beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2-ci hissə*
2-ci hissə*

- Gələcəm ha, Nadya, nəzarətdə saxlayacam bu qızı, - dedi gedəndə Fərman əmi. Gələcəkdi təbii, anamın restoranda yeməkpaylayan işləyən gözəl-göyçək rəfiqəsi Seva bizə köçmüşdü axı, indicə də yan otağın qapısından qaş-göz eləmişdi həmən… - Yaxşı, öz evindi, nə vaxt istəsən, - dedi anam… Yaxşıydı təbii, anam üçün çox yaxşıydı, adamdı, gələcəkdi, otaqlardan birində bir gecə qalacaqdı Seva ilə, səhər anamın mətbəx masasının üzərində bir yüz dollarlıq saxlayacaqdı, dünəndən gətirib evə tökdüyü ərzaqları da bəlkə iki həftə yeyəcəkdik… Yuyunub saçlarımı quruladım, Sevanın bişirdiyi alma piroqundan iki dilim yeyib özümü atdım televizorun qabağına, “Romeo və Culyetta” filminə baxa-baxa yuxuladım… Bir melodiya vardı havada, romantik, ağrılı, kədərli, həsrət dolu… Bir melodiya vardı ağlımda, dəli, çılğın, sevimli, sevgi dolu… Bir melodiya vardı ürəyimdə, susqun, sakit, həzin, tənhalıq dolu… Sən hardaydın, Əzizim…

Gecənin bir aləmində susuzluqdan oyandım, dodaqlarım, dilim-boğazım qurumuşdu, qalxıb mətbəxə getdim. Anamın otağından musiqi səsi gəlirdi. Yaxınlaşdım. “Ave Mariya” idi. Anam İsanın böyük bir şəklini komodun üzərində divara söykəyib qarşısında şam yandırmış, özü döşəməyə dizləri üstə çökmüş, gözləri yarımqapalı bir halda dodaqlarının arasından nələrsə pıçıldayırdı. Otağa girdim. Seva anamın taxtının üstündə oturub Markizi qucağına almışdı, gözlərini anamın kürəyinə dikib səssizcə ağlayırdı. Gözlərindən yanaqlarına düşən damlalar əllərinin üstüylə diyirlənir, Markiz onları məsumca yalayırdı. Otaqda nəfəs almaq olmurdu kəsif araq və siqaret qoxusundan. Yatağın baş tərəfinə yaxın balaca tumbanın üstündəki büllur külqabı ağzınacan dolu idi siqaret kötükləriylə. Keçib pəncərəni açmağımla anamın ağzı da açıldı: - Açma! Açma, balaca fahişə! Mən sənin atanın bütün hoqqalarına tab gətirdim, sən burda, onun vətənində böyüyəsən deyə, hər şeyimi atdım gəldim, adam qalmadı ağız açmayım yaxşı yaşamaq üçün, səni yaxşı böyütmək üçün, heyvan qalmadı altına yıxılmayım, ad qalmadı üstümə götürməyim…amma sən, sən gedib hansısa sektada qruppovuxa ilə məşğul olursan, mən səni sadəcə ana, ev qadını görmək istədiyim halda gedib avara-avara jurnalistliyi seçdin, dinmədim, bəs buna nə deyim, hə? Nə deyim buna? Nə??? - Nə danışırsan, mama? Nə sekta? Nə qruppovuxa? - Bir zibilxanaya düşməyin qalmışdı elə! Heç bilirsən başına nə oyun aça bilərdilər Fərman olmasaydı? Atan orda ayılınca universitetin də məhv olacaqdı, adın da. - Eeee, maam, bəsdi dəə, yat nolar, mən səhər dərsə getməliyəm axı, Seva, sən də içmisən? - Aaa, əl çəəəkkkk…- Seva tənbəl-tənbəl mızıldandı, görmürsən dua eləyirik…get yat. - Atana zəng eləmişəm, səhər burda olacaq. - Niyə? - Sən həbsdəsən axı…- anam maqnitofonun səsini daha da artırdı. Otağıma keçib qapını açarladım. Çantamı, paltarlarımı səliqəyə saldım. Pəncərəmi açdım, payızın bütün soyuğunu buraxdım içəri, Ötən bir gün ərzində olub keçənləri xatırlamağa başladım bir-bir. İşə düzəlmək, öz pulumu qazanmaq xəyalım darmadağın olmuşdu. Babamla yaşıd olacaq bir kişidən əxlaqsız təklif almağımla bitdi ilk dəfə bir qəzetdə işləmək cəhdim. Kilsə qapısına yığışan dilənçilərə alma alıb paylayacaqdım, alınmadı. Yerə düşən kitabları qaldırdım sadəcə yiyəsinə verim deyə, əvəzində həbs olundum. Sekta ədəbiyyatı yayırammış.

Qruppovuxalarda olurammış. Nə sektadı axı bu? Səhər ilk işim İslamı axtarmaq oldu universitetdə. Hamı deyirdi ki o, “Qara mirvarililər”dəndi, belə bir sekta var yəni, ora gedir-gəlir, maraqlı şeylər danışır, bir dəfə reportaj da hazırlayıb həmin sektadan, buna görə həbs də olunub, sektanı təbliğ eləyirmiş yazısında, informasiya xarakterli yox, təbliğat doluymuş reportaj. Dördüncü kursda, jurnalistikada oxuyurdu İslam. Hündürboylu, azca dolubədənli, qapqaragözlü bir oğlan idi. Onun çox gözəl rəssam olduğunu da deyirdilər, əsərləri müxtəlif sərgilərdə olubmuş, qazancı da daha çox rəssamlıqdan çıxırmış, nəinki qəzetlərə yazmaqdan, əvvəllər müxalifət ruhlu gənc jurnalistlərlə oturub-durarmış, iqtidar əleyhinə mitinqlərdə, aksiyalarda ən çox həbs olunanlardan, imzası yazılarının kəskinliyi, çıxışlarının dəlisovluğu ilə tanınarmış, son altı ayda isə birdən-birə susqunlaşmış, tərki-dünya birisinə çevrilmiş, dostlarından uzaqlaşmış, yazdığı qəzetlərdən imzası itmiş, president seçkiləri ili olsa da, bu barədə bircə yazısı belə olmamış, bircə mitinqdə belə görünməmişdi. İslam universitetin canlı kabusuna dönməkdəydi. - Az, neynirsən onu, ağlı çaşıb deyirlər, başına hava gəlib gül kimi oğlanın. Qara mirvaridi nədi, ondan olub, - dedi Asuda. - Mənə lazımdı o, mütləq danışmalıyam, ola bilməz ağlını itirsin, nəsə başqa şeydi bu. - Az, sektadı da, gündə odey düşüblər şəhərin canına cavan-cavan oğlanlar, qızlar, hərə əlində beş-altı kitab, biri İeqova şahididi, biri Krişnadı, biri nə bilim vəhabidi, biri nurçudu… - Mən hərəsindən ayrıca yazı hazırlamaq istəyirəm, - Asudanı sakitləşdirmək, daha doğrusu, özümü sakit göstərmək üçün dedim. - Az, yaxşı görək! – güldü, - get seçkilərdən yaz da, dayım oğlunun qəzetində kakraz yaza bilərsən, valla, mamacanı, özü dedi ki sənnən podruqanı götürüm işə, yazın, pul da qazanın özüzçün. Kstati, noldu sənin qoca kişin? - Elə onun qəzetində tapşırdılar sektalardan yazmağı, - heç bilmədim hardan gəldi dilimə bu sözlər. - Az, sekta demişkən, bizim bu təzə müəllimə yoxdumu, Sima xanum, hə o sarıbaş, taxta muncuq gəzdirən, hə bax, o çox oturur-durur İslamla, özü də krişnaitdi, dəqiq söhbətdi, atam canı. - Gedək İslamı tapaq…. O, mənə uzun-uzun baxdı… Gözlərimi çəkmədim. Sənin hər hansı bir yolunla gedən hər hansı bir adam mənə maraqlıydı o zamanlar, ən çox da hamı tərəfindən qəbul olunmayan, gizlədilən, izlənilən, önünə qadağalar, sədlər çəkilən yolların çəkirdi məni, kütləviliyi, qələbəliyi sevmirdim, nə üçünsə Sənin, məhz mənə aid olan Sənin də kütləviliyi, qələbəliyi sevmədiyini düşünürdüm…

Və Səni gözəlcə döşənmiş, kənarları ağaclarla, güllərlə bəzənmiş, gündüzləri rahatlıqla kölgələnmiş, gecələri işıqlarla düzənmiş rahat yolların heç birində axtarmağa qalxa bilmədim, nə atamın anasının namazları, nə anamın anasının xaç nişanlı duaları çəkmədi məni özünə, çəkib apara bilmədi ruhumu Sənə… Mən səni cığırlarda gəzdim, tənhalardan soruşdum, təklərdən tanımağa qalxdım. Mən Sənə gedən öz yolumun olmasını istədim… Heç demə, içimdən içimə qədər getmək gərək olacaqmış… Uzun, upuzundu bu yol… 4 - cü məktub Adəmə tapınırdılar “Qara mirvari”lilər. Sənin öz surətində yaratdığın ilk insanın ruhu idi səcdə elədikləri, içlərində hiss eləmək istədikləri. Adəmin Həvvaya aldanmasından başlayır kürreyi-ərzin cəmi bəlaları deyə küskün idilər qadınla kişi arasındakı cazibəyə, sevgiyə, sehrə. Seks yaşayana qədərdi deyirdilər insanın müqəddəsliyi, ilk qadağanı pozanadəkdi Cənnəti qazanmaq şansı. İlk dəfə qadın bədəninin qapısından keçib düşür kişilər Cəhənnəm girdabına deyə inanırdılar. Həvvanın İblisə uyub Adəmi yoldan çıxarmasıyla azdı bəşəriyyət Tanrı ürəyinə gedən yolu deyə şərh eləyirdilər bəşər tarixinin ən dəhşətli fəlakətlərinin açılmamış şifrələrini. İnsanlıq – yalnız Həvvanın bəraətindən sonra qazanacaq İlahinin sevgisini, etibarını, inamını deyirdilər. Bir də deyirdilər ki, Adəm Yerə atıldıqdan sonra ağladıqca gözlərindən qara-qara mirvarilər tökülürmüş ayaqlarının altına. Daim boyunlarında gəzdirdikləri qara mirvaridən olan təsbehdə gündə doqsan doqquz dövrə hər mirvari dənəsinin üzərində bir dəfə “Yaradana Eşq!” deyirdilər. Sektada qadınlar yalnız uşaq dünyaya gətirmək üçün saxlanılırdı, mayalanma süni yolla həyata keçirilirdi və heç bir qadın hansı kişinin toxumunu bətnində bəslədiyini bilmirdi. Sektada sevgi qadağan idi. Sevgi – yalnız və yalnız Yaradana məxsus cəhət ola bilərdi. Eşq – yalnız Yaradanın olmalıydı... İslam, inana bilmirəm eşitdiklərimə, - dedim, - inana bilmirəm sənin belə bir yolu seçməyinə. Məsələ mənim bu yolu seçib-seçməməyimdə deyil, anlada bilməyəcəyim şeylər də var, bağışla, bundan artığını danışa bilməyəcəm sənə. Hamı deyir ki belə olmamısan əvvəllər, çılğın, dəlisov müxalifət yazarıymışsan, ateist imişsən hətta, dindarlara o ki var sataşırmışsan yazılarında, xürafat, mövhumat yıxır ölkəni, yeyir cavanlarımızın başını deyə savaşlar açırmışsan... Hə, olub. Mən ateist olmuşam, amma hər şeyi Böyük Ata həll elədi, o məni seçdi, mən onları deyil. Böyük Ata kimdi?

“Qara mirvari” dərgahının Atası. Mən seçilmişlərdənəm, missiyam bir ayrıdır bəşəriyyət naminə deyə inandıra bildi məni. Bəşəriyyət naminə? Bütün bəşəriyyət? Hə, Aida. Bax aparardım səni bir dəfə ora, öz gözlərinlə görərdin insanın iç dünyasının təzahürü necə ola bilərmiş. Amma qoymazlar, xüsusi icazəsi olmayan kimsəni buraxmırlar Dərgaha. Bəs jurnalist kimi? Mən reportaj hazırlamaq adıyla gələ bilərdim axı. Olmaz! Belə heç buraxmazlar. Dərgah gizlidi, Bakıdan başqa Yer üzünün heç bir yerində filialı ya qolu yoxdu, harda və kimlər olduğumuzu bilsələr hamımız əlliayaqlı gedəcəyik. Ən azından missiyamız həyata keçənə qədər tam gizli qalmalıyıq...amma maraqlı reportaj istəyirsənsə, problem yoxdu, gəl səni Sima xanımın yanına aparım, onların dərgahında bizimkində olan qadağalar yoxdu, arxayınca öyrənə bilərsən hər şeyi. Əla! – dedim, - gedək.

İslam məni Sima müəllimənin olduğu kabinetə apardı. - Ooo, qızımız reportaj hazırlamaq istəyir? Mən hazır. Nə istərsən, nə dilərsən, soruş, danışım, göstərim, - dedi qadın, - nə vaxt istəsən elə-belə də gəl otur danışaq, söhbətləşək, dərdləşək, yaxşı? - Çox təşəkkür edirəm, gələcəyəm söhbət üçün, mütləq! Evə gəldim. Bundan əvvəl yaşadığımız yerdə qapı qonşumuz və rəfiqəm olan Masya bizdəydi. Sevayla oturub kartda fala baxırdılar. Anam yox idi. Seva dedi ki, anam atama zəng eləyib, nədən gəlmədin, axı qızını həbs eləyiblər deyə yenə də düşüb üstünə, atam da acılayıb onu, deyib birincisi, mən bilirəm məsələni artıq, Fərman zəng eləyib çatdırıb, ikincisi də ki, öz verdiyin tərbiyədi də, indi otur barını dər. Anam da hirslənib durub bilet alıb və yollanıb birbaşa Sankt-Peterburqa, atamı soyub bir təzə mənzilin pulunu almayınca geri dönməyəcəyini deyib gedəndə. Həm də tapşırıb ki, iranlı bir tələbə oğlan gəlməlidir, onu qarşılamalıyıq hörmət-izzətlə, qapıya ən yaxında olan balaca otağı kirayə verib o tələbəyə, əvvəl ayların pulunu da alıb, elə Sankt-Peterburqa bileti də o pulla alıb, özümüzü ağıllı aparmalıyıq, kimsə də bilməməlidi oğlanın kirayənişin olduğunu, hamıya onun mənim rayonda yaşayan əmimin oğlu kimi tanış verməliyik. Mən yerimdəcə donub qalmışdım. Bircə iranlı kirayənişin çatışmırdı evimizdə! Seva qalxıb içində pal-paltarı olan iri yol çantasını götürdü: - Məni bağışlayın, qızlar, çuvakım icazə vermədi iranlı oğlan qalan evdə yaşamağa, sənin anan qayıdana qədər başqa yerdə olacam. Öpdüm, Aida! – dodaqlarını havada mənə uzadıb marçıldatdı, Masyaya sarı döndü, - Masi, gəlirsən mənimlə dayanacağadək, ya burdasan hələ?

Get, mən Aidaylayam, - dedi Masya.

Seva getdi. Divanda sərələndim halsız. Masya gəlib yanımda oturdu, əlimi ovuclarına alıb maddım-maddım üzümə baxdı uzunuzadı. Ağladım... Masya siqaret yandırdı. - Sakitləş, bax, mən getməliyəm, Tofiq beynimi xarab eləyib, anasının başına girib ki hicablanıb namaz qılmalıyam, adam dəli olar, ağıla bax e, - hirslə gülüb başını yellətdi, dayan e, sən niyə ağlayırsan ki? Mamana görə yenə? Ya o iranlıdan qorxursan? Mən görmüşəm e onu, mamanla evə baxmağa gəlmişdi, nədi o türk müğənnisi mızmızı, Mahsun, hə, onun kopyasıdı, amma arıq vaxtları, narahat olma, sakit adama oxşayır, həm də sakit olmayıb neyləyəcək, qıçını qıraram onun! Davay, dur əynini dəyişginən, eyyy, eşidirsən... - Masya, mən vurulmuşam deyəsən... - Nəə? – Masyanın ağzı əyildi,- necə yəni vurulmusan? Kimə? Haçan? Niyə? - Bilmirəm. Heç nə bilmirəm. Birdən oldu. Elə bu gün. Bayaq. Universitetin kafesindəcə... Masyadan Sənə nə yazım ki? Oğlan kimi qız idi, bilirsən. Köhnə qonşumuz olan Zara xalanın qızı. Anası və özündən böyük iki bacısı hicablı, namazlı gəzirdilər, o isə cins şalvardan, qısa sadə gödəkçədən çıxmırdı. Heç özüm də bilmirəm bizi nə bağlayırdı bir-birimizə. Mən ondan fərqli olaraq bədənimə kip yapışan qısa donlar, bahalı kapron corablar, dik dabanları olan ayaqqabılar geyinərdim. Saçlarımı açıb kürəyimə tökməyi, parıltılı dodaq boyalarından istifadə eləməyi sevərdim. Masya məni qızlı-oğlanlı hər kəsə qısqanardı, “ağlına da gətirmə ki sən bu tezliklə ərə-zada gedəcəksən, hələ oxu bitir universiteti, sonra işləyərsən, öz pulun olar, bir az da qapılsan karyerana, biliyindən və enerjindən ağılla yararlansan ev, maşın da ala bilərsən özünə, sonrasına da Allah kərimdi“,- deyərdi tez-tez. Anam sevmirdi Masyanı. Sevmirdi demək azdı, qadının bu qızı görməyə belə gözü yox idi. Masyanın “çəhrayı”lardan olduğunu deyir, onunla rəfiqə olmağımın mənim imicimə əməlli-başlı zərbə endirəcəyi gün uzaqda deyil deyə inanırdı. Masya orta təhsilli idi, oxumaq istəməmişdi heç vaxt, istəməyəcəkdi də. Qara buruq saçları, zil qara parıltılı gözləri, upuzun barmaqları olan bu arıq, çəlimsiz, balacaboy qızın qalın qaşları və acı dili vardı. Bəzən oğlan kimi müdafiəyə qalxırdı məni, üstümə söz atan, dalımca düşən oğlanlara qarşı kobudluq eləyir, məni lazım gəlsə ərəb şeyxlərindən də qoruya biləcəyinə and içərdi. Sevirdi məni Masya, çox, lap çox sevirdi, mənim hələ həyatda kimsəni sevə bilməyəcəyim qədər sevirdi... Və...və mənim indi ona bir oğlana aşiq olduğumu söyləyib sızıldamağımdan şokdaydı Masya... mənim dəli-dolu, siqaret qoxulu, bibərdilli Masyam...

...iki dəqiqədən sonra o artıq evimizi tərk eləmişdi!

Nə qədər yatdığımı bilmirəm. Oyandığım zaman başım ağırlaşmışdı tamam, durub yuyundum, saçlarımı quruladım, evdəki səssizliyin və boşluğun dadını-tamını çıxara-çıxara çay dəmləyib içdim, toyuq supundan qızdırıb yedim, sonra bir boşqaba alma doğrayıb divanın yanındakı jurnal stolunun üzərinə apardım. Fərman əminin hirslə anamın komodunun üstünə çırpıb getdiyindən bəri yeri və halı dəyişməyən qalın, ağır kitabı götürüb divanda üzüqoylu sərələnərək vərəqləməyə, üstünün şəklinə baxmağa başladım. Döyüş kəcavəsi idi, bəzəkli atlar idi, bir oxçu idi və bir şahzadə ya da gənc hökmdar, nə bilim, sərkərdə bəlkə də, ya da nəysə, kimsə... Fikrimdə İslamı, onunla münasibətlərimizi tutub kitabı təsadüfi bir yerindən açdım və gözümə ilk dəyənləri oxumağa başladım: Arcuna Krişnanı Onun həqiqi formasında görəndə söylədi: “Ey Canardana, Səni bu heyrətamiz insan surətində gördüyüm zaman ağlım sakitləşdi və mən özümə qayıtdım”. Şərhi: Buradakı manuşam rupam ifadəsi aydınca bildirir ki, əzəli Allah- ali şəxsin iki əli vardır. Buradan da Krişnanı adi insan hesab eləyib gülənlərin Onun ilahi təbiətini tanımadıqları məlum olur. Əgər Krişna adi insan kimi olsaydı, özünün Kainat formasını necə təzahür etdirərdi və sonra dördəlli Narayana formasını necə alardı? Allah – ali şəxs dedi: “Mənim əziz Arcunam, sənin indi seyr etdiyin bu formamı görmək olduqca çətindir. Hətta tanrıçalar belə bu ən dəyərli surətimi görmək üçün təşnədirlər”. Şərhi: ...biz artıq dedik ki, Krişna Özünün yoqa-maya adlı enerjisi ilə örtülmüşdür. Bu, Veda ədəbiyyatında təsdiq olunur. Yalnız özünü tamamilə Allaha təslim eləmiş birisi həqiqətən də Ali Mütləqə çata bilər. Daim Krişna şüurunda olan və özünü Ona sədaqətli xidmətlə həsr eləyən transsendentalist özündə ruhi görmə bacarığı inkişaf elətdirə bilər və Özünü ona göstərən Krişnanı görə bilər. Belə şans hətta tanrıçalara da verilmir... Yatdım...

5-ci məktub Yadındamı, İslamla birinci söhbətimizdən sonra nə hallar yaşadım? Tanrıdan, Adəmdən, Həvvadan, İblisdən o qədər danışdı ki... - Fikirlərin maraqlıdır mənə, gəl, bir yazı tapşırım bizim qəzet üçün, yaz, gətir baxım, xoşum gəlsə, səni aparacam Dərgahımıza, amma kimsəyə demə bu haqda, yaxşı? – qara gözlərin birisi qıyıldı, o birisi güldü. - Yaxşı...-az qala pıçıldadım... Həmin axşam onun işlədiyi qəzet üçün hazırladığım məqalə yadındamı?

Ölümdən sonra həyat varmı? Bəs kişidən sonra? Məncə qadınların həyatı kişiyə qədər, kişi ilə və kişidən sonra yaşadıqları əsas üç hissədən ibarətdir. Və ən zənginindən ən yoxsuluna qədər heç bir qadın bu üçbucağın hüdudlarını aşaraq kənara çıxa bilmir. Kimsə də həyatında tək bircə kişi ilə yaşamayıbsa, bu yazını oxuyaraq məni “ümumiləşdirir” deyə suçlamağa tələsməsin lütfən, zira bir qadının həyatından on kişi gəlib keçsə belə yenə də bunların hər birisinə qədər, hər birisi ilə və hər birisindən sonrakı periodları bir-birinin eyni kimi görünməsə də, bir-birinin təkrarı olaraq yaşamağa məhkumluqdan kimsə sığortalanmayıb. Nə var kişidən öncə? Dünya dolusu ümid, bir gün səhər daha dadlı açılacaq, Günəş daha sevimli görünəcək, yağmurlar daha romantik töküləcək deyə həyatına gələcək və hətta sadəcə göy gurultusundan belə qorxacağın anlarda üzünü köksünə sıxıb da qısıla biləcəyin birisi ilə rastlaşacaqsan deyə gözləmək, onu, o yeganə və tək olanı bacarsan aşkarca, bacarmasan gizlicə aramaq, gördüyün, tanıdığın və görmədiyin, tanımadığın hər kəsdə görmək və tanımaq istəyi ilə uyumaq, oyanmaq, yaşamaq... Nə var kişi ilə birgə olan həyatda? Dünya dolusu inam, könül dolusu sevgi, ruh dolusu eşq...bir çəkisizlik içinə alıb da aparır səni sanki, ilk dəfə vurulduğunu, gerçəkdən aşiq olduğunu hiss elədiyin anların şirinliyini yer üzündə daha nəyin dadı-tamı ilə müqayisə eləmək mümkün ki? Qəlbinin köksünü dağıdacaqmış qədər əvvəlki ritmindən çıxaraq tamamilə başqa bir ahəngdə çırpınmasını, yeməyini, içməyini unutduğunu, gözlərinin bir ayrı aləmə açılıb bir ayrı dünyanın Günəşindən işıq almış kimi dəyişməsini, tanıdığı və tanımadığı hər kəsə şirincə, xəfifcə təbəssüm eləmək istəyini kim xatırlamır ki? Sən sevirsən. Və sən dünyanın ən xoşbəxt qadınısan. Çünki həyatının kişi ilə olan dövrünə adlamısan. Yaxşı, bəs sonra? Üçüncü period nə zaman başlayır? Yadına salsana onun səni ilk dəfə qırdığı anı... Həmin an ürəyindən başlayıb barmaqlarında bitən ilk könül acısını duydun, xatirində? İlk dəfə inana bilmədin: o, məhz o bunu bacararmış, axı sən onu bu dünyanın bütün insanlarından ayırıb da “O, bir başqa aləmdir”,- deyə düşünmüşdün. İndi isə...sənin ona qədər ümidlə, onunla sevgiylə yaşadığın kişinin səndən o tərəfə atdığı ilk addımın məhz sənin öz üzərindən keçdiyini duyub ağrıdın... O, getdi! Sən onu ondan alıb duyduğun ən birinci acıdaca itirdin artıq. Bu andan etibarən sənin kişidən sonrakı periodun başladı. Fərqi yox daha min dəfə qayıtsa, üzr diləsə, hətta bağışlasan, hətta yenə özünü onunla yaşayırmış kimi hiss eləsən də...bu, sadəcə və sadəcə özünüaldatmaqdır, başqa heç nə... Sənin üzərindən səndən o tərəfə keçən birinci addımın davamı mütləq olacaq, sən hələ dəfələrlə dəfə duyacaqsan ürəyinin başından barmaqlarına qədər keçib gedəcək acını. Evlisənsə, daha çox aldanmağa məhkumsan özünə.

Sən özün üçün “uşağa qədər, uşaqla və uşaqdan sonra” kimi daha bir üçbucaq quracaq və onu kişiyə qədər, kişi ilə və kişidən sonra üçbucağı ilə üst-üstə buraxıb çırpınmağa başlayacaqsan qurduğun qəfəsin içində. Hələ bura işlə, karyera ilə, sağlamlıqla, maddi təminatla və daha nələrlə bağlı qurduğun “...qədər, ...birgə və ...sonra” üçbucaqlarını da əlavə eləməyə girişəcəksən, özünü hər dəfə daha artıq tora salaraq, daha artıq aldadaraq. Hər şey də yalnız və yalnız “kişidən sonra” sindromunun sıxıntılarını görməmək, duymamaq, hiss eləməmək üçünmüş... Gözü tutar, könlü sevər, “əsl mənim malımdı” deyə əlinə keçəni yoğurar, yapar, öz surətində bir şey yaratmaq istər kişilər.. Sonra baxar yaratdığına – güzgüyə baxdığını unudaraq... Və bəyənməyib tüpürər surətinə. Sonra isə “kişi tüpürdüyünü yalamaz” deyə gedər bir başqasını axtarmağa – yenə özünə bənzətmək üçün... Hardandı onlardakı bu tanrılıq iddiası? Adəmdənmi başladı bu yol? Tanrıdanmı? Və ilk addım Həvvadan o tərəfə keçdi – Həvvanın üzərindən... Uşaqkən nənəmin uzun-uzun gecələr boyunca qulağıma pıçıldadığı qədim nağıllarda nələr və nələr gizlənir, nənəm bilirdimi? Bəs Tanrı? Bəs Freyd? İki nağıl danışacam sizə, Göydən başlayıb Yerdə bitən iki nağıl. Dinləyin, sonra istərsəniz uyuyarsız, istərsəniz fikirlərinizi söylərsiniz... 1. Göy nağılı Biri vardı. Biri yoxdu. Tanrıdan başqa heç kim yoxdu. Daha doğrusu, artıq mələklər və başqa canlı varlıqlar vardı, amma onlar Tanrının surətində deyildilər, hərəsi bir ünsürdən yaranmışdı və hərəsinin öz siması vardı. Bir gün Tanrı öz surətində olacaq birisini yaratmaq istədi. İstədi ki, onun Yer planetindəki nümayəndəsi məhz Onun surətində, məhz Ona bənzəyən birisi olsun. Mələklər təşvişə düşdülər: “Sən Yerdə fitnə-fəsad törədəcək, qan tökəcək birisinimi yaratmaq istəyirsən?” dedilər. Beləliklə, Adəmin hələ yaranmamışdan qabaq məhz Yerdə yaşayacağı və onun daxili aləminin necə olacağı məlum idi. Yəni o, fitnə-fəsada və qan tökməyə meylli birisi olacaqdı. Niyə mələklər bunun məhz belə olacağından əmin idilər görəsən?

Bu, yaranışın ən kölgədə qalan suallarından biridir ki, hələ də cavabı tapılmayıbdır. Amma Tanrı mələklərə qulaq asmadı, zira “Adəmə qədər” periodunu yaşamaqdaydı və düz qırx gün-qırx gecə Yerə yağış yağdırıb o yaranmış palçıqdan Adəmi yaratdı. Sonra ona kainatdakı hər şeyin adını öyrətdi. Sonra da mələklərə dedi: ”Sizin bilmədiklərinizi bildiyi üçün ona səcdə eləyin!” Sonra Adəm kainatda hər şeyin adını söylədi və bütün mələklər ona səcdə elədilər, zira surətində və biliyində Tanrını görmüşdülər. Yalnız İblis kənara çəkildi: ”O, palçıqdan yaranıb, mənsə oddan, ona səcdə eləməyəcəm!”,söylədi. Və İblis lənətlənərək Tanrı dərgahından qovuldu. Gedərkən and içdi ki, Adəmin iç üzünü, Yaradanına dönük çıxacağını hər an isbat eləməyə çalışacaq. Və Tanrı ona Qiyamətə qədər bunu eləməyə fürsət verdi. İblis Qiyamətə qədər olan sınaq vasitəsi vəzifəsini qazandı, Qiyamət günü isə o da Tanrıya asi olanlarla birgə özü yarandığı Oda atılacağı vədini aldı. Beləcə Adəm Cənnətdə yaşamağa başladı. Bu, Tanrının “Adəmlə birgə” periodu idi və Adəm üçün nələr və nələr eləməyə hazır olan Tanrı onun darıxmaması üçün onu hər şeyi ilə tamamlayan başqa birisini də yaratmağa qalxdı. Onun üçün Həvvanı yaratdı. Öz surətində yaratdığı birisinin onu hər şeyi ilə tamamlayan birisi ilə necə davranacağını maraq elədi sanki. Hər şey onların idi Cənnətdə. Tək qadağa...alma idi, ya da buğda - Quranda deyildiyi kimi... Amma bir gün İblis Həvvanı bu qadağan meyvənin tamına şirnikləndirdi, Həvva da Adəmi bu meyvəni dərməyə sövq elədi. Və Tanrı hər üçünü Yer planetinə qovdu: ”Bir-birinizə düşmən olaraq Yerə enin!”,dedi. Beləcə bu cənnət nağılının sonunda Göydən üç alma düşdü: biri Adəm, biri Həvva, biri İblis... 2.Yer nağılı Adəm Hindistana düşdü. Düşən kimi də özünə gəlib Cənnətdəki cah-cəlalı itirdiyini anlayaraq peşimanlıq keçirməyə başladı. Və başladı gecə-gündüz Tanrıya yalvarmağa ki, onu bağışlayıb Cənnətə qaytarsın. Əgər bir az başını işlətsəydi, yadına düşərdi ki, Tanrı onu məhz Yer planetində Onu təmsil eləmək üçün yaratmışdı, Cənnətdə kef çəkərək hələ üstəlik də Həvvanın alma dadını bilmək marağına görə hara gəldi dırmaşmaq üçün yox. Amma kimə deyirsən? Adəm gecə-gündüz əlini ağdan-qaraya vurmur, elə dua eləyirdi. Əlbəttə, axı ortada Cənnət var! Yemək bol, içmək bol, huri-qılmanlar göz oxşayır, bir yandan süd çayları, bir tərəfdən şərab arxları...bəh-bəh-bəh...lap indiki bəzi vəzifədən çıxıb əlində olan hər şeyini itirmiş “eks” kişilər kimi hisslər yaşadı Adəm. Cənnət nə Cənnət! Tənbəl malı, nə zülm çəkib bir tikə çörək qazanmaq lazımdı, nə kirayə parası ödəmək, nə məmur bürokratiyası var, nə oğru-quldur qorxusu, heç müharibə də yoxdu, əsgərlik də, hərbi komissarlıq da...


Tarix: 09.06.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 389 Bölmə: Cavidan "Namə"