beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4-cü hissə*
4-cü hissə*

Bu sözlərdən heç nə anlamasam da, adamın iradəsinə tabe oldum. Əynimdə peyda olmuş uzun donuma nəzər yetirməyə imkan tapmamış yanında yeniyetmə oğlan uşağı dayanan tosqun qadının verdiyi al-qırmızı məxmər başmaqları ayaqlarıma geyindim və addımımı ataraq havada əridim... Şşşşş...eləmə, Naammm...təmiz bədənə belə şeylər olmaaaz...- olduqca astadan deyirdi qadın səsi. - Laadno, - kişi səsi də dedi. Sonra açar səsi, açılan qapı səsi, daha sonra örtülən qapı səsi və yenə də açar səsi, lap axırda da hərəkətinə başlayan liftin səsi eşidildi. Sonra Sima müəllimə mənim yarıyuxulu-yarıoyaq olduğum, artıq çoxdan gün işığının dolduğu otağa gəldi: - Hare Krişna! Dur görüm! Tənbəl qız, çox az vaxtımız var, haydı vanna otağına, marş! – gülərək dedi. - Sabahınız xeyir, - gülümsədim. İslam adlı xəstə bu gün səhər saat səkkiz-doqquz radələrində xəstəxanadan evə buraxılıb, - dedi mavi xalatlı həkim. Necə yəni evə buraxılıb? – Simayla mən eyni vaxtda soruşduq. Sadəcə, xanımlar, evə buraxılıb, vəssalam! Axşam qohumları gəlmişdi, atası da həmçinin. Səhərə kimi yanında dayandı kişi, sonra da səhər apardı evlərinə. Atası? İslamın atası? Bəli, xanım, bağışlayın, məni xəstə gözləyir, gedim bir sözünüz yoxdursa... Bir dəqiqə, - Sima çaşıb qalmışdı, - axı dünən o, hələ sağalmamışdı, necə buraxa bilərdiniz evə belə halda axı? Xəstə tamamilə rahat idi səhər, olur belə, yəqin çoxdan görmədiyi atası belə təsir eləyə bilmişdi ona, biz müayinə elədik, tamamilə sağlam idi, amma sonralar hər hansı bir problemi olarsa, xəstəxanaya gəlib müalicələrini davam etdirmək şərtilə buraxdıq. Bəs polis? Axı o həm də dindirilirdi?! Xəstə cani deyildi ki, xanım, nə dəxli var? Özü də tamamilə rahatca danışdı ki, onu kimsə itələməyib, ifadə verdi ki, özü yıxılıb, o əvvəlki sayıqlamalarsa qorxudan olub! Olur belə, xanımlar, mən gedim, üzr istəyirəm...

Bir-birimizin üzünə baxa-baxa qalmışdıq. -Yox axı, bu necə ola bilərdi?- Sima özünə gələ bilmirdi, - möcüzə baş verib yəni? Bir gecənin içində? Heç nə başa düşmürəm, heç nə! - Mən də! Görəsən onun yaddaşı düzəlib, heç olmasa? - Yəqin o da düzəlib də, indi ki polisə ifadə verib, nə olduğunu danışa bilib, demək yaddaşı da qayıdıb. - Qəribədir, onun atası yox idi axı, ya vardısa, sağ idisə, bu qədər vaxtı hardaymış, niyə axtarmırmış onu, bəs indi necə bilib olanları, hara aparıb İslamı? Bircə zəng eləsəydi İslam...

- Eləyəcək yəqin, nigaran qalma daha, əksinə, sevinməliyik ki, sağalıb, üstəlik atası da yanındadır, deməli, rahat imkanı olan kimi zəng eləyəcək sənə mütləq! Bax, mən də indi ondan bir xəbərdən başqa heç nəyin hayında deyiləm, amma məbəddə dua eləyərik, yaxşı? Radhadan onun üçün mərhəmət istəyərsən, Şri Radha bütün sevən qadınların himayəçisidir... Məbəd Bakı krişnaçılarının yığışdıqları ikimərtəbəli mülkdən ibarət idi. Bir də bu mülkün kiçik həyətindən. Deyirdilər buranı bir naxçıvanlı milyonçu alıb bağışlayıbmış krişnaçılara, hətta özü də boynundan taxta muncuqlar asıb, ət yeməkdən imtina edib əlində taxta muncuqlu yüz səkkiz dənəli təsbeh, mantra oxuyurmuş gecə-gündüz. Sonralar isə ölkə prezidentinin Həcc ziyarətindən ilhamlanıb ona Həzrət Əlinin Zülfüqar qılıncını hədiyyə edibmiş. ABŞ-a müttəfiq olub İraqa basqınla razılaşdığına görə isə həmin prezidentdən küsmüş və hədiyyəsini geri tələb etmişdi. Bunun üçün orijinal bir üsul seçibmiş, yəni uzun özbək zurnasıyla prezident aparatı qarşısında fonoqramsız konsert veribmiş ki, bu solo konsertin də son akkordları psixiatriya təcridxanasında bitmişdi... Bunları mənə Tamara adlı ortayaşlı tatar qadın danışırdı və mən məbəddən böyük bir reportaj hazırlamağa dəyər deyə ürəyində qərar verdim. Bu gün Radhanın mövluduydu, məbəddə adam əlindən addım atmağa belə yer yox idi. Krişna və Radhanın Yerdəki məhəbbət sərgüzəştlərini səhnələşdirib oynayırdılar. Tamara dedi ki, bu səhnəcikləri ölkənin məşhur kinorejissorlarından biri hazırlayır, özü də məbədin ən fəal fədailərindən biridir. Sonra Tamara həmin rejissoru mənə göstərdi. Bu, hardasa əlli-əlli beş yaşlarında gödək saçlı bir xanım idi, özü də qızılı sari geyinmişdi, bir gözü səhnədə, bir gözü tamaşaçılarda olduqca həyəcanlı və maraqlı görünürdü. Mən artıq fikrimdəki reportajımın son abzasını hazırlayırdım ki, bayaqdan məni tamamilə sərbəst buraxıb özü qonaqlarla, məbədin mətbəxiylə məşğul olan Sima müəllimə gəlib qolumdan çəkdi: - Aida, gəl bura, gəl, səni proqrama salmışam, çıxış edəcəksən. - Nə? Nə çıxışı? Mənim heç nədən xəbərim yoxdu. - Kamança var burda, sənsə əla çalırsan eşitmişəm, İslam deyib mənə, elə birdən yadıma düşdü, həmən aparıcıya dedim, indi səni çağıracaqlar! - Yooox, nə danışırsız... Narıncı geyimli qırxıqbaş aparıcı: - Sima bacımızın gözəl tələbəsi Aida xanımı səhnəyə dəvət edirik, o, sizlər üçün kamançada ifa edəcək. Hare Krişna! - Haribol! – yer-yerdən fədailər alqışladılar. - Gəəl, - Sima qolumdan demək olar ki, çəkə-çəkə məni səhnəyə apardı. Özümü tamamilə itirmişdim.

Səhər evdən çıxanda: - Mən də sari geyinə bilərəmmi orda? – deyə soruşmuşdum Simadan. - Əlbəttə, istəyirsənsə, əlbəttə geyinərsən, ayy, necə də mənim ağlıma gəlməmişdi bu! Gəl baxaq nə tapırıq sənin üçün? - Elə xoşum gəlir ki! Həmişə pərdə, mələfə, süfrə götürüb bükərdim özümə uşaqlıqda, xal çəkərdim alnıma. - Hamıda olur bu, bütün qızlarda olur demək olar ki. Çünki bizim əzəli və əbədi geyimimizdir bu, istər-stəməz, cəlb edir, çəkir, yaddaş tərpənir qeyri-ixtiyari... Şifonerdən ən müxtəlif hind geyimləri çıxarıb əynimdə yoxlamışdıq. - Gözəllik başqa aləmdir, - deyirdi Sima, - bax nə geyinirsənsə əynində qəşəng görünür, çünki bədənin idealdır...söz yox ki, şalvarlı, ətəkli nəyisə geyinə bilməzsən mənimkilərdən, böyük olacaq, amma sari elə geyimdir ki, ölçüsündən asılı olmayaraq hər qadına yaraşır! Dayan bir, bax, bunu yoxlayaq...- deyə dəniz dalğası rəngində, qızılı qırçınlı bir sarini açıb əynimə bürüməyə başladı. Bircə tikişi belə olmayan bu klassik geyimdə mən az sonra dünyanın ən gözəl və ən məsum qızlarından birinə gülümsəyirdim aynadan... - Çox yaraşır, lap çox, götür, bağışlayıram sənə, bunu bir dəfə də geyinməmişəm, Hindistan səfirliyindən gələn qonaqlar bağışlamışdılar, mənsə məbədə göy rəngli saridə getmək olmaz deyə geyinə bilmədim, məbəddən başqa da harda geyinəcəm ki?! - Bəs mən? Mənə olar belə rəngdə geyinmək orda? - Sənə də olmaz, əslində, bu rəngdə sarilər ancaq Şri Radhanın təsvirlərində olur, onun əynində...sən amma birinci dəfədir axı gedirsən məbədə, sadəcə maraq üçün də geyinə bilərdin, – Sima gülüb çiyinlərimi qucaqladı... Məbəddə isə qadınlar üçün olan tərəfdə qızlara qarışaraq geyinib bəzənərkən hər gün efirdən izləyib tanıdığım məşhur teleaparıcılardan birini də saridə, üzü-gözü bəzənmiş gördüm. Teleaparıcı mənim çaşqın təbəssümümə sakitcə gülümsünərək gəlib alnıma Qanqa çayının gilindən tilaka çəkdi və üstü muncuqlu tünd göy rəngli muncuq yapışdırdı: - Nişanlı ya evli deyilsən ki? - Yoox. - Onda yaxşıdı elə qırmızı xal seçmədim, - çox gözəlsən, elə bil Vrindavandan bu dəqiqə gəlmisən bura. - Vrindavan? Ora haradı ki? - Krişnanın kəndi, - teleaparıcı gülümsəyib sağollaşmağa məcbur olmuşdu. Çünki elə bu andaca məbəd xanımlarından olan heykəltaraş birisi Krişnanın gildən hazırladığı adam boyu formasının üzərindən örtüyü çəkmişdi... - Ooohh...- demək olar ki hamının sinəsindən çıxdı bu səs, sanki son nəfəslərini bağışladılar bu qızlar-qadınlar Krişna adlı tanrılarına... Mən də yaxınlaşdım... Möhtəşəm iş idi. Qara-göyümtül rəngli gənc bir oğlan forması...S formalı duruşuyla, bir ayağına yüklənib şirincə gülümsəyirdi və ney çalırdı... - Bəs bunun Radhası? – yer-yerdən soruşdular. - Radhası hazır deyil hələ, materialım yoxdur, amma bu gün üçün bunu tam hazır elədim ki, təqdim edək, mənim Radhaya hədiyyəm olsun qoy, Radha onsuz da təcəlli
edir bu gün, onun günü deyilmi? – deyə heykəltəraş xanım gözlərini öz möhtəşəm işindən ayırmayaraq cavab verdi... Əynimdəki qızılı qırçınlı, dəniz dalğası rəngli sarini rahatlayıb qara-göyümtül rəngli gənc oğlanın qarşısında oturdum. Aparıcının mənə verdiyi kamançada ifama başladım. Mənə elə gəldi ki, indiyədək eşitmədiyim, çalmadığım bir musiqini dilləndirirəm indicə və nə əllərim, nə barmaqlarım özümün deyil...Ətrafdakı hind geyimli oğlanlar, qızlar, kişilər, qadınlar heyranlıqla mənə baxıb gülümsəyir, əllərindəki balaca bəzəkli torbaların içində taxta muncuqlu, yüz səkkiz dənəli təsbehlərini çevirərək dodaqaltı “Hare Krişna Hare Krişna Krişna Krişna Hare Hare Hare Rama Hare Rama Rama Rama Hare Hare “,pıçıldayır, bu mantranın vibrasiyası qoynunda ekstaza düşürdülər... “Sən çox gözəl ifa edirsən, Aida, bilsən, necə sevirəm səni bu halda, beləcə yerdə bardaş qurub oturmağını, kamança çalmağını...elə gözəl görünürsən ki, kaş ki özün özünü belə vaxtlarda kənardan görə biləsən...”,- demişdi mənə İslam... “Hardasan sən, İslam? Niyə yox idin xəstəxanada, hara getmişdin, niyə axtarmamısan məni gedəndə, niyə? Axı elə dünən halın heç də yaxşı deyildi, necə sağaldın ki, bircə gecənin içində, necə çıxmağına icazə verdilər ki, sənin, necə? Ürəyim partlayacaq elə bil!!! Bura Sima müəlliməylə gəldim ki, sənin üçün dua eləyim, sənin sağalmağını, məni xatırlamağını istəyim Allahdan, canım mənim, ruhum mənim, bax, sari geyinmişəm bu gün, özümdən elə xoşum gəlib ki! Kaş sən də məni görəydin! Gözlərimdə məsum bir kədər var. Ürəyimdə günahsız bir sevgi çırpınır! Nə bu kədəri, nə bu çırpıntıları, nə saçlarımın pərişanlığıyla qəribə bir ahəng yaradan bu sarinin ruhuma nə qədər bağlı olduğunu səndən başqa heç kim, heç kim duya bilməz...mənim yeganə arxam, dostum, hardasan, hardasan axı?!” Başımı qaldırıb baxanda qara-göyümtül rəngli gənc oğlanın gildən yapılmış forma yox, canlı Krişna olduğunu gördüm. Hə, canlı Tanrı Krişna mənə baxıb gülümsəyir, fleytasında eynən mənim kamançada çaldığım melodiyanı ifa edirdi... Adamlara baxdım... Yox, onlar üçün O, sadəcə və sadəcə gildən hazırlanmış qara-göyümtül bir forma idi! Onlar heç nə görmürdülər! Daha doğrusu, mənim gördüklərimi... Əlimin üstünə od kimi bir damla düşdü! Yanaqlarım boyu süzülən göz yaşlarından birisiydi bu, qopmuşdu! Kipriklərimi qırpa bilmirdim! Gözlərimi çəkmirdim! Qarşımda dayanmış qara-göyümtül rəngli oğlanın yanaqları boyunca süzülən göz yaşları ruhumu göynədirdi! Gözəl, ağrılı, şirin, yanğılı bir melodiya vardı havada... Kainat Ayrılıq duyğusundan sızıldamaqdaydı! Bir anda aləm dəydi bir–birinə!

Dedilər Almaniyadan Quru, yəni ruhani ustad gəlib. Qızlar məbədin darvazasından pilləkənə qədər düzülüb onun qədəmlərinə qızılgül ləçəkləri səpdilər. Mən də səpdim. Bir anda gözlərimin qabağından alman faşistlərinin dünyaya etdikləri zülmlər keçdi. Hə, əlbəttə, nə vaxtsa ayaq basdıqları məkanlarda dinc əhalini Allah evlərinə toplayıb diri-diri yandıran hansısa alman zabitininmi, əsgərininmi törəməsiydi bu Quru. Allah haqqında elm yayır, Qarabağı erməni əlində olan azərbaycanlılara “Hare Krişna” oxutdururdu... - Axı o, almandır, o heç hindistanlı da deyil...- deyəsən bu gün məni öz himayəsinə götürmüş Tamaraya pıçıldadım. - O, Qurudur, pak fədaidir, onun heç bir millətə dəxli və aidiyyəti yoxdur, qızım! Krişnaçılıq transsendent bir elmdir, din deyil, burada bədən anlayışı əsas deyil, ruh olaraq, ruhi can olaraq biz hər hansı bir ölkədə hər hansı bir bədəndə doğula bilərik, ona görə də millət, vətən kimi anlayışlar bir heçdir əslində... Tamara daha sonra reinkarnasiyadan, bir ruhun bədəndən-bədənə keçib dəfələrlə doğulub dəfələrlə ölməsindən danışdı. Mən artıq İslamın işlədiyi və məni də dəvət elədiyi qəzetdə özümün möhtəşəm reportajımı görürdüm... Eyni zamanda içimdə sonsuz bir maraq oyanmışdı... - İnsan öldüyü məqamda nəyə, hara bağlı olaraq bədənini tərk edirsə, növbəti doğuluşu da öldüyü andakı istəyinə və əməllərinə görə qazandığı növbəti bədənə uyğun olaraq doğulacaqdır. - Yəni, doqsan üçüncü ildə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlının ruhu Qarabağa sidq-ürəkdən bağlı olduğuna görə məhz orada ana bətninə düşəcək? – mənim marağım bütün sərhədləri aşmaqdaydı. - Aha, çox güman ki, belə olacaqdır, - Tamara təsbehin daha bir dənəsini “Hare Krişna” mantrasıyla ötürərək sakitcə cavab verdi. - Doqsan üçdən neçə il keçib, bilirsiz? - Aha, - Tamaranın sakitliyi müdhiş idi. - Bu məntiqlə, gərək ki, indi Qarabağ torpağında xeyli keçmiş həyatında azərbaycanlı olan yeniyetmə var, hə? - Aha, bu istisna deyil, çox güman ki! - Axı... - Onlar, o vaxt ölənlər, həlak olanlar yenidən doğulub keçən həyatlarındakı döyüşçü yaşlarına çatmayanadək savaş olmayacaq, bilirsən bunu? - Axı o torpaqlarda azərbaycanlı qadınlar yoxdu...onlar kimdən doğulublar ki? - Kimdən doğulmalıdırlar ki, qızım? Orda yaşayan qadınlardan çox güman ki... - Erməni kimiiii??? – mən dəli olurdum!!! - Biz doğulanda nə erməni, nə müsəlman, nə indus, nə rus olmuruq, bu birkaları bizə sonradan yapışdırırlar...insan kimi...və böyüyüb döyüşdə həlak olduqları yaşa çatanda dəli kimi istək oyanacaq içlərində, astral yaddaşları savaşa sürükləyəcək onları, azərbaycanlı qan yaddaşı deyilən bir şey çəkəcək...amma erməni kimi doğuldular deyə çaşqın qalacaqlar, eləcə də bizimkilərdən doğulan keçmiş erməni döyüşçüləri...yenidən çəkəcək onları müharibə... - Bunları sizə Qurular öyrədir? – mən hələ də üzünü aydın görə bilmədiyim alman Qurunun zəif vücuduna baxaraq soruşdum.

- Bu mənim şəxsi realizasiyalarımdır, qızım, amma reinkarnasiyanı öyrəndikcə sən də bu fikrə gələcəksən, başqaları da...mənasızdır savaşlar, insanlar istəsələr Yer üzündə Qızıl dövrü yarada bilərlər, yetər ki, zamana və məkana görə hər kəs öz inandığı yolda təmiz ibadətini eləsin... Bütün qadınlara laqeydlik nümayiş etdirən Quru mənim yanımdan keçərkən bir anlıq ayaq saxladı, gözlərimin içinə diqqətlə baxıb sanki qəfildən tanımış kimi diksindi, içini çəkdisə də bunu büruzə verməməyə çalışıb gülümsədi və “Haribol” deyərək getdi. Hamı heyrətlənmişdi. “İlk dəfədir ki, ruhani ustad hansısa qadına bu qədər diqqətlə baxır və üstəlik də baxışlarında çaşqınlıq duyulur”,- deyirdilər fədailər astaca pıçıldaşaraq... Oğlanlar Qurunu bəzəkli kürsüdə əyləşdirib ayaqqabılarını çıxartdılar, ayaqlarını içində qızılgül ləçəkləri olan ləyəndə yuyaraq təmiz dəsmalla quruladılar... Alman Quru qarşısındakı balaca stolun üzərində quraşdırılmış mikrofona sarı əyilərək mühazirəsinə başladı: - Hare Krişna!!! O, hərdən–hərdən gözlərini fırladıb eynəklərinin arxasından tünd mavi gözlərini mənim üzümdə saxlayırdı. Nəzərlərimiz qarşılaşdıqca beynimdə nəsə tərpənir, yaddaşım çözələnir, bu adamı indiyə qədər harada, hansı şəraitdə, hansı formada gördüyümü xatırlamağa çalışırdım... alınmırdı! - Xanım, çox gözəl ifa etdiniz, ürəyim hələ də çırpınır həyəcandan, - həlim qadın pıçıltısına döndüm. Qızılı sarili rejissor qadın idi, - məbədə tez-tez gəlsəniz, sizi də truppaya yazmaq istərdim, Radha roluna...siz ona o qədər oxşayırsız ki, elə bil Radhanın özü gəlib bu gün məbədə! Quru barmaqlarıyla stolu astaca tıqqıldatdı, yəni zalda səs var, mühazirəyə mane olurlar. Rejissor qadın susdu. Başımı qaldırdım. Quru mənə baxırdı! Nəzərlərimiz bir daha qarşılaşdı və...mən onu tanıdım! Gecə gördüyüm yuxunun içərisində başımın üstündə dayanmış həmin o qırxıqbaş, narıncı rəngdə paltar geyinmiş arıq, uzun adam idi bu - bağırmışdı yuxuda: - Sən burda neynirsən? Bu nə görkəmdi? Haydı, dur geyin, qaç ora, orda səni yaratmaq istəyirlər, amma axı sən varsan, sən burdasan axı?! Telefonum zəng çaldı. Bir andaca məbədi də, fədailəri də, Qurunu da, onun mühazirəsini də unudub yerdə sıx oturaraq dizlərini qucaqlayan adamların arasından ildırım sürətiylə keçdim və özümü məbədin pilləkəninə çatdırdım. Heç telefonun ekranına baxmadan belə açıb nəfəsim təngiyə-təngiyə: - Allo, - dedim. - Hardasan sən, gəl bizə, danışmalıyıq...

Masya idi. Telefonu qeyri-ixtiyari qulağımdan çəkib başımı pilləkənin məhəccərinə söykədim və bir də yalnız Masyanın çox yəqin ki, gözləyib, sonra telefonu qapayıb yenidən mənə zəng etməsindən sonra özümə gəldim. - Nə olub, Masya? Nə olub? - Tofiqlə dalaşmışam, o yenə də öz bildiyini eləyir, mənim yanımda qız dostlarıyla danışır, mesajlaşır. İti qovan kimi qovdum onu bu dəfə...o qədər ağlamışam ki hirsimdən! - Ehh...mən də deyirəm nə olub... - Bu azdı, Aida? Azdı bu? Sənin ən yaxın rəfiqənin belə bir problemi var, sənsə özünü elə aparırsan ki, elə bil boş şeymiş! - Masya, başa düş məni bir az, nolar?! Mama bir yandan başımı xarab eləyib, İslam belə...papadan da heç bir xəbər yoxdur, zəng də eləyirəm, cavab vermir, arvadı deyir yoxdu evdə, vəssalam! Özüm qalmışam bir qəpiksiz, tək, bilmirəm harda başımı qatım, neyləyim, evə getməyə də qorxuram, mama Allah bilir kimi tutub kirayənişin, açarı da verib ona! Yox, sən təsəvvür eləyirsən? - Həə...sənin maman yeriyən problemdir...yaxşı, hardasan indi? De, mən gəlim yanına. - Krişnaitlərin məbədindəyəm, Qara Qarayevdə. - Nəəə??? – Masya elə şaqqanaq çəkib güldü ki, mən onun qarnını necə tutub çöməldiyini, gözlərinin yaşarmasını təsəvvürünə gətirdim, - ay qız, sən dəlisən? Sənin orda nə işin? - Reportaj hazırlayacam. - Həə, qorxdum e, elə bildim krişnaçı olmusan, bir elə bu problemin çatmırdı sənin. - Mən sizə gələcəyəm axşam, metroya jetonum var, narahat olma. Orda danışarıq. - Qulaq as e, İslam sənlə deyil bəs? - Ufff...nə İslam ? Xəbərin var ki məndən? Sonra da mənə deyirsən pis rəfiqə! - Yaxşı da, Aida, görürsən də, başım çəkir... - Danışarıq, Mas...hələlik!

9 – cu məktub Qəribə hisslər yaşayırdım həmin gün. Anam xristian, atam müsəlman idi və mən anamın yanında özümü bir müsəlman qızı, atamın yanında bir Məryəm davamçısı kimi hiss eləmişdim həmişə. Anamla kilsələrdə şamlar yandırıb dualar oxuyanda da, atamla kəndə gedib nənəmin namazlarına, məscid ibadətlərinə qatılanda da içimdəki ikinci birisi susur, donur, bütün hisslərini itirirdi. Hə, ikinci birisi deyirəm, anlayırsan nə dediyimi, əminəm. İçimdə ikinci birisi vardı, ikinci bir Aida, ikinci bir Mən, ikinci bir Özüm...o, Sənmiydin, o, Sənin məndəki ruhunmuydu, o, Sənin mənimlə birgə doğulan, yaşayan və ölənəcən canımda olacaq canınmıydı...bilmirəm! Amma o gün məbəddə fədailər hər dəfə murtilərə və ruhani ustadlara səcdə eləyəndə başımı əyməyib yerimdə dik dayanaraq hər kəsə baxmağım indiki kimi yadımdadır. Məndən başqa bir kök oğlan da səcdə eləmirdi və pəncərəyə söykənib elə ayaq üstəcə dayanmışdı. Hamı hər dəfə səcdəyə əyiləndə o, gözlərini mənim üzümə dikir, istehza
dolu baxışlarla səcdə eləyənlərə işarə eləyərək mənim simamda özünə yoldaş tapdığı üçün sevinirdi. Sıxıldım. Hardaydın Sən?! Düz-dünyanın hər yerində ən müxtəlif məkanlarda, ən müxtəlif zamanlarda ən müxtəlif dillərdə Sənə can atıb Sənə səcdə eləyən insanların hansı birinin gözlərinə görünmüşdün ki? Kənddə yaşayan, hələ on dörd yaşından nişanlanan, on beş yaşından ərə gedən, on altı yaşından doğmağa start verən və lap bu yaxınlarda ikinci uşağını dünyaya gətirən yaşıdım olan əmim qızı tez-tez yuxuda gördüyünü deyərdi Səni. - Allahı yuxumda görürəm haçan istəsəm. Buludların arasından baxır mənə qəzəblə, deyə danışardı, - saçları, saqqalı buruq-buruqdu, ağappaqdı, buludlara qarışıb elə, qəribə baxışları var, iti, adamın ürəyinin başını dəlir keçir nəzərləri. Mən hər dəfə bir səhv addım atanda girir yuxuma, qaynatamın ayağını yuyanda ürəyimdə iyrəndiyim günün axşamı da belə görmüşdüm onu, sonra bir ara həyətdəki hamamda tək çimdiyim qaranlıq vaxtlarda qapını açıq saxlayardım, itimiz də gəlib baxardı elə mənə, bax, o axşamların birində də gördüm Onu, barmağını mənə silkələyib bağırdı: “Bir də görməyim hamamın qapısını açıq saxlayırsan! Utanmırsan, həyət doludu mələklə, firiştəylə, sənin ucbatından gəzə də bilmirlər o yanları!” Bir dəfə də ikinci uşağımı abort eləmək fikrinə düşdüyüm vaxt gördüm... Səni görmək istəyirəm! Nolar, bircə anlıq görün gözümə, bax, mən yumacam indi gözlərimi, on səkkiz dəfə sayacam, yaşadığım hər il üçün bir dəfə...sonra açacam gözlərimi, sonra açacam gözlərimi...sonra açacam gözlərimi, eşidirsən?! Bax, o an, həmin an Səndən savayı ətrafda heç nə görmək istəmirəm, heç nə, heç nə....bir...iki...üç...on bir...on iki...

On iki deyincə də qəfil səslənən zınqırov cingiltisinə diksindim, ətrafımda tərpənən, əyilən, səcdə eləyən insan sıxlığı içərisində qeyri-ixtiyari olaraq açdım gözlərimi... Zalın o biri başındakı qara məxmər pərdə çəkilməyə başlamışdı, pərdənin o tərəfindəki işıqlı, rəngbərəng dünya bütün gözəlliyi ilə gözlərimə doldu, əllərini geniş açıb gülümsəyən murtilərin qara-qıvrım saçları da, xınalı ayaqları da, çiçək tutmuş ovucları da doğma idi necə, şirin idi necə, isti, ipisti ana qucağı kimi rahatlıq gətirirdi necə! Dizlərim xalçanın üzərinə toxunduğu an içimdəki son tərəddüd pıçıldadı: - Mən Sənə baş əyirəm, Tanrım..Sənə, yalnız Sənə, başqa kimsəyə deyil!!! Alnım xalçanın üzərindən qopduğu andaca qaraldı gözlərim, ətrafımda dalğalı, ləngərli bir ümman varmış kimi hiss elədim özümü, ayaqlarım yerdə deyildi artıq, bədənimin ağırlığını duymurdum, əllərim hardaydı, dodaqlarım, gözlərim, sinəm, belim, dizlərim, ürəyim, ruhum, canım...hardaydım mən? Anlaya bilmirdim həmin anlarda içimdə nələrin baş verdiyini, baxışlarım öz boyum bərabərimdə, yox, tam belə yox, boyumdan bircə baş yuxarıda yerləşən hansısa anlamadığım, tanımadığım, hətta görmədiyim bir nöqtədə donmuşdu, gözlərimə, ürəyimə, ruhuma indiyə qədər heç bir yerdə, heç bir halda yaşamadığım hisslər axırdı, bu, bir dünya dolusu həzz idi, mən həmin anlarda özümü də, Səni də, hamını və hər şeyi də son zərrəsinə qədər tanıdım, bildim, öyrəndim, mən həmin
anlarda nə qədər əbədi və nə qədər sonsuz olduğumu anladım, hə, mən xoşbəxt idim, mən yerdə və göydə olan və olmayan hər şeyi bilirdim...üstəlik də ölümsüzdüm - mən ölümdən Sənin qədər uzaq idim o anlarda!!! Güldüm...güldüm ürək dolusu, qəhqəhələrim bitmək bilmədi, gözlərimdən yanaqlarım boyunca ipisti damlalar axdı, sinəmə düşdü, bağrımın başını yandırdı! ...Gözlərim yumuluydu artıq, ağzımı qapaya bilmirdim, qəhqəhələrimdən qulaqlarım tutulurdu...ayaqlarım yerlərdən üzülmüşdü, əllərim göylərdə oynayırdı...sinəm qalxırdı, enirdi, enirdi, qalxırdı...ürəyimdə dəcəl bir uşaq qaçırdı o yana, bu yana...addım səslərini eşidirdim...tup-tup...tup-tup...”tut, tut, əlimdən tut, bacarsan əgər”,- deyirdim Sənə...məni görürdünmü? Nə rəngdəydim? Nə boydaydım? Saçlarımı küləklər oynadırdı o zamanlar, taleyimi fələklər... Gözlərim yumuluydu, ürəyimdə dəcəl bir uşaq qaçırdı o yana, bu yana...sinəm enirdi, qalxırdı, qalxırdı, enirdi...Ya Rəbbim...nə qədər kiçik idim mən...nə qədər!!! Pərdənin o tərəfindən gələn zınqırov cingiltiləri, mrdanqa ritmi, vizqarmon səsi, fədailərin oxuduqları ilahi himn və mənim gülüşlərim bir-birinə qarışmışdı, öndə, murtilərə daha yaxında düzülüb rəqs eləyən kişilərlə arxada oynayan qadınlar arasında ayaqbəndlərimi cingildədərək yalın ayaqlarım üstə fırlanır, ətrafımda olan hər kəsi də, hər şeyi də sarimin açıqda qalıb tək qanadım kimi uçan örtüyü ilə fırladıb özümlə aparmaq, aparmaq, aparmaq istəyirdim. Əllər tavana dəyirdi az qala, ayaqlar yerdən üzülmüşdü, əmin idim, oğlanların hərdənhərdən guya azıb çaşmış halda qızlara tərəf gəlmələri, uzun ipək ətəklərin həmən çəkilib yol açmaları, dayanmadan oxunan ilahi himnin arasına-üstünə bir topa inci kimi səpilib gözlərdə-üzlərdə par-par yanan qəhqəhələr gözəl idi. - Əsl pak fədailər belə kirtan ekstazları məqamlarında murtilərin də düşüb bizimlə yanaşı rəqs elədiklərini görürlər, - dedi yanıma gəlib qulağıma pıçıldayan tatar qadın. - Aaaa...- sadəcə uzun, upuzun bir “a”-dan sonra yenə qəhqəhələrimə davam elədim, rəqsimə davam elədim, uçuşuma davam elədim... Quru lap qabaqdaydı, sonra fədai oğlanlar bir tərəfdə, qızlar başqa tərəfdə bir-birlərinin belindən yapışaraq balaca uşaqların qatar oynadıqları kimi, halqa şəklində mrdanqa ritmləri altında hərəkət eləyərək ilahiləri oxumağa davam elədilər. Bir-birinin əksi istiqamətində hərəkət eləyən iki dünya yan-yana Tanrının şərəfinə bir-birindən gözəl nəğmələr oxuyur, rəqslər eləyirdi. Sonra fədailər – qızlar ayrıca, oğlanlar da ayrıca iki-iki bir-birlərinin qoluna girərək birbirinin əksinə hərəkətlərlə rəqsi davam etdirdilər. Sonra hamı yerə çökdü. Səcdədən sonra Tanrının Nrisimha adlı yarışir, yarıinsan formasının şərəfinə aram və şirin bir nəğmə oxundu. Hamımız oturmuşduq. Divara söykənib gözlərimi murtilərdən çəkməyərək dinlədiyim və sözlərini tez bir zamanda öyrənmək istədiyim daha bir nəğmənin qoynunda ruhumlamı, canımlamı, ürəyimləmi, ürəyimin içindəki Səninləmi baş-başa dünyanın ən xoşbəxt varlığı olduğumu duymaqdaydım!


Tarix: 09.06.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 388 Bölmə: Cavidan "Namə"