beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O bunu bəyənmir, bu onu bəyənmir
O bunu bəyənmir, bu onu bəyənmir

Neçin belə yaranıb bu yazarlar görəsən,
O bunu bəyənməyir, bu onu bəyənməyir?!
Bu ona yağdırır ki, sən beləsən, eləsən,
O biri bu birinin soyunu bəyənməyir.

Biri yaratdığını o dərəcə sevir ki,
Nə yazmışam söyləyir hamı qızıl, zər, inci.
Bir yer var irəlidə birdən onu deyir ki:- Gərək mən oturaydım mütləq orda birinci.

- O ki tamam köhnədir; təzə söyür köhnəyə,
Bu onun yasdığını, mitilini bəyənmir.
O səhnədən düşən tək, bu cumur tez səhnəyə,
Köhnə də təzəsinin stilini bəyənmir.

Biri deyir: O kimdir, mənəm sözün müridi,
Xudaya, bir-birini paxıllamaq azarı,
İçəridən məhv edib, içəridən çürüdüb,
Zaman-zaman nə qədər isdedadlı yazarı.

O buna rəqib çıxır, bu da onu daşlayır,
Bu da klassiklərin olur sənət ortağı.
Bu biri də deyir ki, hər şey mndən başlayır,
O biri də deyir ki, hər şey məndə qurtarır.

Bu deyir ki, dilimdə bir baxın neçə rəng var,
Ha oxuyub baxırsan, seçmək olmur onları…
Nə qədər acı söz var, nə qədər ki, cəfəng var.
Bu ona ünvanlayır, o buna ünvanlayır…

O bunun ayağını qazıyır gündə-gündə,
Bu ona tor toxuyur iftira saplarından.
Bu onun nemətini talayır gündə-gündə,
O daima səhv gəzir bunun kitablarında…

O buna qarmaq atır, bu ona tələ qurur,
O buna şər yağdırır, bu onu yamanlayır…
Bu da boy verənlərin bir-bir boynunu vurur,
Söz-sənət meydanında yerini sahmanlayır.

Əsrlərlə yazarlar bu cür davalardadı,
Sənətin son hakimi gələcəkdir, gələcək.
Kimin yeri burdadır, kimin yeri gordadır,
Zaman özü hamıya yerini göstərəcək.


Tarix: 03.06.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: Cabir Novruz