beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı tətillərinin səbəbi

1883-cü ildən başlayaraq Bakıda neft istehsalı durmadan artırdı. Kapitalist inkişaf yoluna qədəm qoyan Bakı neft sənayesi 20 ildən də az vaxt ərzində o dövrdə dünyada çıxarılan neftin ümumi həcminin 50 faizdən çoxunu təmin edirdi. Ancaq bu, 1901-ci ilə qədər davam etdi. Və əgər 1883-cü ildə Bakıda cəmisi 60,37 milyon pud (62,5 pud = 1 ton) neft çıxarılmışdısa və 1901-ci ildə bu rəqəm 671,57 milyon puda qədər artmışdısa (yəni, 11 dəfə!), 1902-ci ildən başlayaraq bu rəqəm dönməz şəkildə azalmağa başlamışdı. Bunun da səbəbi dünyanı bürüyən növbəti iqtisadi böhran idi.

1900-1903-cü illərin iqtisadi böhranı neft istehsalının bütün sahələrini vurdu – neftin hasilatı, emalı, kəşfiyyat və qazma işlərinin həcmi azaldı, istismar olunmayan neft quyularının sayı isə artdı. Böhran illərində Bakıya əcnəbi kapital qoyuluşu da zəiflədi, buna baxmayaraq, əcnəbilərin bu sahədə mövqeləri güclü olaraq qalırdı. Məsələn, 1910-cu ildə Bakı neft yataqlarının 60 faizinə 3 trest – “Royal Doyç Şell”, “Nobel qardaşlarının neft hasilatı qardaşlığı” və “Rusiya baş neft cəmiyyəti” nəzarət edirdi. İqtisadi böhran Bakı əhalisinin güzaranını da xeyli çətinləşdirdi.

Həmin dövrü təsvir edən Manaf Süleymanov özünün “Eşitdiklərim. Oxuduqlarım, Gördüklərim” kitabında yazır: “1900-1902-ci illərdə Mərkəzi Rusiyada quraqlıq üzündən aclıq düşür, minlərlə ac-yalavaclar Bakıya axışır; işsizlər ordusu yaranır, cinayət, macəraçılıq həddini aşır, hökumət orqanları 15 min ac-sərgərdanı zorla gəmilərə doldurub geri qaytarır. Zülm günü-gündən artır, ehtiyac, yarıtox, yarıac güzəran, sahiblərin, məmurların özbaşınalığı hüquqsuz fəhlələri zara gətirirdi, onların səbr kasaları aşıb-daşırdı…”.

Beləliklə, az müddətdə neft bumunun gətirdiyi sərvətə və iş yerlərinə gözləri qamaşaraq bir tikə çörək üçün Bakıya axışan on minlərlə bəxtsiz insan iqtisadi böhran nəticəsində hər şeyindən olurdu. Neft ilğımı müvəqqəti olaraq bitməkdəydi. Sanki Bakı inkişafının pik nöqtəsini keçib indi də enişə yuvarlanırdı.


Tarix: 07.01.2015 / 18:39 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Bakı tətili (1903)