beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

8-ci hissə*
8-ci hissə*

Quru mikrofona sarı əyilib danışırdı: - Krişna – Allah Ali Şəxs Kurukşetra döyüşündən Dvaraka şəhərinə qayıdarkən bütün paytaxt əhli onun pişvazına çıxmışdı, hətta kurtizankalar belə onu yaxından görmək və alqışlamaq üçün ölkənin hər yerindən meydana axışıb gəlmişdilər. Buradan anlaşılır ki, hətta dünyanın ən ideal cəmiyyətlərində belə kurtizankalar olub və əhali onların xidmətindən yararlanırmış. Düzdü, yaşamaq naminə, sırf maddi ehtiyac ucbatından insanın seçməyə məcbur olduğu şərəfsiz peşələr ola bilər, buna karma qanunlarının prizmasından baxsaq və səthi deyil, problemin tam kökündən aydınlaşdırmağa çalışaraq görsək, o zaman bir cəmiyyətdə kurtizankaların ayrıca sənət sahibləri kimi fəaliyyətlərinin həmin cəmiyyətdə zorakılıqların və mənəvi aşınmanın qarşısını nə qədər almağa qadir olmasını başa düşərik. Biz fahişəliyi heç bir halda təqdir eləmirik! Biz cinsi əlaqənin yalnız nigah daxilində və yalnız uşaq dünyaya gətirmək üçün həyata keçirilməsini öyrədirik təlimimizdə, sağlam cəmiyyət bizim əməl etdiyimiz əsas dörd prinsipi tanımayana qədər nizamdan-intizamdan, sabit və möhkəm dövlət quruculuğundan, inkişafdan, əmin-amanlıqdan, sülhdən bir dünya qədər uzaq olacaq. Bir - ət yeməmək, iki – uyuşduruculardan istifadə etməmək, üç – qumardan imtina etmək, dörd – nigahdankənar cinsi əlaqəyə girməmək, vəssalam. Bizə bütpərəst deyənlərin özləri pula, seksə, içkiyə, narkotikə, qumara səcdə eləmirmi?...Kiminsə sualı varmı? – o, eynəyinin arxasından hamıya göz gəzdirdi. - Var...-mən tərəddüddən ölə-ölə sözləri qarışdırıb danışmağa başladım, - Qurudev, əgər məbəddə sahaccilik meydana çıxsa, fədailər neyləməlidirlər? - Sahacci???- ruhani ustadın masmavi gözləri eynək şüşələrinin arxasından bərəlib çıxınca da məbəddə adamın canına qorxu salacaq qədər vahiməli bir uğultu dolaşdı, hamının nəzəri tək mənim üzümə dikilmişdi, gözlər hədəqəsindən çıxmış, ağızlar aralı qalmış, dodaqlar titrəyirdi...Məni sopsoyuq tər basdı... - Dərgahda sahaccimi var? – Quru səsini ucaldaraq indicə onun səsindən diksinib mənim üzümdən çəkilən nəzərləri axtardı, birdən eyni anda hamının düz gözlərinin içinə baxaraq soruşdu. Məbədə ölüm sükutu çökdü. Kimsə Qurunun üzünə baxa bilmir, kimsə səsini çıxarmır, kimsə nəfəs almırdı. - Yoox, mən istədim soruşam sadəcə, əgər birdən, lap birdən sahaccilik peyda olsa...bax, o zaman neyləmək lazımdı deyə.. mən nəhayət dilləndim və birdən Quru mənə baxıb, ucadan gülməyə başladı, eyni zamanda bütün fədailər də ona qoşulub, gülməyə başladılar, bir an sonra ruhumu kosmik bir nəhəng qəhqəhənin vibrasiyaları içərisində yellənən görüncə də, oturduğum yerdəcə sakitcə təzim eləyib, ayağa qalxdım və ümumi zaldan qarderoba gedərək gödəkçəmi götürdüm...

Aida! – Sima müəllimənin səsinə döndüm, o, ümumi zaldan çıxıb qarderoba gəlirdi. Siz də qalmadınız axıra qədər? – çəkmələrimi geyinə-geyinə soruşdum. Ürəyim sıxılır nəsə, bura da tünlükdü yamanca bu gün. Gördüm sən gedirsən, dedim elə qoşulum sənə, heç olmasa metroya qədər gedərik birgə, - o da plaşını asılqandan götürdü. Evə gedə bilməyəcəm yenə, mamayla dalaşmışıq. Masya gildə olacam, yəni...metroda da düz dörd stansiya bir yerdə ola bilərik, - onun çantasını aldım ki, çəkmələrini rahat geyinə bilsin.

Üç dəqiqədən sonra küçədəydik artıq. Məbəd də, fədailər də, Quru da arxamızca örtülən göy dəmir darvazadan o tərəfdə qalmışdılar. - Sənin sualın gözlənilməz oldu, mən özüm də çaşıb qalmışdım, nə məsələdi bu sahacci söhbəti? - Birdən ağlıma gəldi ki soruşum, dünən təzə gələn kitablara baxırdım, bir neçə yerdə rastıma çıxdı bu haqda yazılar, maraqlı gəldi. - Məbəddə sahacci olsa hər şey məhv olacaq, bütün yolumuz dağılacaq, Krişna özü bizi qorusun bundan...bir bax bu reklamın sözlərinə, gör Krişna özünü hər addımda, hər kəlmədə necə göstərir, amma adamların doqsan faizi bunu görmür, başa düşmür, dəhşətdi... Nəhəng bir fotoda kişi sinəsi, bu kişini arxadan qucaqlayan qadının əlləri və adamın gözünə girən hərflərlə yazılmış “ Hər şey onun ixtiyarındadır!” sözləri vardı. - Hər şey Onun ixtiyarındadır, Onun, tək Onun, - dedi Sima müəllimə, sonra qoluma girib balaca uşaq kimi mənə qısıldı, - qulaq as, Aida, gəl gedək bizə yenə, gedək, yaxşı? Yenə təkəm, darıxıram yaman. - Mən Sadiqlə şəhərə çıxmalıydım, söz vermişəm, həm də başımda qarışıqlıq var, əmin olmaq istədiyim şeylər var, ondan bəzi şeylər soruşacam, sonra isə deyərəm, gətirər məni sizə, olarmı? - Əlbəttə, canım, əlbəttə, gözləyəcəm, hələlik, - onunla qucaqlaşıb ayrıldıq və mən uzaqdan mənə əl eləyən Sadiqə sarı addımlamağa başladım. Mən onun qoluna girmişdim, şəhərin aynallı-şüşəli divarları boyunca ikilikdə gəzir, ən adi, ən sıradan məişət lətifələri danışır, ən məhşur TV verilişlərini müzakirə edir, radiolardan gələn mahnıları zümzümə edirdik. - Qəribə qızsan, - dedi Sadiq, - Radhanın bütün cəhətləri var səndə, kitablardakı iyirmi beş cəhətinin hamısı! Düz yeddi ildən sonra bütün Bakı biləcək sənin kim olduğunu, əmin ol. Və daha mühazirələrdə açıb tökmə sirlərimizi, oldumu? Onsuz da bir-iki nəfər başa düşüb bunu, əsas brahmanlar arasında gizli qərar da qəbul eləyiblər, bizim çevrədə olanlara məbəddə yemək hazırlamağa icazə vermirlər artıq, fizqarmona, karatallara əl vura bilmirik, həmən gəlib alırlar, ümumi zaldan çölə çıxarırlar, hətta fədailərə bizimlə yola çıxmaq da qadağan edilib.

Bəs necə olacaq? Neyləyəcəksiniz? Neyləyəcəyik? Biz neyləyəcəyik? Sən yox? Sən bizimlə deyilsən, Aida? Mən anlaya bilmirəm bunu, Sadiq, bax sevdiyim oğlan var, o da bir ayrı sektadandı “Qara mirvari”lilərdən. Amma burda siz məni Radha kimi görürsüz, axı mən Vahidi Radhanın Krişnanı gördüyü kimi görə bilmirəm! Bu, vacib də deyil. Guya Radha bilirdi ki, Krişna Allah Ali şəxsdi? Yox, bilmirdi! O, və bütün başqaları Krişnanın sadəcə qaraca bir çoban olduğunu düşünürdülər. Radha ərli bir qadın kimi gəlmişdi yer üzünə, Krişnaya vurulan, onu dəli kimi sevən bütün başqa qızlar-qadınlar kimi o da dəli-divanəydi bu qara çobandan ötrü, fleytasının səsi gəldimi, evini, işini-gücünü buraxıb gedirdi bu səsə sarı. Ehh, insanlar başa düşmürlər bu fəlsəfəni, özlərinin seksə, xəyanətə meylli olan düşüncələriylə, bəsit təfəkkürləriylə ölçüb dəyərləndirirlər Radha-Krişna münasibətlərini. Bir də görürsən birisi gəlir məbədə, baxır şəkillərə, soruşur: “ bu kimdi belə?” Deyirik: “ Krişnadı”, deyir:” Krişna kimdi?” Deyirik :”Allah Ali Şəxs”. Deyir: ”bəs bu qız kimdi Allahın yanında?” Qalırıq belə. Nə deyək? Birbaşa sevgilisidi deyəndə “ə, adam dolamısızmı, Allahın şəklini çəkməyiniz azdı, hələ bir Allahın sevgilisi də var deyə lağa qoyursuz milləti?“,- deyə təhqirə də keçirlər. Bunlara necə anladaq ki, bütün bu əfsanə və nağıl kimi görünənlərin arxasında Kainat boyda fəlsəfə dayanır, necə anladaq ki, Radha ərini belə buraxıb Krişnanın ardınca gedirdisə, bu, sadəcə bir qadının öz kişisinə xəyanəti deyildi, bu, bir örnək idi, insanın bu dünyada hər şeyi və hər kəsi buraxıb Allahı məhz sevgili kimi istəyib yoluyla getməsi örnəyidi, kişisini buraxıb cavan oğlana məşuqə olmaq nümunəsi yox. “İlahi Eşq” deyə-deyə qalanlar belə anlaya bilmir bu sadə və adi həqiqəti – Radha - Krişnanın elə özüdü əslində, onun ayrılmış enerjisidi, onun sevgisinin təcəllisidi...bizsə qısa və konkret belə deyirik adamlara: “ Krişnanın yanındakı bu gözəl - Bəxt ilahəsidi, Allah hardadırsa, Bəxt də ordadı, ayrılmazdı Allahdan, sevgilisi kimi daim böyründədi, Bəxtinin üzünə gülməsini istəyirsənsə, Allahı sevməlisən, Allaha olan sevgini oyatmalısan ürəyində, yoxsa Bəxt sənə heç bir zaman gülümsəməyəcək, heç bir zaman razı qalmayacaq səndən, Allaha, məhz onun sevgilisi olan Allaha sənin sevgini görməyəndə küsəcək, üzünü çevirəcək səndən o yana... Sadiq, bəs bizə bütpərəst deyənlər? Onlara nə demək lazımdı belə hallarda? Bilirsənmi, qoy desinlər. İnsan elə varlıqdır ki, onun mahiyyətində mütləq kiməsə və yaxud nəyəsə xidmət eləmək istəyi var. Heç nəyi və heç kimi olmayanlar bir də görürsən it, pişik götürüb saxlayırlar, yalnız ona görə ki, sevməyə, xidmət eləməyə bir obyektləri olsun. Bax mən o gün bir brahmanla mübahisə eləmişəm. Ona deyirəm ki, gildən, taxtadan, metaldan olarsa murtilər, niyə bəs insandan, canlı insandan olmasın? Niyə? Bax niyə Krişna qızıldan olan formada təcəlli edə bilər, amma insan bədənində yox? Gəlib dayansam orda, məbədin səcdəgahında və brahmanlar məni gündə neçə dəfə yuyundursalar, yedirtsələr, yatmağa hazırlasalar, mənim üçün az qala gecəgündüz mantralar oxusalar, nə olacaq görəsən? Birdən yeməyin birini bəyənməsəm, birdən paltarın birini istəməsəm, birdən onların məni yatırtmağa uzatdıqları zamandaca buna etiraz eləsəm? Birdən ən ciddi duanın ortasındaca mənim yadıma nəsə düşsə və gülməyə başlasam? Neyləyəcəklər brahmanlar, hə? Neyləyəcəklər qurular? Oynayacaqlar axıra kimi mənim nazımla yenə də Allaha xidmətdir deyə? Ya mən “bu gün sakitlik istəyir ürəyim”,- desəm, qapayacaqlarmı məbədin qapılarını
adamların üzünə? Birdən dondurma istəsəm? Yalnız şokoladlıdır deyə verməyəcəklərmi mənə? Sadiq! – mən artıq qəhqəhələrimi heç cür saxlaya bilmirdim, - təsəvvür elədim səni murti yerində və bütün bu kaprizlərinlə bir yerdə, gülməyə bilmirəm. Aha, gül, gül, doğrudan da gülməli haldır, bilirsənmi, bircə şeyi anlayıram mən, insanlar bütün bu dinləri əslində cəmiyyəti idarə eləmək üçün yox, məhz elə Allahın özünü şantaj və mənəvi teror qorxusu altında saxlamaq üçün uydurublar. Danışan, etiraz eləyə bilən Allah lazım deyil kimsəyə, lazım deyil, canım!!! Yox, daha gülmürəm...- mən sarsıldığımı hiss elədim. Aida! Sən ağıllı qızsan, sevimlisən, təmizdi ürəyin. Uzaq ol insanlardan, mümkün qədər uzaq ol, bacardığın qədər qaç sənə bütün günü yalnız dindən və Allahdan danışan çevrələrdən, bu çevrələr - Şeytan yığnağından başqa bir şey deyil, unutma, onlara nə azad insan, nə azad Allah lazım deyil, inan nolar, başa düş məni, yalvarıram sənə... Öp məni. Nə? Öp...

Dodaqlarımın sağ küncündən başladı öpüşləri. Gözlərimi yumdum. Üzümü, boynumu, dodaqlarımı dəli kimi öpməyə başladı. Bütün varlığımla uçundum, ilk dəfə bir kişinin qollarında olmağın, nəfəsini hiss eləməyin, öpüşlərindən dəli olmağın nə demək olduğunu anladım. - Aida...- pıçıldayırdı Sadiq, - əlləri yolunu azmış kimi dolaşırdı saçlarımda, kürəyimdə, belimdə, yançaqlarımda, qollarımda, sinəmdə, üzümdə, əllərimdə, barmaqlarımda... - Apar məni burdan, - pıçıldayırdım aramsız, - apar, nolar apar...

Mən saçlarımı neçə dəfə hördüm ucuna qədər, neçə dəfə açdım, neçə dəfə yenidən hördüm, neçə dəfə yenidən açdım, indi yadımda deyil... Sima müəllimə hazırladığı meyvə kompotunu komodun üstündə qurduğu balaca səcdəgahda Radha-Krişna təsvirinin qarşısında qoyub təzim eləyərək, lazım olan mantraları oxudu və yerdə bardaş qurub,üzərində Yaşoda ana ilə balaca Krişnanın rəsmi tikmələnmiş zəfəran rəngli torbanın içərisində sağ əlini rahatlayaraq “Hare Krişna” pıçıldamağa başladı. Mən sadəcə ona baxırdım. Yarıyumulu gözləri özünə, ruhuna, içinə dikilmişdi, dodaqlarından qopan pıçıltının ahəngiylə xəfifcə yırğalanırdı bədəni arxaya-qabağa. Elə divandan əlimi uzadıb rəfdəki qalın kitablardan birini götürdüm. “Əbədi həzz mənbəyi”
idi, çox yəqin ki, Sima müəllimənin özünün oxuyub qatladığı yeri açdım, Rasa rəqsi bölümüydü. Oxumağa başlamışdım ki, müəllimənin səsi də səhifələrdəki mətnə qarışdı... O, dedi ki... O, dedi ki, “Krişna eyni vaxtda çoban qızlarının hamısı ilə rəqs edirdi, amma onların hər birisi Tanrının yalnız onunla rəqs etdiyini düşünürdü...Orada – Vrindavan kəndinin aylı gecəsində bax, indi mantra zikr etdiyimiz bu təsbehin dənələri sayda qız vurulmuşdu Krişnaya, düz yüz səkkiz qopi! Bu qopilərin Ona sevgisi o qədər güclü idi ki, Krişna bunun müqabilində onlara öz sevgilərini nümayiş etdirmək üçün ən gözəl şansı vermişdi. Və hər birisiylə olan rəqsin ən şirin məqamında hər bir qopi “Bax, O, yalnız mənimlə rəqs edir, O, mənimdir, O, yalnız mənim sevgimə cavab verir...” kimi düşündüyü andaca Krişna həmin qopini tərk etdi. Ən sonda Krişnanın ən çox sevdiyi Radharani belə rəqsdən və gəzməkdən yoruldu deyə, Krişna onu öz belində daşıdığı zaman rəfiqələrinin hamısından daha vacib olduğunu və Allah-ali şəxsin yalnız onu seçdiyini düşündü və...Krişna Radhanı da meşənin qaranlıq cəzirəsində həmən tərk etdi...” Mən ağladım deyəsən...hə, mən ağladım, dəqiq yadımdadır və Sima müəllimə söhbəti dəyişdi, Sadiqlə olanları soruşmağa başladı... Sadəcə öpüşdünüz? Hə. Başqa heç nə? Başqa heç nə. Hmm...indi nə düşünürsən? Yəni? İslam yəni..o necə olacaq bəs? Bilmirəm. Amma onu tapmalıyam mütləq. Niyə? Sadiqlə öpüşdünüz artıq, sabah yenə görüşərsiz, yenə öpüşərsiz, bir azdan daha yaxın olmaq istəyəcəksiz, bir gün evlənmək təklif edəcək sənə, sonra məbəd toyu, Quruların, brahmanların, fədailərin xeyir-duaları və s. Sonra uşaqlar... Nə uşaqlar? Nə toy? Heç nə olmayacaq. Anlamadım. Mən Sadiqlə sadəcə öpüşdüm, sadəcə bu. Mən onu sevməmişdim əvvəllər, heç bir oğlan kimi düşünməmişdim də barəsində, biz sadəcə çox danışdıq, çox da gərgin idik, mən birdən hiss elədim ki onun susmasını istəyirəm...öp məni dedim - sadəcə bu. Nə danışırsan, Aida? Öpüşmək - sadəcə bir sıradan nəsə deyil axı. Bax, həmin prosesdə sənin bədənin istəmədimi Sadiqi? Onun bədəni istəmədimi səni? And içə bilərsiniz? Yox təbii. Bilirsənmi niyə? Çünki sən sadəcə özünün bu adi gözlə görünə bilən qaba maddi bədənindən ibarət deyilsən. “Adamın yeddi qatından keçən söz” üst-üstə olan qaba, astral, ruhi bədənlərin hər birisinə təsir eləyəcək qədər güclü söz deməkdir. Bu cür söz öldürə də bilər, yaşada da bilər, ömür boyunca yaralı saxlaya da bilər, şikəst də edər adamı. Eləcə də hisslər, duyğular. Sevgi, ehtiras, istək...Bax, Aida, heçmi olmayıb məsələn metroda gedərkən birdən sənə dikilən baxışları həmin adam arxanda dayansa belə, hiss eləməyin? Səndən asılı olmadan mütləq dönüb baxırsan o gözlərə, çünki baxmaya bilmirsən, çünki, təkcə maddi qaba bədəndən ibarət olmayan o adamın incə bədəni çoxdan gəlib sənin incə bədənini özünə sarı çevirib, soyundurub öpür, əzizləyir, ya da sadəcə zorlayır. Sənsə, sənə bu qədər uzaqdan sadəcə baxan kişinin nəzərləri altında niyə, nə üçün haldan-hala düşdüyünü, üzünün yanıb qızardığını, dodaqlarının quruduğunu, ayaqlarının əsdiyini anlamırsan. Səni gözləriylə soyunduran kişinin əlində sənin sadəcə maddi bədənin deyil, anlamırsanmı? Efirdən astrala, incədən ruhiyə bütün qatlarında onun olubsan artıq, təcavüzdü bu artıq, zinadı, cinsi əlaqədi! Səncə, həmin anlarda səni o adamın əlinə versələr, rahatmı buraxardı? Nə danışırsız, Sima xanım... Sadəcə və sadəcə insan fikirlərinin təsir gücündən. Bax, birinə qəzəbin tutanda onu vurmaq üçün yumruqlarını düyünlədinmi, həmin anda yanında olsa, harasından zərbə vura biləcəkdinsə, artıq məhz həmin yerindən incə və astral bədənlərinə zədə toxunur mütləq, o adamın ağrısı, halsızlığı, qəfil aqressiyası elə-belə, havadan yaranmır ki! Mən hiss elədim onu, hiss elədim o məni özünə sıxanda, o da məni istəyirdi. Ehtiras vardı, əminəm. Aydın məsələdir. İkiniz də cavan, gözəl, sağlam...olmaya bilməzdi bu. Amma bu bədən illüzordu, bu dünyada, yəni maddi olan dünyada hər şey illüziyadı, olmayanın varlığı məqamıdı, həqiqətin yalan, yalanın həqiqət təzahürüdü bura, çox dəhşətli yerdi maddi dünya, Aida, çox dəhşətli yerdi. Burada gözəllik və həqiqət haqqında yalnız və yalnız şairlər yaza bilirlər, onlar da hər şeyi tərs üzündən oxuyub çevirir dünya dilinə, anlayırsanmı...Sənə bir hədis danışım. Demək əri səfərdə olan çox kasıb, amma çox gözəl bir qadına çox varlı bir kişi xəbər xəbər üstündən yollayır ki, mənim olmalısan, gözəlliyin müqabilində dünyanı ayaqlarına gətirib tökərəm. Qadın bu adamın heç cür əl çəkmədiyini görərək ona “ yaxşı, mən öz gözəlliyimi sənə verəcəyəm, amma düz bir həftədən sonra”,- cavabını ötürür. Kişi sevinib günlərin keçməsini gözlərkən, qadın qusdurucu, qarınişlədici, sidikqovucu nə varsa hamısından istifadə eləyib, bir həftə boyunca bədənindən çıxanları ayrıca bir otaqda küpələrə yığır. Həftə tamam olan kimi kişi bəzənib-düzənib dünya gözəli məşuqəsinin evinə gəlir. Qapıda onu qarşılayan ölüvay, halsız, eybəcər qadından ev sahibəsini soruşanda qadın “hüzurundadır”,- deyir. Kişi ələ salındığını düşünüb qəzəblənir, amma sonra bu qadının həqiqətən də aşiq olub məşuqəsi eləmək istədiyi qadın olduğuna inanır və təəssüflə soruşur: “bəs hanı sənin gözəlliyin? Hanı mənim ağlımı alan gözəlliyin, hanı?” Qadın onun əlindən tutub küpələr olan otağa aparır, “Gözəlliyim burdadır, özümdən ayırdım ki, onunla rahatca vaxtını keçirə biləsən”,- deyir. Kişi otağa adlayınca da üfunətdən və murdarlıqdan dəhşətə gəlib başını alır da qaçır bir daha kimsənin qadınına göz dikmir. Dəhşət...-mən haçandan haçana tək bunu pıçıldaya bildim. Doğrudan da dəhşətdi. Maddi dünyada gözəllik və həqiqət haqqında saysıs-hesabsız bu cür həyati misallar tapmaq mümkündür. Mənə başqa şey maraqlıdır, o axı Vahidin ən yaxın dostudur, həm də çox gözəl bilir ki, Vahid məni sevir. Sənə evlənmə təklifi eləmişdi Vahid? Yoox. Bəs nə? Sevdiyini demişdi? Mahiyyətimi sevdiyini demişdi. Onunla da öpüşdünüz? Yooox!

İnanıram. İnanıram, Aida. Çünki Vahid brahmaçaridi, ömürlük subay qalacaq o, özü könüllü seçib bu yolu, heç vaxt qadın əlinə belə toxunmayacaq o. Ailəsi olmayacaq. Sadəcə və sadəcə pak fədai yolunu gedəcək. - Bilirəm bunu. Amma bilmədiyiniz daha nələrsə də var, deməməliyəm. - Sahaccilik? – o gülümsəyib köksünü ötürdü, - bilirəm bu söhbəti mən, hələ məni də adi qadın deyil, adi fədai deyil, Krişnanın anası kimi gələn Yaşoda ana kimi tanıyır o. Ah, Vahid, ah! - Mən qırdım bunu, dağıtdım, parçaladım. Mən sübut elədim ki, yalandı bu, sübut elədim ki, biz heç bir halda nə Tanrının, nə də onun ən yaxın ətrafının təcəllaları deyilik, belə olmasaydı, Sadiq məni öpməzdi, belə olmasaydı, mən onun bədənini istəməzdim, axı heç bir tanrıça Krişnanın Radhasını bax, beləcə özünə sıxıb, bədənini istəyə-istəyə öpə bilməzdi, mümkün deyildi bu, sadəcə bu, Sima xanım, sadəcə bu! Sima müəllimə susurdu... Mən daha məbədə qayıtmaq istəmirdim, bilirsən. Amma Sima xanım bacısının və özünün ayırıb hazırladıqları düz iki böyük çanta dolusu nimdaş qadın paltarlarını ora gəlib hər gün pulsuz yemək götürən kimsəsiz adamlara vermək lazımdır dedi də mən ona yardımçı olmaya bilmədim.
Bir saat olardı ki, artıq çoxdan dadını itirmiş saqqızı ağzımda o tərəfə-bu tərəfə fırladafırlada Vahidə baxırdım. O isə nəinki mənim, hətta özünün də varlığından xəbərsiz bir halda, məndən bir-iki adam qabaqda ayaqlarını ağappaq brahmaçari dhotisinin altında yığıb oturaraq, fizqarmonda ilahiləri çalmağına davam eləyirdi. Bədəni tarım çəkilmişdi, başını arxaya verib gözlərini yummuşdu. Dodaqlarının ucundaca nəsə pıçıldayırdımı, oxuyurdumu, anlaya bilmirdim. Deyəsən yanılmışdım. Deyəsən o, heç nə pıçıldamırdı və heç nə də oxumurdu...Özündə deyildi. Özündən bircə adam sağ tərəfdə solğun tül pərdələr kimi zərif bir halda süd rəngində oturmuşdu.Onunla onun özünün arasındakı bircə adamlıq yerə keçmək marağından öldüm bitdim... Çiynimə toxunan əlin sahibinə çönüb baxdım. Sadiq idi.Əyilib qulağıma pıçıldadı: - Səcdəgaha yaxın get. - Niyə? - Get... Xalçanın üstündən qalxanda yerdə oturmağa öyrəşməyən qıçlarım min bir yerdən zoqquldadı. Qəfil ağrıdan can qurtarmaq üçün qeyri-ixtiyari əlimi atdım ki, Sadiqdən yapışım. Amma o, birdən tapıldığı kimi birdən də yoxa çıxmışdı. Zalın başındakı səcdəgaha sarı addımladım. Axşam ibadəti bitsə də qara pərdə örtülməmişdi. Murtilər – Çaitanya və Nityananda bütün boyları ilə dayanıb gözlərimin içinə baxaraq gülümsəyirdilər. Qollarını irəli uzadıb əllərini açmışdılar. Ovuclarının içində çiçəklər vardı. Bayaq Sima müəlliməylə birlikdə gələrkən “28may” metrosunun yanından aldıqlarıma bənzəyirdi. Gözlərimi murtilərin qızıl bəndli xınalı yalın ayaqlarına endirdiyim zaman çöl çiçəkləri dəstəsini dəqiq tanıdım. Xınalı ayaqlardan çiçəklərdən hazırlanmış boyunbağının boyunca sürüşdü nəzərlərim, qara buruq saçlarda itdi,gecə gözlərdə məhv oldu...Sinəm dəlicə çırpınmağa başlamışdı və mən murtilərin kökslərinin gözlərimin önündəcə qalxıb-enməsini özümün fəna halıma yozdum, təbəssümdən qaçaraq düşən dodaqlarının ucundaca nəsə pıçıldayırdılarmı, oxuyurdularmı, anlaya bilmədim. Deyəsən yanılmışdım. Deyəsən onlar, heç nə pıçıldamırdılar və heç nə də oxumurdular...Özümdə deyildim. Özümdən bircə adam qabaqdan ayaqlarımın üzərinə ağappaq bir çiçək düşdü. Çaitanya gecə gözlərinin içindəncə ulduz-ulduz gülümsəyirdi...sağ əlindəki çiçək yoxa çıxmışdı...əyilib onu yerdən ta ürəyimin başına qədər qaldırdım...

Mən daha məbədə heç bir zaman dönməyəcəkdim, bundan əmin idim. Mən Sənin Bakıdakı bu ikimərtəbəli, bu daş hasarlı, bu göy darvazalı evinə heç bir zaman ayaq basmayacaqdım daha. Səni Krişna adınla tanıyıb Sənə vayşnav xidmətiylə həyatlarını həsr eləyən bu dünyanın ən təhlükəsiz insanlarının yanına bir də heç bir zaman dönməyəcəkdim. Nə çox Sənin evlərin, nə çox sənin adların, nə çox Sənin yolların, Əzizim! Bu qədər dinin, bu qədər peyğəmbərin, bu qədər fərqli zikr və ibadətlərin tək bircə məqsədi, tək bircə hədəfi Sən deyilmisən? Sənə görə ayrılmayıbmı insanlar bir-birindən? Sənə gəlmək uğrunda cihad eləmirlərmi bir-birləriylə? Sənə qayıtmaq üçün deyilmi bu çarpışmalar, anlaşmalar və anlaşılmazlıqlar? Sənin adınla başlamırmı müharibələr? Sənin adınla bitmirmi həyatlar? Sənə gəlməyəcəkmi bir kilsədə duam?

Sənə çatmayacaqmı bir məsciddə namazım? Sənə eşidilməyəcəkmi bir məbəddə zikrim? Sən deyilmisən ən qiymətli xəzinə? Sənə gələn yolun xəritəsi deyilmi parça-parça olunub düz-dünyaya səpilən, dağıdılan, hər tikəsi bir qövmünün əlində qalan? Sənin üçün dua yerinə sevgi şeirləri pıçıldamadımmı gecələr boyu? Sənin üçün oxumadımmı şairlərin, bəstəkarların sevgililərinə yazdıqları nəğmələri? Sənin üçün darıxmağım deyildimi insanlara can atmağım, sevgilərə qaçmağım, de… Səni gəzmirəmmi hələ də? Sən hardasan? Sən hardasan, Əzizim???

İndi - bütün bunların üstündən nə az, nə çox, düz yeddi il vaxt keçdikdən sonra - mən bütün həyatımın Səninlə bağlı olan məqamlarını xatırlayıb məktublara yığdıqca xoş bir rahatlıq dolur içimə, burada - Atəşgahda tək-tənha oturub axşamın düşməsini, gecənin gəlməsini, sonra səhərin açılmasını gözləyirəm. Sənə hər şeyi yazıb bitirəndən sonra yatacam, doyunca yatacam, doyunca... Sən doyunca yatmağı istəməkdən ötrü nə qədər yorulmaq lazımdır kimi bir sualıma cavab verə bilərsənmi??? Mənim indi nə az, nə çox, düz iyirmi beş yaşım var. Deyirlər, insan doğulduğu andan etibarən həyatının hər yeddinci ilində varlığının ən sonuncu hüceyrəsinə qədər yenilənir. Yenilənməksə - ölmək və yenidən yaranmaq deməkdir, başqa bir şey yox! Hər yeddi ilin sonunda bir ayrı bədən ölür ruhumuzun ətrafında, hər yeddinci ilin əvvəlində bir ayrısı yaranır. Ölənlə birgə ötən yeddi ilin sevgiləri də, nifrətləri də gedir, ölənin tanıdığı adamlar da başqalaşır sənin üçün, çünki sən özün bir başqasan artıq. Onlar səni tanımazlar, onlar səndən ölən birisiylə rəftar etdikləri kimi davranacaqlar yenə də, amma qarşılığında əvvəllər öyrəşdikləri reaksiyanı görməyincə çaşarlar, çaşqınlıq sonra küskünlüyə, sonra uzaqlığa, unutqanlığa aparıb çıxaracaq.

Baxarsan uşaqlıq illərindən bu yana çəkilib yığılan foto-şəkillərinə. Hər birisində bir ayrısını görərsən. Yeddi yaşında birisi, on dörd yaşında başqa birisi, iyirmi birində tam başqası, iyirmi səkkizində... Mənim iyirmi səkkiz yaşım üç il sonra olacaq hələ. Dördüncü dəfə ölüb, bu ömürdəki beşinci həyatıma başlayacam demək. O vaxtadəksə, bu dünyanın 2012-ci il panikası yaşanacaq. Qısası, mənim bu son yeddi ilimdəki avara, sarsaq, dəlisov həyat tərzi yaşayan bədənimin ölüb, əvəzimə tam yeni birisinin yaranması ümumən Kainatın həyatından, konkret olaraq isə üstündə yaşadığım Yer planetinin taleyindən asılı olacaq. Budur o - hamının gözlədiyi, heç kimin gəlişini istəmədiyi Nibiru adlı mavi ulduzun xəbəri! Gəlsinmi, gəlməsinmi, toqquşsunmu mənim planetimlə, toqquşmasınmı? Nə istəyim Səndən mən indi? Özümünmü yenidən, tam yeni birisi kimi yaranmaq şansımı? Yerinmi? Bilmirəm... O vaxt - məbədlə vidalaşdığım günün axşamında Masya ilə zəngləşib görüşməsəydik, onunla birlikdə universitetə gedib Asudadan İslamın ən yaxın dostunun kim olduğunu öyrənməsəydik, bu tanınmamış cavan və pinti rəssamın rəngləri adamın ürəyini bulandıran mənzilində olmasaydıq, divara söykənmiş sulu boyalı rəsmdən üzümüzə gülməsəydi döşləri sallanmış, 30-35 yaşlarında arıq, uzun sarışın qadın, içməsəydik o rəssamın o eybəcər naturaçısının dəmlədiyi kif qoxulu çayı, mən İslamın məni nəinki sevmədiyini, hətta onun ən adi, ən sıradan xatirələrində belə yerimin olmadığını bilməyəcəkdim. - Buradı, bax, on beşinci həyət, - dedi Masya, - dəqiq buradı. İri taxta darvazanın açıq alaqapısından içəri girdik. Yığcam bir həyət idi. Sağ tərəfi ayaqyolu və hamamlarla sıralanmışdı. Qalan qapılar açıq idi, amma ağcaqanaddan, milçəkdən qorunmaq üçün hamısından tənzif pərdələr asılmışdı. Sol tərəfin bir qapısında da tənzif yelləndi və qeyri-ixtiyari biz o tərəfə baxdıq. Çox yəqin ki əvvəlki təyinatı hamam olan balaca, darısqal, ikinin dördə nisbətiylə tikilmiş otaqda kirli dördpiltəli qazın yanındakı taburetdə əynində nimdaş və çirkli polis şalvarı, hərbi mayka,başında güllü ləçək olan otuz-qırx yaşlarında dolubədənli qadın oturmuşdu, oxlovla nəhəng qazanda dovğa bulayırdı. Bizi görüb əlini saxladı: - Əlleykümsalam, ev istəyirdiz? İkinizə ucuz başa gələr, atışıb verərsiz, bax bu qazı, bu bir pəncərəsi, bu divan, açsaz, ikinizə də yer olacaq, bu taburetka, bu divar güzgüsü, kranı var, düzdü, hərdən azzarı tutur, məcbur olursan hamamdan su yığasan vedrəyə gətirəsən, hamam da budey elə buna yapışmışıdı bizimki, açarı məndə olur, tualetin də açarı məndə olur, birini də sizə verərəm, nolar day qız uşaqlarısız, sizdən qabaq bir rəssam ya jurnalist oğlan qalırdı, özünü düzgün aparmadı, ərim də tulladı veşlərini bayıra, adamın Allahı var amma, mən xəlvəti yığdım yenə divanın altına, nə vaxt gələr aparar, gəlməz, day qalan mal halaldı da, - deyə birnəfəsə üyüdüb tökdü.


Tarix: 09.06.2015 / 12:25 Müəllif: Aziza Baxılıb: 381 Bölmə: Cavidan "Namə"