beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tətilin səngiməsi

İyulun 19-dan başlayaraq etirazların kütləviliyi azalır və Qafqazdakı ilk ümumi tətil iyulun 22-də bitir. Bunun yeganə səbəbi heç də geniş vüsət almış repressiyalar deyildi. Digər səbəb işçilərin bir çoxunun sahibkarların yağlı dilinə aldanması idi. Həmin anı da Zaxarova-Sederbaum maraqlı təsvir edib: Savadlı və ixtisaslı işçilər daha yüksək maaş almalarına və daha əlverişli məişət şəraitində yaşamaqlarına baxmayaraq, mübarizədə daha fəal, ardıcıl və dönməz olduqları halda, ixtisaslaşmamış, ən “qara işlər”i görən, evsiz-eşiksiz, qəpik-quruş alan işçilər asanlıqla sahibkarlara güzəştə gedir və onların vədlərinə inanırdılar. Sahibkarlar da etiraz hərəkatını bölmək üçün bu binəsiblərdən yararlanırdılar. Zaxarova-Sederbaumun digər maraqlı nəticəsi: məhz həmin lümpenlər kortəbii çıxışlarda irəlidə gedib dağıntılar törədir, mədənlərə od vurur, hərəkatın mütəşəkkil forma almasına, iqtisadi tələblərin siyasi tələblərə keçməsinə əngəl olurdular. Yəni, öz “radikallıq”ları ilə daha uzaq hədəfə tuşlanmış, daha effektli mübarizəyə maneəçilik göstərirdilər. Onlardan sonra qazanılan uğur yox, yanan qüllələr qalırdı. Sonra isə elə onlar da sahibkarlara aldanaraq özləri üçün ziyanlı razılaşmaya gedərək iş yerlərinə dönürdülər. Buna baxmayaraq, Bakıda fəhlə hərəkatı tamamilə xüsusi xarakter daşıyırdı. Rusiyanın digər iri sənaye şəhərlərində fəhlələr kollektiv müqavilə haqda heç xəyal da etmədiyi bir vaxtda Bakı proletariatı 1904-cü ildə “Mazut Konstitusiyası”na nail oldu və kortəbii mübarizəni mütəşəkkil mübarizəyə çevirə bilən həmkarlar təşkilatları yaratdı. Bununla da, 1903-cü il tətillərindəki məğlubiyyət cəmisi 1 il sonra böyük və analoqu olmayan qələbə ilə – “Mazutlu Konstitusiya” ilə nəticələndi…


Tarix: 07.01.2015 / 18:40 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Bakı tətili (1903)