beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman Sani Axundov-Abbas Ve Zeyneb

Abbas ve Zeyneb
Yaziçi: Süleyman Sani Axundov

Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular.
Tez-tez atalarının üzünə baxırdılar.
Hacı Səməd uşaqlarının fikrini duyub dedi:
-Yenə nağıl istəyirsiniz?
-Bəli, ata, - Məmməd cavab verdi.
Fatma dedi:
-Ata, bu gün müəlliməmiz bizə Əlibaba və qırx quldur un nağılını oxudu. Sən də bizə quldurdan söylə.
-Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar.
Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi insanın da vəhşisi bunlardır.
Ancaq təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalımdırlar.
Qulaqas, bu nağıldan özün bilərsən.

-Qızım, bahar fəslində Dan ulduzunun parlaq bir vaxtı idi.
Qayadibi adlı kəndin əhli hələ yatmışdı. Bu kənd Zaqafqaziyanın cənub tərəfində, uca dağlarla əhatələnmiş bir çay qırağında, meşə kənarında salınmışdır.
Birdən azançının allahü-əkbər səsi ucaldı.
Cütçülər bundan əvvəl oyanmışdılar, o zəhmətkeşlər zəmilərinə cüt əkməyə getdilər.
Getdikcə dan yerinin qızırtısı artırdı. Dərələrdən və çaylardan duman qalxırdı.
Günəş dağın dalından ahəstə-ahəstə çıxırdı. Hələ özü görünmürdü.
Amma şəfəqi qarşıdakı uca dağın başına düşmüşdü. Sonra yavaş-yavaş qalxıb dağın dalından göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb cümlə yatmışları oyatdı.
Çəmənlərdə, seyrangahlarda, çiçək qönçələrində gizlənmiş pərvanələri və ayıları oyatdı.
Quşların cəh-cəhi havaya ucaldı.
Bunların xoş avazları cütçünü şura gətirdi. O da ahəstə-ahəstə cütünü sürüb öz nəğməsini oxudu.
Dağ döşündə sürüsünü otaran çoban da bayatı nəğməsini tütəyində ucaltdı.
Günəş yavaş-yavaş qalxırdı.
Onun qızıl şəfəqi getdikcə gümüş rənginə dönürdü. Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi....
---
-Abbas, bax, gör mən nə qədər yığmışam.
-Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu kişmiş alacağam.
-Fındıq da.
-Yaxşı, fındıq da alaram.
Bacı və qardaş ətəklərinə yığdıqları qulançarı yerə töküb, bir təpənin üstündə oturdular və onlar dəstə tutmağa başladılar.
Bu iki uşaq atadan yetim idi və bir quru daxmadan başqa, ataları bunlara bir şey qoymamışdı.
Ancaq anaları Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini qazanırdı. Uşaqlar kiçik olduqlarından analarına bir o qədər köməkləri çatmırdı.
Abbasın on yaşı, Zeynəbin yeddi yaşı vardı.
Abbas ancaq bu ildən hər gün meşəyə odun qırmağa gedirdi və qırdığı odunu şələləyib, bazarda dükançılara bir az pula satırdı.
Iki gün bundan qabaq Abbas odun ilə bərabər bir dəstə qulançar da yığıb bazara gətirmişdi və onu bir şahı pula satıb anasına vermişdi.
Bu gün Abbas meşəyə getməyə hazırlananda Zeynəb də qulançar yığmaq həvəsilə anasından rüsxət istədi.
Amma Fatma heç birini qoymaq istəmirdi, çünki quldur Səfərdən qorxurdu.
Dörd il bundan əqdəm Səfərin qardaşı el davasında Qayadibi əhli tərəfindən öldürülmüşdü.
Amma qatili kim olduğu mə'lum deyildi. Ona görə Səfər qardaşının qanını bütün kənddən iddia edirdi.
Bir dəfə Qayadibi camaatı Səfərdən belə dəhşətli bir sifariş adlı: Ey qayadibilər!
And içirəm məni yaradan xaliqə. And içirəm, anamın, bacımın namusuna, ta sizin böyük-kiçiyinizi, arvad-uşağınızı qırıb, o gözəl vətəninizi odlayıb tar-mar etməyincə dünyada yaşamayacağam; vaxtınıza hazır olun.
Bu xəbər hamını bərk qorxuya salmışdı, çünki Səfər dəliqanlı bir adam idi.
Bu sifarişdən çox keçməmişdi ki, Səfəri adam öldürmək üstündə Sibirə göndərdilər.
Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi. Ancaq bu yaxın zamanda Səfərin Sibirdən qaçıb, başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi hər yerə yayılmışdı.
Qayadibi əhli də bərk qorxuda idi.
Fatma neçə gün idi ki, işsiz idi.
Ona görə istər-istəməz uşaqlara izin verdi. Onlar da sevinə-sevinə meşə tərəfə üz qoydular.
Fatma ağıllı, xoşrəftar bir arvad idi. Öz uşaqlarına da yaxşı rəftarı, bir-birilə mehriban dolanmağı tərbiyə vermişdi.
Uşaqlar da analarının gözəl sifətlərini və tərbiyəsini götürmüşdülər. Çox analar bu iki tifilin tərbiyəsinə həsrət çəkirdilər.
Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi.
Zeynəb qaraqaş, qaragöz, dolubədənli, uzunsaçlı, qırmızıyanaqlı bir qız idi.
Abbas bacısını artıq dərəcədə sevirdi.
Heç elə bir gün olmazdı ki, öz qazancından bacısına bir şey almayaydı.
Abbas üzünü bacısına çevirib dedi:
-Zeynəb, bu yığdığımız qulançar azdır, bunda heç bir şahı da verməzlər.
Dur gedək, mən bir yaxşı qulançarlıq yer bilirəm. Orada qulançar yığaq və həm də mən odun doğrayıb şələ qayırım.
-Axı, qardaş, mən yorulmuşam.
-Yavaş-yavaş gedərik, orada sən yorğunluğunu alarsan, mən özüm tək yığaram, - deyə Abbas dəhrəsini və sicimini götürüb ayağa qalxdı və bacısının da əlindən tutub dağın döşündəki meşəliyə üz qoydu.
Bir qədər meşə ilə gedəndən sonra bir gözəl və səfalı seyrəngaha çıxdılar.
Bu seyrəngah yaşıl, təzə və tər otla, gözəl, ətirli, rəngli çiçəklərlə zinətlənmişdi.
Rəngbərəng pərvanələr və arılar bu çiçəkdən o çiçəyə uçub, bahar günəşi ilə oynaşırdılar.
Hər rəngə çalan cürbəcür cücələr otlara mərcan kimi sarılmışdı. Bir tərəfdən quşların cəh-cəhi və bir tərəfdən də baharın xoş mehiinsanı bihuş edirdi.
Seyrəngahın bir tərəfi qayaya dirənmişdi. Bu qayadan bir bulaq axıb şırıltı ilə aşağı tökülürdü.
Suyun zərrələri havada günəşin şəfəqindən almaz parçaları kimi parıldayırdi.
Bu bulaq Şırlanbulaq adı ilə məşhur idi. Zeynəb bu gülüstanı, bu çarqat kimi sərilmiş lalələri və çiçəkləri görcək yorulmağını unudub - Ah nə gözəl çiçəklər var, - deyə qışqırdı və qardaşının əlini buraxıb gül yığmağa qaçdı.
Abbas da ipini və dəhrəsini yerə qoyub qulançar yığmağa məşğul oldu.
Zeynəb gah çiçək yığırdı və gah da qışqıra-qışqıra pərvanələri qovurdu. Bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı.
O vaxt Abbas qulançar yığa-yığa çəməndən xeyli uzaqlaşıb bir kolluq dərəyə düşmüşdü.
---
Gün qalxıb günortaya yaxınlaşdı. Qəflətən dağların arasına bir gurultu düşdü.
Abbas elə bildi ki, göy guruldayır, amma yuxarı baxdıqda bir bulud da görmədi.
Bu gurultudan bir dəqiqə keçməmiş elə bir gurultu başladı ki, deyəsən bu saat göylər uçub yerə töküləcəkdir.
Abbas başını yuxarı qaldırb gördü ki, güllə dağların başından kəndlərinə və zəmilərdə yer əkən cütçülərin və qoyun otaran çobanların üstünə dolu kimi yağır.
Quldurlar! – Abbas qışqırdı. Bir əvvəl istədi ki, dərədə gizlənsin. Sonra yadına düşdü ki, Zeynəb çəməndə açıq yerdə qalmışdır.
Dərhal bacısına tərəf qaçdı ki, onu da götürüb Ayı kahasında gizlənsin.
Abbas özünü o vaxt yetirdi ki, Zeynəb çəməndə başı açıq, saçları döşünə tökülmüş, ovçu oxundan qaçan ceyrantək Abbas, qardaş - deyə o tərəf bu tərəfə qaçıb qışqırırdı və dağlardan da birəhm quldurların güllələri onun üstünə dolu kimi yağırdı.
Abbas ucadan səsləndi:
-Bacı, Zeynəb, qorxma, buradayam!
Zeynəb qardaşının səsini eşidib ona tərəf qaçdı.
Lakin otuz qədəm getməmişdi ki, birdən Ox! deyib yerə yıxıldı.
Abbas özünü bacısına yetirib gördü ki, Zeynəbin sinəsindən al qan qətrə-qətrə tökülüb, otları və çiçəkləri lalə rənginə döndərmişdir.
-Abbas, mənə su ver!
-Dur, bacım, qaçaq Şırlanbulağa.
Zeynəb istədi ki, qalxsın, amma bacarmadı, Abbas onu çox çətinliklə qucağına götürüb, bulağa tərəf aparmağa üz qoydu.
Lakin on qədəm getməmişdi ki, quldurlar bunları təzədən gülləyə tutdular.
Abbas özünü və bacısını bir çuxur yerə saldı ki, oranı güllə tutmurdu.
Zeynəbin lalə kimi olan üzü solub ağ zanbağa dönmüşdü.
-Abbas, yandım, mənə su ver! – deyə Zeynəb nalə edirdi.
Bacısının susuzluğu Abbasın ürəyini nəhayət dərəcədə yandırırdı.
-Bacı, bu saat sənə su gətirəcəyəm, - deyə Abbas bulağa tərəf yüyürdü.
Güllə müdam onun üstünə yağırdı.
Abbas özünü bulağa yetirdi.
Araqçınını su ilə doldurub qayıtdı.
Bu dəfə Abbas qaça bilmirdi; qorxurdu ki suyu tökülsün.
Abbas o qədər Zeynəbə yaxınlaşdı ki, onun su naləsini eşitdi.
Birdən Abbas ufultu ilə yerə yıxıldı. Namərd güllə binəva uşağın sol böyründən dəyib dalından çıxmışdı.
Abbas qalxıb yerimək istədi. Lakin üç qədəm getməmişdi ki, dübarə yıxıldı, Abbas sürünə-sürünə özünü bacısının üstünə saldı, gördü ki, gözləri yumuludur.
Amma dodaqları ayrıla qalmışdır. Elə bil ki, deyir: Qardaş, Abbas,mənə su ver.
Abbas Zeynəbi qucaqlayıb öpə-öpə deyirdi:
-Bacı, Zeynəb, gözlərini aç, gəlmişəm.
Bu hadisədən altı saat keçdi. Dəxi tüfəngin gurultusu kəsilmişdi.
Dağların arasını tüstü almışdı. Bu tüstü Qayadibi kəndinin yanmış evlərinin və bağlarının tüstüsü idi.
Beş-altı saat bundan qabaq cənnət bağına bənzəyən Qayadibi kəndi, indi yanıb kül olmuşdu.
Ehalisi isə bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb dağlarda, meşələrdə gizlənmişdi.
Quldur Səfər qardaşının intiqamını belə aldı.
Gün batdı, ay çıxdı. Nağıl olunan yerlərdə bir səs çıxmırdı. Heyvanlar və quşlar insanların vəhşi hərəkətindən elə xofa düşmüşdülər ki, hələ cürət edib yuvalarından çıxa bilmirdilər.
Ay yavaş-yavaş qalxıb, qəmgin-qəmgin insanların tutduğu vəhşi əməllərəbaxırdı.
Gecədən xeyli keçmiş bir arvad dağları, daşları, meşələri axtarırdı.
Bu arvad Fatma və axtardığı da iki balası idi.
-Zeynəb, Abbas, gözəl balalarım, yetim balalarım, haradasınız, səs verin! - deyə Fatma nalə edirdi.
Lakin çəmən üstündə, lalələr arasında qucaq-qucağa verib qanlarına qəltan olmuş Zeynəb və Abbas - bu iki məsum anaları Fatmanın naləsini eşitmirdilər.


Tarix: 19.11.2013 / 03:58 Müəllif: Akhundoff Baxılıb: 1265 Bölmə: Azeərbaycan Əsərləri