beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Davalar..Davalar
Davalar..Davalar

Yer üzündə od qalayan
davaların çoxdur sayı,
Çoxömürlü müharibə
çörək, qarın davasıdır…
Çox davalar qalxıb, yatıb,
bu hərb də onların tayı,
Əsil dava varlılarla
kasıbların davasıdır.
Ehtiyacla vuruşdadır,
döyüşdədir daim bəşər,
İmkansızlar qarşısında
baş əyirlər qiblə kimi.
Bir Domokl qılıncı tək
asılmada o həmişə,
İnsanlığın başı üstdən
ta beşikdən qəbrə kimi…
Ən əyilməz oğulları
o sındırır, əsir edir,
Savaşların pis savaşı
toxun, acın davasıdır…
O nə qədər ölkələri,
millətləri rəzil edib,
Tükənməyən dava-qırğın
ehtiyacın davasıdır…
Çəkişmələr, keşməkeşlər,
pul üstündə, var üstündə,
Ata, oğul olur düşmən
pul üstündə, var üstündə,
Çox həmlələr, təhlükələr
pul üstündə, var üstündə,
Dilə gəlib ilk güllələr
pul üstündə, var üstündə…
Milyonlarla baş vurulub
nəfsə görə, xeyrə görə,
Tamahkarın işi-gücü
gümüş, qızıl davasıdır.
Siz söyləyin kim o qızıl, gümüşlərdən
xeyir görüb?
Fəqət qızıl-zər davası
bəşərin zor davasıdır…
Davanın da adam kimi
yaşı olur, günü olur,
Bir doğulan günü olur,
bir yox olan günü olur…
Xalqlar qövlü-qal istəməz,
dağ yeriyə lap dağ üstə,
Başçılardır qanlar tökən
mənsəb üstə, maraq üstə…
Başsızların əmri ilə
milyonla baş qurban gedib,
Bu davalar nə istiqlal,
nə hürriyyət davasıdır…
Say-hesabsız həyat sönüb,
dəryalarca al-qan gedib,
Davaların ən qanlısı
hakimiyyət davasıdır…
Bir səngərdə qədim “İncil”,
bir səngərdə ulu “Quran”,
Bir səngərdə haqq-ədalət,
bir səngərdə zülm, talan,
Bir tərəfdə məkr, zülmət,
bir anda nur daşıyanlar,
Bir cəbhədə öldürənlər,
bir cəbhədə yaşadanlar…
Bir qütbdə şeytan durur,
bir qütbdə Allah, Kəbə,
Bu büsbütün dövrlərin,
əsrlərin davasıdır…
Dünya qərar tutan gündən,
ən kəsilməz müharibə,
Vicdanların, məsləklərin,
xeyirin-şərin davasıdır…


Tarix: 03.06.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 158 Bölmə: Cabir Novruz