beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanlıqlar dövrü - vergi

XVIII əsrin II yarısında Azərbaycanda xanlıqlar dövründə əsas vergini malcəhət (Naxçıvan və Şirvan xanlıqlarında bu vergi bəhrə adlanırdı) təşkil edirdi. Müxtəlif xanlıqlarda onun həcmi 1/10-lə 1/3 arasında tərəddüd edirdi. Feodallar otlaqlardan istifadə müqabilində rəiyyətdən çopbaşı adlı əlavə vergi alırdılar. Kəndli bağlarından toplanan bağbaşı adlı vergi məhsulun 1/10-ni təşkil edirdi. Kəndlilərdən toypulu da alınırdı. Əgər toy kəndlinin ailəsində olurdusa, onda o bəyə toyxərci verməli idi. Toy bəyin ailəsində olurdusa, onda bəy kəndlidən toy pulu tələb edirdi. Hər bir kəndli həyətindən otaqxərci deyilən vergi də yığılırdı. Kəndli xanın atları üçün arpa verməli idi. Bu vergi at arpası adlanırdı. Rəiyyət tez-tez öz hesabına xanın muzdlu əsgərlərini də saxlamalı olurdu. Bu mükəlləfiyyət dişkirəsi adlanırdı. Rəiyyətdən həmçinin xan dəftərxanasının və inzibati idarəetmənin digər qurumlarının xərclərini ödəmək üçün mirzəyanə, kələntərlik və digər vergilər toplanırdı. Vergiyığanlar xanın əmrinə əsasən öz xeyirlərinə darğalıq vergisi toplayırdılar. Mirzə Camal Cavanşir Qarabaği Qarabağ xanlığında vergi və mükəlləfiyyətlər haqqında maraqlı məlumatlar verir. O yazır ki, hər il Novruz bayramında sərkərdələrə xanın adından müxtəlif hədiyyələr – xələtlər, atlar, silahlar bağışlanırdı. Feodallar da bunun müqabilində xana öz adlarına layiq hədiyyələr gətirirdilər. İbrahimxəlil xan Cavanşir səfərdə olarkən və ya hər hansı yerdə düşərgə qurarkən minbaşıların, yüzbaşıların, bəylərin, ağaların əksəriyyəti, bəzi döyüşçülər, katiblər, eşikağası, darğalar və yolçular xanın mətbəxindən yemək alırdılar. Çox vaxt xanın mətbəxinin bir günlük xərci onlarla qoyundan, qırx puddan artıq düyüdən və s. ibarət olurdu. Bütün bunlar çoxlu xərc tələb edirdi və əsasən istehsalçıların istismarı hesabına ödənilirdi. Məhəmmədhəsən xan dövründə Şəki xanlığında Dəs ul-əməl adlı qanunlar məcmuəsi tərtib olunmuşdu. Burada bütün vergi və mükəlləfiyyətlər tənzimlənirdi.


Tarix: 07.01.2015 / 17:49 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Azərbaycanda vergi və mükəlləfiyyət sistemi