beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənubi Azərbaycan Ədəbiyyatı

XIX əsrin I yarısında bütün Azərbaycan ədəbiyyatında olduğu kimi, onun cənub qolunda da aşıq şeiri və lirik poeziya əsas yeri tuturdu. Nəbati, Heyran xanım, Ə.Qaracadaği, M.Aciz, M.Dilsuz, H.M.Şükuhi, H.R.Sərraf, M.Ə.Ləli, M.Hidəci və başqaları lirik şeirin gözəl nümunələrini yaratmışdır. Ə.Raci və bir çox başqa şairlər lirik şeirlərlə yanaşı, dini mövzulu əsərlər də yazmışlar. M.Xəlxalinin əsərlərində ictimai qüsurlar tənqid edilirdi. XIX əsrin II yarısında maarifçi ədəbiyyat yarandı. Bu dövrdə M.F.Axundzadənin bilavasitə təsiri ilə dram əsərləri yarandı. M.F.Axundzadənin davamçıları Z.Marağayi və M.Ə.Talıbovun əsərləri (həmçinin Türkiyədəki Tənzimat inqilabı, Rusiyadakı inqilab, Təbrizdəki xalq hərəkatları) 1905-ci illər inqilabının ideoloci və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynadı.

20-ci əsrin 20-ci illərində bütün İran ədəbiyyatında yeniləşmə başlandı. İranda yeni şerin təməli "Təcəddüd" (Ş.Ə.Xiyabaninin rəhbərliyi ilə) qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmayi kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaranmış, sərbəst şerin əsası qoyulmuşdur.

M.Siqqətülislam, Ə.Səfərov, S.Səlmasi, Ş.M.Xiyabani və başqaları realist demokratik Azərbaycan ədəbiyyatını inkişaf etdirmişlər. Sabir ədəbi məktəbinin görkəmli davamçısı M.Möcüzün, B.Abbaszadənin satirik şeirlərində ictimai eybəcərliklər kəskin tənqid olunurdu. Güney Azərbaycan tarixində Məşrutiə hərəkatı milli istiqlaliyyətin, mübarizə tarixinin başlanğıcıdır. Ş.M.Xiyabani hərəkatı onun başlanmasına təkan verdi. Demokratik ədəbiyyatın yaranması S.C.Pişəvərinin rəhbərlik etdiyi dövrə düşdü. Beləliklə, 1905-1911-ci illərdə Məşrutə ədəbiyyatı, 1917-1920-ci illərdə "Təcəddüd" (yeniləşmə) ədəbiyyatı, 1945-1946-cı illəridə demokratik ədəbiyyat meydana gəldi. 1978-1979-ci illərin inqilabı ilə Güney Azərbaycanda təzə ab-hava yaranmağa başlasa da o, uzun çəkmədi.

1946-cı ildə Milli hökumət tərəfindən təşkil edilmiş "Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti"nin bir sıra üzvləri sonralar həbs edildi, bir qismi xarici ölkələrə mühacirət etdi, bir hissəsi isə gizli iş şəraitinə keçdi. Təqribən 1960-cı illərə qədər Azərbaycan mədəni həyatında durğunluq yarandı. 1945-ci ildə çıxan Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması bütün Yaxın və Orta Şərq mühitində görkəmli bir ədəbi hadisə kimi qarşılandı. Çağdaş fars şeirlərinin ustadı sayılan M. Şəhriyar öz ədəbi istiqamətini dəyişərək Azərbaycan türkcəsində yazdığı yeni şeirləri ilə Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəbin bünövrəsini qoydu.

Şah rejiminin farslaşdırma siyasətinə baxmayaraq, ana dilində ədəbiyyat 1950-1970-ci illərdə inkişafdan qalmamışdır (Səhənd, Əli Kərimi, Əli Təbrizi, Həbib Sahir, Səbahi, Səməd Behrəngi, Savalan, Sönməz, Coşqun, Yəhya Şeyda, Piruz Dilənçi və b.). Azərbaycan folklorunun toplanması və nəşri sahəsində müəyyən tədqiqi işlər aparılmışdır (S.Behrəngi, M.Fərzanə, S.Cavid, A.Təbrizi, M.Tərbiyət, M.Təbrizi, H.Məmmədzadə, Q.Kəndli, Q.Biqdeli, M.Müsaddıq, M.Mənafi, C.Müciri, Məhəmmədsədiq Hüseyn Məhəmmədzadə (Hüseyn Düzgün) və başqaları).

1978-1979-cu illər İran islam inqilabından sonra keçən qısa müddət ərzində Azərbaycan türkcəsində onlarla kitab nəşr edilmişdir. Onların bir neçəsi təkrar işıq üzü görmüşdür.


Tarix: 08.01.2015 / 00:06 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Cənubi Azərbaycan