beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çaldıran döyüşü - Giriş

Hələ Səfəvilərin Ərdəbil hakimiliyi dövründə onların hakimiyyətə gəlmələrində, hərbi-siyasi qüvvə kimi meydana çıxmalarında Anadoludakı türk-qızılbaş tayfaları çox mühüm rol oynamışdılar. Səfəvilərlə sıx əlaqəsi olan bu tayfalar Osmanlı ərazisində böyük təhlükə idi. Səfəvilərlə müharibə təqdirində Osmanlı imperiyası ərazisində yaşayan qızılbaşların arxada üsyan qaldıracağından çəkinən Sultan I Səlim (1512-1520) onlardan təqribən 40 minini edam və sürgün etdirdi. Beləliklə özünə arxadan müdafiəni təmin etdi. Döyüşün baş tutmasında Səfəvi hökmdarı şah I İsmayıl və Osmanlı sultanı I Səlimin bir-birlərinə bəslədikləri münasibətlər də rol oynamışdır. Sultan II Bayazid Osmanlının genişlənməsinə çox da çalışmır, ölkənin daha çox mədəni inkişafına fikir verirdi. Ona görə də şərqdə sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli görünmürdü, əksinə gözəl şair olan I Şah İsmayıl və mədəniyyətə böyük maraq göstərən II Bayazid arasında isti münasibətlər formalaşmış, 1504-cü ildə isə Səfəviləri bir dövlət kimi tanımışdı. II Bayazid həyatda ola-ola özündən böyük qardaşlarını öldürməklə hakimiyyətə gələn Bəyazidin üçüncü oğlu sultan I Səlim isə ölkənin coğrafi cəhətdən genişlənməsini, babası Fateh Sultan Məhəmmədin yolunu davam etdirmək istəyirdi. Belə olan halda I Səlim və I İsmayıl arasında münasibətlər çox kəskin idi və bir-birlərinə göndərdikləri söyüşlü məktublar bunu təsdiqləyir.

Şah İsmayıl 1507-ci ildə Anadolu bəyliklərindən biri olan Dulqədiroğulları bəyliyinə hücum elədi. Hücumun səbəbi Dulqədir bəyi Bozqurdun şiyə olan şaha qız verməməsi idi. Şah İsmayıl Osmanlı torpaqlarından keçərək Kayseri üzərindən Dulqədiroğulları bəyliyinə girdi. Döyüşdə məğlub olan Bozqurd qaçdı. Onun oğlu və iki nəvəsi Şah İsmayıl tərəfindən qətlə yetirildi. Osmanlı dövləti Şah İsmayılın bu hərəkətinə reaksiya vermədi. Bu da Şah İsmayılın Anadoluda nüfuzunu artırdı. II Bəyazidin oğlu şahzadə Səlim (Yavuz Sultan Səlim) ana tərəfdən Bozqurdla qohum idi. Belə ki, Bozqurd onun babası idi. Dayısının və iki oğlunun qətlinə dözməyən şahzadə Səlim Azərbaycana qədər gedərək Səfəvi dövlətindən aldığı əsirləri Trabzona gətirdi və intiqamını aldı. Atasının hələ sağ olmasına baxmayaraq şahzadə Səlimin bu hərəkəti böyük marağa səbəb oldu. Bu hadisədən sonra II Bəyazid Orta Anadoluda Şah İsmayılın hər hansı bir hərəkətinə qarşı əsgər topladı. Sultanın bu hərəkətindən sonra Şah İsmayıl Anadolunun içərilərinə girməkdən çəkindi; II Bəyazidə "Şanlı böyük babam" deyə xitab elədiyi məktubu yazaraq 1508-ci ilin əvvəlindən Diyarbəkirə çəkildi.

Səfəvilər hakimiyyətə gəldikdən sonra yeni dini siyasət yürütməyə başladılar. Şah İsmayıl hakimiyyətə gəldikdə vahid ideologiyanın yoxluğunu ilkin növbədə aradan qaldırdı- dövlət dininin imamilik (isnə əşəriyyə, ərəbcə isna aşariyyə – on iki imamlıq) olduğunu elan etdi. Qısa zamanda bu ideologiya ətrafında geniş kütlələr toplaşdı. Bu döyüş kampaniyası ərəfəsində 40 mini Sultan Səlim tərəfindən qılıncdan keçirilmiş və Səfəvilərin bir-başa hakimiyyəti altında olmayan anadolu türk-qızılbaş tayfaları da bu ideologiyaya uyğun hərəkət etməyə başladılar. Bu səbəbdən Sultan Səlimin bu yürüş kampaniyası və daha sonra Məmlüklərə qarşı planlaşdırdığı kampaniya dini, ideoloji əhəmiyyət də daşıyırdı.


Tarix: 21.01.2015 / 14:23 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycanlı sülalələr