beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hərb bitəcək
Hərb bitəcək

Vaxt keçəcək, dövr edəcək,
Qan-qadalı hərb bitəcək,
Yağıları qovacağıq
bu torpaqdan,
Mütləq geri alınacaq
Şuşa, Ağdam,
Mütləq geri alacağıq
Kəlbəcəri,
Laçını da,
Qarabağa bütün yollar
açılacaq.
Çəkiləcək ulu İsa bulağından
bulud, duman,
Hərb bitəcək, ağrıları
göynədəcək
zaman-zaman...
Hamımızı incidəcək, izləyəcək...
Övladları həlak olan
analarsa bu dəhşətə
dözməyəcək,
Daim elə olacaqlar
yalqız, ağlar,
Elə oğul deyə-deyə
gözlərini
yumacaqlar...
Hərb bitəcək... amma onun
üstümüzdən
getməyəcək
kölgələri...
Görən necə böyüyəcək illər ilə,
Məmələkətin yüzlər ilə, minlər ilə,
yetim-yetim
körpələri?..
Hərb bitəcək... bunu təkcə
Allah bilər,
Neyləyəcək sevdiyini
qurban verən
sevgililər?..
Qəlblərində həsrət, qübar,
Nə vaxtacan qara geyib ağlayacaq
nişanlılar?..
Hamısı da nakam-nakam qocalacaq,
qarıyacaq...
Hərb bitəcək... çox-çox qanlı
yaraları
sarıyacaq...
Tənzif, dərman götürəcək
zaman özü...
Hərb bitəcək... ağrıları
odlayacaq
sinəmizi...
Hərb bitəcək... amma heç vaxt
şəhidlərin göynəkləri
kəsməyəcək...
O məzarlar hər gün bizi intiqama
səsləyəcək,
Onlar bizi and verəcək bir
Allaha,
Aldanmasın millət daha...
Aldanmasın baxa-baxa, görə-görə,
Nə daxili, nə xarici
düşmənlərə...
Yetər bu xalq, çox inanıb,
çox allanıb,
Hərb bitəcək... amma onun
bitməyəcək
sualları...

Vaxt keçəcək, dövr ötəcək...
Qan-qadalı hərb bitəcək...
İnamım var bizim böyük qələbənin
gəlişinə...
Onda necə çıxacaqlar
çox xainlər
el içinə?..
Soruşuram dönə-dönə, təkrar-təkrar,
Hansı üzlə onlar axı?
Hansı üzlə tıxacaqlar,
Çörəyini bu torpağın?..
Soruşuram dönə-dönə, təkrar-təkrar,
Eşidirəm ürəyimin qərarını...
Hansı üzlə qayıdacaq
öz kəndinə,
Öz kəndini qoyub qaçan
fərarilər...
Soruşuram təkrar-təkrar, dönə-dönə,
Nə hüquqla, hansı üzlə,
Yenə vətən deyəcəklər
bu vətənə,
Vətən satan vətənsizlər?..
Soruşuram dönə-dönə, təkrar-təkrar,
Hansı üzlə üzümüzə baxacaqlar,
suyumuzdan içəcəklər,
qapımızdan keçəcəklər?!
Millətin dar məqamında
Oturub öz dükanında,
Oğurluq saqqız satanlar,
Fındıq, püstə, qoz satanlar.
Bığı burma dələduzlar,
alverçilər,
Mən onları bizim soydan
saymayıram
bundan belə...

Hərb ötəcək... bilməm ancaq,
Hansı qəbrə qoyulacaq,
Xalq acından saralanda,
Topdağıtmaz sarayında,
Hər gün öpüb əndamını,
göz-qaşını,
Öz erməni aşnasını,
Gizli yerdə yağ içində
saxlayanlar...
Amma üzdə millət deyib
ağlayanlar...
Hərb bitəcək, çəkiləcək
ağrıları, qorxuları...
Amma heç vaxt bitməyəcək
sualları, sorğuları.


Tarix: 03.06.2015 / 13:08 Müəllif: Aziza Baxılıb: 282 Bölmə: Cabir Novruz