəbul eləyə bilmirəm, qəbul eləməyəcəm də. - Nələr olur, Əfi? - Deyəcəm…

Biz yerə dağılan kitabların hamısını yığıb rəflərə düzdük. Mən onların hər birisini açmaq, vərəqləmək, içini görmək istəyirdim, amma Əfi həmən əlimdən alır, üz qabığında nə yazıldığını belə görməyimə imkan vermirdi. Bütün kitablar yerlərinə qoyuldu. - Kitab istəyirsən? – soruşdu. Və… Düz-dünya başıma hərləndi bu sualdan. İlahi! Mən onun səsini eşidib bura gəldiyim anda soruşmuşdu o bunu. Mənsə “Əfi, məni niyə qorxudursan?”,- deyə nəfəsimi qısıb dəhşətlə pıçıldamışdım. “Qorxma deyirəm axı hər dəfə”,- deyə stellajın o tərəfindən dillənsə də nəfəsinin qulağımın sırğalığından sürüşdüyünü, dodaqlarının toxunuşunu hiss eləmişdim boynumda, gözlərim yumulmuşdu qeyri-iradi, içimi çəkib özümü və özümlə bu anlarda baş verənləri anlamağa çalışmışdım. Və həmin o anlardan indiyə qədər nələr baş vermişdisə, hamısı bircə nəfəs çəkiminə, bircə kiprik qırpımına sığmışdı sadəcə, burada - real və maddi dünyada bircə ana sığınan bütöv bir ömür də yaşamaq mümkünmüş real və maddi olmayana adlayaraq, anladım bunu, anladım və utandım özümdən də, Əfidən də, Səndən də… - Bax, budur sənin kitabın, sənin olan budur, al! - deyə buradakı kitabların hamısından daha naziyini və daha balacasını götürərək mənə uzatdı. - Nədi bu? – aldım. - Aç… Açdım.

Hər səhifəsinə qara tuşla qravürlər çəkilmişdi, qravürlərin altında yazılar vardı, qaralanmışdı bəzi yerlər, oxumaq olmurdu, bəzi vərəqlər əzik-üzük idi, bəziləri yarımçıq çırılıb götürülmüşdü. Bir-bir çevirdim vərəqləri, bir-bir adladım qravürləri və qeydləri, ta sonuncu səhifəsinə çatana qədər susdu Əfi, mən də heç nə soruşmadım. Amma sonuncu səhifədə başımı qaldırıb Əfinin gözlərinin içinə baxmaya bilmədim, o, dözmədi baxmağıma, gözlərini qapayıb köksünü ötürdü. Mən özümdən asılı olmadan əllərimlə möhkəmcə sıxdığım kitabın üstünə əyildim yenə. Son səhifədə mənim şəklim vardı!!! Bura çox qızlar gəlib, Aida, çox qızlar inanıb yer üzündə Allahın daha bir evinin kandarından içəri adlayıb ömrünü haqqa, dinə, ibadətə, daha nə bilim ilahi eşqə-filana həsr eləmək şansı qazandığına. Eləcə də oğlanlar. Hamısı da bir-birindən gənc, birbirindən ağıllı, bir-birindən savadlı…Adam dəhşətə gəlir bu gəncləri görəndə. Nə vadar edir onları Bakını hörümçək toru kimi sarıb boğan sektalara, dini mərkəzlərə can atmağa, anlaya bilmirəm?! Belədə baxsan, araşdırsan, əksəriyyəti intellektual səviyyəsi cəmiyyətin ümumi səviyyəsindən daha üstün olan ailələrdən çıxıblar, amma bu ailələri də gedib axtarsan, içini qurdalasan, hər birində xaos görəcəksən. Bu adamlar anlamaq istəmirlər ki, insan özü özünü tanıyıb özü özünü sevməyincə, özü özünə hörmət etməyincə nə din, nə də dinsizlik qurtara bilməyəcək onun ruhunu, ürəyi can atdığı hər yerdə, hər fəaliyyətin içində narahat qalacaq, məmnunluq tapmayacaq. Və narahat olduqları üçün də ən sıradan məişət davalarından tutub ən böyük dövlət çevrilişlərinə cəhdlərə qədər xərcləyəcəklər enerjilərini. Hamısı da beyhudə və puç, illüzor və şeytani. Başları qarışınca da, özlərini hər dəqiqə aldadacaqlar hər gün daha bir az vacib nə iləsə məşğul olduqlarına, alqışlayacaqlar özləri kimi olanları və ittiham eləyəcəklər özləri kimi olmayanları, halbuki, alqışladıqları da, ittiham elədikləri də aldanış içərisində çabalayır sadəcə. Beləcə ömür keçəcək, beləcə ailə sıxacaq, beləcə ailədən kənarda sevgi və şəfqət axtarışları başlayacaq, beləcə də uşaqlar qalacaq diqqətsiz. Diqqətsiz qalmışınsa diqqətini çəkməyə həmən hazır olan nələr və daha nələr var bilsən! Narkotika dünyası, seks və porno aləmi, cinayət və azart cazibəsi alacaq aparacaq onları analarının, atalarının daima siyasətə, pula, şöhrətə, dinə açıldığından boş qalmış qucaqlarından. Və bir gün də mütləq bir sektaya ilişəcəklər bu uşaqlar, orda yalançı ruhani ustadlar oynadacaq onları marionetka kimi, zombiyə çevirəcək, milliyyətini, mədəniyyətini, tarixini, ədəbiyyatını, yazı dilini, danışıq tərzini unutduracaq, bu uşaqların nə nağılı olacaq öz gələcək körpələrinə danışmağa, nə laylası, onlar dini mərsiyyələr və nəğmələrlə nəfəs alacaqlar çünki, ruhani kitablar oxuyacaqlar çünki, peyğəmbərlərin, tanrıçaların, övliyaların həyat və yaradıcılığını əzbərləyəcəklər çünki, indi bizim – sənin, mənim, daha hansısa bizim nəslə aid olan insanların yaxınlarının evlərində hələ az da olsa sivil və real dünyanın atributları var, hələ kimlərsə tarix öyrənir və yazır, kimlərsə incəsənət və mədəniyyət nədir deyə anlayır, kimlərsə bədii ədəbiyyat yaradır və axtarır, kimlərsə elmin, biliyin gərəkliyini dərk eləyir, amma vaxt olacaq, silinəcək bütün bunlar da, Aida! Sən öz yaxınlarını çəkib sektant edəcəksən, mən öz yaxınlarımı, bir başqası özününküləri…kimi vedalara sığınacaq, Hindistana
öklənəcək, kimi ərəblərə, əfqanlara, kimi daha kimlərə və nələrə, axtarsan, bu ölkədə adamyeyənlər kultu da tapacaqsan mütləq. Hər yola gedəcəklər, hər dona girəcəklər, təki özlərindən qaçsınlar, təki özləri olmasınlar, insan özü özü kimi olmaqdan necə imtina edərmiş, aman!!! Əfi… Suus! Sən ananın sənin səcdəgahını dağıtdığından gileylənirsən, amma axı ananın da səcdəgahı vardı, sən idin o səcdəgahın tanrıçası, sənə görə yaşayırdı anan! Atalar soyuq olur, unutma! Atalar getməyi bacarırlar, uzaqdan uzağa evlərini vaxtaşırı izləsələr də, özləri hamıdan daha gözəl anlayırlar arxalarınca çırpdıqları qapıların bir daha üzlərinə açılmayacağını. Analarsa belə deyillər, belə deyillər, Aida. Bax burda dərgahda hamilə bir qadın var, əvvəl fahişə olub, indi köməksiz, pulsuz, xəstə halında bizim övladlardan birinə rast gəlib küçədə diləndiyi yerdə, gətiriblər bura, səncə o, nəyə görə, kimə görə dilənirdi? Bircə demə ki, hamilə olmasaydı, sağlam olsaydı yenə fahişəlik edərdi, canında var-filan. Yox! O, atasının kim olduğunu belə bilmədiyi körpəsi üçün yaşayır, yalnız onun üçün, onun xətrinə, təsəvvür edirsənmi? İçində səcdəgah bəsləyir özü üçün, sonra bütün həyatını o səcdəgahın xidmətçisi kimi yaşamağa həsr eləyəcək. Mən heç vaxt ana olmayacam, heç vaxt uşaq gətirməyəcəm dünyaya, nifrət eləyirəm həyata, insanlara, hər şeyə, hər kəsə! Sən sevirsən, sən hamısıyla, hər şeyiylə sevirsən dünyanı, çünki bu dünyanın sahibini sevirsən, bu dünyanı sevə-sevə yaradıb indi onu acı-acı, təəssüf dolu nəzərləriylə seyr eləyən Yaradanı sevirsən, içindəki acı da Onundu sadəcə, təəssüf də Onundu… Mənim uşağım olmayacaq! Demək sənin səcdəgahın olmayacaq… Mən İslamı gözləyirəm. Mən onu gözləməyi sənə qadağan edirəm! Sən bilmirsən… Nəyi? Onun səni sevmək nədir, heç adi bir tələbə yoldaşı kimi də olsa düşünmədiyini? Sənin ruhunu qurban seçən Böyük Ataya qarşı çıxmadığını? Özünün Adam seçilmək ehtirasına görə Səndən keçdiyini? Yoxsa son illər az qala hər iki ya üç aydan bir Qız qalasından özünü atıb intihar eləyən qızların ölüm hökmünün harda və necə verildiyini? Nə danışırsan??? Onlar axmaq bir fəlsəfə uydurublar, anlayırsanmı? Guya Allah Adəmi, sonra da Həvvanı yaradıb, sonra onları Cənnətdə yaşamağa buraxıb, sonra onlar qadağan meyvədən dadıblar deyə Yerə sürgün ediliblər. İblis çıxarıbmış Həvvanı yoldan, gözlərini açıbmış, və sair və ilaxır və ilaxır…İndi Böyük Ata təlim yazıb, illərini verib bu yazısına, dərgah yaradıb, övladlar cəmləyə bilib başına, onlara hər gün təlqin edilir ki, bu dünyanın yeganə xilası – Həvvanın bəraət alacağı gündən keçir, bu bəraəti qazandıracaq qadının, daha doğrusu, bakirə qızın ruhu nə maddi, nə ruhi dünyada deyil, bu ikisinin arasında əbədi sıxıntıya təslim edilməyincə rəvanı düzəlməyəcəkmiş iki dünyanın hərəkətinin… Əfi! Sus! Mən səni zorlamırdım, mən indi, bu dəqiqə həyatımdan keçməyə hazıram ki, səni dünyanın ən dəhşətli, ən murdar bir manyakı gəlib zülm verə-verə zorlasın, təki qurban seçilməyəsən.

Qorx, qorxmağını istəyirəm, qorxmasan üsyan eləməyəcəksən çünki, qorxmasan aldatmayacaqsan çünki, qorxmasan qurtulmaq üçün çabalamayacaqsan çünki. … Aida, qulaq as, onlar inanırlar ki, Qız qalası binayi-qədimdən bakirə qızların qurbangah yeri olub, zaman-zaman oradan özünü atan qızların heç birisi Həvvaya qazandıra bilməyib onun yenidən Allah dərgahına qayıtmaq haqqını, yuya bilməyib İblisə uymaq günahını, günahı Xəzər yumalıdı, o da uzaqdı Qız qalasından, atılan qurbanları qəbul eləyə bilmir. Onda bunu davam etməyin mənası nədir ki? Mən nə bilim mənası nədir! Mənasını Böyük Ata belə izah eləyir – hətta quruya, yəni səkiyə düşən qızı da əgər o tamamilə pak bir bakirədirsə, Xəzər qəbul eləməlidi, vəssalam. Adam dəli olar… Adam demə! Bu sözü eşidəndə belə havalanıram! İslamı öldürməyə hazıram, təsəvvür edirsən? Əfi! Əl çək məndən! Yaxşısı budur get üçüncü dəhlizin sonundakı otaqda o dediyim hamilə fahişədən səcdəgaha ibadət dərsini öyrənməyə çalış, mənimlə danışdıqlarını da unut getsin, sənə heç nə deməmişəm mən, heç bircə kəlmə belə!

Bu məktubu yazmayacam sənə. Elə - belə, qanım qaradı. Yazmayacam, vəssalam...

Əfinin dediyi otağın qapısını astaca taqqıldatdığım zaman birdən yadıma düşdü ki, gecənin yarısından çoxu keçib və qadın bu vaxta yatmış olar, belə halında onu narahat eləməyim düz deyil. Amma üzümü çevirib geri getmək qərarımı verincə, içəridən addım və qadın səsi gəldi: Kimdir?

Bağışlayın, - dedim və səsin mənə çox, lap çox tanış gəlməsindən çaşdım, - narahat olmayın, qapıları səhv salmışdım. Aida! – içəridən eşitdim və qapı açılan kimi artıq səsini tam tanıdığım Seva boynuma sarılıb hönkür-hönkür ağlamağa başladı. Sevaaa, sən burda neynirsən?! - təəccübdən ölə-ölə soruşdum, - hər şey ağlıma gələrdi, amma bu yox, Seva, bu nə deməkdi axı, danış görüm bir, sakitləş və danış...

Atam Sevanı və Yusifi evimizdən qovandan sonra zavallı qız küçədə qalıbmış, bir neçə gecə işlədiyi restoranda yatsa da, sonralar müdir onun hər gün daha bir az halsızlaşdığını görüb həkimə yollamış, hamilə olduğunu bilincə də gedib ya abort eləməsini, ya uşağının atasını tapmasını, ya da bu restoranın yolunu belə yaddan çıxartmasını tələb eləyibmiş. Seva Fərmanı axtarsa da o, qızın nə zənglərinə, nə xəbərlərinə cavab verməmiş, çox yəqin ki, sadəcə mənim atamın sözüylə onunla bütün əlaqələrini kəsmişdi. Sonradan Seva bir neçə dəfə mənim anamın yanına gedib, amma qapını onun üzünə açan olmayıb. Seva qonşulardan soruşanda öyrənə bilib ki, anam artıq həmin mənzili dəyər-dəyməzinə satıb şəhərin mərkəzindən çox uzaq məhəllələrin birində həyət evi alıb, lakin ünvanı kimsə bilmir. Sonra Seva ögüyə-ögüyə, başı hərlənə-hərlənə, canı ağrıya-ağrıya, əməlli–başlı küçə, tin fahişəsi kimi yalnız çörək və qəlyanaltıya bəs edəcək qədər pula görə görüşüb kişilərlə. Bunlar əyalət sürücüləri, kəndlərdən paytaxta meyvə-tərəvəz gətirən alverçilər, yeniyetmə oğlanlar imiş. Sevanın qarnı böyüdükcə müştəriləri azalırmış, bir gün bir kartofsatan ona kirayə ev tutub bir aylıq haqqını ödəyib, amma sonra həmin adam bir daha görünməyib və Seva bu mənzilindən də qovulub. Məni axtarıb xeyli, mənim kimi gedib məbəddə yaşamaq istəyib, tövbə eləmək, Allah yoluna dönmək üçün iynə ucu boyda ümid axtarıb yaşamağa, tapa bilməyib. Bir gün də kilsənin qabağındakı dilənçilərin yanında oturarkən ortayaşlı, dolubədənli bir qadın ona yaxınlaşıb, bir az pul, bir az ümid verib ona, bir dənə də vizit kartı. M.A.A. inisialları və bir ünvan varmış kartda. Sonra da orda yazılan ünvana gəldim, Maa-nı tanıdım, dərgah qadınlarının nəzarətçisi imiş, bura yalnız neçə aydan bir gəlirmiş və məni övladlara möhkəmcə tapşırdıqdan sonra xaricə, vacib işlərinin dalınca getdi. Sən onu tanıyırsan? Yox, amma haqqında oxumuşam bir azca – mən İslamın qara dəftərini xatırladım və Sevanın şişmiş üzünə, böyümüş qarnına baxıb gülümsədim, - yataq, Seva, səhər danışarıq. Hə, yaxşı, necə istərsən. Yeri gəlmişkən, içindəki kimdi – qız ya oğlan? – ayrılarkən dönüb soruşdum. Qızdı, - Seva nəhayət ki gülümsədi, - Maa bura gəlməzdən qabaq həkim müayinəsindən keçirtdi məni. Daha bir bədbəxt gəlmək istəyir yer üzünə, gəlib zülm çəkmək üçün doğulmaq istəyir və təsəvvür eləyirsənmi, Aida, bunun yeganə günahkarı mənəm. Belə demə, Allaha xoş getməz, - dedim. O mənim hayımda deyil, nəyinə lazımam ki?

Offff, - mən təzədən onun otağına qayıtdım və o təzədən mənim boynuma sarıldı. Yaşamaq istəmirəm, yaşamaq istəmirəm daha, istəmirəm, istəmirəm...onun doğulmasını da istəmirəm, yazıqdı, gəlməsin bura, gəlməsin...


Tarix: 09.06.2015 / 12:26 Müəllif: Aziza Baxılıb: 478 Bölmə: Cavidan "Namə"